Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-82/2022 11.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Bərdə rayonu Hacılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Hacılar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə, saat 04 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Bərdə rayonu Mustafaağalı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus tövləyə qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq, həmin tövlədən 1200 manat dəyərində 1 baş yerli cins, boz rəngli diri çəkisi 240-250 kiloqram olan, 13 aylıq erkək dananı gizli yolla talayıb Zərərçəkmiş şəxs 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 29 oktyabr 2021-ci il tarixdə, saat 04 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Bərdə rayonu Mustafaağalı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus tövləyə qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq, həmin tövlədən 1100 manat dəyərində 1 baş yerli cins, ala rəngli diri çəkisi 220-230 kiloqram olan, boğaz, 18 aylıq dananı gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2300 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Hacılar kəndində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Bərdə rayonu Hacılar kəndində yaşayır. Subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bərdə rayonu Mustafaağalı kənd sakini Zərərçəkmiş şəxs xeyli müddətdir tanıyır, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmayıbdır. Zərərçəkmiş şəxs Bərdə rayonu Mustafaağalı kəndində özünə məxsus ferması vardır. Fermada tövlə yerləşir. Həmin tövlənin qapısı, pəncərəsi vardır. Zərərçəkmiş şəxs orada iri buynuzlu heyvanların kökəltməsi ilə məşğul olur. O, 2020-ci ilin aprel ayından Zərərçəkmiş şəxs məxsus fermada işləməyə başlamışdır. Belə ki, o, həmin fermada iri buynuzlu heyvanlara qulluq etmişdir. Bir aralar Zərərçəkmiş şəxs fermasından çıxıb onun əmisi oğlunun yanında işləmişdir. 2021-ci ilin yay aylarından yenidən Zərərçəkmiş şəxs fermasına qayıdıb orada işləməyə davam etmişdir. O, fermanın hər bir halından xəbərdar olmuşdur. Fermada olan itlər də onu tanımışdır, yad adamlara itlər dərhal reaksiya vermişdir. O, gündüzlər fermada işləyib, gecələr isə yaşadığı evə getmişdir. Qardaşı Samir sümük boşluğu xəstəliyindən uzun illərdir əziyyət çəkmişdir, mütəmadi olaraq onu müalicə etdirmişlər. Atası rəhmətə getmişdir, anası evdar qadındır, ailələrinə o, baxmışdır. Qardaşının müalicəsinə pul lazım olduğu üçün o, oğurluq etmək qərarına gəlmişdir. Elə bu səbəbdəndə 10 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində Bərdə rayonu mal bazarına gedərək orada bir nəfər “Qaz 24” markalı yük taksisinin sürücüsünə yaxınlaşmışdır. Həmin tanımadığı şəxsdən Bərdə rayonu Mustafaağalı kəndinə gedib oradan özlərinə məxsus bir baş dananı bazara gətirməsini istəmişdir. Həmin şəxslə Bərdə rayonu Mustafaağalı kəndi ərazisində Ruslana məxsus fermaya getmişdir. Həmin şəxs yolda gözləmiş, o, isə tövləyə qanunsuz daxil olaraq oradan 1 (bir) baş boz rəngli iri buynuzlu dananı oğurlayıb yola çıxmışdır. Həmin heyvanı taksinin yük yerinə mindirmiş və Bərdə rayonu mal bazarına getmişdir. Bazara çatanda taksi sürücüsünə 20 manat yol haqqı vermişdir. Lakin, taksi sürücüsünün onun oğurluq əməlindən heç bir məlumatı olmamışdır. Həmin dananı bazarda tanımadığı şəxsə 600 manata satmışdır. Həmin pulu sonrakı vaxtlarda qardaşı Samirin müalicəsinə xərcləmişdir. Ailə üzvləri pulu haradan əldə etdiyini soruşduqda onlara həmin pulu Ruslandan borc aldığını bildirmişdir. Oğurluq etdiyi gündən bir neçə gün sonra Ruslan fermadan bir baş dananın oğurlanmasını öyrənmiş, lakin, dananın onun oğurladığını bilmədiyi üçün polisə şikayət etməmişdir. 2021-ci ilin oktyabr ayının sonları qardaşı Samirin müalicəsinə pul lazım olduğu üçün yenidən Zərərçəkmiş şəxs məxsus fermadan oğurluq etmək qərarına gəlmişdir. 29 oktyabr 2021-ci il tarixdə saat 04 radələrində Bərdə rayonu mal bazarına gedərək orada bir nəfər “Qaz 31” markalı yük taksisinin sürücüsünə yaxınlaşmışdır. Həmin tanımadığı şəxsdən Bərdə rayonu Mustafaağalı kəndinə gedib oradan özlərinə məxsus bir baş dananı bazara gətirməsini istəmişdir. Həmin şəxslə Bərdə rayonu Mustafaağalı kəndi ərazisində Ruslana məxsus fermaya getmişdir. Həmin şəxs yolda gözləmiş, o, isə tövləyə qanunsuz daxil olaraq oradan 1 (bir) baş ala əngli iri buynuzlu dananı oğurlayıb yola çıxmışdır. Həmin heyvanı taksinin yük yerinə mindirmiş və Bərdə rayonu mal bazarına getmişdir. Bazara çatanda taksi sürücüsünə 20 manat yol haqqı vermişdir. Lakin, taksi sürücüsünün onun oğurluq əməlindən heç bir məlumatı olmamışdır. Həmin dananı bazarda tanımadığı şəxsə 580 manata satmışdır. Həmin pulu sonrakı vaxtlarda qardaşı Samirin müalicəsinə xərcləmişdir. Ailə üzvləri pulu haradan əldə etdiyimi soruşduqda onlara həmin pulu Ruslandan borc aldığımı bildirmişdir. Sonrakı günlərdə Ruslan fermasında ikinci dəfə də ala rəngli danasının oğurlanmasını öyrənmişdir. Artıq bu dəfə Ruslan ona heyvanlarının oğurlanmasında ondan şübhələndiyini bildirmiş, lakin, o, etiraf etməmişdir. Ruslan onun barəsində polis şöbəsinə şikayət edəcəyini bildirmişdir. 06 noyabr 2021-ci il tarixdə onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində etdiyi oğurluq əməllərini etiraf etmişdir. Elə həmin gündən də Zərərçəkmiş şəxs fermasından işdən çıxmışdır. Əlavə olaraq qeyd edir ki, başqa oğurluq əməlləri etməmişdir, etdiyi oğurluq əməlini səmimi etiraf etmiş və əməlinə görə peşmandır. Məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə rayonu Mustafaağalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Mustafaağalı kəndində özünə məxsus fermadan 2 baş iri buynuzlu heyvanının oğurlanması barədə Bərdə RPŞ-nə ərizə ilə müraciəti özü etmişdir. Müraciəti ilə bağlı qeyd edir ki, yaşadığı kənd ərazisində kənd təsrüfatı ilə məşğul olmaq məqsədi ilə 2015-ci ildə ferma inşa etdirmişdir. Həmin tarixdən də, orada iri və xırda buynuzlu heyvanlar saxlamışdır. 11 aprel 2020-ci il tarixdə tanıdığı Oruc adlı şəxsi fermada heyvanlara nəzarət etməsi üçün işə götürmüşdür. Oruc 08 dekabr 2020-ci il tarixədək fermada işləmişdir. 11 dekabr 2020-ci il tarixdə isə əmisi oğlunun tövləsində ona məxsus təxminən 19-20 baş iri buynuzlu heyvanı bordaq etməyə başlamış və həmin tarixdən Oruc bordaq edilən heyvanlara nəzarət etmiş və aralarında heç bir problem yaşanmamışdır. 2021ci ilin yay aylarından isə Oruc yenidən onun yanında işləməyə başlamışdır. Tövlədə 23 baş iri buynuzlu heyvanlara Oruc nəzarət etmişdir. 10 sentyabr 2021-ci il tarixdə axşam saatlarında heyvanları sayan zaman 1 baş yerli cins, boz rəngli, diri çəkisi 240-250 kiloqram olan, 13 aylıq, təxmini dəyəri 900 manat təşkil edən erkək dananın tövlədə olmadığını görüb oğurlanmasını anlamışdır. Həmin heyvanın oğrulanması ilə bağlı özü araşdırma aparmağa başlamışdır. İlk vaxtlarda Orucdan şübhələnsə də lakin, əlində əsaslı dəlilləri olmamışdır. 29 oktyabr 2021-ci il tarixdə səhər saatlarında heyvanları sayan zaman fermasından 1 baş yerli cins, ala rəngli, diri çəkisi 220-230 kiloqram olan, boğaz, 18 aylıq, təxmini dəyəri 700 manat təşkil edən dananın olmadığını görüb oğurlanmasını anlamışdır. Artıq bu dəfə baş vermiş oğurluq hadisəsində Orucdan şübhələnməyə başlamışdır. Çünki Oruc fermanın ərazisinə və fermada olan itlərə də çox yaxşı bələd olmuşdur. O, Orucla biraz söhbət etmiş və Oruc oğurluq əməlini etiraf etmişdir. Elə bu səbəbdən də o, 06 noyabr 2021-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Oruc polis əməkdaşlarını gördükdə fermadan danalarını oğurladığını rayon ərazisində yerləşən “mal bazarında” tanımadığı şəxslərə satdığını etiraf etmişdir. Hal-hazırda təqsirləndirilən şəxsə dəymiş ziyanla bağlı ödəniş üçün vaxt verilsədə o heç bir ödəniş etməmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oruc Bərdə rayonu Hacılar kəndində yerləşən evdə onlarla birlikdə yaşamış, kənd sakinlərindən heç vaxt Oruc barəsində şikayət və narazılıq eşitməmişdir. Oruc rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olaraq ailələrini dolandırmışdır. Nə onun, nə də ailə üzvlərinin heç birinin Orucun törtədiyi cinayət əməllərindən məlumatları olmamışdır. O, və ailə üzvləri bu barədə məlumatı yalnız Oruc 2021-ci ilin noyabr ayının əvvəllərində Bərdə rayon Polis Şöbəsinə dəvət edilən zaman almışdır. Belə ki, Oruc Bərdə rayonu Mustafaağalı kəndində Zərərçəkmiş şəxs məxsus fermada gündüzlər işləyib, gecələr isə yaşadıqları evə getmişdir. Digər oğlu Samir sümük boşluğu xəstəliyindən uzun illərdir əziyyət çəkmiş, mütəmadi olaraq müalicə etdirmişlər. Həyat yoldaşı rəhmətə getmiş, o, isə evdar qadındır, ailələrinə Oruc baxmışdır. 2021-ci ilin sentyabr aylarında oğlu Oruc onlara xatırlamadığı qədər pul vermiş və həmin pulu digər oğlu Samirin müalicəsinə xərcləmələrini istəmişdir. Onlar Orucdan pulu haradan əldə etdiyini soruşduqda Oruc həmin pulu Ruslandan borc aldığını bildirmişdir. 2021-ci ilin oktyabr ayının son günlərində Oruc yenidən onlara miqdarını xatırlamadığı qədər pul vermişdir. Oruc yenə həmin pulu müdiri Ruslandan borc aldığını bildirmişdir. 06 noyabr 2021-ci il tarixdə Orucu Bərdə rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Oruc etdiyi oğurluq əməllərini etiraf etmişdir. Bundan sonra onların hər şeydən xəbərləri olmuşdur. Ancaq bir daha qeyd edir ki, həmin talama hadisələri barəsində onun əvvəlcədən məlumatı olmayıbdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifаdəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Dayısının Bərdə rayonu Mustafaağalı kəndində ferması vardır. Həmin fermada iribuynuzlu heyvanlara qulluq olunmuşdur. Həmin fermada Oruc adlı şəxsdə işləmişdir. 06 noyabr 2021-ci il tarixdə o, dayısı Ruslandan eşitmişdir ki, Oruc dayısının fermasından müxtəlif vaxtlarda iki baş iribuynuzlu danasını oğurlayıbdır və dayısı Bərdə rayon Polis Şöbəsinə müraciət edibdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifаdəsində göstərmişdir ki, Bərdə rayonu Mustafaağalı kənd sakini Zərərçəkmiş şəxs xeyli müddətdir tanımış, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmayıbdır. Zərərçəkmiş şəxs Bərdə rayonu Mustafaağalı kəndində özünə məxsus ferması vardır. Fermada tövlə yerləşir. Həmin tövlənin qapısı, pəncərəsi vardır. Zərərçəkmiş şəxs orada iri buynuzlu heyvanların kökəltməsi ilə məşğul olmuşdur. O, da 20 sentyabr 2021-ci il tarixdən həmin fermada çoban kimi işləmişdir. O, fermada işləməyə başlayanda Zərərçəkmiş şəxs ona bildirmişdir ki, 10 sentyabr 2021-ci il tarixdə fermadan naməlum şəxs boz rəngli bir ədəd dananı oğurlamışdır. O, gündüzlər orada işləyib gecələr isə yaşadığı evə getmişdir. Onunla birlikdə orada Oruc adlı şəxs də işləmişdir. O, hər gün heyvanları saymışdır. Sonuncu dəfə 29 oktyabr 2021-ci il tarixdə səhər saatlarında heyvanları sayanda bir ədəd ala rəngli dananın yerində olmadığını görmüş, oğurlanmasını anlamışdır. Dərhal ferma sahibi Zərərçəkmiş şəxs məlumat vermişdir. Lakin, oğurluğun Oruc tərəfindən törədilməsini zənn etməmişdir. Elə bu səbəbdən də 06 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs polisə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, fermada baş verən hər iki oğurluq hadisəsini Oruc törətmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 fevral 2022ci il tarixli 9/390 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların 2021-ci ilin sentyabr-oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2300 manat müəyyən edilir. O cümlədən: - 1 baş yerli cins, boz rəngli diri çəkisi 240-250 kiloqram olan 13 aylıq erkək dana-1200 manat; -1 baş yerli cins, ala rəngli, diri çəkisi 220-230 kiloqram olan, boğaz, 18 aylıq dana-1100 manat. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 06 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iki baş dananı oğurladığı yer Bərdə rayonu Mustafaağalı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fermada birmərtəbəli tövlədir. Baxış zamanı əhəmiyyət kəsb edən hər hansı əşya, predmet, sənəd və sair aşkar olunmamış və götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 11 yanvar 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 28 fevral 2022-ci il tarixdə verilmiş cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində Bərdə rayonu Mustafaağalı kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus tövlədən 1 (bir) baş iri buynuzlu dananı və 29 oktyabr 2021-ci il tarixdə saat 04 radələrində Bərdə rayonu Mustafaağalı kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus tövlədən 1 (bir) baş iri buynuzlu dananı təkbaşına oğurlamış və başqa cinayətlərdə iştirak etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə və 29 oktyabr 2021-ci il tarixdə oğurluğa gedərkən taksi kimi getdiyi avtomobilləri və həmin avtomobillərin sürücülərini, mal bazarında heyvanları satdığı şəxsləri müəyyən etmək istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 20 mart 2022-ci il tarixli 155 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Hüseynalılar kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə, saat 04 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Bərdə rayonu Mustafaağalı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus tövləyə qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq, həmin tövlədən 1200 manat dəyərində 1 baş yerli cins, boz rəngli diri çəkisi 240-250 kiloqram olan, 13 aylıq erkək dananı gizli yolla talayıb Zərərçəkmiş şəxs 1200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 29 oktyabr 2021-ci il tarixdə, saat 04 radələrində tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli yolla talamaq məqsədilə Bərdə rayonu Mustafaağalı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus tövləyə qapıdan keçmək yolu ilə qanunsuz daxil olaraq, həmin tövlədən 1100 manat dəyərində 1 baş yerli cins, ala rəngli diri çəkisi 220-230 kiloqram olan, boğaz, 18 aylıq dananı gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2300 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və təqsirləndirilən şəxsin törətmiş olduğu əməllər ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslərə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında vəməsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşında olmaması, onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.2-ci maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs оğlunun əməlində cəzanı аğırlаşdırаn hаllаr mövcud deyildir. Beləliklə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdiyi cinayətlərin xarakterlərini, ictimai təhlükəlilik dərəcələrini, şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran halların olmasını, gənc olmasını nəzərə alıb ona cinayət əməllərinin tövsif olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaları imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Həmin Məcəlləənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerlərini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onların yaşadıqları yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs оğlu 08 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlməkdən yayındığına görə 12 aprel 2022-ci il tarixdə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsin in əməkdaşları tərəfindən 13 iyun 2022-ci il tarixdə tutularaq Penitensiar Xidmətin Gəncə İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə 2ayon Polis Şöbəsində 08 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, o cümlədən məhkəmə baxışı zamanı həbsdə qaldığı 01 ay 28 gün müddət həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 08 yanvar 2022-ci il tarixdən 10 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, o cümlədən məhkəmə baxışı zamanı həbsdə qaldığı 01 ay 28 gün müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu Hacılar kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-82/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-82/2022
11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver