Məhkəmə qərarları › İş №1(021)-71/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-71/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-71/2021 12.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs X1, Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx xxxx 1955-ci il tarixdə Bərdə rayonu Mustafaağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Arabaçılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17.120 (on yeddi min bir yüz iyirmi) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat rüsum xərcinin tələbkar X2 ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(021)-3232/2019 saylı qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 01 sentyabr, 05 oktyabr və 18 noyabr 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, şəxsi maraqları naminə qanunsuz hərəkətlərini davam etdirərək həmin məhkəmə aktında nəzərdə tutulmuş pulu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(021)-3232/2019 saylı qətnaməsi ilə ondan 17.120 (on yeddi min bir yüz iyirmi) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat rüsum xərci alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Bərdə Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən məbləğin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, qətnaməni icra edə bilməmişdir. Məhkəmənin qətnaməsi tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsi 21 iyul 2020-ci il tarixli qərarına əsasən onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə etmişdir. O, həmin inzibati qərardan Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Gəncə Apellyasiya Məhkəməsi 20 avqust 2020-ci il tarixli qərarı ilə onun şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Lakin buna baxmayaraq o, qətnaməni icra edə bilməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra borclu olduğu tələbin ödənilməsi tərəfindən təmin edilməsə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmiş, lakin o, yenə də, məhkəmə qətnaməsini tam icra edə bilməmişdir. Əməlindən peşman olduğunu, pandemiya ilə əlaqədar işləyə bilmədiyini bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(021)-3232/2019 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 17.120 (on yeddi min bir yüz iyirmi) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat rüsum xərci alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Bərdə Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən məbləğin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin borclu qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Borclu Y.Təqsirləndirilən şəxs həmin inzibati qərardan Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Gəncə Apellyasiya Məhkəməsi 20 avqust 2020-ci il tarixli qərarı ilə borclunun şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Lakin buna baxmayaraq borclu yenə də, ona ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs indiyədək borcundan ona cəmi 150 (bir yüz əlli) manat məbləğində ödəniş etmiş, qalan 17.000 (on yeddi min) manat məbləğində borcunu isə ödəməmişdir. Bütün bunlar isə göstərir ki, Təqsirləndirilən şəxs qərəzli şəkildə ona borclu olduğu pulu ödəmir və bunu aşkar şəkildə bildirir. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Bərdə Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs icraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2019cu il tarixli, 2(021)-3232/2019 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 17.120 (on yeddi min bir yüz iyirmi) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat rüsum xərci alınaraq tələbkar X2 verilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Bərdə Rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Borclu Y.Təqsirləndirilən şəxs həmin inzibati qərardan Gəncə Apellyasiya Məhkəməsinə şikayət etmişdir. Gəncə Apellyasiya Məhkəməsi 20 avqust 2020-ci il tarixli qərarı ilə borclunun şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu Təqsirləndirilən şəxs indiyədək tələbkar Zərərçəkmiş şəxs borcundan cəmi 150 (bir yüz əlli) manat məbləğində ödəniş etmiş, qalan 17.000 (on yeddi min) manat məbləğində borcunu isə ödəməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Şahid2 məhkəmə iclasında digər Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərdi ki, borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra olunması üçün edilmiş rəsmi xəbərdarlıqlara, onun tərəfindən məhkəmə qətnaməsi icra edilmədiyinə görə tərtib olunmuş aktlara, alınmış izahatlara, barəsində verilən inzibati protokola əsasən məhkəmənin qərarı ilə inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə baxmayaraq o, hərəkətlərini davam etdirərək Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 sentyabr 2019-cu il tarixli, 2(021)-3232/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Şahid3 məhkəmə iclasında atası Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verərək göstərdi ki, o dəfələrlə borclu Təqsirləndirilən şəxs ilə görüşərək ondan atasına olan borcunun ödənilməsini tələb etsə də, borclu hər dəfə qanunsuz hərəkətlərini davam etdirmiş və borcunu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçıraraq Bərdə Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 sentyabr 2019-cu il tarixli, 2(021)-3232/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işinin 92-93-cü vərəqələrində olan 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 101-102-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 19 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-10-cu vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(021)-3232/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 17 120 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs İsa oğluna ödənilməsi qət edilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(021)-3232/2019 saylı icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 17 120 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs İsa oğluna ödənilməlidir. Cinayət işinin 33-cü vərəqəsində olan Bərdə rayon Məhkəməsinin 8(021)182/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qərardadından görünür ki, Bərdə Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(021)-3232/2019 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs oğlunun ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Cinayət işinin 20-22-cı vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli, 3(021)630/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə edilmişdir. Cinayət işinin 26-ci vərəqəsində olan xəbərdarlıqdan görünür ki, Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs oğluna məhkəmə qərarı üzrə 10 gün müddətində tələbi təmin edib, Bərdə rayon icra və Probasiya şöbəsinə məlumat verməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306- cı maddəsi üzrə təqdimat hazırlanaraq istintaq orqanına göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 73-cü vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 49-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Resoublikasının Əmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsin 5 sayli regional ərazi filali tərəfindən verilmiş 02.04.2021-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu 222.80 manat pensiya alır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında, ibtidai və məhkəmə istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, ahıl olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2021-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 19 fevral 2021-ci il tarixində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar