Məhkəmə qərarları › İş №1(021)-83/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-83/2022

11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-83/2022 11.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, Bərdə rayon 4 saylı Uşaq İncəsənət məktəbində musiqi müəllimi işləyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, H.Əliyev prospekti ev 112, mənzil 9-da qeydiyyatda olan və Bərdə şəhəri, Cavanşir küçəsi ev 61-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Nəqşicahan” restoranının yanında Bərdə şəhəri, E.Əsədov küçəsi ev 3-də yaşayan Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı qəsdən yumruqla keçmiş baldızı Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə bir neçə dəfə vuraraq sonuncuya başın sol təpəgicgah nahiyəsinin hematoması, hər iki gözaltı nahiyəsinin qançırları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, keçmiş həyat yoldaşı Şahid3 ilə 2015-ci il tarixdə ailə həyatı qurmuş, bu evlilikdən onların X4 və X5 adında 2 az yaşlı oğlu vardır. 24.09.2021-ci il tarixdə onlar boşanmış və uşaqlar həmin vaxtdan atasının yanında qalmışdır. Buna görə Anarı məhkəməyə vermiş və məhkəmənin qərarı ilə uşaqları onun himayəsində saxlanılması qərara alınmışdır. Lakin hazırda övladları yenə də Anarın yanında qalmışdır. 26.03.2022-ci il tarixdə saat 17 radələrində işdən çıxıb evə gedərkən yolda keçmiş baldızı Xatirənin onun uşaqları ilə yolu keçdiklərini görmüşdür. Uşaqlarını uzun müddətdir ki, görmədiyindən dözə bilməmiş və onlara yaxınlaşmışdır. “Nəqşicahan” restoranının yanında onlara çatmış və Nihadı çağırmışdır. Həmin vaxt Xatirə onu itələmiş və uşağı qorxutduğunu demişdir. Hirsini cilovlaya bilməmiş və əli ilə Xatirənin sifətindən yavaşca itələmişdir. Həmin vaxt uşaqlar səs-küy salmış, uşaqlarının onu istəmədiyini hiss etmiş, uşaqları narahat olmaması üçün oradan aralaşmışdır. Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşının keçmiş arvadıdır. 26.03.2022-ci il tarixdə işdə olarkən qardaşı Anar onun iş yerinə gəlmiş və uşaqların onun yanında qalmasını, işdən çıxanda uşaqları evə aparmasını demiş və az yaşlı uşaqları Nihad Əlizadəni və Nahid Əlizadəni onun yanında qoyub getmişdir. Saat 17 radələrində işdən çıxıb H.Əliyev prospekti ilə evə gedərkən “Nəqşicahan” restoranının yanında Anarın keçmiş yoldaşı Zərifə arxadan gələrək uşaqları tutmaq istəmiş, ona tərəf çönəndə sifətinə və başına yumruqla vurmuşdur. Yerə yıxılmış, Zərifə uşaqları aparmaq istəsə də uşaqlar onunla getməmişdir. Bu səbəbdən Zərifə uşaqları da vurmuşdur. Aralarında olan dava təxminən 1-2 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını qeyd edərək sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, sonuncu onunla eyni küçədə yaşayır. 26.03.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçədə yerləşən “Nəqşicahan” restoranının qarşısında özünə məxsus “VAZ-21099” markalı avtomobillə dayanıb gözləyərkən, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs küçə ilə yaşadığı ev istiqamətində yanında iki azyaşlı uşaqlarla birlikdə getdiyini görmüşdür. Bu zaman tanımadığı bir nəfər qadın Xatirəyə yaxınlaşmış, onlar arasında sözlə mübahisə yaranmış, mübahisə zamanı həmin qadın Xatirənin yanında olan iki azyaşlı uşaqları özü ilə aparmaq istədiyini görmüşdür. Xatirə uşaqları ona vermək istəməmiş, Təqsirləndirilən şəxs Xatirənin sifət və baş nahiyəsinə yumruqla vuraraq onu döyməyə başlamışdır. Xatirə yerə yıxılmış, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı özü ilə aparmaq istəsə də uşaqlar onunla getmək istəməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşaraq getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid3 iştirakı ilə dindirilmiş 2015-ci il təvəllüdlü, azyaşlı X5 göstərmişdir ki, atası Şahid3lə bir yerdə yaşayır. 26 mart 2022-ci ildə bibisi Zərərçəkmiş şəxs ilə evlərinə gedərkən anası Təqsirləndirilən şəxs onlara yaxınlaşmış, onunla və qardaşı Nahid Əlizadə ilə görüşmək istəmişdir. Bibisi Zərərçəkmiş şəxs onları anaları ilə görüşməyə qoymamış, buna görə anası Zərifə bibisi Xatirənin başından vurmağa başlamışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid3 iştirakı ilə dindirilmiş 2017-ci il təvəllüdlü, azyaşlı X4 göstərmişdir ki, atası Şahid3lə bir yerdə yaşayır. 26 mart 2022-ci ildə bibisi Zərərçəkmiş şəxs ilə evlərinə gedərkən anası Təqsirləndirilən şəxs onlara yaxınlaşmış, onunla və qardaşı Nihat Əlizadə ilə görüşmək istəmişdir. Bibisi Zərərçəkmiş şəxs onları anaları ilə görüşməyə qoymamış, buna görə anası Zərifə bibisi Xatirənin başından vurmağa başlamışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayonlararası mərkəzinin verdiyi 28 mart 2022-ci il tarixli 189 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər–başın sol təpə-gicgah nahiyəsinin hematoması, hər iki gözaltı nahiyənin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 26.03.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında Zərərçəkmiş şəxs vurmadığını, əli ilə sifətindən yavaşca itələdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs vurması və ona xəsarət yetirməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayonlararası mərkəzinin verdiyi 28 mart 2022-ci il tarixli 189 saylı rəylə öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 26 mart 2022-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Nəqşicahan” restoranının yanında Bərdə şəhəri, E.Əsədov küçəsi ev 3-də yaşayan Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı qəsdən yumruqla keçmiş baldızı Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə bir neçə dəfə vuraraq sonuncuya başın sol təpə-gicgah nahiyəsinin hematoması, hər iki gözaltı nahiyəsinin qançırları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə Mənzil Təmir-istismar Sahəsinin 30 mart 2022-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospekti 112/9-da qeydiyyatdadır. Ailə tərkibi: oğlu-2015-ci ildə anadan olmuş X6 və oğlu-2017-ci ildə anadan olmuş X2 ibarətdir. O yaşadığı müddətdə özünü evdə və qonşular arasında nümunəvi bir şəxs kimi aparmışdır. Onun haqqında məhkəmə və polis orqanları tərəfindən Mənzil Təmir istismar Sahəsinə heç bir cinayət işi daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 28 mart 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəzasının əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar