Məhkəmə qərarları › İş №1(021)-67/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-67/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-67/2024 07.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə saat 17:30 radələrində Bərdə rayonu Qaradəmirçi kəndində yolun kənarında yerləşən “Mişkanın marketi” adlı obyektin qarşısında saxlanılmış qohumu Zərərçəkmiş şəxs məxsus qapıları açıq halda dayanmış vəziyyətdə olan nəqliyyat vasitəsi hesab edilən boz metallik rəngli “Hyundai Sonata” markalı **-ZK-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə etmək həvəsinə gəldiyindən Zərərçəkmiş şəxs icazəsi olmadan sərxoş vəziyyətdə həmin avtomobilin sükanı arxasına əyləşmiş, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kürdəmir şəhərində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Kürdəmir şəhərində yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nə etmiş olduğu müraciət ilə tanış olmuşdur. Barəsində şikayət edən Zərərçəkmiş şəxs qohumudur, yəni dayısı Cəmşidin övladıdır. Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili vardır. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Qohumu Zərərçəkmiş şəxs ilə daima münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saat 16 radələrində Bərdə rayonu Qaradəmirçi kəndinə Samirin yaşadığı ünvana qonaq getmişdir. Samirin yaşadığı ünvanda olarkən Samirə digər qohumları ilə görüşmək istədiyini bildirmişdir. Samir onu idarə etdiyi “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə qohumlarının evinə aparmışdır. Yolda onun istəyi ilə Samir ona spirtli içki almış və o, spirtli içki qəbul etmişdir. Təxminən saat 17:30 radələrində Samir ilə yaşadığı evə geri qayıdarkən o, marketdən Samirin yemək üçün nəsə almağını istəmişdir. Samir Bərdə rayonu Qaradəmirçi kəndində marketin qarşısında avtomobili işlək vəziyyətdə saxlayıb marketə getmək üçün aşağı düşmüşdür. Uşaqlıqdan avtomobillərə qarşı həvəsi olduğundan ürəyindən avtomobili bir qədər sürmək keçmişdir. Samirə heçnə demədən avtomobilin sükanına əyləşmiş və Bərdə şəhəri istiqamətində hərəkətə başlamışdır. Avtomobil ilə hərəkətə başlayan zaman ətrafda heç kim olmamışdır. Az sonra Samir mobil telefon ilə ona zəng etmiş və geri qayıtmağını istəmişdir. O, şəhərdə olduğunu, bir qədər avtomobil sürdükdən sonra geri qayıdacağını bildirmişdir. Avtomobili Bərdə şəhərində bir müddət sürdükdən sonra utandığından geri qayıdıb avtomobili Samirə təhvil verə bilməmiş və yaşadığı Kürdəmir şəhərinə getmək qərarına gəlmiş, avtomobili Yevlax rayonu istiqamətində hərəkət etdirmişdir. Təxminən saat 20 radələrində Yevlax rayonu avtovağzalının qarşısından Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun kənarında 3(üç) nəfər şəxsin dayandığını görmüşdür. Həmin şəxslərin taksi gözlədiklərini hiss edib avtomobili onların yanında saxlamış və onlardan hara getdiklərini soruşmuşdur. Həmin şəxslər Bakı şəhərinə getmək üçün yolüstü taksi gözlədiklərini və pullarının az olmasını bildirmişdir. O, 15(on beş) manat pul müqabilində onları Bakı şəhərinə apara biləcəyini bildirmiş və düşünmüşdür ki, onları Kürdəmir rayonuna qədər aparar, oradan sonra özləri başqa avtomobil ilə Bakı şəhərinə gedərlər. Sonradan adlarını bildiyi Şahid3, Şahid4, Şahid2 onunla razılaşmışlar və avtomobilə əyləşmişlər. Rauli öndə, Anar və Akif isə arxa oturacaqlarda əyləşmişdir. Yol boyu o, çox söhbət etməmişdir. O, özü barədə onlara Kürdəmirli olduğunu, avtobus sürücüsü olduğunu, sürdüyü avtomobilin atasına məxsus olmağını, Bakı şəhərinə atası avtoqəza keçirdiyi üçün getdiyini bildirmişdir. Lakin, o, onlara idarə etdiyi avtomobili qaçırdığını deməmişdir. Kürdəmir rayonunda onlar düşüb çayxanada çay içmişlər və təxminən 20-30 dəqiqə orada ləngimişlər. Onlar Bakı-Qazax magistral avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən təxminən saat 21:30 radələrində Kürdəmir rayonu ərazisində yerləşən BDYPİ-nin stasionar postunda yolun YPX-lar tərəfindən bağlandığını görmüşlər. Bu vaxt orada olan polislər avtomobilə doğru gəlmişlər və onların avtomobildən aşağı düşmələrini istəmişlər. O, avtomobili idarə edib uzaqlaşmaq istəmiş, lakin, süni tıxac olduğuna görə avtomobili idarə edə bilməmişdir. Bu vaxt avtomobilin qapılarını kilidlədiyinə görə polis əməkdaşları o, oturan tərəfdən qapının şüşəsini sındırmışlar və onları avtomobildən aşağı düşürmüşlər. Polis əməkdaşlarına törətdiyi əməli etiraf etmiş və onu avtomobil ilə birlikdə Bərdə RPŞ-nə gətirmişlər. Əlavə olaraq qeyd etmişdir ki, onun “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaqda talama məqsədi olmamış, sadəcə sürmək üçün həmin avtomobili qanunsuz olaraq ələ keçirmişdir. Həmçinin o, bildirdi ki, onun Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilini qaçırmaqda talama məqsədi olmamış, sadəcə sürmək üçün həmin avtomobili qanunsuz olaraq ələ keçirmişdir. Avtomobili götürən zaman Zərərçəkmiş şəxs bu barədə məlumat verməmişdir. Avtomobili qaçıran vaxt tək olmuş, bu barədə heç kimin məlumatı olmamışdır. Avtomobilin çöl qapı dəstəkləri, iç qapı dəstəyi, sağ arxa qapı şüşəsi, sol ön qapı şüşəsi zədələnmişdir. Ona polis əməkdaşları tərəfindən heç bir mənəvi və fiziki zor tətbiq edilməmişdir. Əməlindən səmimi peşmandır, bir daha belə hallara yol verməyəcəyinə məhkəmə qarşısında söz verir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək başqa hərbi hissədə təlimdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və buna görə ondan heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə tərəflərin fikirlərini nəzərə alaraq zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edib CPM-in 317-ci maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmək yolu ilə tədqiq edilməsini mümkün hesab etmişdir. İbtidai istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət etmişdir. Özünə məxsus “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili vardır. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qohumudur, yəni bibisi Tahirənin övladıdır. Təqsirləndirilən şəxs ilə daima münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs Kürdəmir şəhərində yaşamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saat 16 radələrində Səbuhi yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndinə qonaq gəlmişdir. Onlara gəldikdən sonra Səbuhi digər qohumları ilə görüşmək istədiyini bildirmişdir. O, idarə etdiyi avtomobil ilə Səbuhini qohumlarının evinə aparmışdır. Yolda Səbuhinin istəyi ilə Səbuhiyə spirtli içki almış və Səbuhi spirtli içki qəbul etmişdir. Təxminən saat 17:30 radələrində Səbuhi ilə yaşadığı evə geri qayıdarkən Səbuhi ondan marketdən yemək üçün nəsə almağını istəmişdir. O, Bərdə rayonu Qaradəmirçi kəndində marketin qarşısında avtomobili işlək vəziyyətdə saxlayıb marketə getmək üçün aşağı düşmüşdür. O, marketdə olarkən Səbuhinin avtomobili qaçırdığını görmüşdür. O, dərhal mobil telefon ilə Səbuhiyə zəng etmiş və geri qayıtmasını istəmişdir. Səbuhi şəhərdə olduğunu, bir qədər avtomobil sürdükdən sonra geri qayıdacağını bildirmişdir. Lakin, bir müddət keçdikdən sonra Səbuhinin geri qayıtmadığını görmüş və dərhal Bərdə RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Sonra polis əməkdaşları avtomobili ilə birlikdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirmişlər. Bərdə RPŞ-də avtomobilinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, avtomobilinə maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak etmədiyindən və məhkəməyə teleqram vuraraq işləri ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyindən və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyindən CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid4, Şahid3 uzun illərdir tanımış, dostluq münasibətləri vardır. Anar və Rauli ilə münasibətləri daima normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Barəsində şikayət olunan Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs tanımamış, Səbuhi ilə heç bir münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Şahid4 və Şahid3 ilə birlikdə taksi ilə Bakı şəhərindən Bərdə rayonu Lək kəndində yaşayan dostu Ruslan Əhmədovun yaşadığı ünvana qonaq gəlmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bərdə şəhərində “Çinar” restoranında yemək yeyib, spirtli içki qəbul etmişdir. Pulları az olduğu və Bakı şəhərinə daha ucuz qiymətə getmək üçün Bərdə şəhərindən Yevlax rayonu avtovağzalına getmişlər. Təxminən saat 20 radələrində Şahid4 və Şahid3 ilə birlikdə Yevlax rayonu avtovağzalının qarşısında Bakı şəhərinə getmək üçün yolüstü avtomobil gözləmişlər. Bu vaxt sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Sonata markalı **-ZK- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə təsadüfən yanlarında saxlamış və onlardan hara getdiklərini soruşmuşdur. Onlar Bakı şəhərinə getmək üçün yolüstü taksi gözlədiklərini və pullarının az olmasını bildirmişlər. Təqsirləndirilən şəxs 15(on beş) manat pul müqabilində onları Bakı şəhərinə apara biləcəyini bildirmişdir. O, və Şahid4, Şahid3 Səbuhi ilə razılaşmışlar və avtomobilə əyləşmişlər. Şahid3 öndə, o, və Anar isə arxa oturacaqlarda əyləşmişdir. Yol boyu Təqsirləndirilən şəxs çox söhbət etməmişdir. Səbuhi özü barədə Kürdəmirli olduğunu, avtobus sürücüsü olduğunu, sürdüyü avtomobilin atasına məxsus olmasını, Bakı şəhərinə atası avtoqəza keçirdiyi üçün getdiyini bildirmişdir. Lakin, Səbuhi onlara idarə etdiyi avtomobili qaçırdığını deməmiş və həmçinin, onlar özləridə sərxoş olduqları üçün Səbuhinin spirtli içki qəbul etməsini bilməmişlər. Kürdəmir rayonunda onlar düşüb çayxanada çay içmişlər və təxminən 20-30 dəqiqə orada ləngimişlər. Onlar Bakı-Qazax magistral avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən təxminən saat 21:30 radələrində Kürdəmir rayonu ərazisində yerləşən BDYPİ-nin stasionar postunda yolun YPX-lar tərəfindən bağlandığını görmüşlər. Bu vaxt orada olan polislər avtomobilə doğru gəlmişlər və onların avtomobildən aşağı düşmələrini istəmişlər. Təqsirləndirilən şəxs avtomobili idarə edib uzaqlaşmaq istəmiş, lakin, süni tıxac olduğuna görə avtomobili idarə edə bilməmişdir. Bu vaxt Təqsirləndirilən şəxs avtomobilin qapılarını kilidlədiyinə görə polis əməkdaşları Səbuhi oturan tərəfdən qapının şüşəsini sındırmışlar və onları avtomobildən aşağı düşürmüşlər. Bundan sonra polis əməkdaşlarının verdiyi məlumatdan onlar bilmişlər ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili qaçırmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili qaçırmasından xəbərsiz olmuşdur, əgər bu barədə məlumatı olsaymış dərhal polisə xəbər verərmiş. Məhkəmə istintaqı zamanı CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaqdakı ifadələri elan edilmiş şahidlər Şahid3 və Şahid4 da eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında xidməti işi ilə əlaqədar iştirak etmədiyindən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş şahid polis əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs adlı vətəndaş Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində yolda saxladığı özünə məxsus olan “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qohumu Təqsirləndirilən şəxs tərəfindən qaçırılmasını bildirmişdir. Bu barədə baş müstəntiq Sənan Bayramzadə tərəfindən tərtib edilmiş əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində qohumu Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bərdə rayonu Qaradəmirçi kəndində yolun kənarından qaçırmış və Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Zərərçəkmiş şəxs qaçırdığı avtomobil ilə Bakı-Qazax magistral avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən təxminən saat 21:30 radələrində Kürdəmir rayonu ərazisində yerləşən BDYPİ-nin stasionar postunda tərəflərindən saxlanılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə tərəflərindən saxlanılaraq Bərdə RPŞ-nin İBnə təqdim edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 10 dekabr 2023-cü il tarixdə saat 17:30 radələrində Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı **-ZK-*** dövlət nömrə nişanlı minik avtomobili Bərdə rayonu Qaradəmirçi kəndində yolun kənarından Təqsirləndirilən şəxs tərəfindən qaçırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-tapşırığına cavabdan görünür ki, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri keçirilmiş, Zərərçəkmiş şəxs məxsus “Hyundai Sonata” markalı **-ZK-*** qeydiyyat nişanlı minik avtomobilini qaçırmış şəxsin xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı **-ZK-*** qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə Kürdəmir rayonu ərazində saxlanılaraq Bərdə RPŞ-nin İstintaq bölməsinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus qaçırılmış “Hyundai Sonata” markalı **-ZK-*** qeydiyyat nişanlı minik avtomobilinin çöl qapı dəstəkləri, iç qapı dəstəyi, qapının şüşələri qırılıb deformasiya olunaraq, sahibinə maddi ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1708 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:40-da orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ilkin qiymətləndirmə aktında Zərərçəkmiş şəxs məxsus 2004-cü il buraxılışlı gümüşü rəngli “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin ümumi dəyəri 300(üç yüz) manat olaraq göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Bərdə RPŞ-yə xx.xx.2023-cü il tarixli müraciət ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində qohumu Təqsirləndirilən şəxs sərxoş halda, talama məqsədi olmadan qanunsuz olaraq Bərdə rayonu Qaradəmirçi kəndində ona məxsus “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirərək qaçırmış və Kürdəmir rayonu ərazisində yerləşən BDYPİ-nin stasionar postunda avtomobil polis əməkdaşları tərəfindən saxlanılarkən ona 300(üç yüz) manat maddi ziyan dəymişdir. Hadisə nəticəsində ona məxsus “Hyundai Sonata” markalı **-ZK-*** dövlət nömrə nişanlı minik avtomobilinə 300(üç yüz) manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı tam şəkildə ödəmişdir, Səbuhidən heç bir şikayət, tələbi yoxdur və gələcəkdə də bu xüsusatla bağlı Səbuhidən heç bir şikayəti olmayacaqdır. Cinayət işinin materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 18 dekabr 2023-cü il tarixli 1440 nömrəli arayışdan görünür ki, Muradov X3 şəhəri A.Şakir küçəsi ev 3-də yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Kürdəmir rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 18-1-49/2-866/2023 nömrəli məktubunda göstərilmişdir ki, Muradov X3 RMX-nın Poliklinika şöbəsinin həkim psixiatr və narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat-tapşırığına cavabdan görünür ki, Bərdə rayon X5 bölməsinin icraatında Azərbaycan Respublikası CMin 185.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə vermiş olduğunuz 16 dekabr 2023-cü il tarixli əməliyyat tapşırığına cavab olaraq bildiririk ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə saat 17:30 radələrində “Hyundai Sonata” markalı **-ZK- *** dövlət nömrə nişanlı minik avtomobilini Bərdə rayonu Qaradəmirçi kəndindən təkbaşına qaçırmış, həmin cinayət barədə qeyrilərinin məlumatı olmamış və başqa cinayətlərdə iştirak etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməsi ilə bağlı heç bir məlumat əldə olunmamış, onun narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AC № 510663 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli minik avtomobili Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ev 65 mənzil 6-da yaşayan X1 məxsusdur. xx.xx.2023-cü il tarixli, 7E-1518 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X2 “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı gümüşü rəngli minik avtomobilinə məxsus sərəncam vermə hüququnu Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan Zərərçəkmiş şəxs həvalə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq edilən cinayət işinə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzası 07 ay 11 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə istintaq edilən cinayət işinə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən xitam verilmişdir. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs talamaq məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırdığı “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə 02 fevral 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübütların qiymətləndirilməsi haqqında qərara əsasən maddi sübut kimi tanınmış və cinayət işinin materialları ilə tanış etmədən sonra saxlanılması üçün sahibinə geri qaytarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə saat 17:30 radələrində Bərdə rayonu Qaradəmirçi kəndində yolun kənarında yerləşən “Mişkanın marketi” adlı obyektin qarşısında saxlanılmış qohumu Zərərçəkmiş şəxs məxsus qapıları açıq halda dayanmış vəziyyətdə olan nəqliyyat vasitəsi hesab edilən boz metallik rəngli “Hyundai Sonata” markalı **-ZK-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə etmək həvəsinə gəldiyindən Zərərçəkmiş şəxs icazəsi olmadan sərxoş vəziyyətdə həmin avtomobilin sükanı arxasına əyləşmiş, mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib qaçıraraq talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasəan Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 185.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 185.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 185.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi isə Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsi, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və eyni tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-də Bərdə rayon X5 Bölməsinin baş müstəntiqi, polis kapitanı Sənan Bayramzadə tərəfindən AR.CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs оğlunun üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi olan Zərərçəkmiş şəxs saxlanması üçün təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə 300 manat maddi ziyanın dəyməsi və dəymiş ziyanın ödənilməsi, habelə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışıq əldə etməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 13 dekabr 2023-ci il tarixdən 15 dekabr 2023-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Kürdəmir şəhəri, A.Şakir küçəsi, ev 3 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan “Hyundai Sonata” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi olan Zərərçəkmiş şəxs saxlanması üçün təhvil verilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə 300 manat maddi ziyanın dəyməsi və dəymiş ziyanın ödənilməsi, habelə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışıq əldə etməsi nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar