Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-82/2025 11.06.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X5 iştirakı ilə xx xxxxxxxx 1985-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğuİ olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Alpoud kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Alpout kəndindən keçən 60-cı kilometrliyində idarə etdiyi “VAZ 21074” markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri istiqamətində yolun sol kənarından sağa doğru 15-20 km/saat surətlə keçərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni o, yola bitişik ərazidən yola çıxarkən yolda gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməyərək avtomobilinin qabaq tərəfi ilə Mingəçevir şəhəri istiqamətində sağ zolaqda 45-50 km/saat surətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21124” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sol orta tərəfindən yolun orta xəttindən sağa doğru 0.6 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ-21124” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs döş qəfəsinin sol İİ və İV qabırğalarının medial kürək xətti üzrə qismən yerdəyişən və ön qoltuqaltı xətt üzrə yerdəyişməyən sınıqları ilə müşayət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Alpoud kəndində yaşayır. Bərdə rayonu Alpoud kənd ərazisində yolun sol qolundan sağ qoluna keçərkən adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerindən qaçmamışdır. Hadisədən sonra təcili tibbi yardım maşını çağırılmış, qohumları, dostları yığışaraq bütün lazımi maddi yardım göstərmişlər. Lakin iş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza Mərkəzinin rəyi ilə razı deyil. Belə ki, rəydə yazılmışdır ki, zərərçəkmiş şəxs az ağır xəsarət almışdır. Az ağır xəsarət alan şəxsi xəstəxanada heç bir gün olsun belə saxlamamışlar. Ona görə də ekspertin rəyi ilə razı deyil. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra özünü itirmişdir. Aptekdən dərman almış, öz avtomobilinə minmiş, arxa yan güzgülərə baxarkən sağda yük maşınının yanacaqdoldurma məntəqəsinə döndüyünü görmüşdür. Vurduğu maşın yük maşınının arxasında olduğundan onu görməmiş və sol tərəfə baxıb hərəkətə başlayarkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Özü yox, ancaq qardaşı, qohumları gəlib zərərçəkmiş şəxsləri xəstəxanaya aparmışlar. Qohumu hadisə olan yerin yanında meyvə mağazası işlətmiş və o zəng edərək qohumlarına, yaxınlarına hadisə ilə bağlı məlumat vermişdir. Həmin vaxt ətrafdakı kənd adamları hadisə yerinə yığışmış və Təcili Tibbi yardıma zəng etmişlər və təcili tibbi yardım avtomobili ilə zərərçəkmiş şəxsləri xəstəxanaya aparmışlar. Özü xəstəxanaya getməmiş, xəstəxanaya anası, qardaşı və əmisi getmişlər. Onun idarə etdiyi avtomobildə heç kim olmamış, digər maşında isə üç nəfər olmuşdur. Təcili tibbi yardım maşını gələnədək özündə olmamış, özünü itirmişdir. Zərərçəkmiş şəxslər xəstəxanaya aparıldıqdan sonra o, polis əməkdaşları ilə birlikdə avtomobilini aparıb duracağa yerləşdirmiş, sonra xəstəxanaya zərərçəkmiş şəxslərin yanına getmişdir. Zərərçəkmiş şəxs xəstəxanada bir gün qalmışdır. İdarə etdiyi avtomobil anasının mülkiyyətindədir. Avtomobili etibarnamə əsasında idarə edir. Zərərçəkmiş şəxsə dərman alınmasında köməklik etmiş, evlərinə getmişlər. Zərərçəkmiş şəxsin avtomobilinin təmirinə yardım etməmşdir. Sığorta şirkəti ona dəymiş maddi ziyanı qarşılamışdır. Səhvini başa düşür, əməlindən peşmandır. Qeyd edilənlərin nəzərə alınmasını və ona rəhm edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Cəncə şəhəri Gülüstan qəsəbəsində məskunlaşıb yaşayırlar. Oğlu Biləsuvar rayonunda hərbi xidmətdədir. Atası və arvadı ilə birlikdə oğlu ilə görüşməyə getmişlər. Oradan qayıdarkən Bərdə rayonu Alpoud kəndi ərazisində qarşısında “QAZEL” markalı yük avtomobili getmişdir. Təqsirləndirilən şəxsin avtomobili yolun kənarında dayanmış, sonuncunu görmüşdür. Təqsirləndirilən şəxsin tam bərabərinə çatana təqsirləndirilən şəxs avtomobili onun avtomobilinin üzərinə sürmüş və onun avtomobilini vurmuşdur. Atası avtomobildə qarşıda, arvadı isə arxada əyləşmişdir. Zərbə avtomobili yolun kənarına atmışdır. Ətrafda olan adamlar yığışmış, atasını və yoldaşını avtomobildən çıxarmışlar. Kənd sakinlərindən kimsə sürücünün olmadığını, qaçıb getdiyi bildirmişdir. Onları Bərdə rayonuna xəstəxanaya aparmışlar. Əli adlı tanımadığı şəxs xəstəxanaya yanlarına gələrək narahat olmamalarını, bütün lazımi köməkliyi edəcəklərini demişdir. Ona bir neçə gün xəstəxanada qalacağını bildirsələr də insanlıq edərək, təqsirlənirilən şəxsin əlavə xərcləri çıxmasın deyə bir gün xəstəxanada qalıb öz evinə getmiş, müalicəni evində almışdır. Təqsirləndirilən şəxs və yaxınları onlara gəlmiş, sonuncuları hörmətlə qarşılamışlar. Sonra Təqsirləndirilən şəxs ona dəfələrlə zəng edərək lazımsız sözlər, lazımsız söhbətlər edərək etdiyi yardımı, etiyi köməkliyi ona dəfələrlə xatırlatmışdır. Onun avtomobilinin təmirində köməklik edəcəklərinə söz vermiş, lakin heç nə etməmişlər. Yalan vədlər verərək onu aldatmışlar. Ona və atasına qarşı hörmətsizlik etmişlər. Avtomobilini bu günə qədər düzəltdirə bilmir. Təqsirləndirilən şəxsin özü və yaxınları ona vəd vermişlər ki, maşını ustaya versin, narahat olmasın, avtomobili təmir etdirəcəklər. O da onların sözünə inanaraq avtomobilini aparıb ustaya vermiş, təmiri ilə bağlı danışıb razılaşmışdır. Lakin bu günə qədər nə təqsirləndirilən şəxsin özü, nə yaxınları verdikləri sözlərinə əməl etməmişlər. Öz heyvanlarını sataraq avtomobilini öz şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Ona xeyli maddi və mənəvi ziyan dəymişdir. İşləyə, evinə qazanc gətirə bilmir. Özünə və avtomobilinə ziyan dəymişdir. Sığorta şirkətinin verdiyi məbləğ onun avtomobilinə dəyən ziyanı tam ödəmir. Onun avtomobilinə dəymiş ziyan sığorta şirkəti tərəfindən 1960 manat məbləğində dəyərləndirilmiş, lakin avtomobilinə 2300 manatdan çox pul xərcləmişdir. Bundan başqa özünün, atasının müalicəsinə xeyli pul xərcləmişdir. Təqsirləndirilən şəxs ona vurulan ziyanı ödəməkdən imtina edir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır, sonuncuya sərt cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, əlavə etmək üçün heç bir sözü yoxdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğludur, onunla birlikdə yaşayır. Eldarın oğlu Biləsuvar rayonunda yerləşən N saylı hərbi hissədə əsgərdir. Bayramla əlaqədar Eldara məxsus VAZ 21124 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonuna uşağın ziyarətinə getmişlər. Görüşdən qayıdarkən o qabaq sərnişin yerində əyləşmişdir. Həmin gün saat 15 radələrində St.Mingəçevir-Bəhrəmtəpə yolu ilə Mingəçevir şəhəri istiqamətində hərəkətdə olarkən Bərdə rayonu Alpout kəndindən keçən hissədə qəfildən sol tərəfdən çıxan VAZ- 21074 markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil onların üzərlərinə gəlmiş, Eldar əyləcdən istifadə etməyə imkan tapmamış, qabaq tərəfi ilə onların avtomobilin sol tərəfindən vurub sağa doğru sürüyüb kəndin girişində dayanmışdır. Nəticədə hər üçü xəsarət almışlar. Onları Bərdə rayon Diaqnostika mərkəzinə aparmışlar. Digər avtomobilin sürücüsü sonradan adının Sərxan olduğunu öyrəndiyi şəxsin qohumları əvvəlcə onlarla maraqlansalar da sonradan onların heç biri ilə maraqlanmamışlar. Ona görə onun məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, oğlu əsgərdir. Yeni il qabağı oğlu ilə görüşmək üçün Biləsuvar rayonuna getmişlər. Oradan qayıdarkən Bərdə rayonu Alpoud kəndində yol nəqliyyat hadisəsi baş vermiş və təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onların avtomobillərinə maddi, ona, ərinə, qayınatasına fiziki ziyan vurmuşdur. Hadisədən sonra isə əri öz vəsaiti hesbına avtomobilini təmir etdirmişdir. Bunun üçün saxladıqları inəklərini satmışlar. Özü və qayınatası yol nəqliyyat hadisəsi zamanı xəsarət almışlar deyə, yoldaşı öz vəsaiti hesabına onları müalicə etdirmişdir. Təqsirləndirilən şəxsin özü və qohumları isə onlara heç bir yardım göstərməmişlər. O, avtomobildə arxa oturacaqda oturmuşdur. Hadisə bir anın içinə baş vermiş, o, nə baş verdiyini anlamamış və dizi üstə arxa oturacaqdan düşmüşdür. Avomobilin şüşələri qırılaraq onun dizinə, qoluna batmışdır. Təqsirləndirilən şəxsi hadisə yerində görməmişdir. Avtomobildən özü çıxmış, ərini isə orada olan adamlar çıxarmışlar. Onlar xəstəxanada olanda belə təqsirləndirilən şəxs xəstəxanaya gəlməmişdir. Onun qohumları bildirmişlər ki, şikayətçi olmasınlar, onlara hər bir yardım göstərəcəklər. Hətta onları xəstəxanada qalmağa belə qoymamışlar. Lakin sonra təqsirləndirilən şəxs və onun qohumları onlara heç bir yardım göstərməmişlər. Onlar xəstəxanada bir gün qalmışlar. Demişlər ki, xəstəxanada yer yoxdur və bu səbəbdən onları saxlamamışlar. Əri və qayınatasının durumu ağır olduğundan xəstəxanada onlara yardım göstərmişlər. Onun ayaqlarına və əllərinə şüşə qırıqları dolmuş, onları evdə özü təmizləmişdir. Hadisə zamanı təqsirləndirilən şəxsin idarə etdyi avtomobilin yolun kənarında dayandığını görmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14in Bərdə rayon şöbəsinin verdiyi 13 yanvar 2025-ci il tarixli, 32 saylı Rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol İİ və İV qabırğanın medial kürək xətti üzrə və ön qoltuqaltı xətt üzrə yerdəyişməyən, İİİ qabırğanın medial kürək xətti üzrə qismən yerdəyişən və ön qoltuqaltı xətt üzrə yerdəyişməyən sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2025-ci il tarixli, 8/02 saylı Rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -İstintaq tərəfindən göstərilən şəraitdə VAZ-21124 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 29 dekabr 2024-cü il tarixli, 1984 saylı Aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 29 dekabr 2024-cü il tarixli, 1985 saylı Aktdan görünür ki, Zərərçəkmiş şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriya sürücülük hüququ vadır. AD 079389 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ-21074 minik markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. 7E-18699 reyestr nömrəli etibarnamədən görünür ki, X6 VAZ 21074 minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə vermişdir. Etibarnamə xx.xx.2034-cü il saat 2359-dək qüvvədədir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, 18-1-28/2-620/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində st.Mingəçevir- Bəhrəmtəpə yolunun Bərdə rayonu Alpout kəndindən keçən 60-cı kilometrliyində idarə etdiyi “VAZ 21074” markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri istiqamətində yolun sol kənarından sağa doğru 15-20 km/saat surətlə keçərkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni o, yola bitişik ərazidən yola çıxarkən yolda gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməyərək avtomobilinin qabaq tərəfi ilə Mingəçevir şəhəri istiqamətində sağ zolaqda 45-50 km/saat surətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21124” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sol orta tərəfindən yolun orta xəttindən sağa doğru 0.6 metr məsafədə toqquşması, nəticədə onun ehtiyatsızlıqdan “VAZ-21124” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs döş qəfəsinin sol İİ və İV qabırğalarının medial kürək xətti üzrə qismən yerdəyişən və ön qoltuqaltı xətt üzrə yerdəyişməyən sınıqları ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli, 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən, cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 dekabr 2009-cu il tarixli, AZ-İİ 360438 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, 12 aprel 2009-cu ildə anadan olmuş X4 atası Təqsirləndirilən şəxsdur. Bərdə rayon Alpoud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 yanvar 2011-ci il tarixli, AZ-İİ 602456 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, 11 may 2010-cu ildə anadan olmuş X3 atası Təqsirləndirilən şəxsdur. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 08 yanvar 2025-ci il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməmiş, ümumiyyətlə onun zərər çəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsi müəyyən edilməmişdir. Əksinə, məhkəmə iclasında zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurulan ziyanı ödəməkdən imtina etməsini, hazırda təqsirləndirilən şəxslə barışmadığını bildirərək sonuncuya sərt cəza verilməsini xahiş etmişdir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 20 fevral 2025-ci il tarixli, 8/02 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil etmişdir. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan olan “VAZ 21074” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs və “VAZ 21124” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan “VAZ 21074” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs və “VAZ 21124” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-82/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-82/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver