Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-68/2022 18.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağdam rayonu, Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağdam Rayon Məhkəməsinin 20.07.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri təqsirli bilinərək 3000 manat cərimə cəzasına, Ağdam Rayon Məhkəməsinin 09.08.2017-ci il tarixli 1(013)36/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.3, 177.2.4, 65.3, 69.4, 67.1-ci maddələri təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum olunmuş, Ağdam Rayon Məhkəməsinin 15.10.2019-cu il tarixli 1(013) 33/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdam Rayon Məhkəməsinin 09.08.2017-ci il tarixli 1(013)36/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3500 manat cərimə cəzasının çəkilməmiş hissəsi 2220 manat cərimə hissəsi ilə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə ona təyin olunmuş cəzaya tamamilə birləşdirilməklə, üzərində qəti olaraq 01 il müddətə azadlığın məhdudlaşdırılması və 2220 manat cərimə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi müəyyən olunmuş, azadlığın məhdudlaşdırılması cəzasının müddəti 05.11.2020-ci il tarixdə başa çatmış, Ağdam rayon İcra və Probasiya Şöbəsinin Amnistiya aktının tətbiq edilməsi barədə 15.12.2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmiş, məhkumluğu ödənilməyən, Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyatda olan, həbs olunana qədər Ağdam rayonu, Quzanlı qəsəbəsi, məcburi köçkün qəsəbəsi ev 78-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını açıq talamaq məqsədi ilə şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib nağd pul vəsaitini açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını açıq talamaq məqsədi ilə 12 yanvar 2022-ci il tarixdə, saat 21:30 radələrində Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində tanımadığı Zərərçəkmiş şəxs əlləri ilə itələyib yerə yıxmaqla həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib küçədə olan şəxslərin və Zərərçəkmiş şəxs gözü qarşısında sonuncunun şalvarının sağ arxa cibindən 350 (üç yüz əlli) manat nağd pul vəsaitini açıq talayaraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən köçkün qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. O, fərdi əməklə məşğul olaraq pul qazanır. Şahid1 o, yaşadığı qəsəbə sakini qismində 5-6 il müddətdir ki, tanıyır. Onun Mənsur ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Mənsur “VAZ 2106” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi qismində fəaliyyət göstərir. 12 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Mənsura zəng edərək onun yanına yaşadığı qəsəbəyə gəlməsini bildirmişdir. Mənsur bir müddət sonra onun yanına gəlmişdir. O, Mənsura onu Bərdə şəhərində yerləşən kafeyə aparmasını bildirmişdir. Bərdə şəhərinə çatdıqda o, Mənsura onu Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən el arasında “podval” adlanan kafeyə tərəf avtomobili idarə etməsini bildirmişdir. Kafeyə çatdıqda o, kafedə pivə içmiş, Mənsur isə çay içmişdir. O, kafedə pivə içərkən tanımadığı yaşlı bir kişinin arxa cibinə bir neçə 100 manatlıq əsginaz qoymasını görmüşdür. O, təxminən 6-7 bokal pivə içdikdən sonra kafedən çölə çıxmış, ayaq yoluna getmişdir. Bu zaman kafedən çölə arxa cibinə bir neçə 100 manatlıq əsginaz qoyan yaşlı kişini görmüşdür. O, həmin yaşlı kişinin cibində olan pulları talamaq qərarına gəlmişdir. O, həmin yaşlı kişiyə yaxınlaşaraq iki əli ilə arxadan qəflətən tutaraq yerə yıxmış, sol əli ilə yaşlı kişini bir balaca qaldırmış və sağ əli ilə arxa cibindən pulları götürmüşdür. O, pulları götürdükdən sonra tanımadığı taksi ilə Bərdə şəhəri Sənayə küçəsində yolun kənarında düşmüşdür. Bu zaman o, “109” adlı çay evinin qarşısında tanımadığı şəxs görmüş və həmin şəxsdən mobil telefonu Mənsurə zəng etməsi üçün istəmişdir. O, Mənsurə zəng edərək “109” adlı kafenin qarşısına gəlməsini və onu götürməsini demişdir. Mənsur gəlməmişdən əvvəl o, yaşlı kişidən götürdüyü pulları saymış və 350 manat olmasını müəyyən etmişdir. Mənsur onun yanına gəldikdə yaşlı kişinin pulunu götürübgötürməməsini soruşmuşdur. O, Mənsurə yaşlı kişinin pulunu götürdüyünü demişdir. Mənsur ona həmin yaşlı kişinin pulunu geri qaytarmaq lazım olmasını dedikdə, o, üzərində 350 manat puldan 119 manat hissəsini yaşlı kişiyə qaytarması üçün ona vermişdir. O, piyada işıqforun yanına çıxmış və tanımadığı taksi ilə Ağdam rayonu, Əhmədağalı kəndində yaşayan bibisi oğlu Elşənin yanına getmiş və gecəni Elşəngildə qalmışdır. O, Elşənə baş verən hadisə barədə hər hansı bir məlumat verməmişdir. 13 yanvar 2022-ci il tarixdə saat 11-12 radələrində o, Elşəngildən çıxaraq Quzanlı qəsəbəsinə yola düşmüşdür. Qəsəbədə olarkən yaşlı kişidən götürdüyü puldan qalan hissəsini mağazadan müxtəlif içkilər və ərzaq alaraq evə gəlmişdir. Evdə olarkən onu polis əməkdaşlarının axtarmasını anasından öyrənmişdir. O, yaşlı kişinin pulunu talamağına görə onu polisin axtarmasını anlamış və Bərdə rayon polis şöbəsinə yollanmışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs vurmamış, o, pulların 119 manat hissəsini geri qaytarmış, yerdə qalan hissəsini isə xərcləmişdir. Mənsur adlı şəxsin və ya digər hər hansı bir şəxsin onun cinayət əməli törətməyindən xəbəri olmamışdır. O, bu barədə Mənsura cinayət baş verdikdən sonra demişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və onunla barışmasını nəzərə alaraq yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X8 ifadəsində göstərdi ki, o, 12 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhərindən yaşadığı yataqxanadan çıxaraq Ağdam rayonuna yola düşmüşdür. Şəhərlərarası sərnişin daşımada Ağdam rayonuna birbaşa marşurut olmadığından ilk öncə o, Bərdə şəhərində düşmüşdür. Bərdə şəhərində Sarayın dairəsi deyilən yerdə düşərək yoldan keçən tanımadığı şəxslərdən yaxınlıqda yemək yeməyə harada kafe olmasını soruşmuşdur. Həmin şəxs ona Köhnə bazarda kafelərin olmasını demişdir. O, həmin vaxt Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən adı olmayan kafeyə gəlmişdir. Kafedə yemək yedikdən sonra o, cibindən 388 manat pulu çıxartmış və 38 manat hesab ödəmişdir. Sonra yerdə qalan 350 manat pulu sağ arxa cibinə qoymuşdur. Hesabı ödədikdən sonra saat təxminən 21:30 radələrində o, kafedən çıxmış və Ağdam rayonu Xındırıstana getmək istəmişdir. Bu zaman o, dayanıb siqaret yandırmışdır. Bundan sonra o, hərəkətə davam etmişdir. Bir neçə metr sonra qəflətən yerə yıxılmışdır. Bu zaman tanımadığı kafedə gördüyü şəxsin onu iki əli ilə sinə nahiyəsindən tutub yerə yıxmasını görmüşdür. Bundan sonra həmin şəxs onun sağ arxa cibində olan 350 manat nağd pulu götürərək onun yanından uzaqlaşmışdır. O, isə ayağa qalxmış və kafeyə qayıtmışdır. Kafedə olan işçilərdən kafedə oturan onun pulunu talayan şəxsi soruşmuşdur. Bu zaman adının sonradan Mənsur olmasını bildiyi şəxs ondna Ağdamlı olmasını soruşmuş, o, isə Ağdamlı olmasını demişdir. Mənsur ona pulunu aparan şəxsi tanıdığını və həmin şəxsin yerini bildiyini demişdir. O, kafedən çıxdıqdan sonra yolun kənarında dayanan polis avtomobilini görmüş və həmin polis avtomobilini yaxınlaşıb baş verənlərə danışmışdır. Polis əməkdaşları onunla birlikdə onun pulunun talandığı yerə baxmış və sonradan kafeyə gəlmişdir. Kafedə polis əməkdaşlarına Mənsur adlı şəxs yaxınlaşmış və Mənsur adlı şəxs ilə birlikdə o, polis şöbəsinə yollanmışdır. Bununla yanaşı Kərəm Əliyev ifadəsində göstərdi ki, o, kafedə spirtli içki qəbul etmişdir. Ona məxsus 350 manat nağd pulu talayan adının sonradan Ayxan olmasını bildiyi şəxsi o, ilk olaraq yemək yediyi kafedə görmüşdür. O, Ayxan adlı şəxsi əvvəllər tanımamışdır. Ayxan adlı şəxs ona arxadan yaxınlaşaraq onu əlləri ilə tutub yerə yıxmış və şalvarının arxa cibindən 350 manat nağd pulu götürmüşdür. Onun üzərində 3 ədəd 100 manatlıq əsginazlarla, 01 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq, 01 ədəd 20 manatlıq və 10 ədəd 1 manatlıq əsginazlar olmuşdur. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun avtomobili var. Həmin avtomobil onun qardaşı Bəhruzun adına olsa da, avtomobili o almışdır. 12 yanvar 2022-ci il tarixdə günorta saatlarında qudasıgilə Bərdə rayonu Lənbəran kəndinə gəlmişdir. O, Lənbəran kəndindən çıxıb evə gələrkən saat 17 radələrində Ayxan ona zəng etmiş və yanına çağırmışdır. O, Ayxanın yanına Quzanlı qəsəbəsinə gəldikdən sonra Ayxan ona Bərdə şəhərinə pivə içməyə getmək istədiyini demişdir. Ayxan ona benzinini tökəcəyini demişdir. Bundan sonra o, Ayxan ilə Bərdə şəhərinə yollanmışdır. Bərdə şəhərində olarkən Ayxan ona avtomobili Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən adsız kafeyə idarə etməyini demişdir. Bundan sonra o, Ayxan ilə birlikdə kafeyə girmişdir. Ayxan kafedə pivə içmiş, o, isə çay içmişdir. Kafedə o və Ayxandan başqa adının sonradan Kərəm olmasını bildiyi yaşlı kişi yemək yemişdir. Kərəm hesab ödəyərkən cibindən bir neçə yüz manatlıq əsginaz çıxartmışdır. Ayxan bu zaman pivə içmişdir. Ayxan ona ayaqyoluna getmək istədiyini demiş və stoldan qalxmışdır. Bir neçə dəqiqə sonra isə Kərəm əyləşdiyi masadan qalxaraq kafedən çıxmışdır. O, isə çay içməyə davam etmişdir. Təxminən 10 dəqiqə sonra o, ayaqyoluna gedərək kafeyə qayıtmışdır. Kafeyə qayıtdıqda Kərəmin kafedə pulunun kafedə olan müştəri tərəfindən aparılmasını demişdir. Bu zaman kafedə işləyən şəxs ona arıq saqqallı şəxsin onunla gəlməsini demişdir. O, həmin şəxsi tanımadığı demişdir. Kərəm çölə çıxdıqda o, da çölə çıxmışdır. Bu zaman tanımadığı nömrədən ona zəng gəlmişdir. O, həmin nömrəyə zəng etdikdə, telefonu Ayxan açmışdır. O, Ayxana hansı səbəbdən yaşlı kişinin pulunu aparmasını soruşduqda Ayxan mənə “109” adlı kafenin qarşısında olmasını demişdir. O, Ayxanın yanına getdikdə Ayxan ona 1 ədəd 100 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manaqtlıq və 4 ədəd 1 manatlıq, ümumilikdə isə 119 manat pulu Kərəmə qaytarması üçün vermişdir. O, Ayxana onunla birlikdə getməsini dedikdə, Ayxan ona qorxmasını demişdir. O, pulu götürüb kafeyə qayıtmışdır. Kafeyə gəldikdə polis əməkdaşlarını görmüş və polis əmədakşlarına cinayət hadisəsinin Ayxanın törətməsini, Ayxanın sonradan ona 119 manat verdiyini demiş və həmin 119 manatı isə polisə həmin vaxt təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Bərdə rayonu Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə Bazar” adlanan ticarət obyektində zirzəmidə kirayə obyekt götürüb kafe qismində işlədir. 12 yanvar 2022-ci il tarixdə saat 21:30 radələrində onun işlətdiyi adının sonradan Kərəm olduğunu bildiyi bir yaşlı kişi gəlmişdir. Həmin kişi yemək yemiş və hesabı ödəyərkən cibindən 100 manatlıq əsginazlar çıxartmış və ona hesabı ödəyib pulları cibinə qoymuşdur. Həmçinin həmin vaxt kafedə adının Mənsur olduğunu bildiyi taksi sürücüsü və adının sonradan Ayxan olduğunu bildiyi şəxs olmuşdur. Ayxan həmin vaxt spirtli içki qəbul etmişdir. Bundan sonra oynamış və kafedən çıxıb getmişdir. Ayxan da bu vaxt ərzində kafedən çıxıb getmiş, lakin Mənsur kafedə qalmışdır. Təxminən 10 dəqiqə sonra Kərəm əynində olan paltarını torpağa batmış vəziyyətdə geri qayıtmış və ona bir nəfər şəxsin döyərək 350 manat pulunu götürməsini demişdir. O, Kərəm ilə gedib Kərəmin pulunun aparıldığı yeri görmüşdür. Həmin yerdən Kərəmin yaylığını tapmışdır. O, Kərəmi kafeyə geri gətirmiş və bu zaman Mənsun harasa gedib geri qayıtmışdır. Mənsur ona və Kərəmə pulların Ayxan tərəfindən talanmasını bildirmişdir. O, dərhal Kərəmə polisə müraciət etməsini demişdir. Kərəm isə onun sözlərindən sonra polisə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs onun oğludur. Onun Ayxan ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 12 yanvar 2022-ci il tarixdə gecə saatlarında yaşadığı evə polis əməkdaşları gəlmişlər. Polis əmədaşları Ayxanın yerini soruşmuşlar. O, isə polis əməkdaşlarına Ayxanın evdə olmamasını demişdir. Sonradan Ayxana zəng etmiş, lakin Ayxan zənglərə cavab verməmişdir. 13 yanvar 2022-ci il tarixdə günorta saatlarında Ayxan evə gəldikdə, o, Ayxana polis əməkdaşlarının axtarmasını demişdir. Bundan sonra Ayxan Bərdə RPŞ-nə yollanmışdır. O, isə polis şöbəsinə gəldikdə polis şöbəsində Ayxanın tanımadığı bir yaşlı kişinin pulunu aparmasını öyrənmişdir. Onun Ayxanın cinayət törətməsindən əvvəlcədən xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2013-cü il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəsində isə 2017-ci ildən xidmət edir. 24 dekabr 2021-ci il tarixdə Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Orxan Məmmədli tərəfindən Zərərçəkmiş şəxs qarşı soyğunçuluq edərək Zərərçəkmiş şəxs pullarını şəxs və ya şəxsləri müəyyən etmək üçün əməliyyat tapşırığı daxil olmuşdur. Daxil olmuş əməliyyat tapşırığına uyğun olaraq tərəfindən vətəndaşların sorğusu, soraqlaşma, nəqliyyat vasitələrinə baxış keçirilməsi, şəxsiyyətin eyniləşdirilməsi, əşya və sənədlərin tədqiqi və digər əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12 yanvar 2022-ci il tarixdə tək olaraq Kərəm Əliyevi yerə yıxaraq sonuncunun cibində olan 350 manat nağd pulu talaması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yeri müəyyən edilmiş və Təqsirləndirilən şəxs könüllü olaraq polis şöbəsinə gəlmişdir. Cinayət işinin 26-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 13 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 13 yanvar 2022-ci tarixdə tutulmuşdur. Cinayət işinin 81-82-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 97-100-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli 4(021)9/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişir. Cinayət işinin 143-144-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-tibb ekspertizasının 27.01.2022-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, X5 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 145-146-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 25 yanvar 2022-ci il tarixli 45 nömrəli məhkəmə-psixiatrik rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən primitiv şəxsdə psixopatabənzər davranışa baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işinin 118-120-ci vərəqələrində olan Ağdam Rayon Məhkəməsinin 15.10.2019cu il tarixli 1(013) 33/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdam Rayon Məhkəməsinin 09.08.2017ci il tarixli 1(013) 36/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 3500 manat cərimə cəzasının çəkilməmiş hissəsi 2220 manat cərimə hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə ona təyin olunmuş cəzaya tamamilə birləşdirilməklə, üzərində qəti olaraq 01 il müddətə azadlığın məhdudlaşdırılması və 2220 manat cərimə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi müəyyən olunmuşdur. Cinayət işinin 118-120-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 20.07.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 3000 manat cərimə cəzasına, Ağdam Rayon Məhkəməsinin 09.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 177.2.3, 177.2.4, 65.3, 69.4, 67.1-ci maddələri təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum olunmuş, Ağdam rayon Polis Şöbəsində 26.03.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və 29.03.2019-cu il tarixə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmiş, Ağdam Rayon Məhkəməsinin 15.10.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 67.1-ci maddəsi təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması və 2220 manat cərimə cəzasına məhkum olunmuşdur. Cəza müddəti 05.11.2020-ci il tarixdə başa çatmışdır. Cinayət işinin 77-ci vərəqəsində olan Ağdam rayon İcra və Probasiya Şöbəsinin Amnistiya aktının tətbiq edilməsi barədə 15.12.2021-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs oğlu cəzadan azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ağdam rayon İcra və Probasiya Şönbəsinin 15.04.2022-ci il tarixli məktubundan görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs oğlu cəzadan azad edildiyi üçün 10.01.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 105-106-ci vərəqələrində olan Bərdə Rayon Polis Şöbəsinin 15.01.2022ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, ********* nömrəlli cinayət işi üzrə 01 ədəd 100 manatlıq C36926505 nömrəli əsginaz, 1 ədəd 10 manatlıq B20310118 nömrəli əsginaz, 1 ədəd A24540334 nömrəli 5 manatlıq əsginaz və 4 ədəd F61103765, G03123638, G43726207, F47360420 nömrəli 1 manatlıq əsginaz cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmə həllinədək saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan 15.01.2022-ci il tarixli qəbzdən görünür ki, ********* nömrəlli cinayət işi üzrə maddi sübut olan 01 ədəd 100 manatlıq C36926505 nömrəli əsginaz, 1 ədəd 10 manatlıq B20310118 nömrəli əsginaz, 1 ədəd A24540334 nömrəli 5 manatlıq əsginaz və 4 ədəd F61103765, G03123638, G43726207, F47360420 nömrəli 1 manatlıq əsginazlar məhkəmə həllinədək Zərərçəkmiş şəxs Nuğay oğluna təhvil verilmişdir. Cinayət işinin 124-cü vərəqəsində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə X11 Şəxs Ağdam Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 78 saylı 27.01.2022-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Mərkəzi X7 Şəxsin Poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 116-cı vərəqəsində olan Ağdam rayon İHB-nin Quzanlı köçkün qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs epizodik olaraq spirtli içki qəbul edən, vətənpərvər, qonşularla münaqişəsi olmayan kimi xarakteriza olunmuşdur. Cinayət işinin 73-cü vərəqəsində olan zərərçəkmiş şəxs X4 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, indi və gələcəkdə ona qarşı heç bir iddia tələbinin olmayacağını bildirmişdir. Cinayət işinin 155-165-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 10 mart 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd 100 manatlıq C36926505 nömrəli əsginaz, 1 ədəd 10 manatlıq B20310118 nömrəli əsginaz, 1 ədəd A24540334 nömrəli 5 manatlıq əsginaz və 4 ədəd F61103765, G03123638, G43726207, F47360420 nömrəli 1 manatlıq əsginaz cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün Zərərçəkmiş şəxs Nuğay oğluna təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə qoca olan olan şəxsə qarşı törədilməsini Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsini, əvvəllər dəfələrlə cinayət törətməsini, onun şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 15 yanvar 2022-ci il tarixdə barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd 100 manatlıq C36926505 nömrəli əsginaz, 1 ədəd 10 manatlıq B20310118 nömrəli əsginaz, 1 ədəd A24540334 nömrəli 5 manatlıq əsginaz və 4 ədəd F61103765, G03123638, G43726207, F47360420 nömrəli 1 manatlıq əsginazların Zərərçəkmiş şəxs Nuğay oğluna təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd 100 manatlıq C36926505 nömrəli əsginaz, 1 ədəd 10 manatlıq B20310118 nömrəli əsginaz, 1 ədəd A24540334 nömrəli 5 manatlıq əsginaz və 4 ədəd F61103765, G03123638, G43726207, F47360420 nömrəli 1 manatlıq əsginazların Zərərçəkmiş şəxs Nuğay oğluna təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-68/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-68/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver