Məhkəmə qərarları › İş №1(021)-71/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-71/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-71/2022 23.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək məqsədi ilə etibarından sui-istifadə edib oğlu X5 Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinə işə düzəldəcəyi barədə yalan vədlər verib həmin vədləri yerinə yetirmək niyyətində olmayıb aldatmaqla 2020-ci ilin avqust ayında cinayətdən əvvəlcədən məlumatı olmayan Şahid3 vasitəsilə sonuncunun yaşadığı Bərdə rayonu Şorəlli kəndinin ərazisində yerləşən evdə 5000 (beş min) manat məbləğində nağd pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs2 qarşı maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə etibarından sui-istifadə edib qardaşı oğlu X1 Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinə işə düzəldəcəyi barədə yalan vədlər verib həmin vədləri yerinə yetirmək niyyətində olmayıb aldatmaqla, 2020-ci ilin avqust ayında cinayətdən əvvəlcədən məlumatı olmayan Şahid3 vasitəsilə sonuncunun yaşadığı Bərdə rayonu Şorəlli kəndinin ərazisində yerləşən evdə xeyli miqdarda, yəni 6000 (altı min) manat məbləğində pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Minarə adlı qadını 1 ildən çoxdur ki tanıyır, özü Bərdə şəhərində “İntelekt” kursunun Bərdə filialının direktor əvəzi vəzifəsində də çalışmış, həmin kursda diş texniki, əzcaçılıq və ilk yardım sahələrində tədris həyata keçirilir. Minarənin vasitəsilə iki nəfəri həmin kursa diş texnikliyinə yazdırmışdır. Həmin kursa aylıq ödəniş haqqı 30 manat idi, lakin Minarə ilə tanışlığına görə ondan 25 manat pul alırmış, aylıq olaraq Minarə iki nəfərin təhsil haqqısı üçün ona 50 manat pul verirmiş, 2020-ci ilin yay aylarında Minarəgilə gedən zaman ona müxtəlif dövlət orqanlarında tanışlarının olduğunu və kimi istəsə işə düzəldə biləcəyini bildirmiş, Minarə də qohumlarından işsiz olanların olduğunu və onları işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, o da FHN-də tanışının olduğunu, onun vasitəsi ilə Minarənin qohumlarını işə düzəldə biləcəyini demiş, bir müddət sonra o, yenidən Minarəgilə gedən zaman Minarə ona öz xalası oğlu Novruzun oğlu Əlini və qohumları Sənan adlı şəxsi Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini soruşmuş, o da bildirmişdir ki, həmin şəxsləri işə düzəldə bilər. o, Novruzun oğlu Əlinin işinə görə ondan 6000 manat istəmiş, Minradə də ona bildirmişdir ki, Novruza bu barədə deyəcək, daha sonra Minarə ona 2020-ci ilin avqust ayında öz evində Novruzun oğlu Əlini işə düzəltməyi üçün 5000 manat pul və Əlinin sənədlərini vermiş, Minarə bildirmişdir ki, 1000 manat pulu da Novruz oğlu işə düzələndən sonra verəcəkdir. O, razılaşmış, bir müddət sonra isə Vəfadarın oğlu Sənanın işinə görə ondan 7000 manat pul istəmiş, Minarə də Vəfadarlar danışacağını bildirmiş, 2-3 gün sorna isə Minarənin evində görüşən zaman o, Sənanın sənədlərini və 6000 manat pulu ona vermiş və yenə demişdir ki, Sənan işə düzələndən sonra qalan 1000 manatı da verəcəkdir. Həmin pulları evinin həyətində qızı Təhminənin yanında vermişdir. O isə səhhətilə əlaqədar olaraq pula ehtiyacı olduğundan həmin pulları Bakı şəhərində X2 öz müalicəsi üçün və şəxsi ehtiyyacları üçün xərcləmişdir. Onun FHN-də heç bir tanışı yoxdur. Sadəcə olaraq pula ehtiyacı olduğu üçün onlardan pul almışdır. Bundan sonra Minarə ona dəfələrlə zəng edib işin nə yerdə olduğunu soruşurmuş, o da hər dəfə bir bəhanə ilə onu aldadırmış. Təqsirləndirilən şəxs həmçinin ifadəsində Şahid3 ilə onun heç bir əlbirliyinin olmadığını, onuda aldatdığını, Minarəyə həmin pullardan hər hansı bir məbləğ çatması barədə aralarında razılıq olmadığını bildirdi. Həmçinin zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı ödəməsinin, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun Vəfadar adlı qardaşı var, Vəfadarın isə Sənan adlı oğlu var. Sənan balacalıqdan onun yanında böyümüş, onların yanında böyüdüyü üçün Sənanı işə düzəltmək istəmişlər. Bundan sonra Vəfadar ona Minarə adlı qohumunun Bəhruz adlı bir tanışının olmasını, onun da işi düzəldə biləcəyini demişdir. Bundan sonra Vəfadar həmin işlə məşğul olmağa, iş üzrə sənədləri yığmağa başlamış, daha sonra Minarə xəstə olduğu üçün 2020-ci ilin avqust ayının əvvəllərində Minarənin Bərdə rayonu Şorəlli kəndində yerləşən evinə getmişdir. Evdə Minarə ilə söhbət etmiş, söhbət əsnasında Minarə ona bu barədə məlumat vermiş, Minarə işi Bəhruz adlı şəxsin həll edəcəyini demiş, Minarə ona Bəhruzun dediyinə görə hər işi görə biləcəyini və onun qardaşı oğlu X4 Nazirliyinə işə düzəldə biləcəyini demiş, o da Bəhruz adlı şəxsin vasitəsilə Sənanı işə düzəltmək barədə qərara gəlmiş, bundan sonra o, Minarədən işin neçəyə həll olmasını soruşanda, Minarə demişdir ki, Bəhruzdan soruşub deyəcəkdir. Bir müddət sonra Minarə onunla əlaqə saxlamış və Bəhruzun həmin iş üçün ondan 7000 manat istədiyini demiş, buna görə də o, həmin pulu düzəldib, Minarə xalaya verməyə qərar vermiş, bir müddət sonra 2020-ci ilin avqust ayının 7-də 6000 manat pulu Bərdə rayonu Şörəlli kəndində yerləşən evində Minarəyə vermiş və demişdir ki, Sənanın işə düzəlmək barədə əmri veriləndən sonra qalan 1000 manatıda verəcəkdir. Minarə ona Bəhruzun dediyinə görə həmin işin yaxın müddətə alacağını demiş, həmin gündən bir qədər keçdikdən sonra işin alınıb-alınmamasını Minarədən soruşmuş, Minarə isə işin alınacağını deyirmiş, daha sonra 2020-ci ilin noyabr ayında Minarə ona işin alınmadığını, Bəhruzun onları aldatdığını demişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. 1989-cu ildə Tərtər şəhəri sakini Şahid2 ilə ailə qurmuş və həmin nikahdan 3 övladı dünyaya gəlmişdir. Oğlu Əli 1995-ci il təvəllüdlü olmaqla kiçik övladıdır, orta təhsillidir. Əli heç bir yerdə işləmədiyindən uzun müddətdir oğluna iş axtarmışdır. 2020-ci ilin aprel ayında xalasının nəvəsi Şahid3 sağlamlığında yaranmış problem ilə əlaqədar əməliyyat edilmiş, bu səbəbdən o, arvadı Firəngiz ilə birlikdə Minarənin yaşadığı Bərdə rayonu Şorəlli kəndində yerləşən evə gedib baş çəkmiş, 2020-ci ilin avqust ayında arvadı ilə birlikdə Minarənin evinə baş çəkdiyi günlərin birində Minarə oğlu Əlinin boy-buxunlu biri olduğunu, nəyə görə işləməsi üçün bir işə qoymadığını soruşmuş, o da söhbətləri zamanı Minarədən oğlunu işə düzəltmək üçün köməklik etməsini xahiş etmiş, Minarə Bəhruz adlı tanışının olduğunu, həmin tanışının ona “əlinin hər işə girdiyini”, bir çox şəxslərin müxtəlif dövlət orqanlarında işə düzəlməsinə köməklik göstərdiyini dediyini bildirmiş, o, Minarəyə Bəhruzla danışmasını və oğlunu işə düzəltmək üçün köməklik edə biləcəyi barədə soruşmasını xahiş etmiş, bundan sonra keçən bir neçə gün ərzində Minarə ona oğlunun işə düzəlməsi üçün tələb edilən sənədlərin nələrdən ibarət olduğunu öyrənib məlumat verəcəyini söyləmiş, təxminən bir həftə sonra isə o, Minarənin dediklərinə uyğun olaraq oğlu Əli Əsədinin adına olan doğum və orta təhsil haqqında şəhadətnamələrin, hərbi biletin və şəxsiyyət vəsiqəsinin surətlərini təqdim etmiş, onlar sənədləri Minarənin yaşadığı evə gedib təqdim etdikdən təxminən bir neçə gün sonra Minarə oğlunun Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi işə düzəlməsi üçün Bəruzun ondan 6000 manat məbləğində pul istədiyini bildirmiş, bu söhbətin ertəsi günü o, arvadı Firəngiz ilə birlikdə 5000 manat pul götürüb Minarənin yaşadığı evə yollanmış, həmin vaxt 5000 manat pulun hamısını oğlu Əlinin işə düzəlməsinə köməklik göstərməsi üçün Bəhruza verməsi üçün Minarəyə vermiş, bundan sonra ona demişdir ki, oğlunun işə düzəlməyi barədə əmr veriləndən sonradan qalan 1000 manatı da verəcəkdir. Pulu Minarəyə verən zaman yanında arvadı Firəngizdən başqa heç kim olmamış, bundan sonra keçən 3 ay ərzində o, hər dəfə söhbət düşəndə Minarədən işinin nə yerdə qaldığını soruşarkən, Minarə ona Bəhruzun dediyinə görə işin düzələcəyini bildirirmiş, ancaq konkret olaraq nəvaxt düzələcəyi barədə heç bir məlumat vermirmiş, o, 2020-ci ilin sonlarınadək oğlunun işə düzəlməsini gözləsə də, Minarə müxtəlif bəhanələr ilə onu yubadır və oğlunun işə düzəlməsi barədə əmrin tezliklə veriləcəyini bildirirmiş, o, artıq Minarənin dediklərinə inanmadığı üçün 2020-ci ilin dekabr ayında verdiyi 5000 manat məbləğində pulu geri qaytarmasını tələb etmiş, nəhayət, Minarə oğlunun işə düzəlməsi məsələsinin həllini tapmadığını, Bəhruzun onları aldatdığını bildirdi. Minarədən pulun nə zaman qaytaracağını soruşduqda, Minarə arvadına Bəhruz adlı şəxsin özünü də aldatdığını, Bəhruzun pulu qaytaran kimi onların pulunu verəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirərək, onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, 14 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzi xidmətinə edilmiş müraciət ona məxsusdur. Onun Zərərçəkmiş şəxs2 adlı xalası oğlu və Zərərçəkmiş şəxs1 adlı qohumu vardır. O, təxminən 2-3 il əvvəl çoxdan tanıdığı Fizuli Mürsəlzadənin rəhbərlik etdiyi “İntellekt” adlı kursda sonuncunun oğlu Bəhruzu görmüş və həmin vaxtdan aralarında tanışlıq münasibəti yaranmış, həmin kursda stomatologiya, əczaçılıq və ilk yardım sahələrində kurslar, eləcə də ödənişli dil və kompüter kursları təşkil edilirmiş, Bəhruz həmin kursda kompüter müəllimi kimi fəaliyyət göstərir, eyni zamanda X7 və Texnologiya Kollecində işləyirmiş, Fizuli təqaüdə çıxsa da onun Bəhruzla münasibəti davam edirmiş, mütəmadi olaraq telefon əlaqəsi saxlayırmış, belə ki, qızı Təhminə 2019-cu ilin avqust ayından yuxarıda adını göstərdiyi kursda tədris aldığından Fizuli təqaüdə çıxdıqdan sonra hər ay qızına görə ödədiyi pulu oğluna verməyini istəmiş, xəstəliyi ilə əlaqədar Almaniya Federativ Respublikasına gedəcəyini və 2020-ci ilin mart ayında geri qayıdacağını demişdi. Sonradan iş elə gətirmişdir ki, o, 2020-ci ilin mart ayında ürək əməliyyatı keçirmiş, əməliyyatdan sonra dost-tanışlar və qohum-əqrəbalar yaşadığı ünvana gəlib ona baş çəkirmiş, həmin qohumlardan biri də xalasıoğlu Novruz idi. Novruz 2020-ci ilin aprel ayında arvadı Firəngiz ilə birlikdə ona baş çəkən zaman Bəhruz qızının aylıq ödənişini almaq üçün yaşadığı ünvana gəlmiş, Bəhruza ödənişi verdikdən sonra çıxıb getdi. Daha sonra Novruz ondan həmin şəxsin kim olmasını soruşdu. Həmin vaxt o, Novruza pul verdiyi şəxsin adının Bəhruz olduğunu, X7 və Texnologiya Kollecində işlədiyini, atasının adının Fizuli olduğunu bildirmiş, bununla yanaşı o, Bəhruzu Novruza tərifləmiş, sonradan Bəhruzla əlaqə saxlayanda onu qohumlarımın yanında təriflədiyini demiş, Bəhruz ona “əlinin hər işə girdiyini”, bir çox şəxslərin müxtəlif dövlət orqanlarında işə düzəlməsinə köməklik göstərdiyini söyləmiş, xalasıoğlu Novruz 2020-ci ilin avqust ayında yaşadığı evə gələn günlərdən birində bu barədə danışdıqda ona oğlu Əlini yanğınsöndürmə idarəsinə işə düzəltmək istədiyini bildirmiş, bu barədə Bəhruzla söhbət etdikdə, Bəhruz ona lazım olan sənədləri gətirib verməyini, Əlinin işə düzəldilməsinə köməklik göstərəcəyini bildirmiş, daha sonra Novruz ilə əlaqə saxlayaraq oğlunun sənədlərini hazırlayıb ona gətirməsini söyləmiş, təxminən 1 həftə sonra Novruz oğlunun adına olan sənədləri ona təqdim etmiş və o, sənədlərin hazır olması barədə Bəhruza məlumat vermiş, Bəhruz Novruzun oğlunun məsələsinin həllini tapması müqabilində 6000 manat pul istədiyi üçün sənədləri verdikdən təxminən 5-10 gün sonra Novruz arvadı Firəngiz ilə birlikdə yaşadığı evə gəlib oğlu Əlinin işə düzəlməsi üçün Bəhruza çatdırmağı məqsədilə ona 5000 manat pul vermiş və demişdir ki, 1000 manat da işə düzələndən sonra verəcəklər, o, verilən pulun hamısını və sənədləri yaşadığı evdə Bəhruza verərək yerdə qalan hissəsini Əlinin işə qəbul edilməsi ilə bağlı əmr verildikdən sonra çatdıracağını söyləmiş, 2020-ci ilin avqust ayının sonunadək hər dəfə söhbət düşəndə Bəhruzdan Novruzun oğlunun işinin nə yerdə qaldığını soruşarkən, Bəhruz ona işin düzələcəyini bildirir, ancaq konkret olaraq nə vaxt düzələcəyi barədə heç bir məlumat vermirmiş, Novruzdan pulu aldıqdan təxminən 3 ay sonra Bəhruz tələb etdiyi 6000 manatdan qalan 1000 manat pulu da istədiyindən mobil telefon vasitəsilə Novruz ilə əlaqə saxlayıb bu barədə məlumat vermiş, lakin Novruz demişdir ki, iş düzələndən sonra yerdə qalan pulu verəcəkdir. 2020-ci ilin noyabr ayının ortalarınadək Novruz dəfələrlə onunla əlaqə saxlayıb oğlunun işinin nə yerdə qaldığını soruşmuş, o, bu barədə Bəhruzdan soruşduqda, sonuncu müxtəlif bəhanələrlə onu yubadır və məsələnin tezliklə həllini tapacağını bildirirmişdir. Bundan başqa 2020-ci ilin yay aylarında qohumu Nofəlin qardaşı Vəfadar yaşadığı evə gəlib ona baş çəkəndə masanın üzərində olan sənədləri görüb onların nə olmasını soruşmuş, həmin vaxt Vəfadara sənədlərin qohumuna məxsus olmasını, oğlunun yanğınsöndürmə idarəsinə işə düzəltməsi üçün toplandığını demiş, Vəfadar ona sənədlərin kim tərəfindən yığılmasını soruşanda, onların Bəhruz adlı tanışının vasitəsilə toplandığını söyləmiş, bu zaman Vəfadar ona oğlu Sənanı da həmin işə düzəltmək məqsədilə köməklik göstərməsini xahiş etmiş, o, isə bununla bağlı Bəhruzla danışacağını demiş, daha sonra Bəhruz ilə əlaqə saxlayıb qohumu Vəfadarın oğlunu işə düzəldə bilibbilməyəcəyini soruşmuş, Bəhruz həmin işi düzəldə biləcəyini dediyi üçün Vəfadarla danışıb Bəhruzun istədiyi sənədləri hazırlamasını bildirmiş, Vəfadar sənədləri hazırladıqdan sonra Nofəl ona sənədləri hazır etmələri barədə xəbər vermiş, bundan sonra Bəhruzdan Nofəlin oğlunu yanğınsöndürmə idarəsinə işə düzəltmək üçün hansı məbləğdə pul lazım olduğunu soruşmuş, həmin vaxt Bəhruz ona 7000 manat pul lazım olacağını demiş, o, bu barədə Nofələ bildirdikdən bir neçə gün sonra Nofəl 6000 manat pulu gətirib yaşadığı evdə ona, o isə öz növbəsində həmin pulun hamısını 2020-ci ilin avqust ayında Bəhruza vermiş, qalan 1000 manat pulu isə Nofəl də bildirmişdir ki, iş düzələndən sonra verəcəkdir. Nofəldən pulu alarkən və Bəhruza pul verərkən yanında qızı Təhminə olmuşdur. Beləliklə, 2020-ci ilin noyabr ayının ortalarınadək o, qohumlarından ümumilikdə 11000 manat məbləğində pul almış və həmin pulun hamısını Bəhruza vermiş, ümumi ona veriləsi pulun 1000 manatını Novruz, 1000 manatını isə Nofəl özündə saxlamışdır ki, iş düzələndən sonra verəcəkdir. Ancaq həmin dövrdə Novruz və Nofəl tez-tez onunla əlaqə saxlayıb işin nə yerdə qaldığını soruşduqlarından, eyni zamanda Bəhruz onu yubatdığından məcbur qalıb 14 noyabr 2020-ci il tarixdə DİN-in “102” xidmətinə məlumat vermiş, bir daha bildirmişdir ki, onun pulların Bəhruza alınıb verilməsində heç bir maddi marağı olmamışdır. Həmin puldan ona heç bir məbləğ çatmamışdır. O, sadəcə olaraq yaxın qohumlarının xahişi əsasında Bəhruza müraciət etmiş, Bəhruzun onları aldada biləcəyini, onlara qarşı dələduzluq edəcəyini heç ağlına belə gətirməzmiş. Məhkəmə istintaqı zaman Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun izahat verərək, onun dediklərini təsdiqlədi. Məhkəmə iclasında Şahid2 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadəsi elan olundu. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaqda ifadəsində göstərmişdir ki, Şahid3 onun anasıdır, Təqsirləndirilən şəxs isə 2020-ci ilin yay aylarından tanıyır. Belə ki, Bəhruz onun adını işlədiyi kompüter kursuna yazdırmışdır. Onlar 2020-ci ilin avqust ayında Rusiya Federasiyasının Moskva şəhərindən Azərbaycan Respublikasına gəlmişlər. Həmin ərəfələrdə o, avqust ayının xatırlamadığı günündə azyaşlı övladları ilə birlikdə anasının evinə qonaq getmiş, həmin qohumu Nofəl də ora gəlmiş və qardaşı Vəfadarın oğlunu işə düzəltmək üçün 6000 manat pulu Bəhruza çatdırılmasından ötrü anasına vermişdir. Həmin vaxt orda olduğu üçün məsələdən xəbərdar olmuşdur, lakin onların aralarında hansı razılaşma olması barədə heç bir məlumatı olmamışdır. Cinayət işinin 44-45-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 103-cü vərəqəsində olan 26 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişir. Cinayət işinin 109-cu vərəqəsində olan 10 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 125-126-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 11 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr edilməklə, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 104-cü vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 100-cü vərəqəsində olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 oğlu qeyd etmişdir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ona dəymiş 5000 manat ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 101-ciüvərəqəsində olan ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 oğlu qeyd etmişdir ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ona dəymiş 6000 manat ziyan tamamilə ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Kapital Bank ASC-nin 17.05.2022-ci il tarixli ödəniş qəbzindən (əməliyyat İD: 50283453, qəbzin nömrəsi:7019, terminal nömrəsi: K0137012) görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən dövlət büdcəsinə 2750 (iki min yeddi yüz əlli) manat pul ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 19 saylı Regional Xəzinədarlıq İdarəsi tərəfindən verilmiş Arayışda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs oğlunun dövlət büdcəsinə ödədiyi 2750.00 (iki min yeddi yüz əlli) manat vəsait Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin hesabına 17 may 2022ci il tarixdə mədaxil olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 izahatlarında təqsirləndirilən şəxslə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadıqlarını bildirmişlər, həmçinin bu barədə ərizələri cinayət işinin matriallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2750 manat dövlət büdcəsinə ödəniş etdiyindən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Talıbov Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə madi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilsin. Talıbov Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar