Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-79/2024 23.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1962-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri Füzuli küçəsi ev 91-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 60,42 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 1110 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri Füzuli küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 1200 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol yan cibindən 1(bir) ədəd şəffaf polietilen torbada, təmiz çəkisi 60,42 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 10 ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitə istifadə etdiyinə görə əvvəllər də məhkum olunmuşdur. 23 yanvar 2024-cü il tarixdə saat 09 radələrində dəmir yığmaq üçün Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən dəmiryol xəttinin yaxınlığında olan zibilxanaya getmişdir. Zibillikdə yerdə şəffaf rəngli sellofana bükülmüş yaşıl rəngli kütlənin olduğunu görmüş, bükülünü götürüb baxdıqda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmişdir. Narkotik vasitəni istifadə etmək üçün özü ilə birlikdə götürmüşdür. Bir qədər dəmir parçası tapdıqdan sonra həmin dəmirləri ata evinə qoymaq üçün Bərdə şəhəri Füzuli küçəsinə getmiş və dəmirləri evə qoymuşdur. Sonra şəhərə getmək üçün Füzuli küçəsi ilə hərəkət edərkən saat təxminən 1110 radələrində tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmiş və onu Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində ona müdafiəçi təqdim edilmiş, müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində saxladığı 01 ədəd sellofan bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd tapança suveniri formasında olan dəmir alışqanı könüllü təqdim etmişdir. Qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 63 qram olmuşdur. Üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Dəmir alışqan isə onun özünə geri qaytarılmışdır. Protokol tərtib edilmiş, həmin protokola imza etmişdir. Narkotik vasitəni öz istifadəsi üçün üzərində saxlamışdır. Səhvini başa düşür, əməlindən peşimandır. Söz verir ki, bir daha narkotik vasitədən istifadə etməyəcək, qanunsuz hərəkətlərə yol verməyəcək. Müxtəlif xəstəliklərdən əziyyət çəkir. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, 23 yanvar 2024-cü il tarixdə Bərdə şəhəri ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, buna görə də tərəfindən xx.xx.2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 1110-da Bərdə şəhəri Füzuli küçəsində saxlanılaraq saat 1120 radələrində Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi təqdim edilərək, şübhəli şəxs qismində tutulmuşdur. Onun, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti Şahid2 və Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, bildirmişdir ki, 2 ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Sonuncuya üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, varsa könüllü olaraq təhvil verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofanı və əynində olan qara rəngli şalvarın sağ tərəf kəmər hissəsinə keçirdiyi tapança suvenirini çıxararaq masanın üzərinə qoymuş, bir ədəd sellofan bükümün içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi həmin kütlələri haradan alması soruşulmuş, sonuncu həmin narkotik vasitəni xx.xx.2024cü il tarixdə Bərdə rayonu Qaradağlı kəndi ərazisində dəmiryol relslərinin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofanda olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 63 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofanda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuş və zərfin üzəri imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Naqan” markalı tapançaya bənzər suvenir alışqana baxış keçirilmiş, lakin heç bir sübut əhəmiyyəti daşımadığı üçün həmin suvenir sonuncunun özünə geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri Şahid3 və Bərdə Rayon Polis Şöbəsinin KTQ-nin baş inspektoru vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 24 yanvar 2024-cü il tarixli, 16/125 saylı Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ‘‘Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf polietlen torbada təmiz çəkisi 60,42 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Marixuananın təmiz çəkisi 60,42 qram, tədqiqata sərf sərf edildi 0,05 qram, qalıq 60,37 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 12 mart 2024-cü il tarixli, 431 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş 17 fevral 2024-cü il tarixli 18-1-28/2-328/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın X1 kabinetində “Çətənə narkomaniyası” diaqnozu ilə Ruhi-əsəb kabinetində “Şizofreniya paranoid forma, tipik variant” diaqnozu ilə dispanser qeydiyyatındadır. Bərdə Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli 2119 saylı Rəydən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə (xx.xx.2024-cü il tarixdə) şizofreniya paranoid forma remissiya vəziyyəti xroniki psixi xəstəliyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs həmin dövrdə onda qeyd olunan xroniki psixi xəstəliyin remissiya mərhələsində olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs onda qeyd olunan xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. -Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (xx.xx.2024-cü il tarixdə) öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. -Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs halhazırda onda qeyd olunan psixi xəstəliyin remissiya (yaxşılaşma) mıərhələsində olduğundan onun vəziyyəti anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirilir. -Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. -Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı sosial təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. -Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanı çəkməsinə imkan verir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “şizofreniya paranoid forma” xroniki psixi xəstəliyinin gələcəkdə kəskinləşməsinin qarşısını almaq məqsədi ilə cəzaçəkmə müəssisəsində psixiatrın müayinəsi və ehtiyac olarsa müalicəsi tövsiyə olunur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 60,42 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlaması, xx.xx.2024-cü il tarixdə saat 1110 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Füzuli küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 1200 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin sol yan cibindən 1(bir) ədəd şəffaf polietilen torbada, təmiz çəkisi 60,42 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda istinad olunan qanunvericilik normasının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli 1211 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Səttarxan küçəsi ev 1-də yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, “Şizofreniya paranoid forma, tipik variant” diaqnozu ilə xəstədir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Bərdə Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətə, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. -Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə olduğu 05 ay və məcburi stasionar müalicədə olduğu 21 gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla üzərində qəti cəza 03 il 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 12 aprel 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitədən istifadə etməsi və satışı ilə məşğul olmasına görə məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin başlanğıcı 23 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin başlanğıcı 23 yanvar2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 24 yanvar 2024-cü il tarixli, 16/125 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 32,40 (otuz iki manat 40 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 60,37 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 60,37 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat 40 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-79/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-79/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver