Məhkəmə qərarları › İş №1(021)-83/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-83/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-83/2024 10.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də operator işləyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Kürdborakı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün nəqliyyat vasitəsini hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək idarə etməməli olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8ci bəndinin tələblərini pozub alkoqollu içki qəbulu nəticəsində orta dərəcəli sərxoş halda qohumu X3 məxsus VAZ 2106 markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinin mülkiyyətçisi avtomobildə olmadan və həmin avtomobilə dair hər hansı etibarnaməsi olmadan idarə edib Bərdə şəhəri, H.Aslanov küçəsi ilə düzünə - Tərtər rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Təqsirləndirilən şəxs bunun əksinə olaraq onunla eyni istiqamətdə hərəkətdə olub yolun sol hissəsində yerləşən “Qədim Bərdə” restoranı istiqamətinə hərəkət etmək üçün dayanmış vəziyyətdə olan sürücü Şahid2 idarə etdiyi “Mercedes Benz C 200” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpmış, nəticədə VAZ 2106 markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan 2018ci il təvəllüdlü Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən sağ bud sümüyünün distal medialında qopmuş yerdəyişən sümük fraqmenti izlənən sınıq xətti xəsarəti almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bərdə rayonu, Kürdborakı kəndində tək yaşayır və "xxxx" MMC-də operator işləyir. BC kateqoriyalı sürücülük vəsiqəsi olsa da, avtomobili yoxdur. Təxminən 2 ildir ki, həyat yoldaşı Gülümdən boşanmış, himayəsində bir azyaşlı oğlu var. Keçmiş arvadı Gülüm və azyaşlı oğlu Cavid Bakı şəhərində yaşayırlar. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında keçmiş arvadı və azyaşlı oğlu Bakı şəhərindən Bərdə rayonuna gəlirmiş. O, azyaşlı oğlunu və keçmiş arvadını Bərdə Avtovağzalından avtomobil ilə götürməli imiş. Həmin vaxt o, yaşadığı evdə spirtli içki olan araq içdikdən sonra yaşadığı kənddə olan çayxanaya gedib çay içirmiş. Keçmiş arvadı X7 çatmağa az qalmış ona zəng edib xəbər vermiş və o, xalasıoğlu Xəyyamın avtomobilini götürüb idarə etmək üçün Xəyyamın evinə getmişdir. Həmin vaxt Xəyyam evdə olmadığına görə o, xalasından Xəyyamın VAZ 2106 markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarını istəmiş, xalası da avtomobilin açarını ona vermişdir. Bundan sonra o həmin avtomobili idarə edib Bərdə Avtovağzalı istiqamətində hərəkətə başlamışdır. Avtovağzala gedib keçmiş arvadını və azyaşlı oğlunu qarşılayıb onları avtomobilə əyləşdirmiş və yaşadığı kəndə qayıtmaq üçün yola düşmüşdür. Həmin vaxt azyaşlı oğlu Cavid avtomobilin ön sərnişin oturacağında əyləşibmiş. Keçmiş arvadı Gülüm isə arxa sərnişin oturacağında imiş. O, Bərdə şəhəri, H.Aslanov küçəsi ilə avtomobili saatda təxminən 50-60 km sürətlə idarə edirmiş. Həmin vaxt axşam saatları olduğundan hava qaranlıq imiş. Avtomobili idarə edərkən diqqətini yoldan ayırıb oğluna tərəf çevrilmiş və Cavidin əlində olan dönəri yeməsinə köməklik etmişdir. Elə həmin vaxt qarşıda dayanıqlı vəziyyətdə olan “X12” markalı avtomobilə çırpılmışdır. Belə ki, o, yola diqqət etdikdə qarşıdakı avtomobil ilə ara məsafələri çox qısa imiş və hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Ona görə də idarə etdiyi avtomobilin ön hissəsi ondan qarşıda dayanıqlı vəziyyətdə sola dönməkdə olan “X12” markalı, dövlət qeydiyyat nişanına diqqət etmədiyi gümüşü rəngli avtomobilin arxa tərəf hissəsinə çırpılmışdır. Hadisə nəticəsində o, əl nahiyəsindən və döş qəfəsisindən xəsarət almışdır. 2018ci il təvəllüdlü oğlu Cavidin isə ayaq sümüyü sınmışdır. Hadisədən dərhal sonra avtomobildən yerə enmiş və çırpıldığı avtomobildə olan şəxslərin xəsarət alıb-almadıqlarını öyrənmişdir. Belə ki, onun çırpıldığı avtomobil də hadisə nəticəsində yolun əks istiqamətində hərəkətdə olan yük avtomobilinə çırpılmışmışdır. “X12” markalı avtomobildə sürücüdən başqa bir neçə nəfər şəxs olsa da onların heç biri xəsarət almamışdır. Həmin vaxt o, yoldan keçən tanımadığı şəxsin avtomobili ilə keçmiş arvadını və oğlunu xəstəxanaya aparmışdır. Hadisə nəticəsində keçmiş arvadı Gülüm heç bir xəsarət almamışdır. Əlavə olaraq bildirmişdir ki, idarə etdiyi avtomobilə dair etibarnaməsi olmamış, hadisə nəticəsində özü və azyaşlı oğlu xəsarət aldığı üçün xəstəxanaya getmək məqsədi ilə hadisə yerini tərk etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, anası bir yerdə Bakı şəhərində yaşayır. Məktəbə getmir. Atasının adı Vüqardır. Anası ilə atası ayrı yaşayır. Ara-sıra Bərdəyə gəlib atası ilə görüşür. Bir müddət əvvəl anası ilə Bakı şəhərindən Bərdə rayonuna gəlmişlər. Atası gəlib ağ rəngli avtomobil ilə onları götürmüşdür. Yolda atası ona dönər almışdır. Atası avtomobili idarə edərkən o, qabaq oturacaqda əyləşib dönər yeyirmiş. Dönər kağızını aça bilmədiyinə görə atası ona kömək etməyə çalışmış və elə həmin vaxt möhkəm səs gəlmiş, avtomobil nəyəsə dəymişdir. O, oturacağın qabağına yerə yıxılmış, ayağı qırılmışdır. Sonra atası onu və anasını həkimin yanına aparmış, ayağına gips qoyulmuşdur. Hadisənin necə baş verməsini isə görməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında azyaşlı oğlu ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 2 ildir ki, keçmiş əri Vüqardan boşanmış, bir azyaşlı oğlu var. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında azyaşlı oğlu Cavid ilə birlikdə Bakı şəhərindən Bərdə rayonuna gəlirmiş. Keçmiş əri Vüqar onları Bərdə Avtovağzalından avtomobil ilə götürməli imiş. X8 çatmağa az qalmış o, Vüqara zəng edib xəbər vermişdir. Bir qədər sonra X2 və oğlu Cavidi qarşılayıb özünün idarə etdiyi ağ rəngli, VAZ 2016 markalı, dövlət qeydiyyat nişanına diqqət yetirmədiyi avtomobilə əyləşdirmişdir. Həmin vaxt Cavid avtomobilin ön sərnişin oturacağında, özü isə arxa sərnişin oturacağında əyləşmişmişdir. Onlar Bərdə şəhəri, H.Aslanov küçəsi ilə hərəkət edirmiş. Həmin vaxt axşam saatları olduğundan hava qaranlıq imiş. Belə ki, Vüqar yolda avtomobili dayandırıb oğlu Cavidə dönər almış və Cavid yolda gedərkən əlində dönər yeyirmiş. Onlar “Qədim Bərdə” adlanan restorana çatmağa az qalmış Vüqarın başı Cavidə qarışmışdır. Belə ki, Vüqar oğlu Cavidin dönər yeməsinə köməklik edirmiş. Elə həmin vaxt anidən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Vüqarın diqqətini yoldan yayındırması onun idarə etdiyi avtomobili qarşıda dayanıqlı vəziyyətdə olan digər avtomobilə çırpması ilə nəticələnmişdir. Həm də Vüqardan bir qədər spirtli içki qoxusu gəldiyindən o, Vüqarın içkili olduğunu başa düşmüşdür. Hadisə nəticəsində o özü heç bir xəsarət almasa da Vüqar və oğlu Cavid xəsarət almışlar. Belə ki, Cavidin ayağı qırılmışdır. Həmin vaxt kənardan tanımadığı şəxslər oraya toplaşmış və köməklik edib onları avtomobildən düşürtmüşlər. Vüqar yoldan keçən bir avtomobili saxlatdırıb oğlunu xəstəxanaya aparmışdır. Heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə ibtidai araşdırma zamanı notarial qaydada təsdiq olunmuş ərizə təqdim etdiyini qeyd etdi. Əlavə olaraq qeyd etmişdir ki, Vüqar hadisə vaxtı avtomobili normal hərəkət sürəti ilə idarə edirmiş. Hava qaranlıq olduğundan Vüqar qarşıda dayanıqlı olan digər avtomobili görə bilməmişdir. Buna səbəblərdən biri də Vüqarın diqqətini yoldan ayırıb oğluna yönəltməsi imiş. Ola bilsin ki, Vüqarın içkili olması da buna təsir göstərmişdir. Hadisə ani bir anda baş verdiyindən Vüqar hadisənin qarşısını almaq üçün tədbiq görə bilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, Səttarxan küçəsi, ev 35-də ailə üzvləri ilə birlikdə yaşayır və Bərdə rayon İcra Hakimiyyətinin İcra nümayəndəliyində məsləhətçi mühəndis vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində özünə məxsus olan Mercedes Benz C200 minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə-Tərtər yolu ilə hərəkətdə imiş. Həmin vaxt avtomobili özü idarə edirmiş və avtomobildə ondan başqa dostları Zəka, Sərvər və Ramin adlı şəxslər də var imiş. Həmin yolun üzərində yerləşən “Qədim Bərdə” restoranına gedirmişlər. Həmin vaxt “Qədim Bərdə” restoranının qarşısında avtomobili tam dayandırıb sola dönmə işıq siqnalını yandıraraq əks hərəkət istiqaməti ilə hərəkətdə olan avtomobillərə yol vermək və sola dönmək üçün gözləyirmiş. Bir neçə saniyə sonra qəflətən avtomobilinin arxa tərəfinə nə isə möhkəm çırpılmış və onun avtomobili zərbənin təsirindən əks hərəkət hissəsinə çıxaraq ön hissəsi əks istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılmışdır. Bundan sonra o və avtomobilində olan dostları avtomobildən yerə enmişlər. Onda görmüşlər ki, onun avtomobilinə arxa tərəfdən çırpılan ağ rəngli, VAZ 2106 markalı avtomobildir. Həmin avtomobilin dövlət qeydiyyat nişanını xatırlamır. Həmin avtomobildə sürücüdən başqa biri azyaşlı olmaqla iki sərnişin var imiş. Orada məlum olmuşdur ki, VAZ 2106 markalı avtomobilin sürücüsü – adının Vüqar olduğunu sonradan öyrəndiyi şəxs sərxoşdur. Hadisə nəticəsində o və avtomobilində olan dostları, o cümlədən hadisənin təsirindən onun avtomobilinin çırpıldığı yük avtomobilinin sürücü heç bir xəsarət almamış, lakin VAZ 2106 markalı avtomobilin sürücüsü əl nahiyəsindən, həmin avtomobildə olan azyaşlı sərnişin isə ayaq nahiyəsindən xəsarət almışdır. Bir qədər sonra VAZ 2106 markalı avtomobilin sürücüsü xəsarət almış azyaşlı sərnişini və avtomobilində olan qadını yoldan keçən bir avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. O və dostları isə hadisə yerində qalıb polisin gəlməsini gözləmişlər. Bir qədər keçmiş hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. O, hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Sonra isə sərxoş olub-olmaması ilə bağlı müayinədən keçmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə yerindəki avtomobil yolunun nisbətən ensiz yoldur. Yolun hərəkət hissəsində nişanlama xətti yoxdur. O, avtomobilini yolun öz hərəkət hissəində, lakin əks hərəkət hissəsinə yaxın yerdə dayandırıb sola dönmə işıq siqnalını yandırmış və qarşıdan əks istiqamətdə hərəkətdə olan avtomobilləri buraxıb sola dönməyə hazırlaşırmış. Həmin vaxt VAZ 2106 markalı avtomobil onun avtomobilinə arxa tərəfdən çırpılmışdır. Hadisənin baş vermə səbəbini həmin avtomobilin sürücüsünün sərxoş olmasında görür. Belə ki, həmin sürücü sərxoş olmasa və yola diqqət etsə idi onun avtomobilinin yanından ötüb keçə bilərmiş. Hadisə vaxtı onun avtomobilinin arxa işıq lampaları da yanılı imiş. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, özünə məxsus Daimler Chrysler yük markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada yükdaşıma ilə məşğul olur. BC kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində idarə etdiyi Daimler Chrysler yük markalı avtomobili ilə Bərdə şəhəri, H.Aslanov küçəsi ilə Yevlax rayonu istiqamətində hərəkətdə imiş. Həmin vaxt avtomobildə tək imiş və avtomobili saatda təxminən 50 km sürətlə idarə edirmiş. Həmin vaxt hava qaranlıq imiş. “Qədim Bərdə” adılanan restoranın qarşısından keçərkən əks istiqamətdə hərəkətdə olan Mercedes Benz C class markalı avtomobilin yolun orta hissəsində dayanıb sola dönmə işıq siqnalını yandırmaqla sola dönmək üçün ona yol verdiyini görürmüş. Həmin avtomobili ötüb keçərkən anidən onun arxa tərəfindən gələn VAZ 2106 markalı avtomobil həmin avtomobilin arxa hissəsinə çırpılmışdır. Nəticədə Mercedes markalı avtomobilin ön hissəsi onun idarə etdiyi avtomobilin sol yan hissəsinə çırpılmışdır. O, avtomobilini bir qədər irəlidə yolun sağ kənarında dayandırıb hadisə yerinə yaxınlaşmış və məlumu olmuşdur ki, VAZ 2106 markalı avtomobilin sürücüsü sərxoş vəziyyətdədir, həmçinin özü və avtomobildə sərnişin qismində olan azyaşlı uşaq xəsarət almışdır. Mercedes markalı avtomobildə olan sürücü və sərnişinlər isə heç bir xəsarət almamışlar. VAZ 2106 markalı avtomobilin sürücüsü yoldan keçən avtomobil ilə avtomobilində olan sərnişinləri xəstəxanaya aparmışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Əlavə olaraq bildirmişdir, hadisə ani bir anda baş vermişdir. Belə ki, o öz yolu ilə gedirmiş. Həmin vaxt Mercedes Benz C class markalı avtomobil hadisənin təsirindən onun avtomobilinə çırpılmışdır. Hadisənin qarşısını heç cür ala bilməzmiş. Məhkəmə istintaqı zamanı şahid Bərdə RPŞ-nin DYPB-nin inspektoru, polis baş leytenantı Şahid4 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri ərazisində xidmətdə olarkən saat 22 radələrində Bərdə RPŞ-nin X5 şəhəri, H.Aslanov küçəsində - “Qədim Bərdə” adlanan restoranın qarşısında yol-nəqliyyat hadisəsi olması barədə məlumat alıb dərhal həmin yerə yollanmışdır. Hadisə yerinə çatdıqda VAZ 2106 markalı avtomobilin Mercedes Benz C class markalı avtomobilə arxa tərəfdən çırpıldıqdan sonra dayanıqlı vəziyyətdə olmasını aşkar etmişdir. Həmin vaxt Yevlax şəhəri istiqamətində hadisə yerində dayanıqlı vəziyyətdə olan Daimler Chrysler yük markalı avtomobil də zədəli vəziyyətdə imiş. Hadisə yerində olan şəxslərin məlumatına əsasən, ona məlum olmuşdur ki, VAZ 2106 markalı avtomobildə sürücü və azyaşlı sərnişin xəsarət aldıqları üçün xəstəxanaya müraciət etmişlər. O, hadisə yerində hərəkətin təhlükəsizliyini və hadisə yerinin qorunub saxlanılmasını təmin etmiş, bir qədər sonra isə hadisə yerində Bərdə RPŞ-nin təhqiqatçısı gələrək hadisə yerinə baxış keçirmişdir. O özü də hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Bundan sonra isə hadisə yerində olan avtomobillərin duracağa yerləşdirilməsini təmin etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə onun hadisə yerinə gəlməsinə qədər baş verdiyindən o, hadisənin şahidi olmamışdır. Cinayət işinə əlavə edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Qədim Bərdə” adlanan restoranın qarşısındakı avtomobil yoludur. Hadisə yeri yaşayış məntəqəsi hesab olunmaqla yol örtüyü asfaltbeton, quru və hamardır. Yolun hərəkət hissəsinin eni 12 metrdir. Yolda hər hansı nişanlama xətti və yol nişanı olmasa da avtomobillərin iki istiqamətli hərəkəti nəzərdə tutulmuşdur. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Hadisə yerində “Mercedes Benz C200” minik markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil ön və arxa hissələrdən deformasiyaya məruz qalmaqla ön tərəfi sola istiqamətlənmiş vəziyyətdə dayanıqlıdır. Həmin avtomobilin arxa tərəfində isə ona çırpılmış vəziyyətdə “VAZ 2106” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanıqlıdır. Qeyd edilən avtomobillərdən bir qədər kənarda, Yevlax şəhəri istiqamətində yolun sağ kənarında “Daimler Chrysler” yük markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanıqlı vəziyyətdədir və həmin avtomobilin yük yerinin sol yan aşağı hissəsindəki qoruyucu dəmir hissə əzilmişdir. Cinayət işinə əlavə edilmiş “VAZ 2106” minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs barəsində alınmış sərxoşluğun müayinəsinə dair xx.xx.2023-cü il tarixli, 1611 nömrəli aktdan görünür ki, o, hadisə vaxtı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinə əlavə edilmiş azyaşlı Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 868 nömrəli rəyinə əsasən, onun bədəni üzərində aşkar edilmiş xəsarət – sağ bud sümüyünün distal medialında qopmuş yerdəyişən sümük fraqmenti izlənən sınıq xətti xəsarətidir, küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilinin salonunda sərnişin kimi olarkən törənə bilərdi, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinə əlavə edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023cü il tarixli, 8/3642 nömrəli rəyinə əsasən, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “Vaz 2106” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə “Daimler Chrysler” yük markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “Mercedes Benz C200” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının DİN-in BDYPİ-nin Qİİ/Bərdə “Asan xidmət” mərkəzi tərəfindən BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2031-ci il tarixədək müəyyən edilməklə o, sürücülük hüququndan məhrum olunmamış və ya sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyi VAZ 2106 markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olmamış, habelə avtomobilin mülkiyyətçisi X6 da hadisə vaxtı həmin avtomobildə olmamışdır. İstintaq zamanı verilmiş əməliyyat tapşırığı əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, hadisə yerində və yaxın ərazidə videomüşahidə kamerası müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Şahid3, Şahid2 və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 ərizə ilə Bərdə RPŞ-yə müraciət edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının CM-in 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Bərdə rayon Mərkəzi Xəstəxanası PHŞ-nin arayışına əsasən, Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinika şöbəsinin narkoloji kabinetində “çətənə narkomaniyası” diaqnozu ilə qeydiyyatda olsa da, ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş, Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixl, 93 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Kürdborakı kəndində yaşayır və müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263-1.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair əsaslı şübhələr olduğundan o, xx.xx.2024-cü il tarixdə, saat 16:50-də cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilkin istintaq materialları ilə tam sübuta yetirildiyindən o, xx.xx.2024-cü il tarixdə, saat 11:40-da tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikasının CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan itiham ona elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədi ilə xx.xx.2024cü il tarixdə müvafiq vəsatət və təqdimatla Bərdə rayon Məhkəməsinə müraciət edilmiş, Bərdə rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməməklə o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1. maddəsinə əsasən, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.11 və 59.1.12-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olması, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran haldır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10.02. 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan edilərək şübhəli şəxs qismində tutulmuşdur, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməməklə, o məhkəmə iclas zalında həbsdən azad edilmişdir.xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi ilə yanaşı, digər yüngülləşdirici hallar olsa da, cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulsa da belə, şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə qəza törətməsi, hərəkətə başlamazdan əvvəl avtonəqliyyat vasitəsində öz doğma övladının əyləşməsini nəzərə alaraq sərxoş vəziyyətdə hərəkətə başlamamalı olduğunu əsas tutmaması, təqsirləndirilən şəxsin əvvəllər də törətmiş olduğu cinayətdən islah olunmamasının göstəricisidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. VAZ-2106 minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 qaytarılması nəzərə alınsın. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 128 (manat) ekspertiza tədqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 10 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səddiz) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. . VAZ-2106 minik markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar