Məhkəmə qərarları › İş №1(021)-72/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-72/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-72/2023 29.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1961-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 2345 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ-2106 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən 36-cı kilometrliyində Ağdam rayonu istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda təmir işləri ilə əlaqədar quraşdırılmış yol nişanını nəzərə alaraq hərəkəti icazə verilən istiqamətə, yəni sola doğru hərəkət etdirməli olduğu halda bunu etməyərək qarşıda təmir işləri ilə əlaqədar quraşdırılmış yol nişanlarının olduğu vəziyyətdə düzünə hərəkət etdirərkən idarəetməni itirərək avtomobili qarşı əks hərəkət yoluna yerdəyişmə edib, habelə “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili icazə verilən 60 km/saat sürətindən yüksək, 90 km/saat surətlə hərəkət etdirərək Bərdə şəhəri istiqamətində yolun sol kənarından sağa doğru 2.5 metr məsafədə qarşıdan əks istiqamətdən sağ hərəkət zolağında 40 km/saat surətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi VAZ- 21061 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan VAZ-21061 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol tərəfli postravmatik hem-pnevmotoraksla müşayət olunan İV-V-Vİ-Vİİ sol tərəfli qabırğaların çoxsaylı sınıqları xəsarətləri ilə müşayiət edilən sağlamlığın həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, arvadı Şahid3 adına olan VAZ- 2106 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində oğlanları Teymur və Namiklə birlikdə digər oğlu Ruslanın yaşadığı Bərdə rayonu Qurdlar kəndinə getmək üçün yola düşmüşdür. Teymur ön oturacaqda, Namiq isə arxa oturacaqda əyləşmişdir. Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən hissəsində yol yenidən qurulmuş, bəzi hissələrinə asfalt vurulmuş, bəzi hissələri isə çınqıl yoldur. Avtomobili ilə 90 km/saat surətlə asfalt yolda hərəkətdə olarkən təxminən 5-6 metr məsafədən yolun qarşısına müvəqqəti işarələr qoyulduğunu, sol əks hərəkət zolağında təşkil olunduğunu görmüşdür. İşarələrə dəyməmək üçün avtomobili sol tərəfə döndərmiş, lakin qəzadan yayınmaq mümkün olmamışdır. Avtomobilin sağ tərəfi işarələrə dəymiş, avtomobil əks tərəfə doğru istiqamətlənib həmin istiqamətdən çınqıl yolla gələn VAZ-21061 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobilinin qabaq tərəfi ilə vurmuşdur. Daha sonra avtomobilinin sağ təkəri səkinin betonlarına dəyib dayanmışdır. Qəza nəticəsində digər avtomobildə olan sürücü Zərərçəkmiş şəxs xəsarət aldığından ona köməklik göstərildi, avtomobildən çıxarıldı və Təcili Yardım avtomobili ilə xəstəxanaya göndərildi. Anarın arxasıyca xəstəxanaya getmiş, oğlanları Namiq və Teymur hadisə yerində qalmışdır. Zərərçəkmiş şəxsla xəstəxanada maraqlandıqdan sonra yenidən taksi ilə hadisə yerinə qayıtmışdır. Avtomobillərin hadisə yerindən götürüldüyünü görüb yaşadığı evə getmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirir, ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, idarə etdiyi VAZ- 21061 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2022-ci il tarixdə saat 2345 radələrində tanışı Orxanla birlikdə Bərdə şəhəri istiqamətində getmişdir. Yevlax-Ağdam- Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən hissəsində 40 km/saat sürətlə hərəkətdə olarkən çınqıl yoldan asfalt yola çıxmaq istədikdə əks yolla hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə hərəkət edib yolda olan yol nişanını vurub idarəetməni itirmiş və qabaq tərəfi ilə onun idarə etdiyi avtomobilin sol orta tərəfindən vurmuşdur. Qəza nəticəsində xəsarət almış və Bərdə rayon Diaqnostika mərkəzinə müraciət etmişdir. Təqsirləndirilən şəxs onun arxasınca xəstəxanaya gəlmişdir. Təqsirləndirilən şəxs onun sağlamlığının bərpası üçün lazımı köməkliyi göstərmiş, ona dəymiş ziyanı ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Xahiş edir ki, ona yüngül cəza verilsin. Zərərçəkmiş şəxs məhkəməyə Təqsirləndirilən şəxs ilə barışması, ona qarşı şikayət, iddia və tələbinin olmaması haqqında notariat qaydada təsdiq edilmiş ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs atasıdır. Atasının VAZ-21061 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobil var. xx.xx.2022-ci il tarixdə qardaşı Namiq onlara qonaq gəlmiş, birlikdə yeyib içmişlər. Saat 23 radələrində onlarda olarkən atası zəng edərək digər qardaşı Ruslanın dişi ağrıdığından həkimə aparmaq üçün onun yaşadığı Bərdə rayonu Qurdlar kəndinə getmək lazım olduğunu demişdir. O ön oturacaqda, qardaşı Namiq isə arxada əyləşmişdir. Avtomobili atası Hidayət idarə etmişdir. Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən hissəsində yolun yenidən qurulması səbəbindən bəzi hissələrinə asfalt vurulmuş, bəzi hissələrində isə çınqıl yoldur. Atası Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21061 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerdən keçərkən həmin yerdə olan işarələri gec görmüş, avtomobili işarələrə vurmamaq üçün sol tərəfə döndərmiş, lakin avtomobilin idarəetməsi itirmiş, sağ tərəfi işarələrə dəymiş, avtomobil əks tərəfə doğru istiqamətlənib həmin istiqamətdən çınqıl yoldan gələn VAZ 21061 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfindən vurmuşdur. Daha sonra avtomobilin sağ təkəri səkinin betonlarının üstünə dəyib dayanmışdır. Digər avtomobildə olan sürücü Zərərçəkmiş şəxs Təcili Yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Atası da Zərərçəkmiş şəxs arxasınca xəstəxanaya getmişdir. Qardaşı Namiqlə hadisə yerində qalmışlar. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş X5 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əridir. Əri Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2106 markalı **-NP- *** dövlət qeydiyyat nişanlı avtomobil onun adınadır. Əri uzun illərdir ki, həmin avtomobili idarə edir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində evdə olarkən Bərdə rayonu Qurdlar kəndində yaşayan oğlu Ruslan atası Hidayətə zəng edərək dişi ağrıdığını, gəlib onu həkimə aparmasını bildirmişdir. Əri Hidayət digər oğulları Teymur və Namiqlə birlikdə Bərdə rayonu Qurdlar kəndinə getmişlər. Onlar gedərkən yolda başqa bir VAZ-2106 markalı avtomobillə toqquşmuşlar. Digər avtomobildə olan sürücü Zərərçəkmiş şəxs xəsarət almış və xəstəxanaya yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Məhkəmə-Tibbi Ekspertiza və X6 Bərdə rayon şöbəsinin verdiyi 07 oktyabr 2022-ci il tarixli 825 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol tərəfli postravmatik hemo-pnevmotoraksla müşayət olunan sol tərəfli qabırğaların çoxsaylı sınıqları (İV-V-Vİ-Vİİ) küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı avtomobillərin toqquşması nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2023-cü il tarixli 8/282 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-2106 markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Nərimanov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Sürücü Nərimanov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək, 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. -İstintaq tərəfindən göstərilən şəraitdə VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. -Sürücü Şükürov avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 25 sentyabr 2022-ci il tarixli 1176 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli sərxoşluq əlamətləri aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNH-nə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi X3 “Sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 əməlində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilmişdir. AD 094778 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-21061 minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1r. 7E-1490 reyestr nömrəli “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamədən görünür ki, X4 özünə məxsus VAZ-21061 minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün Zərərçəkmiş şəxs etibarnamə vermişdir. AE 909523 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs “BC” katiqoriya sürücülük hüququ vardır. BD114569 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-2106 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid3dır. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 2345 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ-2106 markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam- Laçın avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən 36-cı kilometrliyində Ağdam rayon istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda təmir işləri ilə əlaqədar quraşdırılmış yol nişanını nəzərə alaraq hərəkəti icazə verilən istiqamətə, yəni sola doğru hərəkət etdirməli olduğu halda bunu etməyərək qarşıda təmir işləri ilə əlaqədar quraşdırılmış yol nişanlarının olduğu vəziyyətdə düzünə hərəkət etdirərkən idarəetməni itirərək avtomobili qarşı əks hərəkət yoluna yerdəyişmə edib, habelə “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili icazə verilən 60 km/saat sürətindən yüksək, 90 km/saat surətlə hərəkət etdirərək Bərdə şəhəri istiqamətində yolun sol kənarından sağa doğru 2.5 metr məsafədə qarşıdan əks istiqamətdən sağ hərəkət zolağında 40 km/saat surətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi VAZ- 21061 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə onun ehtiyatsızlıqdan VAZ-21061 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol tərəfli postravmatik hem-pnevmotoraksla müşayət olunan İV-V-Vİ-Vİİ sol tərəfli qabırğaların çoxsaylı sınıqları xəsarətləri ilə müşayiət edilən sağlamlığın həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 13 yanvar 2023-cü il tarixli 13 nömrəli arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Bala Göyüşlü kəndində yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü fəal, bacarıqlı, işgüzar, nizam-intizamlı şəxs kimi göstərmişdir. O, çoxuşaqlı ailə başçısıdır. Təqsirləndirilən şəxs Böyük Göyüşlü kənd icra nümayəndəliyinin bütün tədbirlərində yaxından iştirak etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X12 24 yanvar 2023-cü il tarixli PHŞ-6-28/2-86/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1961-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə rayonu Göyüşlü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞnin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 06 oktyabr 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CİM və ya CİM) 67.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınma ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CİM-nin 68.1-ci maddəsinə görə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair xx.xx.2022-ci il tarixli 8/2783 nömrəli, xx.xx.2022-ci il tarixli 8/3525 nömrəli və xx.xx.2023-cü il tarixli 8/282 nömrəli bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 384 (üç yüz səksən dörd) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 384 (üç yüz səksən dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan VAZ-2106 markalı **-NP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Şahid3, VAZ-21061 markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan VAZ-2106 markalı **-NP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Şahid3, VAZ-21061 markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 384 (üç yüz səksən dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar