Məhkəmə qərarları › İş №1(021)-67/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-67/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-67/2023 05.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1993-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri Koroğlu küçəsi ev 18-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən 5 (beş) ədəd ayrı-ayrı polietilen və kağız bükümlərdə 2 (iki) ədəd göy rəngli kağız bükümdə, 1(bir) ədəd gümüş rəngli kağız bükümdə, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə və 1(bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkiləri 0,245 qram, 0,052 qram, 0,105 qram, 0,256 qram və 0,054 qram olmaqla, ümumi təmiz çəkisi 0,712 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 29 noyabr 2022-ci il tarixdə saat 15:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri, Koroğlu küçəsində “Rekord” inşaat materialları mağazasının qarşı tərəfində özünü şübhəli apardığı üçün saxlanılıb Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirələrək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ arxa cibindən qeyd edilən psixotrop maddə olan metamfetaminlər aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü Azərbaycan Respublikası CM-234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməyib göstərmişdir ki, o, ünvan 3 ünvanda qardaşı X5 ilə birlikdə yaşayır və ailə həyatı qurmamışdır. xx.xx.2021-ci il tarixdə Bərdə rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləməmiş və fərdi əməklə məşğul olmuşdur. Təxminən iki ilə yaxındır psixotrop maddənin metamfetamin növündən istifadə edir. Şübhəli şəxs qismində tutulmamışdan təxminən 2-3 gün əvvəl Bərdə şəhəri, 6 nömrəli tam orta məktəbin yaxınlığında ara küçə ilə piyada gedən vaxt yerdən bir bükülü tapmış, həmin bükülünü açanda içərisində əvvəllər istifadə etdiyi metamfetamin olmasını görmüş, həmin bükülüdə olan metamfetamindən bir az istifadə etmiş, sonra özü həmin bükülünün içərisində olan metamfetamini kiçik polietilen və kağız bükümlərinə ayırıb qoymuş, gələcəkdə özünün istifadəsi üçün saxlamışdır. 29 noyabr 2022-ci il tarixdə saat 15:15 radələrində yaşadığı evdən çıxıb küçə ilə piyada gedərkən ona 2 nəfər şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərərək, bir qədər əvvəl əlini cibinə salan zaman cibindən düşən bükülünün nə olduğunu soruşmuşlar. Polis əməkdaşlarına əvvəl heç nə olmadığını bildirmiş, polis əməkdaşları onunla bir qədər söhbət edən zaman narkotik aludəçisi olduğunu, bu xəstəlikdən əziyyət çəkdiyini bildirərək, cibindən düşən bükülünün psixotrop maddə olduğunu demişdir. Bu səbəbdən polis əməkdaşları onu Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər. Bərdə rayon PŞ-də ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi ilə ona Bərdə rayonunda fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmiş, vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ondan üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olması soruşulmuş və təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sol yan cibində olan 171 (yüz yetmiş bir) manat pulu, şalvarın sağ yan cibindən Samsung A02 markalı mobil telefonu çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra isə şalvarının arxa sağ cibindən 4 (dörd) ədəd bükümlərdə olan “şüşə” metamfetamini çıxardıb təqdim etmişdir. Onun və vəkilinin iştirakı ilə həmin kütlələrə baxış keçirilmiş, həmin kütlələr polietilen kəsiyində və kağız bükümlərdə olmuş, həmin bükümlər aptek tərəzisində çəkilmiş, həmin kütlələrin çəkisi 0,35 qram, 0,17 qram, 0,09 qram, 0,29 qram olmuşdur. Həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin üzərindən aşkar edilərək götürülmüş 171 (yüz yetmiş bir) manat pul da qablaşdırılmış və üzərinə DİN-nin 94 saylı möhrü vurulmuş, üzəri özü, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilərkən şalvarının arxa sağ cibində dərin qatlanan yerində unutduğu bir ədəd qızılı rəngli kağız bükülüdə olan metamfetamin aşkar edilmişdir. Həmin bükülü də aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0,09 qram olmuşdur. Həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərinə DİN-nin 94 saylı möhürü vurulmuş, üzəri özü, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğunu digər iştirakçılarla birlikdə təsdiq etmişdir. Həmin bükümləri təxminən 2-3 gün əvvəl Bərdə şəhəri 6 nömrəli orta məktəbin yanında yerləşən küçədən tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş metamfetaminlər özünə məxsusdur, özünün istifadəsi üçün saxlamışdır. Üzərindən aşkar edilmiş 171 (yüz yetmiş bir) manat pulu hardan əldə etdiyi soruşulduqda, mobil telefonda Mostbet saytında onlayın kazinoda udduğunu bildirmişdir. Başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, psixotrop maddə qəbul etməyini heç kim bilməmişdir. Üzərində saxladığı psixotrop maddədən heç kəsə satmamış və ya heç bir kəsə pay verməmişdir. Metamfitamini özünün istifadə miqdarına görə ayrı-ayrı bükümlərə qoymuş, o vəziyyətdə də üzərində saxlayıb gəzdirmişdir. Polislər tərəfindən ona hər hansı bir formada fiziki güc tətbiq ediləməmiş, üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları, vəkili Müdafiəçi başqa həmin halı kimsə görməmişdir. Polis əməkdaşları onu saxlayan zaman tək olmuş, yanında heç kəs olmamışdır. Əvvəl də psixotrop maddəni bir neçə dəfə tapıb istifadə etmiş, bir də lap əvvəllər tanımadığı şəxsdən bir neçə dəfə almış, o şəxsləri tanımamış və yadında qalmamışdır. ***-***-**-** saylı mobil nömrədən istifadə etmiş, mobil telefonu Samsung A 02 markalı telefonudur, həmin mobil telefonu tutulanda polis əməkdaşları tərəfindən baxış keçirilməsi üçün götürülmüşdür. Üzərindən aşkar edilmiş 171 (yüz yetmiş bir) manat pulu həmin gün mobil telefonda Mostbet saytında onlayn kazinoda udmuşdur. Özünə məxsus Leo bank kartı vasitəsilə həmin gün 171 (yüz yetmiş bir) manat pulu bankomatdan çıxartmışdır. Əməlindən səmimi peşmandır, yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Vahid oğlu ifadəsində göstərmişdir ki, o, hazırda Bərdə rayon polis şöbəsinin İTB-nin sahə polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsindədir. 29 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində xidməti ərazidə olan zaman yolun əks istiqamətində “Rekord” inşaat materiallarının satışı dükanının qarşısında piyada gedən bir nəfər şəxsin əlini cibinə salmasını, həmin şəxsin əlini çıxaran zaman cibindən yerə bir ədəd gümüşü rəngdə büküm düşməsini və şəxsin həyacanlı vəziyətdə bükülünü dərhal yerdən götürüb cibinə qoymasını görmüşdür. Bu hal onda həmin şəxsdə narkotik vasitə ola biləcəyinə şübhə yaratmış, ərazidə dayanıb onunla söhbət edən Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə həmin şəxsə yaxınlaşmışdır. Ona özlərini təqdim edərək cibindən düşən gümüşü rəngli bükümdə nə olmasını soruşmuş, lakin şəxs cibindən heç bir bükülü düşmədiyini deyib əvvəl inkar etmişdir. Bir qədər söhbət etdikdən sonra ona və əməliyyat müvəkkili Şahid2 adı məlum olan Qurban adlı şəxs narkotik vasitələrdən istifadə etməsini və üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra o, Şahid2la birlikdə sonradan adı, soyadı, ata adı tam məlum olan, xx.xx.1993-cü ildə Bərdə şəhərində anadan olmuş Təqsirləndirilən şəxs gətirib Bərdə rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişdir. Polis şöbəsinin inzibati binasına gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmişdir. Bundan sonra polis şöbəsinin inzibati binasında Bərdə rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə onun, CAB-nin əməliyyat müvəkkili Şahid2, KTQ-nun baş inspektoru Şahid3, müdafiəçisi Müdafiəçi Bünyət oğlunun iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt KTQ-nun baş inspektoru Şahid3 tərəfindən videçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan sübut əhəmiyyəti kəsb edə biləcək əşyaları çıxarıb təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol cibindən 171 manat məbləğində pulu, şalvarın sağ cibindən SAMSUNG A02 markalı mobil telefonu və şalvarın sağ arxa cibindən ümumilikdə 4 ədəd, yəni 02 ədəd tünd göy bükümdə, 01 ədəd şəffaf polietilen bükümdə və 01 ədəd ağ kağız bükümdə spesfik iyə malik, psixotrop maddə metamfetaminə bənzək kütlələri çıxarıb stolun üzərinə qoymuşdur. Şəxsi axtarış keçirilən zaman isə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ arxa cibindən 01 ədəd sarı rəngli kağıza bükülmüş vəziyyətdə psixotrop maddə metamfetaminə bnzər kütlə aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs sonuncu bükülünün cibinin dərinliyində ilişib qalmasını bildirmiş və onun üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bükümlərdəki psixotrop maddə metamfetaminə bənzər kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmış, bükümlərin ayrıayrılıqda çəkiləri 0,35 qram, 0,17 qram, 0,09 qram, 0,29 qram, 0,09 qram olmuşdur. Aşkar olunan kütlələr çəkildikdə ümumi çəkisinin 0,98 qram olduğu müəyyən edilmiş və qablaşdırılıb üzərinə Azərbaycan Respublikasə DİN-nin 94 saylı möhürü vurulub ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə metamfetaminə bənzər kütləni yaşadığı Koroğlu küçəsindən butöv halda bükümdə tapdığını və şəxsi istifadəsi üçün bükümlərə ayırmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı qanunla dövriyyəsi qadağan olunan digər vasitələr aşkar edilməmiş və onun üzərinə şəxsi axtarış başa çatdırılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid2 və Şahid3 da Şahid1 Vahid oğlunun verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onun tərəfindən göstərilən xüsusatları təsdiq etmişlər. Cinayət işinə əlavə edilən 29 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasına haqqında protokoldan görünür ki, həmin gün saat 16:34-dən başlayaraq saat 16:59-dək olan müddət ərzində video çəkilişlə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Bunyat oğlunun iştirakı ilə hüquq və vəzifələri izah edilib, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol cibindən 171 manat məbləğində pulu, şalvarın sağ cibindən SAMSUNG A02 markalı mobil telefonu və şalvarın sağ arxa cibindən ümumilikdə 4 ədəd, yəni 02 ədəd tünd göy bükümdə, 01 ədəd şəffaf polietilen bükümdə və 01 ədəd ağ kağız bükümdə spesfik iyə malik, psixotrop maddə metamfetaminə bənzək kütlələri çıxarıb stolun üzərinə qoymuş, şəxsi axtarış keçirilən zaman isə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ arxa cibindən 01 ədəd sarı rəngli kağıza bükülmüş vəziyyətdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, bükümlər aşkar olduğu qaydada elektron tərəzidə çəkildikdə 0,35 qram, 0,17 qram, 0,09 qram, 0,29 qram və 0,09 qram ümumilikdə isə 0,98 qram çəkidə olması müəyyən edilmiş və ağ rəngli zərflərdə qablaşdırılıb üzərinə Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü vurulub ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Cinayət işinə əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli diskə baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Bunyat oğlunun iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol cibindən 171 manat məbləğində pulu, şalvarın sağ cibindən SAMSUNG A02 markalı mobil telefonu və şalvarın sağ arxa cibindən ümumilikdə 4 ədəd, yəni 02 ədəd tünd göy bükümdə, 01 ədəd şəffaf polietilen bükümdə və 01 ədəd ağ kağız bükümdə spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzək kütlələri çıxarıb stolun üzərinə qoyması, şəxsi axtarış keçirilən zaman isə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ arxa cibindən 01 ədəd sarı rəngli kağıza bükülmüş vəziyyətdə psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar edilməsi, bükümlərin aşkar olduğu qaydada elektron tərəzidə çəkildikdə 0,35 qram, 0,17 qram, 0,09 qram, 0,29 qram və 0,09 qram ümumilikdə isə 0,98 qram çəkidə olması və ağ rəngli zərflərdə qablaşdırılıb üzərinə Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü vurulub ekspertizaya təqdim olunması üçün götürülməsi müşahidə edilir. Cinayət işinə əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli mobil telefona baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilib götürülmüş 01 ədəd SAMSUNG GALAXY A02 markalı mobil telefona baxış keçirildi. 01 ədəd SAMSUNG GALAXY A02 markalı mobil telefona baxış keçirən zamanı məyyən olundu ki, mobil telefon qara rəngdədir, telefonun arxa hissəsində qara rəngli üzlük vardır. Telefonun arxa hissəsinə SAMSUNG sözü yazılmışdır. Mobil telefona baxış keçirilən zaman içərisində müxtəlif tarixlərdə müxtəlif mobil nömrələrdən gələn zənglərin, sms-lərin və WhatsApp yazışmalarının olması görünür. Həmin zənglərə, sms-lərə və WhatsApp yazışmalarına baxan zaman iş üzrə əhəmiyyət kəsb edəcək, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin, sms-lərin və WhatsApp yazışmalarının olmadığı məyyən edilir. Cinayət işinə əlavə edilən 19 dekabr 2022-ci il tarixli Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən tərtib edilərək 25 yanvar 2022-ci il tarixdə Bərdə RPŞ-yə göndərilmiş, 1 ədəd SD diskə baxış keçirilməsi haqqında protokoldan aydın olur ki içərisində zənglər, SMS mətnləri və abunəçilərə dair məlumatlar vardır. Həmin diskin üzərində əlyazma ilə yazılmış 1087 və xx.xx.2023 rəqəmi yazılmışdır. Diskin içərisində 6 ədəd fayl vardır. 1 faylda “505915493 nömrə” və 2-ci fayılda “505915493 SMS” nömrə və sözləri yazılmışdır. Faylların içərisində həmin nömrələrin Bərdə şəhəri Koroğlu küçəsi ev 18-də yaşayan Təqsirləndirilən şəxs məxsus olması və həmin nömrəyə dair SMS-in tarixləri göstərilmişdir. 5-ci fayla “Abunneçiler” 6-cı fayla “Antenna” sözləri yazılmışdır. Həmin faylların içərisini açıb baxan zaman içərisində müxtəlif tarixlərdə qeyd olunan nömrələrə müxtəlif mobil nömrələrdən gələn zənglərin və sms-lərin olması görünür. Qeyd olunan nömrələrin kimə məxsus olması barədə yazılar vardır. Həmin zənglərə və sms-lərə baxan zaman iş üzrə əhəmiyyət kəsb edəcək, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin, sms-lərin olmadığı aşkar edilir. Bərdə rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli hökmündən və Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 24 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətində müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olumuşdur. İşdə olan Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 278 nömrəli arayışından görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Bərdə RMX-nın Polikilinika şöbəsinin narkoloji kabinetində xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır. İşdə olan Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 1154 nömrəli arayışından görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Bərdə” RMX-nın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanmır. Bərdə rayon polis şöbəsinə verilən əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab raportundan görünür ki, Bərdə şəhəri Koroğlu küçəsi ev 18-də yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də həmin mənbəni dəqiq müəyyən etmək mümkün olunmamışdır, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması məlumatlar daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 30 noyabr 2022-ci il tarixli, 16/1350 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər 4 ədəd kütlələr.” yazılar və imzalar olan kağız paketdəki 02 ədəd göy rəngli kağız bükümdə, 01 ədəd “gümüşü” rəngli kağız bükümdə və 01 ədəd şəffaf polietilen kəsiyi bükümdə ayrı ayrılıqda – təmiz çəkisi 0,245 qram, 0,052 qram, 0,105 qram, 0,256 qram ümumi təmiz çəkisi 0,658 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 büküm narkotik vas. bənzər kütlə.” yazılar və imzalar olan kağız paketdəki 01 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,054 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, 02 ədəd kağız paketlərdəki, metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetaminin ümumi təmiz çəkisi 0,658 qram (1-4 № ob), 0,054 qram (1 № ob), tədqiqata sərf edildi – 0,1 qr (hər ob 0,02qr), qalıq - 0,578 qram (1-4 № ob), 0,034 qram (1 № ob) X2 27 yanvar 2023-cü il tarixli, 145 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(021)-178/2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu satış məqsədi ilə deyil, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətini törətməklə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən 5 (beş) ədəd ayrı-ayrı polietilen və kağız bükümlərdə 2 (iki) ədəd göy rəngli kağız bükümdə, 1(bir) ədəd gümüş rəngli kağız bükümdə, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə və 1(bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkiləri 0,245 qram, 0,052 qram, 0,105 qram, 0,256 qram və 0,054 qram olmaqla, ümumi təmiz çəkisi 0,712 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 29 noyabr 2022-ci il tarixdə saat 15:15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri, Koroğlu küçəsində “Rekord” inşaat materialları mağazasının qarşı tərəfində özünü şübhəli apardığı üçün saxlanılıb Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirələrək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ arxa cibindən qeyd edilən psixotrop maddə olan metamfetaminlər aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı CM-in 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə qiymət verərək hesab edir ki, həmin ifadə əsaslıdır. Belə ki, iş materialları və toplanmış sübutlarla Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminləri satış məqsədilə əldə edib saxlaması sübuta yetirilmir. Bu haqda şahid ifadələrində, əməliyyat tapşırığına cavab məkubunda və telefon danışıqlarını və yazışmalarını əks etdirən diskdə və mobil telefonda hər hansı bir qeydə rast gəlinmir və psixotrop maddənin satışı üçün hər hansı bir avadanlıq aşkar edilmir. Buradan məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs psixotrop maddələri şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmişdir və buna görə də təqsirləndirilən şəxsin əməli CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və təqsirləndirilən şəxs həmin maddə ilə cəzalandırılmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Belə ki, AR.CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da Təqsirləndirilən şəxs etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən onun məhkumluğu ödənilmədən qəsdən cinayət törədib cinayətin residivini yaratması onun cəzasını ağırlaşdıran hal qismində müəyyən edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 29 noyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhəli olduğundan 29 noyabr 2022-ci il tarixdə tutulmaqla faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 29 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin ediməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan - Təqsirləndirilən şəxs оğlunun üzərindən aşakar edilmiş tədqiqata sərf edildikdən sonra təmiz çəki 0,612 qram psixotrop maddə olan metamfetamin - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni, "xxxx" MMC-dən zənglərin və Smslərin götürülməsini əks etdirən 2 (iki) ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 32,40 ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 0,612 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni, "xxxx" MMC-dən zənglərin və Smslərin götürülməsini əks etdirən 2 (iki) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar