Məhkəmə qərarları › İş №1(021)-67/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-67/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-67/2021 30.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Qanuni nümayəndə, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, qeyd olunan cinayəti törədən zaman məhkumluğu ödənilməmiş, Bərdə rayonu Mehdili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq binaya daxil olmaqla özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını talamaq məqsədilə 27.11.2020-ci il tarixdə saat təxminən 01 radələrində Ağcabədi-Bərdə asfalt yolunun kənarında, Bərdə rayonu Mehdili kəndinin girişində yerləşən "xxxx" MMC-nin X6 Mehdili kənd şöbəsinin inzibati binasına pəncərənin məhəccərini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan "xxxx" MMC-nin X8 məxsus olan 1 ədəd 70 manat dəyərində “LG” markalı 19 düym monitor, 100 manat dəyərində 1 ədəd “Foxconn” markalı sistem bloku (X3, CPU G2030, 3.0 GHZ, RAM 4 GB, HDD 500 GB, videokart 1 GB 32 bit), 30 manat dəyərində 1 ədəd “Mercury” markalı UPS-kəsintisiz güc mənbəyi qurğusu, 5 manat dəyərində 1 ədəd “N-tel” markalı klaviatura və 5 manat dəyərində 1 ədəd “N-tel” markalı “mouse” (siçan)dan ibarət ümumilikdə dəyəri 210 manat olan kompüter dəstini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin X8 ümumilikdə 210 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə yaşadığı kənddən həmkəndli kimi tanıyır, belə ki, Nazənin Bərdə poçtunun Mehdili kənd şöbəsinin rəisi vəzifəsində çalışır. Poçtun binası kəndin girişində Ağcabədi-Bərdə asfalt yolunun kənarında yerləşir. 26 noyabr 2020-ci il tarixdə səhər saatlarında həmkəndlisi Bahadurun evinə gedib orada təmir işləri görmüş, həmin gün saat 20 radələrinə qədər həmin evdə işlədikdən sonra işlərimi yekunlaşdırmış və ev sahibi Bahadurdan 20 manat pul almış, oradan çıxıb kənddə yerləşən Ruslanın mağazasına gəlmiş, oradan evə lazım olan ərzaqları, eləcə də, özü üçün 500 ml araq almış, aldığı məhsulları götürüb yaşadığı evə gəlmiş, evə gəldikdə həyat yoldaşı və uşaqlarının qaynatasının yaşadığı evdə olduğunu bilmiş, öz evində bir qədər atası və anasıyla söhbət etmiş, söhbət zamanı atası ona anasının əməliyyatı üçün pul lazım olduğunu, pul tapa bilmədikləri üçün anasını əməliyyat etmədiklərini demiş, bu məsələ ona təsir etmiş, bundan sonra evdən çıxıb qaynatası Qoşqarın yaşadığı evə gəlmiş, burada yemək yeyə-yeyə aldığı arağı içmiş, bir qədər orada oturduqdan sonra uşaqlar yatdığına görə o, uşaqları qaynatasıgildə saxlayıb özü tək öz evinə gəlmiş, evdə olan zaman anasının ağrılarından əziyyət çəkdiyini və sızıldadığını görüb evdə otura bilməmiş, evdən çıxmış, evdən çıxıb kənddə yerləşən restorana gəlmiş və burada oturub 1 bakal pivə içmiş, pivəni içdikdən sonra yenidən evə qayıtmış, bir daha evə qayıdan zaman ananın ağrıdığını görüb artıq dözə bilməmiş və sərxoş olduğundan artıq oğurluq etməyə qərar vermiş, ona görə də, evdən çıxıb kəndin içərisi ilə piyada hərəkət etməyə başlamış, yeriyə-yeriyə haradan oğurluq edə biləcəyimi fikirləşmiş və həmin vaxt yadına kənddə yerləşən poçtun binası düşmüş, ona görə də, həmin istiqamətdə yeriyib binanın yaxınlığına gəlmiş, həmin vaxt 27.11.2020-ci il tarixə keçmiş və saat 01 radələri olmuş, o, poçtun yanına gəlib bir qədər kənardan müşahidə etmiş, heç kimin onu görmədiyinə əmin olduqdan sonra poçtun giriş qapısından sağ tərəfdə yerləşən pəncərənin üzərində olan dəmir məhəccəri dartıb çıxartmış və məhəccəri poçtun arxasında yerləşən otların üzərinə atmış, pəncərə onsuzda açıq olduğuna görə rahatlıqla poçt binasının içərisinə daxil olmuş, o, binanın içərisində gəzib pul olub-olmadığını axtarmış, masanın üzərində pul olmadığını görüb orada olan dəmir seyfi açmaq istəmiş, o, nə qədər çalışsa da, dəmir seyfi aça bilməmiş, artıq heç nə tapa bilmədiyinə görə onun gözünə komputer gözünə sataşmış, komputer otaqda yerləşən masanın üzərində olmuş, o, komputer dəstinə aid olan monitoru, prosessoru və ups enerji qurğusunu bir-bir enerji mənbəyindən çıxartmış, o, dəstə aid olan əşyaları bir-bir pəncərədən çıxarıb çöl tərəfdə yerə qoymuş, dəstə aid olan qeyd etdiyi əşyaları götürdükdən sonra poçtun binasından gəldiyi kimi pəncərədən çölə çıxmış, o, bütün əşyaları özüylə götürüb birbaşa yaşadığı evə gəlmiş, nə oğurluq edən zaman, nə də oradan piyada evə yeriyən zaman heç kimlə rastlaşmamış və heç kim onu görməmiş, evə daxil olduqdan sonra oğurladığı kompyuter dəstini evin həyətində yerləşən tövlənin içərisində gizlətmiş, bundan sonra evə keçib heç kimə heç nə demədən yatmış, növbəti gün, yəni, 27 noyabr 2020-ci il tarixdə saat 12 radələrində yuxudan oyanmış, bu zaman yeznəsi ona zəng edib poçtun binasından oğurladığı əşyaları geri qaytarmağını istəmiş, ona görə də, o, Vəli kişiyə zəng edib əşyaları geri qaytarmaq istədiyini demiş, Vəliylə kənd ərazisində görüşmüş və oğurladığı bütün kompyuter dəstini ona qaytarmış, daha sonra Bərdə RPŞ-nin əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və burada törətdiyi hadisəni səmimi olaraq etiraf etmişdir. Əməlindən səmimi peşman olmasını və zərəri ödəməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 2020-ci ilin oktyabr ayından etibarən "xxxx" MMC-nin X6 Mehdili kənd şöbəsinin rəisi vəzifəsində işləyir. Onun gündəlik iş rejimi saat 09-dan saat 18:00-a qədərdir. "xxxx" MMC-nin X6 Mehdili kənd şöbəsinin inzibati binası Ağcabədi-Bərdə magistral yolunun kənarında, Bərdə rayonu Mehdili kəndinin girişində yerləşir. Təqsirləndirilən şəxs yaşadığı kənddən tanıyır, əvvəllər aralarında düşmənçilik vəya ədavət olmamışdır. 26 noyabr 2020-ci il tarixdə saat təxminən 19 radələrində o, işlərini bitirdikdən sonra poçtun inzibati binasının giriş qapısını kilid vasitəsilə bağlayıb yaşadığı evə getmiş, binanın kilidinin açarları yalnız onda olmuş, həmin gecə yaşadağı evdə olmuş, növbəti gün, yəni 27 noyabr 2020-ci il tarixdə saat 08:45 radələrində yaşadığı evdən tək çıxıb iş yerinə gəlmiş, o, Poçtun inzibati binasına kilidi açıb daxil olan zaman girişdə sağ tərəfdə yerləşən pəncərənin açıq vəziyyətdə olduğunu görmüş, o, həmin pəncərəyə baxan zaman həmin pəncərənin üzərində olan dəmir məhəccərin yerində olmadığını görmüş, o, həmin vaxt kiminsə poçtun inzibati binasına daxil olduğunu başa düşmüş, bundan sonra binanın içərisinə baxan zaman "xxxx" MMCnin invertarına daxil olan, kənd şöbəsinə təhkim edilmiş 1 ədəd “LG” markalı monitor, 1 ədəd “Foxconn” markalı sistem bloku, 1 ədəd “N-tel” markalı klavyatura, 1 ədəd “N-tel” markalı “mouse”, 1 ədəd “Mercury” markalı UPS-kəsintisiz güc mənbəyi qurğusundan ibarət olan kompyuter dəstinin yerində olmadığını görmüş, binanın içərisindəki digər əşyalara baxdıqda başqa hər hansı bir şeyin oğurlanmadığını müəyyən etmiş, o, atası Vəliyə zəng edib poçta gəlməsini xahiş etmiş, atası poçta gəldikdən sonra DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş, daha sonra hadisə yerinə müstəntiq gəlmiş, Müstəntiq tərəfindən onun iştirakıyla hadisə yerinə baxış keçirimiş, o, ərizə ilə Bərdə RPŞ-yə müraciət etmiş və yaşadığı evə qayıtmış, həmin gün günorta saatlarında həmkəndlisi Bəxtiyar atası Vəliyə zəng edərək oğurluq etməsini etiraf etmiş və oğurladığı kompyuter dəstinə aid olan bütün əşyaları geri qaytarmışdır. Qanuni nümayəndə həmçinin, ifadəsində onun şöbə rəisi işlədiyi poçtdan 1 ədəd “LG” markalı monitor, 1 ədəd “Foxconn” markalı sistem bloku, 1 ədəd “N-tel” markalı klavyatura, 1 ədəd “N-tel” markalı “mouse”, 1 ədəd “Mercury” markalı UPS-kəsintisiz güc mənbəyi qurğusundan ibarət olan kompyuter dəstinin oğurlandığını, qiyməti barədə dəqiq məlumatı olmadığını, sonradan həmin dəstin həmkəndlisi Təqsirləndirilən şəxs oğurlamasını bildiyini və Bəxtiyarın peşman olduğundan bir gün sonra bizə qaytarmasını bildirmişdir. Halhazırda təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsin tutulmasını istəmir. Odur ki, məhkəmədən həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək göstərmişdir ki, Qanuni nümayəndə onun qız övladıdır. Onun qızı Nazənin 2020-ci ilin oktyabr ayından etibarən "xxxx" MMCnin X6 Mehdili kənd şöbəsinin rəisi vəzifəsində işləyir. "xxxx" MMC-nin X6 Mehdili kənd şöbəsinin inzibati binası Ağcabədi-Bərdə magistral yolunun kənarında, Bərdə rayonu Mehdili kəndinin girişində yerləşir. Təqsirləndirilən şəxs yaşadığı kənddən tanıyır, əvvəllər aralarında düşmənçilik vəya ədavət olmamışdır. 27 noyabr 2020-ci il tarixdə saat 09 radələrində qızı Nazənin ona zəng edərək poçtun inzibati binasından oğurluq olduğunu bildirmiş, o, dərhal evdən çıxıb poçta gəlmiş, bu zaman naməlum şəxs və ya şəxslərin poçtun binasına sağ pəncərəsinin məhəccərini sındırıb içəri daxil olduğunu başa düşmüş, poçtun içərisinə baxan zaman oradan kompyuter dəstinin oğurlandığı məlum olmuş, həmin gün günorta saatlarında Bəxtiyar ona zəng edərək əməlindən peşman olduğunu, oğurladığı əşyaları qaytarmaq istədiyini demiş, o, Bəxtiyara razılıq verib əşyaları qaytarmasını bildirmiş, bir qədər Bəxtiyar onun yanına gəlib 1 ədəd “LG” markalı monitor, 1 ədəd “Foxconn” markalı sistem bloku, 1 ədəd “N-tel” markalı klavyatura, 1 ədəd “N-tel” marmakıı “mouse”, 1 ədəd “Mercury” markalı UPS-kəsintisiz güc mənbəyi qurğusundan ibarət olan kompyuter dəstini ona vermiş, o, həmin əşyaları poçtun binasına aparıb əvvəlki yerində yerləşdirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Bəxtiyar 2019-cu il fevral ayında avtomobil qaçırdığına görə məsuliyyətə cəlb olunmuş, 2019-cu ilin noyabr ayında isə 2 aylıq azadlıqdan məhrum edilmişdir. Bəxtiyar ev ustası kimi çalışaraq ailəsini saxlayır. Qanuni nümayəndə yaşadığı kənddən tanıyır, belə ki, Nazənin Bərdə poçtunun Mehdili kənd şöbəsinin rəisi vəzifəsində çalışır. Poçtun binası kəndin girişində Ağcabədi-Bərdə asfalt yolunun kənarında yerləşir. 26 noyabr 2020-ci il tarixdə səhər saatlarında Bəxtiyar yaşadığı evdən çıxıb işə getmiş, Bəxtiyar adətən işdən axşam saatlarında qayıdır. Həmin gün saat təxminən 17 radələrində o, uşaqlarıyla birlikdə atası Qoşqarın yaşadığı evə getmiş, saat təxminən 20:30 radələrində Bəxtiyar da onun atasının evinə gəlmiş, burada Bəxtiyar yemək yeyə-yeyə özü ilə gətirdiyi arağı da içmiş, uşaqlar yatdığına görə təxminən bir saatdan sonra Bəxtiyar onları atasının evində qoyub özü tək çıxıb getmiş, sonradan Bəxtiyarın atası Qoşqarın evindən getdikdən sonra anasının xəstəliyi ilə əlaqədar pul tapmaq məqsədilə poçtun binasına daxil olub orada kompüter dəstini oğurladığını və kompüteri yaşadığı evə gətirib gizlətdiyini bilmiş, ancaq, o, həmin kompüteri görməmiş və Bəxtiyarın oğurluq etməyindən məlumatı olmamışdır. Bu barədə sonradan eşitmişdir. Hadisədən bir gün sonra Bəxtiyar oğurladığı kompüteri sahibinə qaytarmışdır. Cinayət işinə əlavə edilmiş 27.11.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, qeyd olunan cinayət hadisəsi Bərdə rayonu Mehdili kəndi ərazisində asfalt yolun kənarında "xxxx" MMC-nin X6 Mehdili kənd şöbəsinin inzibati binasında baş vermiş, həmin binaya daxil olan naməlum şəxs və ya şəxslər oradan kompüter dəstini oğurlamışlar. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 yanvar 2021-ci il tarixli 9/5477 nömrəli rəyindən görünür ki, qərarın təsviredici hissəsində göstərilən müxtəlif markalı istifadədə olmuş malların 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 210 manat məbləğində müəyyən edilir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 04.02.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 18.11.2019-cu il tarixdə Bərdə rayon MƏhkəməsinin qərarı ilə barəsində təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 01 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 08.01.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs yenidən cinayət törədən zaman məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını talamaq məqsədilə 27.11.2020-ci il tarixdə saat təxminən 01 radələrində Ağcabədi-Bərdə asfalt yolunun kənarında, Bərdə rayonu Mehdili kəndinin girişində yerləşən "xxxx" MMC-nin X6 Mehdili kənd şöbəsinin inzibati binasına pəncərənin məhəccərini sındırmaq yolu ilə qanunsuz daxil olaraq oradan "xxxx" MMC-nin X8 məxsus olan 1 ədəd 70 manat dəyərində “LG” markalı 19 düym monitor, 100 manat dəyərində 1 ədəd “Foxconn” markalı sistem bloku (X3, CPU G2030, 3.0 GHZ, RAM 4 GB, HDD 500 GB, videokart 1 GB 32 bit), 30 manat dəyərində 1 ədəd “Mercury” markalı UPS-kəsintisiz güc mənbəyi qurğusu, 5 manat dəyərində 1 ədəd “N-tel” markalı klaviatura və 5 manat dəyərində 1 ədəd “N-tel” markalı “mouse” (siçan)dan ibarət ümumilikdə dəyəri 210 manat olan kompüter dəstini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin X8 ümumilikdə 210 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər ibtidai istintaq zamanı CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyasında daha yüncül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı ödəməsini və himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28.11.2020-ci il tarixdən 29.11.2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “pоlisin nəzаrəti аltınа vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübüt olan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin X8 məxsus 1 ədəd “LG” markalı monitor, 1 ədəd “Foxconn” markalı sistem bloku, 1 ədəd “Mercury” markalı UPS-kəsintisiz güc mənbəyi qurğusu, 1 ədəd “N-tel” markalı klaviatura və 1 ədəd “N-tel” markalı “mouse”dan ibarət kompüter dəsti sahibi "xxxx" MMC-nin X4ytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28.11.2020-ci il tarixdən 29.11.2020-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə rayonu, Mehdili kəndindəki yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “pоlisin nəzаrəti аltınа vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübüt olan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin X8 məxsus 1 ədəd “LG” markalı monitor, 1 ədəd “Foxconn” markalı sistem bloku, 1 ədəd “Mercury” markalı UPS-kəsintisiz güc mənbəyi qurğusu, 1 ədəd “N-tel” markalı klaviatura və 1 ədəd “N-tel” markalı “mouse”dan ibarət kompüter dəsti sahibi "xxxx" MMC-nin X4ytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar