Məhkəmə qərarları › İş №1(021)-73/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-73/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-73/2024 05.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3- 1-ci maddələri ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01 il 08 ay müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İİ siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,374 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 01 ədəd gümüşü rəngli kağız bükümdə qanunsuz olaraq əldə edib üzərində saxlamış, 06 dekabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qaradağlı kənd ərazisində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi-0,374 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı dövründə araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Qaradağlı kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə Bərdə rayonu Qaradağlı kəndində yerləşən evlərinə gedərkən yolun kənarında yerdə kağız bükülü nəzərini cəlb etmişdir. Bükülünü yerdən götürüb açmış, içərisində bir ədəd gümüşü bükümdə metanfetamin olduğunu müəyyən etmişdir. Həmin bükülünü cibinə qoymuşdur. Səhəri gün, yəni 06 dekabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində Bərdə rayonu Qaradağlı kəndində yolla gedərkən polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və onu Bərdə RPŞ-nə gətirmişlər. Polis şöbəsində üzərində hansısa qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, o da cibində olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Təxminən bir il, il yarım əvvəl narkotik vasitədən istifadə etmiş, lakin sonradan bu vərdişindən əl çəkmişdir. Bərdə RPŞ-də üzərinə baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməmiş, heç bir təsir və ya təzyiqə məruz qalmamışdır. Əməlindən peşmandır. Söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis X1 Qrupunun əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Bərdə RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri üzərində saxlaması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradağlı kəndi ərazisində saxlanılmışdır. Sonuncuya polis əməkdaşı olduğunu bildirmiş və onu Bərdə RPŞ-nə dəvət etmişlər. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs vəkil təqdim edildikdən sonra onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməsi bildirdilmiş, sonuncu buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa könüllü olaraq təqdim edilməsi bildirilmiş, sonuncu könüllü olaraq əynində olan şalvarının yan cibindən 1 ədəd gümüşü büküm çıxararaq təqdim etmişdir. Bükümlərə baxış keçirildikdə içərisində metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə qablaşdırılaraq götürülmüş və protokollaşdırılaraq imzalanmışdır. Bərdə RPŞ-də üzərinə baxış keçirilərkən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs zor tətbiq edilməmiş, heç bir təsir və ya təzyiqə məruz qalmamışdır. Sonuncu psixotrop maddəini öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 07 dekabr 2023-cü il tarixli 16/1247 saylı rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə....” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,374 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -Qeyd: Metamfetaminin təmiz çəkisi 0,374 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,324 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 06 fevral 2024-cü il tarixli 181 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli 18-1-28/2-1719/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İİ siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,374 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 01 ədəd gümüşü kağız bükümündə qanunsuz olaraq əldə edib üzərində saxlaması, 06 dekabr 2023-cü il tarixdə saat təxminən 23 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Qaradağlı kənd ərazisində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,374 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 21 fevral 2024-cü il tarixli 210 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradağlı kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 21 fevral 2024-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlindən peşmandır, yaşayış yerindən müsbət xarakterizə olunur, bir daha narkotik vasitədən istifadə etməyəcəyinə söz verir. Belə olan halda, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 1(021)-201/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 26 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 05 iyun 2024-cü il tarixli, 19/09 nömrəli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2024-cü il tarixədək 03 ay 26 gün müddətini çəkmiş və 01 il 08 ay çəkilməmiş cəzası qalmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmadan yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin qənaətinə görə, bu hal onu göstərir ki, həmin hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs islah təsiri olmamışdır və Təqsirləndirilən şəxs ümumiyyətlə cinayət törətməyə meylli şəxsdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin: 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ayının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 10 (on) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 dekabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-nin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 07 dekabr 2023-cü il tarixli, 16/1247 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat təşkil etmişdir. İş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,324 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01(bir) il 08 (səkkiz) ayının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 10 (on) ay azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 0,324 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları tərəfindən isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar