Məhkəmə qərarları › İş №1(021)-70/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-70/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-70/2023 17.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən olunmuş qaydada məhkumluğu ödənilmiş, şübhəli şəxs qismində tutulanadək ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən 1 ədəd kağız bükümün içərisində 06 ədəd sellofan bükümlərdə bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,122 qram, 0,253 qram, 0,107 qram, 0,268 qram, 0,023 qram ümumi təmiz çəkisi 1,110 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və həmin ağ rəngli kağız bükümün içərisində 01 ədəd kağız bükümdə çəkisi 0,117 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 10 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Cavanşir küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə saxladığı 1 ədəd kağız bükümün içərisində 06 ədəd sellofan bükümlərdə bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,122 qram, 0,253 qram, 0,107 qram, 0,268 qram, 0,023 qram ümumi təmiz çəkisi 1,110 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin ağ rəngli kağız bükümün içərisində 01 ədəd kağız bükümdə çəkisi 0,117 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri Cavanşir küçəsində dayanan zaman 2 nəfər şəxs ona yaxınlaşaraq Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyərək üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinin inzibati binasına gəlmişdir. Polis şöbəsinə gətirildikdən sonra onun şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bərdə rayonu vəkil bürosunun vəkili Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. O hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazının olmadığını bildirmiş və müdafiəçi ilə ünsiyyət saxlamaq üçün şərait yaradılaraq, üzərində şəxsi axtarış və götürmə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış götürmə istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və ondan etirazının olub olmaması soruşulmuşdur. O heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl ona Azərbaycan Respublikası CPM-nin 90-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. O hüquqlarının aydın olduğunu bildirmiş, bundan sonra ona təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O, əynində olan qara rəngli şalvarın sol yan cibindən ağ rəngli kağız bükümdə içərisində “kakos” olan 6 ədəd büküm və içərisində “şüşə” olan 1 ədəd büküm narkotik vasitəni və psixotrop maddəni təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və bükümlər prosses iştirakçılarının iştirakı ilə müvafiq qaydada zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş və o digər iştirakçılar ilə birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Daha sonra “Samsung” markalı mobil telefon istintaq orqanına təhvil verilməsi üçün maddi sübut olaraq götürülmüşdür. Onun üzərindən başqa hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. O, qeyd olunan narkotik vasitəni və psixotrop maddəni Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən Aptekin yaxınlığından tapmışdır, özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Tutularkən və üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərində aşkar edilən narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini Bərdə şəhəri Cavanşir küçəsində yerləşən aptekin yaxınlığından tapmışdır. Narkotik vasitələrin istifadəçisi olduğundan o, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün götürmüşdür. O, narkotik vasitələrin alqı-satıqısı ilə məşğul deyildir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 10 dekabr 2022-ci il tarixdə Bərdə şəhəri, Cavanşir küçəsi ev 75-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, satışı və üzərində saxlaması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə KTQ-nın baş inspektoru Şahid2 ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirilərək 10 dekabr 2022-ci il tarixdə saat 11:40-da Təqsirləndirilən şəxs Bərdə şəhəri, Cavanşir küçəsində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Bundan sonra Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Birosunun vəkili Müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı, Şahid3, Bərdə KTQ-nın baş inspektoru, Şahid2 iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra X4 tərəfindən təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet vardırsa könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd samsung markalı mobil telefonu, 01 ədəd “prima” markalı siqaret qutusunu və 01 ədəd alışqanı masanını üzərinə qoyaraq kağız bükümün içərisində narkotik vasitə olan “kakos” və “şüşə” olduğunu bildirmişdir. X4 tərəfindən həmin kağız bükülüyə baxış keçirilən zaman içərisində 06 ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroinə bəzər maddə və 01 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər maddəni və psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddəni xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri Cavanşir küçəsində yerləşən aptekin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər onların iştirakı ilə elektron tərəzidə çəkilmiş və 06 ədəd sellofan bükümdə aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddələr 0,40 qram, 0,20 qram, 0,24 qram, 0,30 qram, 0,30 qram, 0,10 qram və 01 ədəd gümüşü rəngli kağız bükümdə aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə 0,27 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlər qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən qablaşdırılmış qabın üzəri imzalanmışdır. X2 verilmiş suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Kimlərə satması ona bəlli deyil. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək dediyi xüsusatları təsdiq etdilər. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Bərdə RPŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Bərdə şəhəri Cavanşir küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümün içərisində 06 ədəd sellofan bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,122 qram, 0,253 qram, 0,107 qram, 0,268 qram, 0,023 qram, ümumi təmiz çəkisi 1,110 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin ağ rəngli kağız bükümün içərisində 01 ədəd gümüş kağız bükümdə təmiz çəkisi 0,117 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsinə dair Bərdə RPŞ-nin TB-də toplanmış material olmuşdur. Cinayət işinin 10-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 10 dekabr 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 53-54-cü vərəqələrində olan cinayət əməlinin tövsif edilməsi haqqında 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 56-57-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 77-83-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)185/2022 saylı 12 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 10 dekabr 2022-ciil tarixdən hesablanmışdır. Cinayət işinin 36-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin məhkəmə-bioloji ekspertizasının 11 dekabr 2022-ci il tarixli 16/1380 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdəki: -1(bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,117qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. -6(altı) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,337qram(2№-li ob), 0,122qram, 0,253qram, 0,107qram, 0,268qram, 0,023qram (3-7№-li ob), ümumi təmiz çəkisi 1,110qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 3- 7№-li ob. kimyəvi tərkiblərinə görə eyni olun 2№-li ob. ilə kimyəvi tərkiblərinə görə eyni deyildirlər. Qeyd: Heroin ümumi təmiz çəkiləri -1.110 qram, tədqiqata sərf edildi-0.26 qram qalıq-0.85 qram Metamfetamin ümumi təmiz çəkisi-0.117 qram, tədqiqat sərf edildi-0.02 qram qalıq 0.097 qram (Aparılmış tədqiqatın dəyəri 60.80 manat təşkil edir) Cinayət işinin 134-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2023-cü il tarixli 185 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-107-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 1(021)68/2010 saylı xx.xx.2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli blinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon məhkəməsinin 29 iyun 2010-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli blinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 oktyabr 2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət 117-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X11 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 72 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət 118-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X11 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 70 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X10 ruhiəsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 130-cu vərəqəsində olan Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunur. Cinayət işinin 136-143-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi ekspertiza tədqiqatı zamanı 0,26 qram istifadə edildikdən sonra 1,110 qramdan qalmış 0,85 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi ekspertiza tədqiqatı zamanı 0,02 qram istifadə edildikdən sonra 0,117 qramdan qalmış 0,097 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,110 qram qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,117 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, alıcının müəyyən olunması, telefon danışıqlarının olması, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, elektron tərəzinin olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2023-cü il tarixli 185 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan kustar üsulla hazırlanmış heroinin və kustar üsullla hazırlanmış psixotrop maddə metamfetaminin çəkisinin nisbətən çox olması onun satış məqsədilə əldə edilməsinə dəlalət etmir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən ümumi təmiz çəkisi 1,110 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,117 qram kustar üsullla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, 2 azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, əvvəllər məhkum olunmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 10 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 12 dekabr 2022-ci il tarixdə əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, 12 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 12 dekabr 2022-ci il tarixdə barəsində “həbs ” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 10 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Həmçinin məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 60.80 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan psixotrop maddə olan kustar üsulla hazırlanmış 0,85 qram heroin və psixotrop maddə olan 0,097 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan psixotrop maddə olan kustar üsulla hazırlanmış 0,85 qram heroin və psixotrop maddə olan 0,097 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60.80 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar