Məhkəmə qərarları › İş №1(021)-77/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-77/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-77/2025 29.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məmmədova Aypara Adil qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı il tarixdə Cəlilabad rayonu Alar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin açıq baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə Bərdə rayonu, Əmirli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə 2024-cü ilin aprel ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının qarşısında görüşüb danışaraq sonuncunun oğlu Şahid1 Cəmşid Naxçıvanski adına hərbi liseyə kursant kimi düzəldəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək məqsədi ilə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda sonuncunun qaynı Ağdam rayonu, Papravənd kənd sakini Şahid2 vasitəsilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının qarşısında 500 manat pulunu, daha sonra isə növbəti gün, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının qarşısında Zərərçəkmiş şəxsla görüşüb 700 manat pulunu, bundan sonra 31 may 2024-cü il tarixdə 09:22 dəqiqədə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Yerli içkilər» mağazasının içərisində quraşdırılmış «MilliÖn» ödəniş terminalı aparatından onun bu cinayətkar niyyətindən xəbəri olmayan Azərbaycan Beynəlxalq Bankına mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan naməlum tanışının kart hesabına Zərərçəkmiş şəxs 1500 (min beş yüz) manat pulunu, bundan təxminən 1 həftə sonra dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən «Şəhriyar market»in içərisində quraşdırılmış «Mpay» ödəniş terminalı aparatından onun bu cinayətkar niyyətindən xəbəri olmayan Azərbaycan Beynəlxalq Bankına mənsub istintaqla müəyyən edilməsi mümkün olmayan naməlum tanışının kart hesabına Zərərçəkmiş şəxs 1500 (min beş yüz) manat pulunu köçürmə vasitəsilə aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirib ümümilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 4200 (dörd min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İstintaq zamanı iş üzrə əhəmiyyət kəsb edən xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, AAF park yaşayış kompleksində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. O, əvvəllər uzun müddət Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi hissələrində müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmət göstərmiş, sonra isə ehtiyata buraxılmışdır. Bu səbəbdən də ayrı-ayrı idarələrdə tanışları vardır. 2024-cü ilin aprel ayında o, Müdafiə Nazirliyinin Klinik Hərbi Hospitalının qarşısında bir neçə nəfər tanımadığı şəxs ilə söhbət etmişdir. Həmin ərəfə şagirdlərin Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul üçün komissiyadan keçmək vaxtlarına təsadüf etmişdir. Bu zaman ona iki nəfər tanımadığı şəxs yaxınlaşmış və bildirmişdir ki, "sizin bu işlərdən anlayışınız varsa bizə kömək edə bilərsinizmi?" O da kömək edə biləcəyini söyləmişdir. Bu zaman həmin şəxslərdən biri ona oğlunun hərbi liseyə qəbul olmaq istədyini bildirmişdir. Bu səbəbdən də komissiyadan keçmək üçün kömək istəmişdir. O, uşağı komissiyadan keçirə biləcəyini söyləmişdir. Bu zaman uşağı o, klinikaya daxil edərək komissiyadan keçməsi üçün həkimlərə yönləndirmişdir. Sonra isə həmin iki nəfər şəxsin yanına qayıtmışdır. Uşağın valideyni Natiq ona uşağın bilik səviyyəsinin aşağı olduğunu, imtahanda uğur əldə edə bilməyəcəyini söyləmişdir. O, isə imtahanda uğursuz olarsa işin çətin ola biləcəyini söyləmişdir. Həmin şəxslər isə ondan işin həll olunması üçün başqa yolun olub-olmadığını soruşmuşdurlar, hər hansı maddi müqabilində işi həll etməyin mümkünlüyünü ona bildirmişdirlər. O, isə kömək etməyə çalışacağını demişdir. Uşağın atası bu iş üçün nə qədər pul lazım olduğumu soruşmuşdur. O, isə komissiyadan keçmək üçün 1200 manat, işin həlli müqabilinda 3000 manat pul lazım olduğunu bildirmişdir. Bir müddət sonra uşağın dayısı kimi özünü təqdim edən şəxs ona 500 manat pul gətirmişdir. Növbəti gün isə uşağın atası və dayısı ona yaxınlaşaraq 700 manat pul vermişdirlər. Qalan pulu isə rayona getdikdən sonra göndərəcəklərini söyləmişdirlər. O, həmin şəxslərə pul göndərməsi üçün kart hesabı vermiş, lakin həmin kart hesabının kimə aid olduğunu xatırlamır, lakin onun istifadəsində olmuşdur. 2024-cü ilin may ayında Natiq əvvəlcə kart hesabına 1500 manat, sonra isə 1500 manat olmaqla, 3000 manat pulu göndərmişdir. Natiqin oğlu İsa imtahandan 0 bal toplamışdır. Bu səbəbdən də İsanın Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olması mümkün olmamışdır. Bu səbəbdən də o, Natiqlə əlaqə saxlayan zaman uşağın qəbul olmadığını söyləmiş və Natiqin ona verdiyi kart hesabına əvvəlcə 500 manat, sonra isə 100 manat pul göndərmişdir. Qalan ziyanlığı da qaytaracağını demişdir. Lakin maddi imkanının zəifliyindən o, həmin pulu qaytara bilməmişdir. O, qalan pulu da qaytaracağına söz vermişdir. O, bu əməli törədərkən heç bir şəxslə əlbir olmamış, həmin puldan hər hansı bir şəxsə göndərməmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Bərdə rayonu, Əmirli kəndində ailəsi ilə birlikdə yaşayır. Halhazırda işləmir. Şahid1 onun oğludur. Oğlu İsa daima hərbiçi olmaq arzusunda olmuşdur və bu səbəbdən də 9-cu sinifi bitirdikdən sonra Bakı şəhərində yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmaq istəmişdir. Bu səbəbdən də o, İsanın sənədlərini hazırlayaraq Bakı şəhərində yerləşən hərbi həkim komissiyasına getmişdir. Bu zaman İsa və ondan başqa qaynı Şahid2 da onlarla olmuşdur. Xəstəxananın qarşısında onlar Təqsirləndirilən şəxs adlı şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü hərbçi kimi təqdim etmiş və İsanın hərbi liseyə qəbul olmasına köməklik edəcəyini bildirmişdir. Afiq həmin vaxt onlara özünü səlahiyyətli şəxs şəxs kimi təqdim edərək hərbi liseyə qəbul ilə əlaqədar bütün işlərə özü baxdığını bildirmişdir. Bu zaman onlar Afiqin "Ford Fusion" markalı avtomobilinə əyləşmişdir. O, İsanın təhsil səviyyəsinin aşağı olduğunu bildirmişdir. Afiq isə ona problem olmadığını, işi həll edə biləcəyini söyləmişdir. Afiq ona bu iş üçün 5000 manat pul lazım olduğunu söyləmişdir. O, isə o qədər pulunun olmadığını demişdir. Son olaraq o, Afiqlə 3000 manata razılaşmışdır. Bu zaman Afiq İsanı götürüb xəstəxanaya aparmışdır. Daha sonra isə Afiq yanına gəlmişdir. Bir müddət sonra isə İsa komissiyadan keçib yanına qayıtmışdır. Afiq ona komissiyadan keçmək üçün 1200 manat pul lazım olduğunu bildirmişdir. Ona gün ərzində 500 manat pulu təcili göndərməli olduğunu söyləmişdir. O, Bərdə rayonuna qayıtmışdır. O, Bərdə rayonuna çatan kimi 500 manat pulu Afiqə verməsi üçün qaynı Azaya göndərmişdir. Azay isə həmin gün 500 manat pulu götürərək Afiqə vermişdir. Növbəti gün o, Bakı şəhərinə yola düşmüşdür. O, 700 manat pulu qaynı Azayın yanında Afiqə vermişdir. Afiq isə komissiyanın həll olduğunu bildirmişdir. Afiq qısa müddətdə 3000 manatı göndərməsini ondan istəmişdir. O, da İsa ilə birlikdə Bərdə rayonuna qayıtmışdır. O, Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən "Yerli İçkilər" mağazasında 1500 manat pulu Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 1500 manat pulu göndərmişdir. Afiq isə ona zəng edərək 1500 manat pulu da göndərməsini istəmişdir. O, isə bir həftə sonra Bərdə rayonunda yerləşən "Şəhriyar" marketdə 1500 manat pulu Təqsirləndirilən şəxs ona təqdim etdiyi həmin kart hesabına göndərmişdir. Afiq isə ona 01 sentyabr 2024-cü il tarixdən dərsə başlayacağını bildirmişdir. Sentyabr ayında o, İsa ilə bağlı heç bir çağırışın olmadığını gördükdə vəziyyətdən şübhələnmişdir. O, Afiqə zəng etdikdə Afiq qısa müddətdə İsanı çağıracaqlarını söyləmişdir. Ancaq yenə bir xəbər çıxmamışdır. Bu zaman Afiqin onu aldatdığını başa düşmüşdür. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs pulunu tələb etməyə başlamışdır. Afiq hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Təxminən oktyabr ayında Afiq onun verdiyi kart hesabına əvvəlcə 500 manat, sonra isə 100 manat pul qaytarmışdır. Hal-hazırda Afiqin ona 3600 manat verəcəyi qalmışdır. Aparılan istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs və iş üzrə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, "mən sənə qaynım Azayın vasitəsilə 500 manat, Bakı şəhərində Azayın yanında 700 manat. sənin mənə verdiyin kart hesabına 2 dəfə ayrıayrılıqda 1500 manat olmaqla ümumilikdə 4200 manat pulu mənim oğlum Şahid1 Cəmşid Naxçıvanski adına hərbi liseyə düzəltmək üçün vermişəm. Sən isə mənə məxsus pulu dələduzluq yolu ilə ələ keçirib, məni aldatmısan. Həmin puldan 100 manat və 500 manat olmaqla, ümumilikdə 600 manatını mənə geri qaytarmısan. Hazırda sən mənə 3600 manat maddi ziyan ödəməlisən." Təqsirləndirilən şəxs isə sonuncunun dediklərini təsdiq edərək, Təqsirləndirilən şəxs söylədiklərini təsdiqləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Əmirli kəndində ailəsi ilə birlikdə yaşayır. Bərdə rayonu, Əmirli kəndi tam orta məktəbin 10-cu sinifində təhsil alır. O, daima hərbçi olmaq arzusunda olmuş və bu səbəbdən də 9-cu sinifi bitirdikdən sonra Bakı şəhərində yerləşən Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmaq istəmişdir. Atası ilk əvvəl onun hərbçi olmasına narazı olsa da onun təkidli tələbi ilə razılıq vermişdir. Bu səbəbdən də onlar sənədlərini hazırlayaraq Bakı şəhərində yerləşən hərbi həkim komissiyasına getmişdirlər. Bu zaman atası və ondan başqa dayısı Şahid2 da onlarla olmuşdur. Xəstəxananın qarşısında onlar Təqsirləndirilən şəxs adlı şəxs ilə tanış olmuşdurlar. Təqsirləndirilən şəxs özünü hərbçi kimi təqdim etmiş və onun hərbi liseyə qəbul olmağına köməklik edəcəyini bildirmişdir. Afiq həmin vaxt onlara özünü səlahiyyətli şəxs şəxs kimi təqdim edərək hərbi liseyə qəbul ilə əlaqədar bütün işlərə özü baxdığını bildirmişdir. Bu zaman atası və dayısı Afiqin "Ford Fusion" markalı avtomobilinə əyləşmişdirlər. Atası onun təhsil səviyyəsinin aşağı olduğunu bildirmişdir. Afiq isə problem olmadığını, işi həll edə biləcəyini söyləmişdir. Afiq atasına bu iş üçün 5000 manat pul lazım olduğunu söyləmişdir. Atası isə o qədər pul olmadığını demişdir. Son olaraq atası Afiqlə 3000 manata razılaşmışdır. Bu zaman Afiq onu götürüb xəstəxanaya aparmışdır. Afiq onu xəstəxanada adını bilmədiyi həkimin yanına göndərərək onu Afiq müəllimin tapşırdığını söyləməyini istəmişdir. O, həmin günü bir neçə tibbi komissiyadan keçmişdir. Atası isə Bərdə rayonuna qayıdaraq onu komissiyadan keçirmək üçün dayısı Azayın kartına 500 manat göndərmişdir. Dayıs Azay 500 manat pulu onun yanında Afiqə vermişdir. Növbəti gün atası Bakı şəhərinə gələrək 700 manat pulu dayısı Azayın yanında Afiqə vermişdir. Afiq isə komissiyanı həll olduğunu bildirmişdir. Afiq atasından qısa müddətdə 3000 manatı göndərməsi istəmişdir. O, da atası ilə birlikdə Bərdə rayonuna qayıtmışdır. Atası Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən "Yerli İçkilər mağazasında 1500 manat pulu Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına göndərmişdir. Afiq isə zəng edərək 1500 manat pulu da göndərməsini istəmişdir. Atası isə bir həftə sonra Bərdə rayonunda yerləşən "Şəhriyar" marketdə 1500 manat pulu Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kart hesabına göndərmişdir. Afiq isə onlara 01 sentyabr 2024-cu il tarixdən dərslərin başlayacağını bildirmişdir, bu səbəbdən də 12 avqust tarixində çağırılacağını söyləmişdir. Sentyabr ayında onlar iş ilə bağlı heç bir çağırışın olmadığını gördükdə vəziyyətdən şübhələnmişdir. Atası Afiqə zəng etdikdə Afiq qısa müddətdə onu çağıracaqlarını söyləmişdir. Ancaq yenə bir xəbər çıxmamışdır. Bu zaman Afiqin onları aldatdığını başa düşmüşdür. Bu səbəbdən də atası Təqsirləndirilən şəxs pulu tələb etməyə başlamışdır. Afiq hər dəfə müxtəlif bəhanələrlə onları aldatmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki. Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 62, 32.4, 312.2, 66.3 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 700 manat cərimə cəzasına məhkum edilmişdir, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.3 və 73.2-ci maddələri rəhbər tutulmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələb əməliyyat-sorğu kartotekasına əsasən Zərərçəkmiş şəxs barəsində əməliyyat-sorğu kortotekasında heç bir məlumat yoxdur. İstintaq materiallarına əlavə edilmiş Füzuli Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2., 178.2.3, 62, 32.4, 312.2, 66.3 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 700 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə sorğu verilmiş, lakin araşdırma müddətində həmin sorğuya cavab verilməmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxsnın adına nəqliyyat vasitəsinin olub-olmamasını yoxlmaq məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yevlax RQİ və TBŞ-yə sorğu verilmiş, lakin araşdırma müddətində cavab əldə edilə bilməmişdir. İş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, üzləşdirmə protokolları, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilmiş və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı amnistiya aktının tətbiq edərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi barışıq əldə olunduğunu, zərərin ödənilməsini və təqsirləndirilən şəxsin özünü təqsirli bilməsini nəzərə alaraq, barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxs, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü CM-nin 178.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Qeyd olunmalıdır ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət işi üzrə dəymiş zərərin ona tam şəkildə ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və onun himayəsində xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 olması yuxarıda qeyd edilən amnistiya qərarının 1.16 və 5.1-ci bəndləri onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs barəsində müəyyən olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16 və 5.1-ci bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma və məhkəmə iştirak etdiyi 25 (iyirmi beş) saata görə Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bərdə rayon Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar