Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-66/2023 15.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxx 1986-cı ildə Laçın rayonu Şeylanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, savadsız, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu Şeylanlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Körpüsındıran kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 20 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Bərdə rayonu Alaçadırlı Bələdiyyəsinin mülkiyyətində olan və Bərdə rayonu Əliyanlı kənd sakini X4 Bərdə rayonu Alaçadırlı kəndi ərazisində 13,56 ha icarə müqaviləsi əsasında istifadəsinə verilmiş torpaq sahəsində meşə fonduna daxil olmayan diametri 87 sm olan 1 ədəd köküstü yaş qovaq cinsinə mənsub ağacı kök boğazından qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 2750 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 1992-ci ildə yaşadığı Laçın rayonunun Şeylanlı kəndi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra anası ilə birlikdə Bərdə rayonu Körpüsındıran kəndi ərazisində Karyer daş-çınqıl deyilən yerdə yerləşən köhnə mal fermasında məskunlaşıb yaşayırlar. Onlardan başqada həmin yerdə məcburi köçkün ailələri vardır. 07 oktyabr 2022-ci il tarixdə qohumu rəhmətə getdiyinə görə orada məskunlaşan şəxslər yas yerinə getmişlər. Evdə tək olarkən evin işıqları sönmüş, ona elə gəlmişdir ki, işıqların sönməsinə qovaq ağacı səbəb olmuşdur. Qərar vermişdir ki, evlərinə gələn elektirik xəttinə maneçilik törədən qovaq ağacını kəssin. Yaşadı evdə olan “Drujba” markalı mişarı götürüb gedib qovaq ağacını kəsmişdir. Tək olduğuna görə kəsdiyi ağacı aparmaq üçün hər hansı bir texnikanın olmadığını görüb yaşadığı evə qayıtmışdır. Aradan bir neçə saat keçdikdən sonra kəsdiyi ağacın yaxınlığından adını bilmədiyi ES markalı traktorun sürücüsünün keçdiyini görmüşdür. Sürücüyə yaxınlaşıb kəsdiyi ağacı traktor ilə aparmasını xahiş etmişdir. Kəsdiyi ağacı traktorun arxasına qoşub yaşadığı evin qarşısına gətirmişdir. Ağacı evin qarşısında doğramışdır. Sonra isə ağacın qırılıb yerə düşmüş budaqlarını daşıyıb yaşadığı evin qarşısına gətirmişdir. 1 ədəd qovaq ağacını kəsdiyi torpaq sahəsinin qohumu Müşviqə məxsus olmasını bilmiş, həmin ağacın kəsilməsi ilə bağlı heç bir orqana müraciət etməmişdir. Ağac ünvanına gələn işıq xəttinə maneçilik törətdiyi üçün kəsmişdir. Ağacı kəsərkən yanında heç kim olmamış, ağacı özü tək kəsmişdir. Vurduğu maddi ziyanı ödəməyə imkanı yoxdur. Səhvini başa düşür, tutduğu əməldən peşmandır. Xəstədir, məcburi köçkündür. Belə ki, uşaqlıqdan epilepsiya xəstəsidir. Ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 09 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi vəzifəsində işləyir. 09 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Bərdə rayon Alaçadırlı bələdiyyəsinə məxsus olan, Körpüsındıran kəndinin yaxınlığında yerləşən və icarə əsasında X3 istifadəsində olan torpaqda ağacın kəsilməsi barədə məlumat daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə 46 saylı sərəncama əsasən xidməti ərazilərdə vətəndaşlar tərəfindən daxil olmuş şikayət ərizələri, “qaynar xətt” müraciətləri, yaşıllıqların mühafizəsinə dair reydlərin keçirilməsi və s. vəzifələr idarənin məsləhətçi müfəttişləri Şahid2 və Şahid3 tapşırılmışdır. Müraciət əsasında həmin ünvana Şahid2 və Şahid3 getmiş, sözügedən torpaq sahəsində 1 ədəd yaş halda qovaq ağacının qanunsuz kəsilməsi faktı müəyyən edilmişdir. Həmin əraziyə baxış keçirilmiş və 1 ədəd qovaq ağacının qanunsuz olaraq kəsilməsi təsdiqini tapmışdır. Bundan sonra həmin yerə baxış keçirilərək, xx.xx.2022-ci il tarixdə 76187 nömrəli akt tərtib edilmişdir. Akta əsasən kök üstə yaş halda kök boğazından kəsilərək 1 ədəd qovaq ağacının kəsilməsi müəyyən edilmişdir. 1 ədəd qovaq ağacının diametrinin 87 sm olması, həmin ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada hesablanmasına əsasən 2750 manat olması müəyyən edilmişdir. Araşdırma zamanı həmin qovaq ağacını kəsən şəxsin Bərdə rayonu Körpüsındıran kəndi ərazisində məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı qərarına əsasən ağacların götürülməsini həyata keçirən fiziki və ya hüquqi şəxslər istifadələrində olan torpaq sahələrinə münasibətdə müvafiq icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməli, həmin müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Agentliyinə göndərildikdən sonra Agentlik tərəfindən müvafiq rəy verilməli və daha sonra həmin qurumlar tərəfindən qərar qəbul edilərək götürmə vərəqi əsasında götürmə həyata keçirilməlidir. Təqsirləndirilən şəxs qeyd edilən ağacın kəsilməsilə bağlı idarəyə heç bir müraciət etməmişdir. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəməmişdir, ona qanunamüvafiq qaydada cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, 2000ci ildən Bərdə rayonu Alaçadırlı bələdiyyəsinin sədri vəzifəsində işləyir. 07 oktyabr 2022-ci il tarixdə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı zəng edərək Bərdə rayon Alaçadırlı bələdiyyəsinə məxsus olan, Körpüsındıran kəndinin yaxınlığında yerləşən və icarə əsasında X3 istifadəsində olan 13,56 ha torpaq sahəsində 1 ədəd qovaq ağacının kəsilməsi barədə məlumat verilmişdir. 9 saylı RETSİ-nin əməkdaşına bələdiyyəyə məxsus torpaqda hər hansı ağacın kəsilməsi barədə ona məlumat verilmədiyini bildirmişdir. Alaçadırlı bələdiyyəsinə məxsus Körpüsındıran kəndi ərazisinə yaxın yerdə yerləşən 13,56 ha torpaq 2004-cü ildə 03 saylı qərarla Telman İbişov adlı şəxsə 50 illik icarəyə verilmişdir. Telman İbişov 2020-ci ildə ölmüş, həmin torpaq sahəsi isə vərəsəlik qaydasında oğlu Müşviq İbişova keçmişdir. Bərdə rayon Alaçadırlı bələdiyyəsinə məxsus olan, Körpüsındıran kəndinin yaxınlığında yerləşən və icarə əsasında Müşviq İbişova icarəyə verilmiş 13,56 ha torpaq sahəsində qovaq ağacının kəsilməsi məsələsinin həlli məqsədilə heç kim, o cümlədən Müşviq İbişov kənd bələdiyyəsinə nə şifahi, nə də yazılı şəkildə müraciət etməmişdir. Sonradan ona məlum olmuşdur ki, 1 ədəd qovaq ağacını Təqsirləndirilən şəxs kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, 2006cı ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif strukturlarında, 2018-ci il tarixdən isə 9 saylı ETSİ-nin ƏMMN və EM sektorunun məsləhətçi müfəttişi vəzifəsində çalışır. 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Bərdə rayon Alaçadırlı bələdiyyəsinə məxsus olan, Körpüsındıran kəndinin yaxınlığında yerləşən və icarə əsasında X3 istifadəsində olan torpaqda ağacın kəsilməsi barədə şifahi məlumat daxil olmuşdur. 07 oktyabr 2022-ci il tarixdə o və idarənin əməkdaşı Şahid3la birlikdə həmin torpaq sahəsinə baxışa getmişlər. Baxış keçirilməsi zamanı həmin torpaq sahəsində 1 ədəd yaş halda qovaq ağacının kəsilməsi aşkarlanmış, kəsilmiş qovaq ağacının diametri 87 sm olmuşdur. Ağacın kəsildiyi torpaq sahəsi Alaçadırlı bələdiyyəsinə məxsus olmuş və 49 illik icarə əsasında X4 məxsus olduğunu öyrənmişlər. X6 həmin ağacın kəsilməsi barədə nə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə, nə də Bərdə rayon Alaçadırlı Bələdiyyəsinə müraciət etməmişdir. X6 torpaq sahəsinin icarə əsasında ona məxsus olduğunu, lakin orada kəsilən 1 ədəd qovaq ağacını kəsmədiyini, ağacın kəsilməsi üçün heç kimə göstəriş vermədiyini, bu barədə məlumatı olmadığını bildirmişdir. 1 ədəd qovaq ağacının kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan 2750 manat dəyərləndirilmişdir. İlk əvvəl 1 ədəd kəsilmiş qovaq ağacının kim tərəfindən kəsilməsini müəyyənləşdirə bilməmişdir. Sonradan onlara məlum olmuşdur ki, 1 ədəd qovaq ağacını Laçın rayonundan məcburi köçkün, həmin ərazidə məskunlaşəb yaşayan Təqsirləndirilən şəxs kəsmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsin əməkdaşı Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 yanvar 2023-cü il tarixli 9/8783 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, Azərbaycan Respublikasının Ekalogiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekalogiya və Təbii Sərvətlər idarəsinin ətraf mühitin mühafizəsinə nəzarət sektoru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan istifadə edilməklə, 1 ədəd 87 sm diametrli qovaq cinsli ağacın qanunsuz kəsilməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanının ümumi məbləği 2022-ci ilin oktyabr ayına təxminən 2750,0 manat 400+(47x50,0) müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 20 avqust 2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Alaçadırlı Bələdiyyəsinin mülkiyyətində olan və Bərdə rayonu Alaçadırlı kəndində yerləşən 13,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 oktyabr 2022-ci il tarixli 76187 nömrəli aktından görünür ki, Bərdə rayonu Əliyanlı kənd sakini Müşviq İbişovun icarəsində olan torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı Bərdə rayonu Alaçadırlı kəndi ərazisində Bərdə rayonu Əliyanlı kənd sakini X3 icarəsində olan 13,56 ha torpaq sahəsində 1(bir) ədəd qovaq cinsinə mənsub yaş halda olan ağacın kök, boğazdan (yer səthindən) kəsilərək məhv olması faktı aşkar edilmişdir. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2022-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Bərdə Ərazi İdarəsinin 20 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Bərdə rayonu Alaçadırlı Bələdiyyəsinin mülkiyyətində olan və Bərdə rayonu Əliyanlı kənd sakini X4 Bərdə rayonu Alaçadırlı kəndi ərazisisində icarə müqaviləsi əsasında istifadəsinə verilmiş 13,56 ha torpaq sahəsində meşə fonduna daxil olmayan diametri 87 sm olan 1 ədəd köküstü yaş qovaq cinsinə mənsub ağacı kök boğazından qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 2750 manat məbləğində maddi ziyan vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 12 dekabr 2022-ci il tarixli 2277 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Laçın rayonu Şeylanlı kəndindən məcburi köçkün Təqsirləndirilən şəxs hal-hazırda Bərdə rayon İHB-nın Kələntərli kənd İƏD üzrə İcra Nümayəndəliyinin Körpüsındıran kəndində yaşayır. Təqsirləndirilən şəxs İİ qrup əlildir, ana və qardaşının himayəsində yaşayır. Bərdə rayon İHB-nın Kələntərli kənd İƏD üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs haqqında heç bir şikayət ərizəsi daxil olmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X11 11 may 2022-ci il tarixli 1879 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ-nin poliklinika şöbəsinin nevroloji kabinetində “Ensefalopatiya generalizə olunmuş qıcolma tutmaları” diaqnozu ilə dispanser qeydiyyatındadır. Mütəmadi olaraq “Karbamazepin N60” dərmanlarla ambulator müalicə alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin X1 Sistemi sosial müavinət və təqaüd haqqında 09 dekabr 2021-ci il tarixli ********** nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlilliyə görə 130 manat pensiya alır. Bərdə RMX-nın poliklinika şöbəsinin 24 dekabr 2022-ci il tarixli 1155 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, İİ qrup əlil olmasını, “Ensefalopatiya generalizə olunmuş qıcolma tutmaları” diaqnozu ilə xəstə olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, Laçın rayonundan məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 28 dekabr 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olmaqla “Ensefalopatiya generalizə olunmuş qıcolma tutmaları” diaqnozu ilə xəstə olduğundan, Laçın rayonundan məcburi köçkün olduğundan onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sonuncunun onsuzda ağır olan ailə şəraitinin daha da çətinləşməsinə gətirib çıxarmaqla şəxs üçün daha ciddi məhrumiyyətlərə səbəb ola bilər. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 09 yanvar 2023-cü il tarixli 9/8783 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-66/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-66/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver