Məhkəmə qərarları › İş №1(021)-74/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-74/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-74/2025 26.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı , Zərərçəkmiş şəxs, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Laçın rayonu, Oğuldərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Laçın rayonu, Oğuldərə kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Şatırlı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Bərdə rayonu, Şatırlı kəndində yerləşən fərdi yaşayış evlərinin yaxınlığında olan Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinə gəlib həmin gün günorta saatlarında onlara məxsus iribuynuzlu heyvanların həmin torpaq sahəsində otlamasına görə Zərərçəkmiş şəxs həmin iribuynuzu heyvanları onların həyətlərinə gətirib onun anası X1 irad bildirməsini bəhanə edib özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edərək özü ilə gətirdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan ağac parçası ilə Zərərçəkmiş şəxs sağ said nahiyəsinə, yumruqla sifət nahiyəsinə qəsdən vurub yerə yıxaraq, həmçinin yerdə isə təpiklə qarın və baldır nahiyələrinə qəsdən vurub xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına, C3 fəqərəsinin yan çıxıntısının yerdəyişmiş sınığı, sağ saidin aşağı 1/3-nin ön bayır səthinin, qarının aşağı 1/3-nin sağ yan səthinin, sol baldırın orta 1/3-nin bayır səthinin qançırları ilə müşayiət olunmaqla sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən az ağır zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Şatırlı kəndində anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs demək olar ki, tanımır, həmin qadını cəmi bir dəfə görmüşdür. Həmin qadın Bərdə rayonu, Şatırlı kəndində yaşayan Bayramın arvadı olduğunu bilmişdir. Onların torpaq sahəsi onun evinin yaxınlığında yerləşir. Bu səbəbdən təsadüfi hallarda onlara məxsus olan iribuynuzlu heyvanlar açılaraq, Zərərçəkmiş şəxsgilin sahəsinə keçmişdir. Bu səbəbdən Şahnazla, əri Bayram və onların arasında sözlü mübahisə olmuşdur. Təxminən 1 il əvvəl Şahnaz onların evinə gələrək, onunla birlikdə yaşayan anası X2 təhqir etmişdir. Həmin vaxtda o, evdə olmamışdır və evə gəldikdən sonra Şahnazın əri Bayrama bu barədə bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində o, Bərdə şəhərində olan zaman, anası Rəna Mikayılova onun telefonuna zəng edərək, iribuynuzlu heyvanlarının açılaraq Şahnaza məxsus sahəyə keçdiyini, buna görə də Şahnazın onun yaşadığı evə gələrək, anasını nalayiq ifadələr işlədərək, təhqir etdiyini bildirmişdir. Həmin vaxt o, Bərdə şəhərindən çıxaraq evə qayıtmışdır. Təxminən 2 il əvvəl də eyni məsələyə görə Şahnaz onların evinə gələrək anasını təhqir etmiş, onun həyat yoldaşı Bayrama zəng edib narazlığını bildirdikdə onlar onu polisə şikayət etmişlər. Təxminən 1 il əvvəl də başqa buna oxşar hadisə baş vermiş, Şahnaz yenə anasının yaşadığı evə gələrək onu nalayiq ifadələrlə təhqir etmiş. Bayrama zəng edib həyat yoldaşının hərəkətləri barədə ona məlumat verəndə Bayram Şahnazın öhdəsindən gələ bilmədiyini bildirmişdir. Anası onu barədə ona məlumat verəndən sonra istifadəsində olan ağ rəngli “Niva” markalı avtomobili ilə Şahnazın torpaq sahəsinə getmişdir. Şahnaz avtomobil yolundan təxminən 150 metr kənarda olmuşdur. Ona yaxınlaşıb onu tanıyıb-tanımamasını soruşmuş, sonra Rənanın oğlu olduğunu, əkdikləri yoncalarına heyvanlarının ziyan vurduğunu, ziyanı ödəməyə hazır olduğunu bildirmiş, anasını nə üçün təhqir etdiyini soruşmuşdur. Şahnaz ona cavabında yaxşı etdiyini bildirmişdir. O həmin vaxt heç nə etmədən oradan çıxıb getmişdir. O, heç Şahnaza yaxın getməmişdir. Daha sonra o, evə getmiş və anası ilə görüşmüşdür. Anasına onun başına gələn barədə danışmışdır və bundan sonra o, həmin gün dostuna köməklik etmək məqsədi ilə Laçın rayonuna getmişdir. Laçında olan zaman ona polisdən zəng gəlmiş və Zərərçəkmiş şəxs ondan şikayət etməsini öyrənmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona verilən əlavə suallara vacab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs tamamilə yalan danışır, o, Şahnazı vurmamış, o, heç Şahnaza yaxın getməmişdir. Orada dava olmamışdır, aralarında sözlü mübahisə olmuşdur və həmin hadisə sahədə olmuş, ətrafda kənar şəxslər olmamışdır. O, heç Şahnazı yaxından görməmiş və üzərində qızıl olubolmadığını bilməmişdir. Həmin qadın həmin vaxt iribuynuzlu heyvanları götürməyə gəlməmişdir, iribuynuzlu heyvanları otarmağa gələ şəxs üzərində qızıl gəzdirməməlidir. O, Şahnazı itələməmiş və təhqiqat zamanı da elə bir şey deməmişdir. O, Şahnaza heç yaxınlaşmamış, elə bir şey olmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Şatırlı kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı adamı o, əvvəl tanımamışdır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Təxminən, 2023-cü ilin iyun-iyul aylarında onlara məxsus olan pay torpağında yonca sahəsi əkmişdir. Həmin vaxt onun sahəsinin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs və anası Rənanın heyvanları onun sahəsinə daxil olmuşdur. Bunun üstündə Cəbrayılın anası olan Rəna ilə arasında sözsöhbət olmuşdur. Hətta bununla bağlı polis şöbəsində araşdırma da aparılmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, onun oğlu Həsənov Mütalib hərbi xidmətdə olduğu üçün sahədə olan heyvanların qarşısına o, özü çıxmışdır. O, sahəyə gələn zaman onların sahəsində 7 baş iribuynuzlu heyvanın olduğunu görmüşdür. Həmin heyvanların kimə məxsus olmasını bilməmişdir, bununla bağlı video da çəkmişdir. Bundan sonra o, heyvanları qovmuşdur ki, sahədən çıxsınlar, o, həmin heyvanları qovduqda, sahənin yanında olan Rənanın evinə daxil olduğunu görmüşdür. Rənanın evinin qarşısına getmiş və həmin arvada “yenə sənin mallarındı, bizim sahəyə keçibdi” ifadəsini işlətmişdir. Həmin qadın oturub yun yolmuşdur, yerindən durmayaraq, onun ünvanına nalayiq söyüşlər söymüşdür. Onların arasızda söz-söhbət başlamış, Rəna onun əleyhinə pis-pis söyüşlər söymüşdür. O da Rənaya “dediyin sözlər hamısı sənsən, həmin heyvanları əzizlərinin ehsanına töküm” ifadəsini işlətmişdir. Bundan sonra həmin qadın söyüşlər söymüş, o da oradan uzaqlaşaraq, öz sahəsinə daxil olmuşdur. Təxminən, 1 saat sonra, 17:00 radələrində onun sahəsinin yanında bir ədəd ağ rəngli Niva markalı maşın saxlamışdır. Həmin maşından bir nəfər şəxsin əlində ağacla bərabər onun yanına gəldiyini görmüşdür. O, həmin şəxsi tanımamışdır, sahədən keçdiyini güman etmişdir. Ona yaxınlaşaraq “mənim kim olduğumu, sən bilirsən?” ifadəsini işlətmişdir. Onda həmin şəxsin kim olduğunu bilmədiyini demişdir. Həmin şəxs ona “qapısına mal aparıb ötürdüyün qadının oğlu Cəbrayılam” demişdir. Onun üzərinə gəlmiş, qolundan tutub dartmış və nə qədər ziyan dəyibsə ödəyəcəyini bildirmişdir. O da qadın olduğunu, qolunu tutmamasını bildirdikdə, ona söyüş söyməyə başlamışdır. O, nə olduğunu başa düşə bilməmiş, bu zaman onun ağzına yumruq zərbəsi vurmuşdur. O, həmin yumruq zərbəsinə görə yıxılmış, daha sonra o, yerdə olan zaman yerdə onun üzünə yumruq və sillə zərbələri vurmuş, daha sonra onun qoluna əlində olan ağacla vurmuşdur. O, əlini tutan zaman yerdə onun qarnına da təpik zərbəsi vurmuşdur. Daha sonra onun saçından tutaraq, yerdə sürümüş və ona “səni aparıb başına oyun açaram” və digər pis ifadələr işlətmişdir. O, özünə gələrək, ona müqavimət göstərmiş, onu aparıb maşının baqajına salacağını demişdir. O da Cəbrayılın üzünə əl atmışdır, müqavimət göstərmiş, bundan sonra onu buraxaraq getmişdir. O da Cəbrayıla bunun əvəzini çıxacağını demişdir, yenidən üzərinə gələrək, onun üzünə sillə vurmuşdur və onun şərəf və ləyaqətini təhqir edərək oradan arxa-arxaya baxaraq uzaqlaşmışdır. Bundan sonra o, yoldaşı Şahid5 telefonuna yığaraq, onu “Cəbi” adlanan Cəbrayılın döydüyünü bildirərək, gəlməsini istəmişdir. Yoldaşı Bayram sahəyə kəndin taksisi olan Vidadi ilə birikdə gəlib çatmışdır. Yoldaşı çatan zaman qonşu sahədən səsə Malik adlı şəxs də gəlmişdir. Yoldaşı Bayrama, Vidadiyə və Malikə qonşuluqda yaşayan Cəbrayılın onu döyməsini bildirmişdir. O, evə çatdıqdan sonra AR DİN-nin 102 xidmətinə çataraq bu barədə bildirmişdir. Bundan sonra onun hayına yoldaşının xalası Səkinə Mahmudova və Səkinənin oğlu Vidadi Mahmudov gəlmişdir. Onlar onun vəziyyətini görmüşdür, onun bədəninin hər yeri qançır olmuşdur, boynunun ağrısına dözə bilmədiyi üçün Bərdə rayon Müalicə və Diaqnostika Mərkəzinə getmişdir. Bundan başqa bildirmişdir ki, həmin şəxsin gözləri dönmüşdür və özündə olmamışdır, o, həmin şəxsin narkotik vasitənin təsiri altında olduğundan şübhələnmişdir. Çünki, normal insan bir qadına qarşı belə hərəkət etməzdir. Həmin şəxs onu vuran zaman qulağında olan bir cüt sırqası da açılaraq, yerə düşmüşdür. Həmçinin Zərərçəkmiş şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisə 01 oktyabr 2024-cü il tarixdə saat təxminən 17:00-18:00 radələrində Bərdə rayonu, Şatırlı kəndində yerləşən ərinə məxsus olan pay torpaq sahəsində baş vermişdir. Hadisə təxminən 10-15 dəqiqə müddətinə çəkmişdir. Hadisə yerində Cəbrayıl və ondan başqa heç kim olmamışdır. Hadisədən dərhal sonra əri Şahid5, kənddə taksi işləyən Vidadi, qonşu sahədə su sulayan Malik, ərinin xalası Səkinə Mahmudova, ərinin xalası oğlu Vidadi Mahmudovun xəbəri olmuşdur. Bu hadisələr nəticəsində ancaq o, xəsarət almışdır. Ondan başqa heç kim xəsarət almamış, onun xəsarəti boynundan, çənəsindən, qolundan, başından və qarnından olmuşdur. Həmin Təqsirləndirilən şəxs onun başına, boynuna, üzünə, qoluna, qarnına çoxlu sayda yumruq, təpik zərbələri vurmuşdur. Əlində olan ağacla da qoluna və ayağına zərbə vurmuşdur. Təqsirləndirilən şəxs əlində olan ağac təxminən, 1 metr olmuş, yoğun imiş və zoğal ağacından yonulmuşa bənzəmişdir. Keçən ilin iyun-iyul aylarında heyvanları onların sahəsinə daxil olmuşdur. Bu səbəbdən də aralarında mübahisə olmuşdur, lakin həmin vaxtdan xx.xx.2024-cü il tarixə kimi heç bir hadisə baş verməmişdir. Təqsirləndirilən şəxs yalan danışır, Təqsirləndirilən şəxs onu döymüşdür, onu pis sözlərlə təhqir etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Şatırlı kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir. Cəbrayıl ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, yaşadığı kənddə işləmişdir. İş görən zaman arvadı Şahnaz ona zəng edərək, qonşusu Cəbi adlı şəxsin onu döydüyünü bildirmişdir. Bu zaman Vidadi adlı taksi ilə birlikdə o, sahəyə yaxınlaşmışdır. O, sahəyə çatan zaman yoldaşı Şahnaz yerə yıxılmış vəziyyətdə olmuşdur. Ancaq Cəbrayıl orada olmamışdır. O, nə baş verdiyini Şahnazdan soruşduqda Şahnaz Cəbi tərəfindən döyüldüyünü söyləmişdir. Bu zaman taksi Vidadi Hünbətov ilə onu sahəlikdən evə aparmışdır. Özü isə orada qalmışdı. Oraya Malik adlı həmkəndlisi gələrək bildirmişdir ki, o hadisə yerindən bir az kənarda olmasına baxmayaraq uzaqdan kiminsə ağladığını, sillə səsinin gəldiyini eştmiş ona görə də buraya gəlmişdir. Gəlməmişdən əvvəl uzaqdan ağ rəngli “Niva” markalı avtomobil görmüş, əvvəl maşının qonşusu Muxtara aid olduğunu yəqin etmiş, daha sonra Cəbrayılın Şahnazı döyməsin bildikdən sonra başa düşmüşdür ki, bu maşın Cəbrayılın maşınıdır. Evə getdikdən sonra xalası oğlu Vidadi Mahmudov yoldaşı Şahnazı xəstəxanaya çatdırmışdır. O, həmin hadisəni görməmiş, hadisə vaxtı kənddə işdə olmuşdur. Hadisədən dərhal sonra Şahnazdan eşitdiklərini qeyd etmişdir və yenə bildirmişdir ki, heyvanların üstündə Şahnazla Rəna arasında sözlü mübahisə olmuşdur. Həmin mübahisədən sonra Cəbrayıl sahəyə gedərək, köməksiz vəziyyətdə olan həyat yoldaşını döyərək, söyüb təhqir etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Şatırlı kəndində ailəsilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs ilə eyni kənddə yaşayır, həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə saat təxminən 17:00-18:00 radələrində o, Bərdə rayonu, Şatırlı kəndində sahədə su sulayan zaman qonşu sahədə qışqırtı səsi eşitmişdir. O, kişi səsi eşitmişdir və həmin kişi kimisə ağır ifadələrlə söyüb təhqir edirdi. Onun olduğu sahədən həmin yerə təxminən, 500-600 metr məsafə vardır. O, hansısa kişilərin dalaşdığını fikirləşmiş, oraya gedəndə bir ağ rəngli Nivanın oradan uzaqlaşdığını görmüşdür. O, dalaşan şəxslərin oradan aralaşdığını fikirləşib arxaya qayıtmaq istəyən zaman, sahənin ortasında bir qadının olduğunu görmüşdür. O, həmin qadına yaxınlaşan zaman onun Zərərçəkmiş şəxs olmasını müəyyən etmişdir. O, tez ona yaxınlaşıb, kömək etmək istəmişdir. Həmin qadın yerdə yıxılı vəziyyətdə olmuşdur. Qulağının üzərində qan ləkələri görmüşdür. O, qadından nə baş verməsini soruşduqda “Cəbi” kimi adlanan Cəbrayılın onu vuraraq döydüyünü bildirmişdir. Onun saçı dağınıq vəziyyətdə idi. Platarları tozla çirklənmişdi. Həmin vaxt ora Şahnazın əri Şahid5 və kənddə taksi işləyən Vidadi adlı şəxs gəlmişdir. Onların köməyi ilə Zərərçəkmiş şəxs Vidadinin VAZ 2106 markalı avtomobilinə qoymuşlar və onlar oradan getmişdirlər. Daha sonra o da oradan sahəyə qayıdıb su sulamağa davam etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 qızı, Şahid3, Şahid4 öz ifadəsində Şahid5 ilə oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsini təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 24 dekabr 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi 24 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 3-56-cı vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə rayonu, Şatırlı kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:07 radələrində Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək, Cəbi adlı şəxsin onu döyməsini, döyülmə nəticəsində qızıl sırğalarının düşərək itməsi barədə məlumat verməsi, həmçinin materiala əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X4” X6 Bərdə rayon şöbəsinin 20 oktyabr 2024-cü il tarixli 787 nömrəli rəyində Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- C3 fəqərəsinin yan çıxıntısının yerdəyişmiş sınığı, sağ saidin aşağı 1/3-nin önbayır səthinin, qarının aşağı 1/3-nin sağ yan səthinin, sol baldırın orta 1/3-nin bayır səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilməsinin göstərilməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 100-103-cü vərəqələrində olan cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 22 fevral 2025-ci il tarixində cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmiş və cinayət işi üzrə icraat həmin maddə ilə davam etdirilmişdir. Cinayət işinin 114-115-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 11 mart 2025-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 135-136-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2025ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 153-154-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-dən azad olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 26-28-ci vərəqəsində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2024-cü il tarixli 787 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- C3 fəqərəsinin yan çıxıntısının yerdəyişmiş sınığı, sağ saidin aşağı 1/3-nin ön-bayır səthinin, qarının aşağı 1/3-nin sağ yan səthinin, sol baldırın orta 1/3-nin bayır səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 57-58-cı vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 96-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 98-99-cu vərəqələrində olan Bərdə rayon İHB-nin Şatırlı kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli 81 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Şatırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxslə barışmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, 12 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, 12 mart 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilərək Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Bərdə Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş « polisin nəzarəti altına vermə » qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək 11 mart 2025ci il tarixindən 12 mart 2025-ci il tarixinədək həbsdə saxlanıldığı müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 26 may 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixindən 12 mart 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 01 (bir) gün müddətin azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalndan dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 26 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar