Məhkəmə qərarları › İş №1(021)-69/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-69/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-69/2023 10.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə Kəlbəcər rayonu Tövlədərə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Kəlbəcər rayonu Tövlədərə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin 2 saylı X5 həbsdə saxlanılan təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, X6 tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Bərdə şəhəri Fizuli küçəsi döngə 7 ev 5-də yaşayan Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin mart ayının ortalarında danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, onun arvadı Şahid1 dayandırılmış əlillik dərəcəsini və təqaüdünü bərpa etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2021-ci ilin mart ayının və may aylarının ortalarında, tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Bərdə rayon Mərkəzi Poçtunun inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 2650 (iki min altı yüz əlli) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Bərdə rayonu Qarağacı kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin iyul ayının ortalarında danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, onun oğlu Şahid3 Azərbaycan X2 işə qəbul etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq müxtəlif tarixlərdə, yəni 01 avqust 2021-ci il, 2021-ci ilin dekabr ayının sonları və 2022-ci ilin fevral ayının ortalarında tarixi istintaqa dəqiq məlum olmayan vaxtlarda Surayə Allahverdiyevanın yaşadığı Bərdə rayonu Qarağacı kəndinə gələrək, onun 4400 (dörd min dörd yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs X6 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu Tövlədə kəndində anadan olub, hazırda ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir 3 övladı var. Orta təhsilli, rəsmi olaraq Milli Daş şirkətində təmsilçi vəzifəsində çalışaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır. Həmin şəxslərin 09 iyun 2022-ci il və 10 iyun 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə etdikləri müraciətlərlə tanış olmuşdur. Etdiyi əməli səmimi olaraq etiraf edərək bildirir ki, 2021-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Müstəcəf oğlu onunla əlaqə yaradaraq, arvadı Şahid1 əlillik dərəcəsinin dondurulduğu və təqaüdünün dayandırıldığını bildirmişdir. Həmin vaxt ona pul ehtiyac olduğu üçün Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirmiş, bəzi işlərini gördükdən sonra ay-ay pulunu geri qaytara biləcəyini düşünmüşdür. Bu niyyətlə o, Əliköməyə arvadı Şahid1 əlillik dərəcəsini 2500 manat müqabilində bərpa etdirə biləcəyini demişdir. Əlikömək onun təklifini fikirləşərək ona cavab verəcəyini demişdir. 2021-ci ilin mart ayının ortalarında ona zəng edərək, Bərdə şəhəri H.Əliyev prospektidə yerləşən Mərkəzi Poçtun qarşısında olduğunu demiş, Vüqarı ora çağırmışdır. O, Əliköməyin dediyi yerə getmiş, və Əlikömək ona arvadı Şahid1 əlillik dərəcəsini bərpa etditmək üçün istədiyi 2500 manatı gətirdiyini demimişdir. O, Əliköməkdən 2500 manat pulu almış sayaraq cibinə qoyduqdan sonra 2-3 ay ərzində Şahid1 əlillik dərəcəsini və təqaüdünü bərpa etdirəcəyini vəd vermişdir. Lakin o, Əliköməkdən aldığı 2500 manat pulu borclarına və şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin may ayının ortalarında yenidən pula ehtiyacı olduğu üçün Əliköməyə zəng edərək, yalandan ona Şahid1 təqaüd işinin demək olar ki, düzəldiyini, şirinlik üçün 150 manat ehtiyac olduğunu demişdir. Həmin tarixdə Əlikömək ilə eyni yerdə Mərkəzi Poçtun qarşısında görüşmüş, 150 manat pulu ondan almışdır. Həmin pulu da şəxsi ehtiyacları üçün xərcləmiş, Şahid1 əlillik dərəcəsi ilə bağlı heç bir iş görməmişdir. Bundan başqa 2021-ci ilin iyul ayının sonlarında qardaşı Mətləb ilə birlikdə 105 saylı Kəlbəcər tam orta məktəbində müəllim işləyən Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq oğlu Şahid3 2017-ci il tarixdə Sumqayıt Dövlət Univerisiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin yol hərəkətinin təşkili fakultəsini bitirdiyini və ona iş axtardığını demişdir. Həmin vaxt da ona pul ehtiyac olduğu üçün Zərərçəkmiş şəxs2 aldatmaq qərarına gəlmişdir. O, Zərərçəkmiş şəxs2 oğlu Rəşadı 4000 manat müqabilində X2 işə düzəldəcəyini vəd vermişdir. 2021-ci ilin avqust ayının 1-də o, Zərərçəkmiş şəxs2 yaşadığı Bərdə rayonu Qarağacı kəndinə getmişdir. Orada Zərərçəkmiş şəxs2 4000 manat pulu alıb oğlu Rəşadın AQTA-nə 2022-ci ilin fevral ayında düzəldəcəyinə vəd vermişdir. Daha sonra etdiyi dələduzluq əməlini ört basdır etmək üçün Rəşadın diplomunun surətini çıxartmışdır. Zərərçəkmiş şəxs2 aldığı 4000 manat məbləğində pulu şəxsi ehtiyaclarına və borclarına xərcləmişdir. 2021-ci ilin dekabr ayının sonlarında yenidən pula ehtiyacı olmuş, və Zərərçəkmiş şəxs2 yaşadığı ünvana gedərək, yalandan “Rəşadın sənədləri hazırdı, Bakı şəhərinə göndərirəm arasına manat şirinlik qoymaq lazımdı”-demişdir. Zərərçəkmiş şəxs2 aldığı 200 manat pulu da şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2022-ci ilin fevral ayının ortalarında yenidən Zərərçəkmiş şəxs2 yanına gedərək, yalandan ona oğlu Rəşadın işinin artıq düzəldiyini, yaxın günlərdə işə çıxacağını, işi düzəldiyi üçün 200 manat da “şirinlik” verməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 oğlu Rəşadın işinin düzəldiyinə sevinərək 200 manat pulu ona vermişdir. O, da həmin 200 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin həqiqətdə o, Rəşadın işə düzəlməsi üçün heç bir hərəkət etməmişdir. O, Zərərçəkmiş şəxs1 arvadı Şahid1 dayandırılmış əlillik dərəcəsi və təqaüdünü yenidən bərpa etdirəcəyini vəd verərək, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə 2650 manat məbləğində pulu dələduzluq edərək almışdır. Zərərçəkmiş şəxs1 2021-ci ilin mart və may aylarının ortalarında 2 dəfə olmaqla 2500 və 150 manat ümumilikdə 2650 manat pulu Bərdə şəhəri Mərkəzi Poçtunun qarşısında vermişdir. O, tanışı Zərərçəkmiş şəxs2 oğlu X11 işə düzəldəcəyini vəd verib, vədinə əməl etməyərək 4400 manat pulu dələduzluq edərək almışdır. O, Zərərçəkmiş şəxs2 pulu müxtəlif vaxtlarda Bərdə rayonu Qarağacı kəndində Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evində almışdır. O, 2021-ci ilin avqust ayının 1-də, 2021-ci ilin dekabr ayının sonlarında və 2022-ci ilin fevral ayının ortalarında 3 dəfə olmaqla, hissə-hissə 4000, 200 və 200 manat olmaqla ümumilikdə 4400 manat pulu Zərərçəkmiş şəxs2 aldadaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs əlavə dindirilərkən bildirmişdir ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı ödədiyi üçün artıq cinayət işinin istintaqı yekunlaşdığını zənn etmiş, ona görə də istintaq bölməsinin çağırışlarına gəlməyi lüzum görməmişdir. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2.-ci maddəsi elan olunmuş, lakin o, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın 25 faizini dövlət büdcəsinə hazırda ödəmək imkanının olmadınığını demişdir. Əlavə olaraq qeyd edir ki, əməlini səmimi etiraf etmiş və əməlinə görə peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu Taxtabaşı kəndində anadan olub, hazırda ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Evlidir, 4 övladı var. Orta təhsillidir, fərdi əməklə məşğul olaraq dolanır. 09 iyun 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə ərizə ilə Əlikömək müraciət etmişdir. Müraciəti ilə bağlı bildirir ki, o, Təqsirləndirilən şəxs 4-5 ildən çox müddətdir ki, tanıyır. Onunla əvvəllər və hazırda münaqişə və nifaqı olmamışdır. O, arvadı Şahid1 təqaüd düzəltdirmək istəmişdir. Təqsirləndirilən şəxs bir neçə nəfərə təqaüd düzəltməsindən xəbəri olmuşdur. Ona görə də Vüqar ilə 2021-ci ilin mart ayının əvvəllərində görüşərək bu barədə ona bildirmişdir. Vüqar ona 2500 manat müqabilində arvadı Tellinin təqaüdünü düzəldə biləcəyini qeyd etmişdir. 2021-ci ilin mart ayının ortalarında Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Poçtun yaxınlığında Vüqar ilə görüşərək ona 2500 manat pul vermişdir.Vüqar pulu saymış və 2-3 ay ərzində təqaüdü düzəldə biləcəyini demişdir. 2021-ci ilin may ayında Vüqar ona zəng edərək, təqaüd işinin alındığını, əlavə 150 manat pul lazım olduğunu bildirmişdir. Əlikömək onunla 2022-ci ilin may ayının sonlarında yenidən eyni yerdə Bərdə rayon mərkəzi poçtun yaxınlığında görüşərək 150 manat pulu ona vermişdir. Həmin tarixdən bu günədək Vüqar ondan dələduzluq edərək aldığı 2650 manat pulu geri qaytarmış, nə də ki, söz verdiyi kimi arvadının təqaüdünü düzəltməmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, ilkin olaraq Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının ortalarında Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Bərdə rayon mərkəzi Poçtunun qarşısında 2500 manat pul vermiş, pul verən zaman onun Vüqara 2500 manat pulu verməsini heçkim görməmiş, ikinci dəfə isə 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs ilə eyni məkanda, H.Əliyev prospektində yerləşən Bərdə rayon mərkəzi Poçtunun qarşısında görüşərək əlavə olaraq 150 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs 2650 manat məbləğində pulu arvadı Şahid1 təqaüd düzəltmək üçün vermişdir. Halhazırda təqsirləndirilən şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. X6 ilə barışmışdır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu Yuxarı Ayrım kəndində anadan olub, hazırda Bərdə rayonu Qarağacı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 3 övladı var. 1994-cü il tarixdən Kəlbəcər rayonu 105 saylı tam orta məktəbində ingilis dili fənni üzrə müəllimə işləyir. Təqsirləndirilən şəxs 1993-cü il tarixdən tanıyır. 10 iyun 2022-ci il tarixdə Bərdə rayonu polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti ilə bağlı bildirir ki, oğlu Şahid3 iş axtarırmış. Şahid3 2017-ci il tarixdə Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin yol hərəkətinin təşkili fakultəsini bitirmişdir. Təqsirləndirilən şəxs bir neçə şəxsə iş düzətdiyini eşitmişdir. Təqsirləndirilən şəxs qardaşı Mətləb də onunla eyni məktəbdə müəllim işlədiyi üçün Sürayə də Vüqara inanmışdır. 2021-ci ilin iyul ayında o, Təqsirləndirilən şəxs yaxınlaşaraq oğlu Şahid3 iş axtardığını bildirmişdir. X7 AQTA-ya işə düzəldə biləcəyini, bunun üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. O, 01 avqust 2021-ci il tarixdə yaşadığı Bərdə rayonu Qarağacı kəndində yerləşən fərdi yaşayış evində Təqsirləndirilən şəxs oğlu Rəşadın yanında 4000 manat pulu sayaraq vermişdir. Bundan başqa Vüqar ondan oğlu Rəşadın oxuduğu təhsil müəssəsinin diplomunu istəmiş və o, oğlu Rəşadın diplomunu Vüqara vermişdir. Vüqar diplomun kserosurətini çıxarmış, əslini ona verdikdən sonra oğlu Rəşadın AQTA-ya işinin 2022-ci ilin fevral ayında düzələcəyini vəd vermişdir. 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək oğlu Rəşadın sənədlərinin hazır olduğunu, sənədləri Bakıya göndərəcəyini, sənədlərin arasında 200 manat “şirinlik” göndərməli olduğunu demişdir. O da 200 manatı oğlunun sənədlərinin arasına qoyaraq Vüqara vermişdir. 2022-ci ilin fevral ayında Vüqar onun yanına gəlmiş, “çörəyə and içirəm ki, Rəşadın işi düzəlib. İşə düzəldiyi üçün 200 manat şirinliyimi ver”-demişdir. Surayə də yaşadığı ünvanda Rəşada 200 manat şirinlik vermişdir. Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs oğlu Rəşad Babayevi AQTA-ya işə düzəldəcəyini vəd verərək, 4400 manat pulumu ələ keçirmişdir. O, 4400 manat pulu hissə-hissə olmaqla, 01 avqust 2021-ci il tarixdə, 2021-ci ilin dekabr ayının sonlarında və 2022-ci ilin fevral ayının ortalarında yaşadığı Bərdə rayonu Qarağacı kəndində oğlu Rəşadın iştirakı ilə Vüqara vermişdir. Hal-hazırda təqsirləndirilən şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. X6 ilə barışmışdır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu Tövlədərə kəndində anadan olub, hazırda Bərdə rayonu Qarağacı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir 2 övladı var. 2006-cı il tarixdən 105 saylı Kəlbəcər rayonu orta məktəbində təşkilat işləri üzrə müavin vəzifəsində çalışır. Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Müstəcəf oğlu da həmrayonlusu kimi uzun müddətdir ki, tanıyır. Onlarla əvvəllər münaqişə və nifaqı olmamışdır. Həmin şəxslərin Bərdə RPŞ-nə etdikləri müraciətlərlə tanış olmuşdur. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs dələduzluq edərək Zərərçəkmiş şəxs1 Müstəcəf oğlundan 2650 manat və Zərərçəkmiş şəxs2 isə 4400 manat pul almasından xəbəri 05 sentyabr 2022ci il tarixdə qardaşı Vüqar şüphəli şəxs qismində tutularkən xəbər tutmuşdur. Həmin vaxt o, öyrənmiş ki, qardaşı Vüqar, Zərərçəkmiş şəxs1 arvadı Şahid1 əlillik dərəcəsini bərpa etdirəcəyini vəd vermişdir. Zərərçəkmiş şəxs1 2650 manat pulu dələduzluq yolu ilə almışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs2 oğlu Rəşadı X2 işə düzəldəcəyini vəd verərək, Zərərçəkmiş şəxs2 4400 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Qarağacı kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 onun anasıdır. Zərərçəkmiş şəxs2 Bərdə rayon Polis şöbəsinə etdiyi müraciətlə tanışdır. Mahiyyəti üzrə bildirir ki, o, 2017-ci il tarixdə Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin yol hərəkətinin təşkili fakultəsini bitirmişdir. Kolleci bitirdikdən sonra, 2020-ci il tarixdən o, iş tapa bilmir. O, işilə əlaqədar köməklik göstərə biləcək tanışlar axtarmağa başlamışdır. 2021-ci ilin iyul ayında anası Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, Vüqarın Surayənin məktəbdə müəllim yoldaşı Mətləbin qardaşı olduğunu və Vüqarın onun işə düzəldəcəyini bildirdi. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs2 onu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliliyinə işə düzəldə biləcəyini vəd verdi və bunun müqabilində 4000 manat pul lazım olduğunu demişdir. 01 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığımız ünvana gəlmiş və anası Surayə 4000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Vüqar Xuqaduluyev pulu saydıqdan sonra ona məxsus diplomun kserosurətini çıxarıb, işinin 2022-ci ilin fevral ayına kimi düzələcəyini vəd vermişdir. 2021-ci ilin dekabr ayının Təqsirləndirilən şəxs yaşadığım ünvana gələrək, işinin artıq düzəldiyini, ona məxsus sənədlərin Bakıya göndərərkən 200 manat şirinlik göndərəcəyini demiş və anası Surayə sevincək 200 manat pulu Vüqara vermişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında yaşadıqları ünvana gələrək, “Çörək haqqı iş düzəlib mənim 200 manat “şirinliyimi” verin” demişdir. Anası Surayə də 200 manat pulu Vüqara vermişdir. Lakin həmin vaxtdan bu vaxta kimi Təqsirləndirilən şəxs nə onu AQTA-ya işə düzəldib, nə də dələduzluq edərək aldığı 4400 manat pulu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, o, Kəlbəcər rayonu Taxtabaşı kəndində anadan olmuş, hazırda ünvan 7 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 onun əridir. Əliköməyin Bərdə rayon Polis şöbəsinə etdiyi müraciətlə tanışdır. Mahiyyəti üzrə bildirir ki, o, xəstəliyilə əlaqədar olaraq əlillik təqaüdü alırmış. Təqaüdü o, Kapital banka məxsus 6768 6753 3973 5910 pan nömrəli maestro kartla alırmış. Lakin 2020-ci il tarixdən onun təqaüdü səbəbsiz yerə kəsilmişdir. Əri Əlikömək təqaüdünün yenidən bərpa etdirmək üçün tanış axtarmağa başlamış, 2021-ci ilin mart ayında əri Əlikömək ona Təqsirləndirilən şəxs adlı tanış tapdığını, Vüqarın başqa şəxslərin də əlillik təqaüdünü bərpa etdirdiyini bildirmişdir. Əlikömək ona Vüqar adlı şəxsə əlillik dərəcəsini və təqaüdünün bərpası üçün 2500 manat məbləğində pul verdiyini, 2-3 ay ərzində həmin təqaüdü və əlillik dərəcəsini bərpa etdirəcəyini vəd verdiyini demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs əri Əliköməkdən 150 manat əlavə pul almışdır. Sonradan ona Təqsirləndirilən şəxs onun əlillik dərəcəsi və təqaüdünü bərpa etdirəcəyini vəd versə də, dələduzluq edərək 2650 manat pulu ələ keçirmişdir. Bu günədək Təqsirləndirilən şəxs nə onun əlillik dərəcəsini, nə də ki əlillik təqaüdünü bərpa etdirməmiş, əri Əliköməkdən aldığı 2650 manat pulu geri qaytarmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 05 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bərdə rayon məhkəməsinin 01 iyul 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilmiş və götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına verilmiş 12 noyabr 2022-ci il tarixli cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs tanışları ünvan 9 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 və Bərdə rayonu Qarağacı kəndində yaşayan Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib, bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib sonunculara məxsus pulları ələ keçirmək niyyəti ilə aldadaraq Zərərçəkmiş şəxs1 2650 manat və Zərərçəkmiş şəxs2 isə 4400 manat pulunu dələduzluq edərək ələ keçirmişdir. Təqsirləndirilən şəxs dələduzluq etməsi əməllər barədə məlumatı olan şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının 866 yerlik qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 07 sentyabr 2022-ci il tarixli 847 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 11 ünvanında yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş 20 oktyabr 2022-ci il tarixli 278 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Bərdə şəhəri Fizuli küçəsi döngə 7 ev 5-də yaşayan Zərərçəkmiş şəxs1 ilə 2021-ci ilin mart ayının ortalarında danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, onun arvadı Şahid1 dayandırılmış əlillik dərəcəsini və təqaüdünü bərpa etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 2021-ci ilin mart ayının və may aylarının ortalarında, tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Bərdə rayon Mərkəzi Poçtunun inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 2650 (iki min altı yüz əlli) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Bərdə rayonu Qarağacı kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin iyul ayının ortalarında danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, onun oğlu Şahid3 Azərbaycan X2 işə qəbul etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək hər hansı bir səlahiyyətə malik olmadığı halda əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq müxtəlif tarixlərdə, yəni 01 avqust 2021-ci il, 2021-ci ilin dekabr ayının sonları və 2022-ci ilin fevral ayının ortalarında tarixi istintaqa dəqiq məlum olmayan vaxtlarda Surayə Allahverdiyevanın yaşadığı Bərdə rayonu Qarağacı kəndinə gələrək, onun 4400 (dörd min dörd yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və təqsirləndirilən şəxsin törətmiş olduğu əməllər ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslərə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında vəməsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışması və onlara dəymiş ziyanları könüllü olaraq ödəməsi onun cəzasını yüngülləşdirən hallardır. Belə ki, iş materiallara əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Belə ki, iş materiallara əlavə edilmiş zərərçəkmiş şəxs X4 tərəfindən notarial qaydada verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.2-ci maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaları imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Həmin Məcəlləənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerlərini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onların yaşadıqları yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu 04 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlməkdən yayındığına görə 02 may 2023-cü il tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 23 may 2022-ci il tarixdə tutularaq Penitensiar Xidmətin Gəncə İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 04 sentyabr 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, o cümlədən məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 48 gün müddət həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Zərərçəkmiş şəxs1 vurulmuş 2650 manat və Zərərçəkmiş şəxs2 vurulmuş 4400 manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X10 оğlunun Bərdə rayon Polis Şöbəsində 04 sentyabr 2022-ci il dən 06 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin 23 may 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 48 gün olmaqla, cəmi 50 gün həbsdə qaldığı müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, X10 оğlunun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs X10 оğlu barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs X3 üzərinə ünvan 8 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət X3 yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurulmuş 2650 manat və Zərərçəkmiş şəxs2 vurulmuş 4400 manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar