Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-73/2022 05.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1986-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin 14.07.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 08.11.2019-cu il tarixli qərarı ilə 11 ay 06 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu olmayan, Bərdə şəhəri, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ayrıayrılıqda təmiz çəkiləri 0,189 qram, 0,195 qram olmaqla ümumi təmiz çəkisi 0,384 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 2 (iki) ədəd sellofan bükümlərdə qanunsuz əldə edərək üzərində saxlamış, 13 yanvar 2022-ci il tarixdə saat 2050 dəqiqədə Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Babək küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 (iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,189 qram, 0,195 qram olmaqla ümumi təmiz çəkisi 0,384 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 13 yanvar 2022-ci il tarixdə saat təxminən 2050 radələrində Bərdə şəhəri, Babək küçəsində dayanmış, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə saxlamağı barədə məlumat olduğunu bildirib, Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polits şöbəsinə getmişdir. Polis şöbəsində video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt ona könüllü olaraq üzərində olan qeyri qanuni əşyaları, narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 (iki) ədəd sellofana bükülü vəziyyətdə olan heroini masanın üzərinə qoyub, kakos olduğunu demişdir. Bundan sonra öz razılığı ilə üzərində axtarış aparılmış, narkotik maddə və yaxud qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərində aşkar olunan həmin iki ədəd bükümlər elektron tərəziyə qoyularaq çəkilmiş, ikisinin birlikdə çəkisi 0,62 qram olmuşdur. Narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, özü də imza etmişdir. Narkotik vasitə olan heroini tutulmamışdan 1 həftə əvvəl Bakı şəhəri, Nəsimi metrosunun yaxınlığından tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 13 yanvar 2022-ci ildə Bərdə şəhəri, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni istifadə etməsi və alqı-satqısı ilə məşğul olması və üzərində gəzdirməsi barədə Bərdə rayon Polis şöbəsinə daxil olmuş məxfi məlumat əsasında Bərdə rayon Polis şöbəsinin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 Hafiz oğlu ilə birlikdə 13 yanvar 2022-ci il tarixdə saat 2050 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Babək küçəsində saxlayaraq özlərini təqdim edib, onu Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təhqiqatçı tərəfindən hüquq vəzifələri izah olunduqdan sonra ona vəkil təqdim edilmiş, daha sonra üzərində narkotik vasitələrin qanunsuz gəzdirməsində şübhəli olunduğu bildirildikdən sonra video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotok maddə, deyriqanunu nə kimi əşya varsa həmin əşyaları təqdim etməsini təkli olunmuş, sonuncu əynində olan qara rəngli gödəkçənin sol iç cibindən iki ədəd kiçik sellofan bükümü çıxardaraq təqdim etmiş və narkotik vasitə kokos olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstündə əlavə qeyri qanunu əşya, narkotik maddə olmadığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş iki ədəd büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik maddə qəbul etdiyini, özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstündə aşkar olunan narkotik vasitə olan kokosu tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhərindən tapdığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Hafiz oğlu Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 16/67 saylı 14 yanvar 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı və imzalar olan zərfdəki 2(iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,189 qram, 0,195 qram, ümumi təmiz çəkisi 0,384 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Heroinin ümumi təmiş çəkisi 0,384 qram, tədqiqata sərf edildi 0,1 qram (hər obyektə 0,05 qram), qalıq 0,284 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 321 saylı 11 mart 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 0,189 qram, 0,195 qram olmaqla ümumi təmiz çəkisi 0,384 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 2 (iki) ədəd sellofan bükümlərdə qanunsuz əldə edərək üzərində saxlaması, 13 yanvar 2022-ci il tarixdə saat 2050 dəqiqədə Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Babək küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilməsi, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 02 (iki) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,189 qram, 0,195 qram olmaqla ümumi təmiz çəkisi 0,384 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1328 saylı 03 mart 2022-ci il tarixli arayışından və 02 mart 2022-ci il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, ünvan 1-də yaşayır. Təqsirləndirilən şəxs küçədə yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 29.01.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 234.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. -Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qərarı ilə 11 ay 06 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur. - 14.10.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 13 yanvar 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 13 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 15 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, vəsatət təmin edilmiş, xx.xx.1986-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olan, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində, yəni 13 aprel 2022-ci il tarixədək müəyyən edilməsi, həbs etmənin əvvəlinin 13 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1. və 93.1.4-cü maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 14 yanvar 2022-ci il tarixli 16/67 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut – 0,284 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 0,284 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-73/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-73/2022
05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver