Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-82/2024 03.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1989-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 5-də qeydiyyatda olan və yaşayan, barəsində Tərtər Rayon Məhkəməsinin 14 aprel 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və ““Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, xeyli miqdarda, yəni təmiz çəkisi 1,631 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 16 dekabr 2023-cü il tarixdə, saat 16 radələrində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Tərtər şəhəri R.Mürsəlov küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb ünvan 1 ünvanında yerləşən Tərtər RPŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qırmızı rəngli gödəkcənin sol yan cibində saxladığı 1 (bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 1,631 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və ““Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, xeyli miqdarda, yəni təmiz çəkisi 0,565 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 28 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Koroğlu küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,565 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis əməkdaşları ona yaxınlaşaraq bildirmişlər ki, “səni marixuana ilə 48 saat salaq içəri, sonra buraxaq çıx get. Məhkəmədə də kömək edərik, səni buraxarlar”. Polis əməkdaşlarına onu buraxmalarını, səhər özü gələcəyini demişdir. Özü ailəlidir, 3 uşağı var. Bundan sonra evdən çölə çıxmamışdır. Evinin qabağında yolda olarkən ağ rəngli “Hyundai Sonata” maşını gələrək onun yanında saxlamış, polis əməkdaşları ona maşına əyləşməsini, onunla işləri olduğunu bildirmişlər. Polis əməkdaşlarına onunla nə işləri olacağını demişdir. Polis əməkdaşları maşından düşərək onu maşına əyləşdirmək istəmiş, həmin vaxt üstündə olan bıçaqla özünə xəsarət yetirmişdir. Polis əməkdaşları qorxaraq maşınlarına oturaraq getmişlər. Təxminən bir ay sonra başqa polis əməkdaşları ona yaxınlaşaraq salam vermişlər. Polis əməkdaşlarından biri əlini ona uzatmış, o da onun salamını almaq istəyərkən polis əməkdaşı qolundan tutmuşdur. Avtomobildə olan digər polis əməkdaşları maşından düşüb gələnə kimi üstündə olan bıçağı çıxararaq bıçaqla özünü iki dəfə vurmuşdur. Onu qan içində polis şöbəsinə təhqiqatçının otağına gətirmişlər. Əməliyyatçılar orada onunla söhbət edərək evinə narkotik vasitə qoyacaqlarını, yoldaşı müəllimə işlədiyindən rüsvay olacaqlarını bildirmşlər. Əməliyyatçılarla razılaşaraq onu CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmələrinə razı olduğunu bildirmişdir. Orada sənədləşmə apardıqdan sonra onu xəstəxanaya - X2 aparmışlar və orada əməliyyat etmişlər. İki gün xəstəxanada qalmışdır. Xəstəxanadan çıxdıqdan sonra polis şöbəsindən Azər müəllim onu çağırmış və onlardan şikayət etməməsini bildirmişdir. Prokurorluqda izahat vermişdir ki, əsəbiləşdiyinə görə özü-özünə xəsarət yetirmişdir. Onu Bərdə rayonuna ekspertizadan keçmək üçün göndərmişlər. Ekspertizadan keçib qayıdarkən Bərdə şəhəri “Qəhrəmanlar” parkının yanında polis əməkdaşları yenidən ona yaxınlaşmışlar. Həmin vaxt üstündə “nəşə” olmuş və Tərtər çayının qırağı ilə qaçmağa başlamışdır. Qaçarkən üzərində olan “nəşə”ni atmışdır. Ayağı ilişib yıxılmış, polis əməkdaşları gələrək onu tutmuşlar. Onu Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər və stolun üstünə yarım qram heroin qoyaraq onun olmasını etiraf etməsini tələb etmişlər. O da heroinin onun olduğunu bildirmişdir. Tərtər rayonuna getmiş, marketdə telefonuna kontur vurarkən polis əməkdaşları qolundan tutmuş və onu Tərtər Rayon Polis Şöbəsinə aparmışlar. Orada onu sənədləşdirib barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparmışlar. Əslində, onun üzərində heroin olmamış, üzərində marixuana olmuş, onu da polis əməkdaşları tapmasın deyə atmışdır. Birinci dəfə bıçaqla özünə xəsarət yetirəndə yüngül xəsarət olduğuna görə evdə müalicə olunmuşdur. Ancaq ikinci dəfə xəsarətləri ciddi olduğundan əməliyyat olunmuşdur. Polis əməkdaşları onu bezdirdiklərinə görə özünə xəsarət yetirmişdir. Polis şöbəsində məcburiyyət qarşısında etiraf etmişdir ki, narkotik vasitə guya özünə məxsusdu, istifadə etmək üçün üzərində saxlayır. Polis Şöbəsinə onu döyməmişlər. Ona köməklik göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitələrdən istifadə edir. Buna görə də narkotik vasitələrdən istifadə etdiyi üçün Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Azadlığa çıxandan sonra da narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2023-cü ilin dekabr ayında yenidən narkotik istifadə etdiyi üçün saxlanılmış və barəsində hazırda araşdırma aparılır. Polis əməkdaşları onu saxlayarkən bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirmişdir. Xəsarəti ilə bağlı hal-hazırda Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarət almağı ilə bağlı o, 28 dekabr 2023-cü il tarixdə ekspertiza qərarına əsasən Bərdə rayonunda yerləşən Məhkəmə-tibbi ekspertizadan keçmək üçün Bərdə rayonuna gəlmişdir. O, ekspertizadan keçdikdən sonra Bərdə şəhəri Koroğlu küçəsi ilə piyada gedərkən Tərtər rayonuna gedərkən, saat 17 radələrində Bərdə şəhəri Koroğlu küçəsində olan zaman polis əməkdaşlarının ona diqqətlə baxdığını görmüş, Bərdə şəhəri ərazisində tapıb üzərində gəzdirdiyi narkotik vasitə olan heroin olduğu üçün özünü şübhəli aparmış və qaçmışdır. Lakin xəsarəti olduğu üçün qaça bilməmiş və polis əməkdaşları onu saxlamış və ona qaçmağının səbəbini soruşmuşlar. O, səmimi olaraq üzərində narkotik vasitə olan heroin olduğu üçün qaçdığını demişdir. Polis əməkdaşları üzərində qanunsuz narkotik vasitə saxlamağında şübhəli olduğu üçün onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə gəlmiş və orada ona hüquqlarını müdfiə etmək üçün dövlət hesabına Müdafiəçi təyin olunmuşdur. Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan gödəkcənin sağ yan cibində olan 1 ədəd bükümü masanın üzərinə qoymuşdur. Həmin 1 ədəd büküm elektron tərəzidə çəkilmiş, daha sonra qablaşdırılaraq möhürlənmiş, imzalarla təsdiq olunmuşdur. Bundan sonra şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sonra ona məxsus CORN C125 markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. O, narkotik vasitə olan heroini istifadə və çəkdiyi üçün üzərində gəzdirmişdir. Bildirir ki, narkotik vasitəni heç kimdən almamış, heç kimə satmamış, o, həmin heroini tapmışdır. Üzərində aşkar edilən heroini 28 dekabr 2023-cü il tarixdə Bərdə şəhər ərazisində tapmış, narkotik vasitələrin alqı-satıqısı ilə məşğul olmamış, Bərdə Rayon Polis Şöbəsində ona qarşı heç bir təzyiq, zor tətbiq edilməmiş, könüllü olaraq üzərində olan heroini təqdim etmişdir. 16 dekabr 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Tərtər şəhər Rasim Mürsəlov küçəsində gəzərkən yerdən qızılı rəngdə falqa bükümü görmüşdür. O, həmin bükümü yerdən götürmüş, açan zaman içərisində kokos kimi tanıdığı heroin olduğunu müəyyən etmişdir. Həmin bükümü sonra istifadə etmək üçün üzərində olan gödəkçənin sol yan cibinə qoymuşdur. Təxminən yarım saat sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 16 radələrində küçədə gəzərkən mülki geyimdə polis əməkdaşları ona yaxınlaşmış və polis əməkdaşı olduqlarını demiş, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu ona bildirilib, onu rayon polis şöbəsinə dəvət etmişlər. Bu zaman o, üzərində olan narkotik vasitəni aşkar etməsinlər deyə üzərində olan bıçağı çıxararaq qarın və barmaq nahiyəsindən özünə xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları onu tutmuş və bıçağı ondan almışlar. Daha sonra onu Tərtər Rayon Polis Şöbəsinə gətirmişlər. Sonra ona Tərtər rayonu üzrə fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. O, həmin vəkillərin arasından hüquqlarının müdafiəsi üçün vəkil X3 dövlət hesabına müdafiəçi qismində iştirak etməsini xahiş etmişdir. Sonra vəkil Oktay Muradov rayon polis şöbəsinə dəvət olunmuş və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə varsa çıxarıb təqdim etməyini bildirilmişdir. O, da üzərində olan qırmızı rəngli gödəkçənin sol yan cibində olan qızılı rəngli siqaret falqasına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 manatlıq pul əskinasını və həmin şalvarın sol yan cibindən isə bir ədəd alışqanı çıxararaq masanın üzərinə qoymuşdur. Ondan qızılı bükümün içərisində nə olduğunu soruşmuşlar. O, isə narkotik vasitə olan kokos olduğunu demişdir. Bundan sonra həmin üzərində aşkar olunmuş qızılı rəngli kağız büküm kağızla birlikdə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə 1,87 qram olması müəyyən olunmuşdur. Üzərindən çıxan həmin büküm onun yanında qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra şəxsi axtarış və götürmə haqqında protokol o və iştirakçılar tərəfindən imza edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tərtər Rayon Polis Şöbəsinin CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid5 ifadə verərək göstərdi ki, 16 dekabr 2023-cü il tarixdə ona ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini qanunsuz yolla əldə etməsi və özü istifadə etməsi məqsədi ilə üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərtər Rayon Polis Şöbəsinin CABnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid9, CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid8 Məstan oğlu və NMQ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid6 ilə birlikdə saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı Tərtər şəhəri Rasim Mürsəlov küçəsində saxlamış, üzərində narkotik vasitə hesab olunan heroini saxlamaqla şübhəli olması barədə onlarda məlumat olmasını ona bildirmişlər və üzərinə şəxsi axtarış keçirilməsi üçün rayon polis şöbəsinə dəvət etmişlər. Ancaq Təqsirləndirilən şəxs anidən üzərində olan bıçağı çıxararaq öz qarın və barmaq nahiyəsindən özünə xəsarət yetirmişdir. Ancaq onlar onun əlindən bıçağı almışlar və onu rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra o, dərhal ilkin tibbi müayinə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutma haqqında qərar çıxarılmış və onun hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində, yəni əynində olan qırmızı rəngli gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd qızılı rəngli siqaret falqasına bükülmüş bükümdə narkotik vasitə hesab olunan heroin aşkar edilmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən özünə məxsus 01 ədəd 1 manatlıq pul əskinası və 01 ədəd sadə alışqan çıxmışdır. Təhqiqaçtı Təqsirləndirilən şəxs üzərindən, yəni əynində olan qırmızı rəngli gödəkcəsinin sol yan cibindən götürülən 01 (bir) ədəd qızılı rəngli siqaret falqasına bükülmüş bükümdə narkotik vasitə hesab olunan heroini nə məqsədlə əldə etməsini soruşmuşdur. Təqsirləndirilən şəxs onların yanında təhqiqatçıya həmin gün küçədə gəzərkən yaşadığı küçədən tapdığını, satış məqsədi olmadığını və gələcəkdə özü istifadə etmək məqsədi ilə yerdən götürüb cibinə qoyduğunu bildirmişdir. 01 (bir) ədəd qızılı rəngli siqaret falqasına bükülmüş bükümdə narkotik vasitə hesab olunan heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmişdir. Məlum olmuşdur ki, kağız bükümlə birlikdə 1,87 qramdır. Narkotik vasitə ekspertizaya göndərilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüş və bu barədə protokol yazılmışdır. O da digər iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Tərtər Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid6 və Tərtər Rayon Polis Şöbəsinin KTQ-nun baş inspektor-kriminalisti vəzifəsində işləyən X4, Şahid5 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin taqım komandiri vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, 27 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Bərdə RPŞ PPXB-nün polis nəfərləri polis serjantı Şahid3 və polis baş serjantı Şahid2 ilə birlikdə Bərdə şəhəri Koroğlu küçəsində xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını və qaçmağa başladığını görmüşdür. Təqsirləndirilən şəxs polis avtomobilini görüb qaçması onlarda şübhə yaratmış və Təqsirləndirilən şəxs təqib olunaraq saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra nə səbəbə qaçmasını soruşmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu, onları görüb onu tutacaqlarından ehtiyat edərək qaçdığını demişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olubolmamasını yoxlamaq məqsədilə onu Bərdə RPŞ-nə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, sonuncu əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümdə olan maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içində olan vasitənin kokos adı ilə tanıdığı “heroin” olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzi vasitəsilə çəkilmiş və 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq hərəkətləri edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri Şahid2 və Şahid3, Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 17 dekabr 2023-cü il tarixli, 16/1271 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ‘‘...Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə hesab olunan heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 1,631 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Heroinin təmiz çəkisi 1,631 qram, tədqiqata sərf sərf edildi 0,1 qram, qalıq 1,531 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 29 dekabr 2023-cü il tarixli, 16/1298 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində ‘‘Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,565 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Heroinin təmiz çəkisi 0,565 qram, tədqiqata sərf sərf edildi 0,02 qram, qalıq 0,545 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 11 yanvar 2024-cü il tarixli, 25 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Tərtər Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 08 yanvar 2024-cü il tarixli, 18-1-75/2-2/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tərtər RMX phşnin poliklinika şöbəsinin və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında dayanmır. xx.xx.2020-ci il tarixdən xəstəxananın poliklinika şöbəsinin narkoloji kabinetində “Narkoman” kimi dispanser qeydiyyatında dayanır. Tərtər Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 yanvar 2024-cü il tarixli, 24-3-2-2-455-6698-2 qeydiyyat nömrəli qərarından görünür ki, toplanmış 24-3-2-2-455-6698 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində narkotik vasitə heroin olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu və polis əməkdaşları tərəfindən ona təsir göstərildiyinə görə narkotik vasitənin ona məxsus olduğunu zorla etiraf etməyə məcbur edildiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin (vəkilin) iştirakı ilə bir neçə dəfə dindirilmiş, lakin müdafiəçisinə (vəkilinə) polis əməkdaşları tərəfindən təsirə məruz qalması, narkotik vasitə olan heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə məlumat verməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə istintaqı dövründə aparılan araşdırma ilə sübut olunmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs bıçaqla özünə xəsarət yetirməsi ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan vaxt özünə bıçaqla xəsarət yetirməsini onun məsuliyyətdən yayınmaq üçün etdiyi hərəkət kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və ““Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, xeyli miqdarda, yəni təmiz çəkisi 1,631 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlaması, 16 dekabr 2023-cü il tarixdə, saat 16 radələrində Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Tərtər şəhəri R.Mürsəlov küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb ünvan 1 ünvanında yerləşən Tərtər RPŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qırmızı rəngli gödəkcənin sol yan cibində saxladığı 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,631 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi; Bundan başqa onun, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və ““Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, xeyli miqdarda, yəni təmiz çəkisi 0,565 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlaması, 28 dekabr 2023-cü il tarixdə, saat 17 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bərdə şəhəri Koroğlu küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,565 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda istinad olunan qanunvericilik normasının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli, 362 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5-də yaşayır. Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 19 fevral 2024-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 dekabr 2010-cu il tarixli, AZ-İ 634029 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X10 03 dekabr 2010-cu ildə 259 nömrəli rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Qurbanova soyadı verilmişdir. Tərtər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 may 2011-ci il tarixli AZ-İİ 659284 nömrəli, 10 dekabr 2013-cü il tarixli AZ-İİİ 214534 nömrəli və 03 noyabr 2016-cı il tarixli AZ-İİİ 804421 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından 01 may 2011-ci ildə X6, 23 noyabr 2013-cü ildə X7 və 19 dekabr 2015ci ildə X8 adlı uşaqları doğulmuşdur. Uşaqların “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 24 dekabr 2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Lakin əvvəllər Azərbaycan Respublikasının CM-nin bir neçə maddəsi ilə təqsirli bilinib dəfələrlə məhkum olunmuşdur. Bu hal Təqsirləndirilən şəxs mənfi xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdə tutularaq Tərtər Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 dekabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı MSY-dən azad edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 dekabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. CM-nin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Tərtər Rayon Məhkəməsinin 14 aprel 2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, xx xxxx 1989-cu il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan və Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli 12 aprel 2024-cü il tarixdən saat 13:30-dan hesablanmışdır. Tərtər Rayon Məhkəməsinin 14 aprel 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçildiyindən, hazırkı cinayət işi üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hazırda onun həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 17 dekabr 2023-cü il tarixli, 16/1271 nömrəli və 29 dekabr 2023-cü il tarixli 16/1298 nömrəli bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 62,80 (altmış iki manat 80 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 62,80 (altmış iki manat 80 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 1,531 qram və 0,545 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 iyul 2024-cü il tarixdən hesablansın. Tərtər Rayon Məhkəməsinin 14 aprel 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçildiyindən, hazırkı cinayət işi üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və hazırda onun həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 1,531 qram və 0,545 qram çəkilərdə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 62,80 (altmış iki manat 80 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-82/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-82/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver