Məhkəmə qərarları › İş №1(021)-82/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-82/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-82/2023 06.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Ağdam şəhərində doğulmuş, subay, orta təhsilli, Ağdam Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam şəhəri Ə.Əliyev küçəsi ev 1/2-də qeydiyyatda olmaqla həbs edilənədək Ağdam rayonu Xındırıstan qəsəbəsi ev 78-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində tamah niyyəti ilə qəsdən özgə əmlakını gizli talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu Çəmənli kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, həmin evin yataq otağındakı şkafdan 1000 manat nağd pulu və yataq otağında çarpayının yanında olan çantadan dəyəri 510,00 manat olan 1 ədəd 585 əyarlı, çəkisi 6 qram, kişilər üçün nəzərdə tutulmuş qızıl üzüyü, dəyəri 850,00 manat olan 1 cüt 583 əyarlı, çəkisi 10 qram qızıl sırğanı, dəyəri 340,00 manat olan 1 ədəd 583 əyarlı, çəkisi 4 qram qızıl üzüyü, dəyəri 425,00 manat olan 1 ədəd 583 əyarlı, çəkisi 5 qram qızıl üzüyü, dəyəri 25,00 manat olan 1 ədəd çəkisi 5 qram gümüş üzüyü, dəyəri 1275,00 manat olan 1 ədəd 583 əyarlı, çəkisi 15 qram qızıl boyunbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4425,00 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam şəhərində doğulmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Ağdam rayonu Xındırıstan qəsəbəsində yaşayır. Həyat yoldaşı ilə ayrılmışdır, subaydır, bir azyaşlı qız övladı vardır və qızı onun himayəsində onunla birlikdə yaşamışdır. Əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkumluq həyatı yaşamışdır. 24 sentyabr 2022-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad edilmişdir. Həmin vaxtdan fərdi əməklə məşğul olmuşdur. Bərdə rayonu Çəmənli kəndində yaşayan Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 2022-ci ilin dekabr ayının əvvəllərində maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək qərarına gəlmiş, oğurluğu yaşadığı Ağdam rayonunda deyil Bərdə rayonunun kəndlərində etmək fikrinə düşmüşdür. 06 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Ağdam rayonundan tanımadığı taksi ilə təsadüfən Bərdə rayonu Çəmənli kəndinə gəlmişdir. Bərdə rayonu Çəmənli kəndində piyada gəzərək münasib evlərdən birinə girib oğurluq etmək istəmişdir. Təsadüfən sonradan adını bildiyi Zərərçəkmiş şəxs məxsus evin yanından keçərkən hasardan boylanmış və evdə heç kimin olmadığını görmüşdür. İlk öncə hasardan keçərək həyətə daxil olmuş, sonra evin arxa tərəfində yerləşən pəncərəni açaraq evə daxil olmuşdur. Evdə yerləşən yataq otağında şkafdan 300 manat nağd pul və yataq otağında yerləşən çarpayının yanında olan çantadan 2 ədəd qızıl üzük, 1 ədəd gümüş üzüyü götürüb cibinə qoymuşdur. Qızıl üzüklərdən bir ədədi kişi üçün olmuşdur. Sonra evin digər otaqlarını axtarmış, lakin, qızıl-zinyət əşyaları və ya pul tapmamışdır. Evə girməkdə məqsədi yalnız pul və qızıl-zinyət əşyaları oğurlamaq olmuşdur. Sonra evin giriş qapısını içərdən açaraq həyətə çıxmışdır. Dərhal oradan Bərdə şəhərinə gəlmiş və tanımadığı taksi ilə birbaşa Bakı şəhərinə getmişdir. Elə həmin günü Bakı şəhərində 28 may metro stansiyası yaxınlığında oğurladığı qızıl və gümüş üzükləri tanımadığı bir nəfər şəxsə 280 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları bir neçə gün Bakı şəhərində qalaraq şəxsi ehtiyyacları üçün xərcləmiş, sonra yaşadığı Ağdam rayonuna geri qayıtmışdır. Sonuncu dəfə 01 yanvar 2023-cü il tarixdə Bərdə rayonu Qasımbəyli kəndində olarkən Bərdə rayon Polis Şöbəsinin polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər və polis şöbəsində etdiyi oğurluq əməlini səmimi etiraf etmişdir. Törətdiyi oğurluq əməlindən səmimi peşmançılıq hissi çəkmişdir. Barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Çəmənli kəndində ailə üzvləri ilə birlikdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Sonuncu dəfə 06 dekabr 2022-ci il tarixdə saat 12 radələrində həmkəndlisinin övladının toy məclisinə getmişdir. Həmin vaxtı həyat yoldaşı və övladı da evdə olmamışdır. Saat 15:30 radələrində həyat yoldaşı Hüsniyyə ona zəng edib yaşadıqları evdən oğurluq olmasını bildirmişdir. O, dərhal yaşadığı evə getmişdir. Evə baxış keçirən zaman yataq otağında olan şkafdan 1000 manat nağd pulun və yataq otağında yerləşən çarpayının yanında olan çantadan qızıl-zinyət əşyalarının oğurlanmasını aşkar etmişdir. Evdən oğluna məxsus 585 əyarlı, 6 qram çəkidə, təxmini qiyməti 650 manat olan 1 ədəd qızıl üzük; həyat yoldaşına məxsus 583 əyarlı, 4 qram çəkidə, təxmini qiyməti 360 manat olan 1 ədəd qızıl üzük; həyat yoldaşına məxsus 583 əyarlı, 5 qram çəkidə, təxmini qiyməti 450 manat olan 1 ədəd qızıl üzük; həyat yoldaşına məxsus 583 əyarlı, 15 qram çəkidə, təxmini qiyməti 1350 manat olan 1 ədəd qızıl boyunbağı; həyat yoldaşına məxsus 583 əyarlı, 10 qram çəkidə, təxmini qiyməti 900 manat olan 1 cüt qızıl sırğa; həyat yoldaşına məxsus 5 qram çəkidə, təxmini qiyməti 250 manat olan 1 ədəd gümüş üzük oğurlanmışdır. Evə daxil olmuş naməlum şəxs evin arxa tərəfində yerləşən pəncərədən evə daxil olmuş və evin giriş hissəsində yerləşən qapıdan çıxaraq getmişdir. Yaşadığı evdən baş vermiş oğurluq hadisəsi ilə bağlı ona təxminən 4960 manat maddi ziyan dəymişdir. Hadisə nəticəsində ona vurulmuş zərərin çox hissəsi ödənilmiş, qalıq qalmış cüzi hissəsini isə təqsirləndirilən şəxs tez bir zamanda ödəyəcəyini söz vermişdir. Amma həmin pulu heç tələb etmirəm. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, sonuncu dəfə 06 dekabr 2022-ci il tarixdə saat 12 radələrində atası Fəhrad həmkəndlilərinin övladının toy məclisinə getmişdir. Həmin vaxtı o, və anası da evdə olmamışdır. Saat 15:30 radələrində yaşadıqları evə anası ilə birgə geri qayıtmış və yataq otağının pəncərəsinin açıq olmasını görüb evdən oğurluq olmasını anlamışdır. Dərhal atası Fəhrada zəng etmişlər və oğurluq olması barədə məlumat vermişlər. Atası Fəhrad dərhal yaşadıqları evə gəlmişdir. Evə baxış keçirən zaman yataq otağında olan şkafdan 1000 manat nağd pulun və yataq otağında yerləşən çarpayının yanında olan çantadan qızıl-zinyət əşyalarının oğurlanmasını aşkar etmişlər. Evdən 585 əyarlı, 6 qram çəkidə, təxmini qiyməti 650 manat olan 1 ədəd qızıl üzük; 583 əyarlı, 4 qram çəkidə, təxmini qiyməti 360 manat olan 1 ədəd qızıl üzük; 583 əyarlı, 5 qram çəkidə, təxmini qiyməti 450 manat olan 1 ədəd qızıl üzük; 583 əyarlı, 15 qram çəkidə, təxmini qiyməti 1350 manat olan 1 ədəd qızıl boyunbağı; 583 əyarlı, 10 qram çəkidə, təxmini qiyməti 900 manat olan 1 cüt qızıl sırğa; 5 qram çəkidə, təxmini qiyməti 250 manat olan 1 ədəd gümüş üzük oğurlanmışdır. Evə daxil olmuş şəxs evin arxa tərəfində yerləşən pəncərədən evə daxil olmuş və evin giriş hissəsində yerləşən qapıdan çıxaraq getmişdir. X14 rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan onlara məlum olmuşdur ki, evlərindən oğurluq edən şəxs Ağdam rayon sakini Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma övladıdır. Oğlu onunla birlikdə yaşamışdır. Oğlunun himayəsində 1 azyaşlı qız övladı vardır. Oğlu əvvəllər oğurluq cinayətinə görə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə 01 yanvar 2023-cü il tarixdə Bərdə rayon Polis Şöbəsinin polis əməkdaşları ona zəng edərək oğlu Zahidin oğurluq cinayətinə görə Bərdə rayon Polis Şöbəsində tutulmasını bildirmişlər. Sonradan öyrənmişdir ki, oğlu Zahid 06 dekabr 2022-ci il tarixdə günorta saatlarında Bərdə rayonu Çəmənli kəndində Zərərçəkmiş şəxs evinə qanunsuz daxil olaraq oradan, pul və qızılzinyət əşyaları oğurlamışdır. Əlavə olaraq bildirmişdir ki, oğlunun törətdiyi cinayət əməlindən onun xəbəri olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş və ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, sonuncu dəfə 06 dekabr 2022-ci il tarixdə saat 12 radələrində həyat yoldaşı Fəhrad həmkəndlilərinin övladının toy məclisinə getmişdir. Həmin vaxtı o, və övladları da evdə olmamışdır. Saat 15:30 radələrində yaşadığı evə geri qayıtmış və yataq otağının pəncərəsinin açıq olmasını görüb evdən oğurluq olmasını anlamışdır. Dərhal həyat yoldaşı Fəhrada zəng etmiş və oğurluq olması barədə məlumat vermişdir. Həyat yoldaşı Fəhrad dərhal yaşadıqları evə gəlmişdir. Evə baxış keçirən zaman yataq otağında olan şkafdan 1000 manat nağd pulun və yataq otağında yerləşən çarpayının yanında olan çantadan qızıl-zinyət əşyalarının oğurlanmasını aşkar etmişlər. Evdən oğluna məxsus 585 əyarlı, 6 qram çəkidə, təxmini qiyməti 650 manat olan 1 ədəd qızıl üzük; özünə məxsus 583 əyarlı, 4 qram çəkidə, təxmini qiyməti 360 manat olan 1 ədəd qızıl üzük; 583 əyarlı, 5 qram çəkidə, təxmini qiyməti 450 manat olan 1 ədəd qızıl üzük; 583 əyarlı, 15 qram çəkidə, təxmini qiyməti 1350 manat olan 1 ədəd qızıl boyunbağı; 583 əyarlı, 10 qram çəkidə, təxmini qiyməti 900 manat olan 1 cüt qızıl sırğa; 5 qram çəkidə, təxmini qiyməti 250 manat olan 1 ədəd gümüş üzük oğurlanmışdır. Evə daxil olmuş şəxs evin arxa tərəfində yerləşən pəncərədən evə daxil olmuş və evin giriş hissəsində yerləşən qapıdan çıxaraq getmişdir. Həyat yoldaşı Fəhrad Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan onlara məlum olmuşdur ki, evlərindən oğurluq edən şəxs Ağdam rayon sakini Təqsirləndirilən şəxsdur. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan 02 yanvar 2023-cü il tarixində aralarında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı 06 dekabr 2022-ci il tarixdə yaşadığı evdən oğluna məxsus 585 əyarlı, 6 qram çəkidə 1 ədəd qızıl üzüyün; həyat yoldaşına məxsus 583 əyarlı, 4 qram çəkidə 1 ədəd qızıl üzüyün; həyat yoldaşına məxsus 583 əyarlı, 5 qram çəkidə 1 ədəd qızıl üzüyün; həyat yoldaşına məxsus 583 əyarlı, 15 qram çəkidə 1 ədəd qızıl boyunbağının; həyat yoldaşına məxsus 583 əyarlı, 10 qram çəkidə 1 cüt qızıl sırğanın; həyat yoldaşına məxsus 5 qram çəkidə 1 ədəd gümüş üzüyün oğurlanmasını təqsirləndirilən şəxsin üzünə qarşı bildirməklə onu ifşa etmişdir. Zərərçəkmiş şəxs üzləşdirmə zamanı dedikləri işin digər halları ilə uyğunluq təşkil etdiyindən sübut kimi qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin ifadəsinin düzgünlüyü Zərərçəkmiş şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 04 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 26 yanvar 2023-cü il tarixli 9/9398 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3425,00 manat müəyyən edilir: 1. 1 ədəd 585 əyarlı, çəkisi 6 qram, kişilər üçün nəzərdə tutulmuş qızıl üzük- 510,00 manat; 2. 1 cüt 583 əyarlı, çəkisi 10 qram qızıl sırğa - 850,00 manat; 3. 1 ədəd 583 əyarlı, çəkisi 4 qram qızıl üzük- 340,00 manat; 4. 1 ədəd 583 əyarlı, çəkisi 5 qram qızıl üzük- 425,00 manat; 5. 1 ədəd çəkisi 5 qram gümüş üzük- 25,00 manat; 6. 1 ədəd 583 əyarlı, çəkisi 15 qram qızıl boyunbağı- 1275,00 manat. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 06 dekabr 2022-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu Çəmənli kəndində fərdi yaşayış evindən naməlum şəxs pul və qızıl-zinyət əşyalarını evə pəncərədən daxil olmaqla oğurlamışdır. Baxış zamanı əhəmiyyət kəsb edən hər hansı əşya, predmet, sənəd və sair aşkar olunmamış və götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 01 yanvar 2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, 06 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu Çəmənli kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan oğurluq etmiş şəxs Ağdam rayonu Xındırıstan qəsəbəsində yaşayan xx xxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Odur ki, Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılıb sizə təqdim edilməklə əməliyyat tapşırığında qeyd olunan və işinin gedişində ortaya çıxan digər xüsusatlar üzrə gələcəkdə hər hansı bir məlumat əldə olunarsa, bu barədə sizə bildiriləcəkdir. Cinayət işi materiallarına əlavə edilmiş 04 yanvar 2023-cü il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 04 mart 2023-cü il tarixdə verilmiş cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Bərdə rayonu Çəmənli kəndi ərazisində Zərərçəkmiş şəxs məxsus evdən pul və qızıl-zinyət əşyalarını təkbaşına oğurlamış və başqa cinayətlərdə iştirak etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə oğurluğa gedərkən taksi kimi getdiyi avtomobili və həmin avtomobilin sürücüsünü, Bakı şəhərində qızılları satdığı şəxsi müəyyən etmək istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 18 fevral 2023-cü il tarixli Bərdə rayon Polis Şöbəsinə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurluq etməsi nəticəsində sonuncuya 4960 manat maddi ziyan dəymiş, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti Başçısının Xındırıstan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 16 dekabr 2023-cü il tarixli 12 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Xındırıstan qəsəbəsi ev 78-də anası və qızı ilə birlikdə yaşamışdır, himayəsində 05 avqust 2019-cu il təvəllüdlü X6 olmaqla 1 uşağı vardır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 18 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 05 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X7 tərəfindən məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyindən onlar barışmış, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində tamah niyyəti ilə qəsdən özgə əmlakını gizli talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu Çəmənli kəndində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, həmin evin yataq otağındakı şkafdan 1000 manat nağd pulu və yataq otağında çarpayının yanında olan çantadan dəyəri 510,00 manat olan 1 ədəd 585 əyarlı, çəkisi 6 qram, kişilər üçün nəzərdə tutulmuş qızıl üzüyü, dəyəri 850,00 manat olan 1 cüt 583 əyarlı, çəkisi 10 qram qızıl sırğanı, dəyəri 340,00 manat olan 1 ədəd 583 əyarlı, çəkisi 4 qram qızıl üzüyü, dəyəri 425,00 manat olan 1 ədəd 583 əyarlı, çəkisi 5 qram qızıl üzüyü, dəyəri 25,00 manat olan 1 ədəd çəkisi 5 qram gümüş üzüyü, dəyəri 1275,00 manat olan 1 ədəd 583 əyarlı, çəkisi 15 qram qızıl boyunbağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4425,00 manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 (bir) azyaşlı uşağın olması və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması da cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin resdivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 23 iyul 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyib və götürülməyib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Ağdam Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, anoloji cinayətin məhkumluğu ödənilmədən və götürülmədən yenidən törədilməsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulsa da, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən cəzanın məqsədlərinə çatmaq olmaz və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq onu da xüsusi olaraq qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs əvəllər törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edlərək barəsində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, o, məhkum olunmasından heç bir nəticə çıxartmamış, yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət törətmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 03 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 01 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə zərərçəkmiş şəxs X5 dəymiş 4425 manatın ödənilməsi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 01 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə zərərçəkmiş şəxs X5 dəymiş 4425 manatın ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar