Məhkəmə qərarları › İş №1(021)-72/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-72/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-72/2022 07.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafəçi Müdafiəçi2, Müdafəçi Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bərdə rayonu Arabaçılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Arabaçılar kəndində qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.1-ci maddələri ilə xx xxxxxxxx 1986-cı il tarixdə Bərdə rayonu Arabaçılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Arabaçılar kəndində qeydiyyatda olmaqla həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək yaşayış evinə daxil olmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə təkbaşına qəsdən özgənin əmlakını talamaq məqsədilə odlu ov silahını oğurlamaqla cinayət törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 01 yanvar 2020-ci il tarixdə, saat 23:30 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bərdə rayonu Arabaçılar kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə pəncərədən keçmək yolu ilə qanunsuz daxil olaraq, həmin evdə olan sandıqdan 3100 manat pul, 500 manat dəyərində 1 ədəd qızıl üzük, 250 manat dəyərində 1 ədəd qızıl üzük, 60 manat dəyərində 1 ədəd tək qızıl sırğa, 300 manat dəyərində 1 cüt qızıl sırğanı və 4 ədəd medalı gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 4210 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 03 fevral 2021-ci il tarixdə, saat 21:00 radələrində Bərdə rayonu Mustafaağalı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə pəncərədən keçmək yolu ilə daxil olaraq evdə olan şifonerdən sonuncunun mərhum X5na SSRİ dövründə kolxoz quruluşu tərəfindən verilmiş və öldükdən sonra Zərərçəkmiş şəxs1 miras qalmış zavod üsulu ilə istehsal edilmiş 20 kalibrli, “ZK” modelli, patronluğunun uzunluğu 70 mm olan xarici çaxmaqlı, təklüləli, istifadəyə və atəşə yararlı, konstruksiyasında sonradan əlavə və dəyişiklik edilməmiş, lüləsi “10528 И”, lülə altı yatağı “10528 И4 Ж” və qəlibi “10528 K” seriya nömrəli 01 ədəd yivsiz odlu ov silahını talamışdır. Təqsirləndirilən şəxs2 oğlu tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs şəklində birləşərək yaşayış evinə daxil olmaqla oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 01 yanvar 2020-ci il tarixdə, saat 23:30 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bərdə rayonu Arabaçılar kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə pəncərədən keçmək yolu ilə qanunsuz daxil olaraq, həmin evdə olan sandıqdan 3100 manat pul, 500 manat dəyərində 1 ədəd qızıl üzük, 250 manat dəyərində 1 ədəd qızıl üzük, 60 manat dəyərində 1 ədəd tək qızıl sırğa, 300 manat dəyərində 1 cüt qızıl sırğanı və 4 ədəd medalı gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 4210 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, himayəsində 2 azyaşlı uşağı var. Rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs2 onun qohumudur. Tural ilə münasibətləri həmişə normal olmuşdur. Tural 2019-cu ilin dekabr ayında tanışı Şahid2 ilə birlikdə işləmək üçün Bakı şəhərinə getmişdir. Elə həmin dövrdə o da Bakı şəhərinə gedib onlarla birlikdə kiryələdikləri avtomobilyuma məntəqəsində işləməyə başlamışdır. 2019-cu ilin dekabr ayının son günlərində o və Tural “Yeni il” bayramını ailələri ilə birgə keçirmək məqsədilə Bərdə rayonu Arabaçılar kəndinə qayıtmışlar. 01 yanvar 2020-ci il tarixdə saat 11:00 radələrində kənddə Turalla bir yerdə olarkən Tural ona həmkəndliləri Zinyət adlı qadının evinə daxil olub oradan oğurluq etməyi təklif etmiş, ancaq o, buna razılıq verməmişdir. Elə həmin gün saat 23:00 radələrində kənddəki kafenin qarşısında sərxoş vəziyyətdə dayanan zaman Tural sərxoş vəziyyətdə yanına gəlib piyada şəkildə harasa getməli olduqlarını demişdir. Turaldan hara getdiklərini soruşduqda, Tural qardaşı Vüsalın evinə gedib-qayıdacaqlarını bildirmişdir. Saat 23:30 radələrində Zinyətin yaşadığı evin qarşısından keçərkən Tural yenidən ona həmin evə daxil olub oradan oğurluq etməyi təklif etmiş, o, sərxoş olduğu üçün Turalla razılaşmışdır. Hər ikisi Zinyətin tək yaşamasını əvvəlcədən bilmişlər. Turalla aralarında baş tutan razılığa əsasən o, həyətin qapısı qarşısında - küçədə dayanmışdır. Daha sonra Tural keşik çəkməsini, kimsə gələrsə xəbər verməsini tapşırmış, özü isə qapını açıb həyətə daxil olmaqla evin yan tərəfində yerləşən pəncərənin qarşısına keçmişdir. Tural pəncərənin göy rəngli sintetik torunu əli ilə cıraraq evə daxil olmaq istəmiş, ancaq kök bədən quruluşuna malik olduğundan bunu bacara bilməmişdir. Bundan sonra Tural onu yanına çağırıb evə daxil olmasını istəmişdir. Turalın köməkliyi ilə pəncərədən keçib evə daxil olan zaman Turalın özü çöl tərəfdə dayanıb pəncərədən içəri baxmışdır. Sonra Turalın göstərişi ilə divanın yanındakı sandığın kilidini əli ilə sındırıb qapağını açmış və orada olan qırmızı rəngli pul qabını götürmüşdür. Həmin pul qabının içərisində 2100 manat pul və 1 ədəd bükülmüş halda dəsmal olmuşdur. Dəsmalı açdıqda içərisindən 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük aşkarlamışdır. Həm pulu, həm də dəsmalın içindəkiləri Turala verdikdən sonra pəncərənin qarşısındakı sandığın da kilidini sındırıb qapağını açmışdır. Ardınca sandıqdan 2 ədəd medal götürüb Turala verərək evdən çıxmışdır. Tural oğurladıqları puldan 1100 manatını və qalan şeyləri özündə saxlamışdır. 02 yanvar 2020-ci il tarixdə səhər saatlarında Tural ilə birlikdə Bakı şəhərinə getmiş, həmin gün axşam saatlarında Tural oğurladıqları 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzüyü ona verib əvəzində 120 manat pul almış, əşyaları isə satıb pulunu özünə götürməsini istəmişdir. Sonrakı günlərdə o, həmin qızılları 130 manata Bakı şəhərində tanımadığı şəxsə satmışdır. Bir müddət sonra isə işdən çıxıb Bərdə rayonuna qayıtmışdır. Bundan başqa 03 fevral 2020-ci il tarixdə saat 18:00 radələrində Bərdə rayonu Arabaçılar kəndində yaşayan qohumu Şahid1 kənddəki mağazanın qarşısında onunla görüşərkən həmin gün ad günü olduğunu demiş və təbrik etdikdən sonra ona yaşadığı evə gedib birlikdə yeyib-içməyi təklif etmişdir. Bununla razılaşdıqdan sonra birlikdə Cahidin evinə gedərək oturub yemək yemiş, eyni zamanda spirtli içki qəbul etmişlər. Həmin gün saat 21:00 radələrinədək yeyib-içdikdən sonra Cahid ilə birlikdə küçəyə çıxıb ordan-burdan söhbət etmişlər. Söhbət zamanı Cahid qonşuluğunda yerləşən evdə yaşı 70-i haqlamış Şəkər adlı qadının yaşadığını, həmin qadının ərinin təxminən 6-7 il əvvəl öldüyünü demişdir. Buna görə də o, həmin evə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Lakin bu barədə Cahidə heç nə deməmişdir. Cahid ilə xudahafizləşdikdən sonra bir qədər uzaqlaşıb Cahidin evinə getməsinə əmin olmuşdur. Bunun ardınca Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə girib arxa tərəfdəki taxta çərçivəli pəncərəni açaraq gizli yolla evə daxil olmuşdur. Daha sonra evdə olan şifonerin qapısını açıb orada 1 ədəd ov tüfəngi olduğunu görmüşdür. Həmin silahdan başqa evdən heç nə oğurlamadan pəncərədən çölə çıxmış və tüfəngi yaşadığı Bərdə rayonu Arabaçılar kəndində yerəşən evə aparmışdır. Ancaq tüfəng oğurlaması barədə başqa heç kimə məlumat verməmişdir. Tüfəngin onda qaldığı təxminən 2 il ərzində silahı heç kimə göstərməmiş, heç vaxt tüfəngdən hər hansı məqsədlə istifadə etməmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Mustafaağalı kəndinə gedib tüfəngi Cahidə vermiş və özünə məxsus olduğunu, ov etmək üçün əldə etdiyini, bir müddət sonra gəlib götürəcəyini bildirmişdir. 10 yanvar 2022-ci il tarixdə isə polis əməkdaşları onunla əlaqə saxlayıb Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Şifahi sorğu zamanı o, törətdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin biri ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, əvvəllər məhkum olmamasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, himayəsində 3 azyaşlı uşağı var. Rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs1 onun qohumudur. Şəhriyar ilə münasibətlərim həmişə normal olmuşdur. 2019-cu ilin dekabr ayında uşaqlıqdan tanıdığı tanışı Şahid2 ilə birlikdə işləmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birini kirayələyib Rəşadla işlətməyə başlamışlar. Elə həmin dövrdə Şəhriyar da Bakı şəhərinə gəlib onlarla birlikdə işləmişdir. 2019-cu ilin dekabr ayının son günlərində o və Şəhriyar “Yeni il” bayramını ailələri ilə birgə keçirmək məqsədilə Bərdə rayonu Arabaçılar kəndinə getmişlər. 01 yanvar 2020-ci il tarixdə saat 23:30 radələrində evdə olan zaman Şəhriyar mobil telefonuna zəng edib onu kənddəki köhnə dəyirmanın yanına çağırmışdır. 02 yanvar 2020-ci il tarixdə saat 00:30 radələrində o, tək şəkildə həmin yerə gedib Şəhriyarla görüşmüşdür. Həmin vaxt Şəhriyar kənddə yaşayan Zinyət adlı qadının evinə daxil olub oradan oğurluq etməyi təklif etmiş, o da Şəhriyarla razılaşıb Zinyətin yaşadığı evin yaxınlığına getmişdir. Əvvəlcədən aralarında baş tutan razılığa əsasən özü küçədə keşik çəkmiş, Şəhriyar isə qapıdan evin həyətyanı sahəsinə daxil olub arxa tərəfdəki pəncərəyə yaxınlaşaraq toru kəsməklə oradan evə girmişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Şəhriyar geri qayıdıb evdən 2100 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və 2 ədəd medal oğurladığını demişdir. Şəhriyar oğurladığı pulun 1000 manatını ona verib qalan şeyləri özündə saxlamış və sataraq pulunu aralarında böləcəyini qeyd etmişdir. 02 yanvar 2020-ci il tarixdə Şəhriyarla birlikdə Bakı şəhərinə qayıtmışdır. Sonrakı günlərdə Şəhriyar oğurladıqları qızıl-zinət əşyalarını cəmi 120 manat pula satdığını bildirmiş və ona 60 manat pul vermişdir. Həmçinin Şəhriyar ona medallar qızıl olmadığı üçün alınmadığını söyləmiş, bu səbəbdən onları xatırlamadığı yerdə tullamışdır. Bir müddət sonra isə Şəhriyar işdən çıxıb Bərdə rayonuna qayıtmışdır. Hazırda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, əvvəllər məhkum olmamasını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olması özlərinin ifadələri ilə yanmaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2 ifаdəsində göstədi ki, Bərdə rayonu Arabaçılar kəndində yerləşən evdə tək yaşayır. Özünə məxsus olan tövlədə mal-qara saxlamaqla dolanır. Mal-qaranı satıb, həmçinin təqaüd pulunu və dövlət tərəfindən verilən çörəkpulunu yığıb 3100 manat pul toplamışdır. 02 yanvar 2020-ci il tarixdə saat 09:00 radələrində yuxudan oyanıb evdə olan sobanı yandırmışdır. Daha sonra mal-qara üçün ot qoyub yemək yemişdir. Bunun ardınca mətbəxdən evin arxa otağına keçmiş və otağın qapısını bağladığı asma qıfılı açmışdır. Otağa daxil olan kimi divanın qarşısındakı sandığın ağzının açıq vəziyyətdə olmasını görmüşdür. Sandığa yaxınlaşdıqda 3100 manat pulu saxladığı qırmızı rəngli pul qabının sandığın içərisindən çıxarılaraq divanın üstünə atıldığını aşkar etmişdir. Yaxınlaşıb sandığın içərisinə baxanda orada dəsmala bükülmüş vəziyyətdə saxladığı 2 ədəd qızıl üzüyün, 1 ədəd qızıl sırğanın da yerində olmadığını görmüşdür. Bundan sonra otaqda olan digər sandığa tərəf baxmış, həmin sandığın stolun altından irəliyə çəkildiyini, ağzına vurulan qıfılın sındırıldığını bilmişdir. Evinə oğru girməsinə əmin olduqdan sonra qışqırıb çölə çıxanda pəncərəyə vurulan sintetik torun cırıldığının, pəncərənin açıq vəziyyətdə olmasının şahidi olmuşdur. Daha sonra qonşusu Namiqi çağırmış, bir qədər sonra digər qonşuları da onun evinə gəlmişlər. Həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Həmçinin ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş 4210 manat ziyan ödənilmişdir. Lakin iş üzrə medallar və yola görə çəkilmiş xərclər ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bərdə rayonu Mustafaağalı kəndində yerləşən evdə tək yaşayır. X5 təxminən 7 il əvvəl vəfat etmişdir. X4 isə öz ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 2021-ci ilin yanvar ayında müalicə olunmaq üçün Bakı şəhərinə getmişdir. 05 fevral 2021-ci il tarixdə ona evindən oğurluq edilməsi ilə bağlı qonşu tərəfindən məlumat verilmişdir. Buna görə də həmin gün saat 12:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etmişdir. 11 fevral 2021-ci il tarixdə yaşadığı kəndə qayıtdıqda evdə olmadığı müddətdə 1 ədəd su qabı, 1 ədəd samovar, 1 ədəd aşsüzən, 2 ədəd məcməi və 3 ədəd kasa, 2 ədəd səhəng və təxminən 20 metr uzunluğunda mis kabeli saxladığı yerdə tapa bilməyib oğurlandıqlarını zənn etmiş, buna görə də müraciətlərində adıçəkilən əşyaların oğurlanmasını söyləmişdir. Ancaq sonradan su qabı, samovar, aşsüzən, məcməilər, kasalar, səhənglər və mis kabeli yaşadığı evin həyətyanı sahəsində yerləşən qarajdan tapmışdır, yaşadığı evdə saxlanılan tüfəngi isə heç yerdə tapa bilməmişdir. Həmin təklüləli tüfəng sovet dövründə kolxoz quruluşu tərəfindən mərhum əri Yaşa Nəbiyevə verilmiş və ərindən ona miras qalmışdır. Tüfəngi evin yataq otağındakı paltar dolabının içərisində saxlamış və sonuncu dəfə 2020-ci ilin yanvar ayında saxladığı yerdə görmüşdür. Onun tüfəngin saxlanılmasının qanuniliyi ilə bağlı sənədlərin olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Bundan başqa o, ahıl yaşda olduğundan və hadisənin üzərindən xeyli vaxt keçdiyindən 05 fevral 2021-ci il tarixdə yaşadığı evdən oğurluq edilməsi barədə ona məlumat verən qonşusunun kim olmasını xatırlamadığını bildirmişdir. Daha sonra məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə verərək, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd edərək onun iştirakı olmadan işə baxımasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şаhid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi, eyni zamanda əmisinin nəvəsidir. Şəhriyarı uşaqlıqdan tanıyır. Əvvəllər həmişə Şəhriyar ilə münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 03 fevral 2020-ci il tarixdə saat 18:00 radələrində kənddə olarkən mağazanın qarşısında Şəhriyarı görmüşdür. Həmin gün ad günü olduğuna görə Şəhriyara yaşadığı evə gedib yeyib-içməyi təklif etmişdir. Şəhriyar onunla razılaşdıqdan sonra birlikdə yaşadığı evə getmişlər. Saat 21:00 radələrinədək evdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra siqaret çəkmək üçün evdən küçəyə çıxıb darvazanın qarşısında dayanaraq ordan-burdan söhbət etməyə başlamışlar. Söhbət zamanı o, Şəhriyara qonşuluğunda yerləşən evdə yaşı 70-i haqlamış Şəkər adlı qadının yaşadığını, həmin qadının ərinin təxminən 6-7 il əvvəl öldüyünü demişdir. Bir neçə dəqiqə sonra Şəhriyar xudahafizləşərək çıxıb getmiş, o isə öz evinə daxil olmuşdur. Həmin vaxtdan 2022ci ilin əvvəllərinədək Şəhriyar müxtəlif vaxtlarda fasilələrlə işləmək məqsədilə Bakı şəhərinə getmiş, bir müddət sonra isə Bərdə rayonu Arabaçılar kəndinə qayıtmışdır. 2022-ci ilin yanvar ayının əvvəllərində evdə olan zaman Şəhriyar onu çağırıb 1 ədəd ov tüfəngi göstərmişdir. O, Şəhriyardan həmin tüfəngi haradan əldə etdiyini soruşduqda, Şəhriyar tüfəngin özünə məxsus olduğunu, ov etmək üçün aldığını söyləmişdir. Daha sonra Şəhriyar tüfəngi ona verərək saxlamasını istəmiş və bir müddət sonra gəlib götürəcəyini demişdir. 10 yanvar 2022-ci il tarixdə isə adlarını bilmədiyi polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Bundan başqa Şahid1 ifadəsində əvvəllər Şəhriyarın verdiyi tüfəngdən heç vaxt istifadə etmədiyini, heç kimə göstərmədiyini, tüfəngin özündə olması barədə heç kimə, hətta öz ailə üzvlərinə də məlumat vermədiyini, ümumiyyətlə, tüfəngdən atəş açmağı, silahı sökübyığmağı bacarmadığını, Şəhriyarın başqa hər hansı ünvandan oğurluq etməsi barədə heç bir məlumatı olmadığını bilirdi və Şəhriyarın verdiyi 1 ədəd tüfəngi könüllü surətdə istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şаhid Şahid4 ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Şəhriyar həbs edilənədək Bərdə rayonu Arabaçılar kəndində yerləşən evdə onlarla birlikdə yaşamış, kənd sakinlərindən heç vaxt Şəhriyar barəsində şikayət və narazılıq eşitməmişdir. Şəhriyar rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olaraq ailəsini dolandırmışdır. Nə onun, nə də ailə üzvlərinin heç birinin Şəhriyarın törətdiyi cinayət əməllərindən məlumatları olmamışdır. Özü və ailə üzvləri bu barədə məlumatı yalnız Şəhriyar 2022-ci ilin yanvar ayının əvvəllərində Bərdə rayon polis şöbəsinə dəvət edilən zaman almışlar. Belə ki, polis şöbəsində olan zaman Şəhriyarın Təqsirləndirilən şəxs2 ilə əlbir olub 2020-ci ilin ilk günlərində Zərərçəkmiş şəxs2 yaşadığı evdən əmisioğlu pul vəsaiti və qızıl-zinət əşyalarını, fevral ayının əvvəllərində isə Zərərçəkmiş şəxs1 yaşadığı evdən bir ədəd tüfəng oğurladığını öyrənmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş şаhid Şahid2 ifаdəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun tanışlarıdır. Onların hər ikisini uşaqlıqdan tanıyır, məktəbdə bir yerdə təhsil almışlar. Şəhriyar və Tural ilə münasibətləri həmişə normal olmuşdur. 2019-cu ilin dekabr ayında Tural ilə birlikdə işləmək üçün Bakı şəhərinə getmişdir. Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birini kirayələyib Turalla işlətməyə başlamışlar. Bu məsələyə görə Turalın ona 600 manat pul borcu yaranmışdır. Elə həmin dövrdə Şəhriyar da Bakı şəhərinə gəlib onlarla birlikdə işləməyə başlamışdır. 2019-cu ilin dekabr ayının son günlərində Şəhriyar və Tural “Yeni il” bayramını ailələri ilə birgə keçirmək məqsədilə Bərdə rayonuna qayıtmışlar. 03 yanvar 2020-ci il tarixdə özü də yaşadığı kəndə yollanmış və bir gün Bərdə rayonunda qalıb Bakı şəhərinə getmişdir. Həmin gün günorta saatlarında Bakı şəhərində Turalla görüşərək ona borclu olduğunu pulu istədikdə, Tural bir-iki gün əvvəl əlinə 100 manat pul keçdiyini, yalnız borcunun həmin hissəsini ödəyə biləcəyini demişdir. O, Turalla razılaşmayıb borclu olduğu pulun hamısını qaytarmasını istəmişdir. Bu zaman Tural ona bir neçə gün sonra haradansa pul alacağını, borcunu həmin vaxt ödəcəyini demişdir. Bundan sonra o, Bərdə rayonuna qayıtmış və cinayət törətdiyi üçün həbs edildiyindən sonrakı proseslərdən xəbəri olmamışdır. Bundan başqa Şahid2 ifadəsində Şəhriyar və Turalın oğurluq hadisəsi törətməsi barədə əvvəllər heç bir məlumatı olmadığını, Turalın ona olan borcunu qaytarmaq üçün haradan və kimdən pul alacağı, kimdənsə nəsə alıb-satması barədə məlumatsız olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş şаhid Şahid3 ifаdəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Mustafaağalı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Zərərçəkmiş şəxs2 onun həmkəndlisidir və bacısı Gülnazla qonşuluqda yaşayır. Zinyətlə münasibəti həmişə yaxşı olmuşdur. Zinyətin evindən oğurluq edildiyini 02 yanvar 2020-ci il tarixdə günorta saatlarında kənd camaatından eşitmişdir. Belə ki, kənd sakinləri evdən pul oğurlanması barədə danışmış, bundan başqa onun hadisə barəsində heç bir məlumatı olmamışdır. Zinyətin evindən oğurluq edilən vaxt öz evində olmuş, oğurluq edilən gün günorta saatlarında bacısının evinin həyətindən araba götürmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş şаhid Şahid5 ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir. Əvvəllər Şəhriyar və Tural ilə aramda heç bir düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs2 isə qonşusudur. 02 yanvar 2020-ci il tarixdə saat 09:00 radələrində yaşadığı evdə olan zaman Zinyətin evindən səs-küy gəldiyini eşitmişdir. Yaşadığı evin həyətinə çıxanda Zinyətin onu səslədiyini bilmiş, buna görə də dərhal Zinyətin evinə getmişdir. Həmin vaxt Zinyət evinin pəncərəsinə vurulan sintetik torun cırıldığını və naməlum şəxsin pəncərədən keçməklə evinə daxil olaraq sandıqların içərisində saxladığı 3100 manat pulu və qızıl-zinət əşyalarını oğurladığını demişdir. Bundan sonra çoxsaylı qonşular da oraya gəlmişlər. Daha sonra Zinyət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə müraciət etdiyi üçün Bərdə rayon polis şöbəsinin əməkdaşları Zinyətin evinə gəlib baxış keçirmişlər. Cinayət işinin 1-ci cildinin 43-44-cü vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 158-159-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 232.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 177-180-cı vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)5/2022 saylı xx.xx.2022-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbii seçilmişdir. Cinayət işinin 2-ci cildinin 51-52-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 232.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 203-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cildinin 195-ci vərəqəsində olan Bərdə RİHB-nın Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 1-ci cildinin 210-211-ci vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Rəyaqqub oğlu Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 232-233-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Rəyaqqub oğlu Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 250-253-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)25/2022 saylı xx.xx.2022-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Rəyaqqub oğlu barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 37-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cildinin 199-cu vərəqəsində olan Bərdə RİHB-nın Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 2-ci cildinin 6-9-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 02 fevral 2022-ci il tarixli 3/62 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş 20 kalibrli, “ZK” modelli, patronluğunun uzunluğu 70 mm olan xarici çaxmaqlı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, istifadəyə, atəşə yararlıdır, konstruksiyasında sonradan əlavə və dəyişiklik edilməmişdir. Silahın lüləsi “10528 И”, lülə altı yatağı “10528 И4 Ж”, qəlibi “10528 K” seriya-nömrəlidir. (Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir) Cinayət işinin 2-ci cildinin 10-13-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 fevral 2022-ci il tarixli 9/391 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 1 ədəd 583 əyarlı, 1 qram çəkidə dairəvi formalı qızıl sırğanın 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 60 manat müəyyən edilmişdir. 3 ədəd qızılı rəngli, 1941-1945-ci il Böyük Vətən müharibəsində iştirak etmiş şəxslərin təltif edildiyi medalların və 1 ədəd gümüşü rəngli SSRİ dövründə çoxuşaqlı anaların təltif edilməsi ilə əlaqədar verilmiş medalın satışı nəzərdə tutulmadığından qiymətləndirmə aparılmamışdır. Digər 3 adda qızıl-zinət əşyalarının üzərində olan qaşın istehsal yeri, keyfiyyəti, növü, ölçüləri, təmizliyi və s. barədə məlumat olmadığından qiymətləndirmə aparılmamışdır. (Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 2-ci cildinin 38-49-cu vərəqələrində olan 12 mart 2022-ci il tarixli qərardan görünür ki, sübutların qiymətləndirilməsi haqqında qərardan görünü ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən X2 yaşadığı evdən oğurlanan pulu miqdarı 3100 manat pul, ekspert rəyinə əsasən 1 ədəd qızıl sırğanın dəyəri 60 mana, zərərçəkmiş şəxsin ifadəsinə əsasən 2 ədəd qızıl üzüyün dəyəri 750 manat, 1 cüt qızıl sırğanın dəyəri 300 manat olmaqla ümumi dəyəri 4210 manat olaraq qəbul edilmiş, istintaq zamanı götürülmüş 01 ədəd təklüləli, 20 kalibrli, “ZK” modelli, lüləsi “10528 И”, lülə altı yatağı “10528 И4 Ж”, qəlibi “10528 K” seriya-nömrəli yivsiz odlu silah “toplanmış sübutların qiymətləndirilməsi haqqında” 12 mart 2022-ci il tarixli qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlama müddəti ərzində Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə iclasında tərtib olunmuş 11 aprel 2022-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət işi üzrə vurulmuş 4210 manat məbləğində pulu zərərçəkmiş şəxs X3 ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 232.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olmamasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və zərəçəkmiş şəxsə ziyanın ödənilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və 232.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının təyin olunduğu, Azərbaycan Respublikasının CM-nin 68-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər olmaq hesabı nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 232.1-ci maddəsinə münasibətdə CM-nin 62.1-ci maddəsinin tətbiqini ədalətli hesab etməklə cəzanın məqsədinə və cinayət törətmiş şəxsin şəxsiyyətinə uyğun sayır. Belə ki, məhkəmə onun himayəsində azyaşlı uşaqlarının olmasını, zorakı şəxs olmamasını, əməlindən peşman olmasını nəzərə alır. CM-nin 62.1 -ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 10 yanvar 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 12 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.1, 177.2.3 və 232.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 12 yanvar 2022- ci il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 10 yanvar 2022-ci il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum olmamasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumuğunun olmamasını, zərəçəkmiş şəxsə ziyanın ödənilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 21 fevral 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 23 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 23 fevral 2022- ci il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 3 ay 18 gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı, məhkəmə iclas zalından dərhal azad olunmalı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 64 (altmış dörd) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut olan Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan -01 ədəd təklüləli, 20 kalibrli, “ZK” modelli, lüləsi “10528 И”, lülə altı yatağı “10528 И4 Ж”, qəlibi “10528 K” seriya-nömrəli yivsiz odlu silah dövlət nəfinə müsadirə olunsun və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah –sursat saxlancına təhvil verilməlidir. Zərərçəkmiş şəxs2 dəymiş 4210 manat ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 232.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər olmaq hesabı ilə üzərində 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən tolanmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 10 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 3 (üç) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər olmaq hesabı ilə 7 (yeddi) ay 6 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübutlar – Bərdə Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd təklüləli, 20 kalibrli, “ZK” modelli, lüləsi “10528 И”, lülə altı yatağı “10528 И4 Ж”, qəlibi “10528 K” seriyanömrəli yivsiz odlu silah dövlət nəfinə müsadirə olunsun və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah –sursat saxlancına təhvil verilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Zərərçəkmiş şəxs2 dəymiş 4210 (dörd min iki yüz on) manat ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar