Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-85/2021 17.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Qanbay qızının iştirakları ilə xx xxxxxx 1977-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bərdə şəhəri, H.Əliyev prospekti ev 9 mənzil 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 15 fevral 2021-ci il tarixdə, saat 10 radələrində Bərdə şəhəri Koroğlu küçəsində, “ayaq körpüsü” adlanan yerin yanında yerləşən xaşxananın qarşısında Zərərçəkmiş şəxs üzərində olan qara rəngli gödəkcəsinin cibindən 680 manat miqdarında pulu gizli yolla çıxardaraq oğurlamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhəri, Heydər Əliyev prospekti ev 9, mənzil 9-da yaşayır. Zərərçəkmiş şəxs təxminən 1 ildir tanıyır. Malikin həyətində bir neçə dəfə fəhlə işləmiş, yəni, onun bağını belləmişdir. Şahid1 təxminən 3-4 ildir tanıyır. Turalla birlikdə qəbirstanlıqda fəhlə işləyir. Yəni, qəbirstanlıqda təmizlik işləri görür. 15 fevral 2021-ci il tarixdə, səhər tezdən saat 05 radələrində Malik özünə məxsus ***-***-**-** nömrəsindən ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edib onu xaş yeməyə dəvət etmişdir. O, evdən küçəyə çıxıb tanımadığı taksiyə əyləşib Malikin evinin qarşısına gəlmişdir. Malik çıxıb taksiyə əyləşmiş və birlikdə Bərdə rayonu Qaradağlı kəndi ərazisində yerləşən “seyidin xaşxana”sına getmişdir. Taksinin pulunu Malik verib yola salmışdır. Hər ikisi xaşxanaya daxil olub bir stol arxasında əyləşmişdir. Onlar xaş yemiş və hərəsi 100 qram spirtli içki qəbul etmişdir. Sonra xaşxanadan yola çıxmışdırlar. Malik bir taksi saxlatmış, taksiyə hər ikisi əyləşmiş və Malik taksiyə onları Bərdə şəhəri “ayaq körpüsü” deyilən yerə apar demişdir. Taksi isə onları “ayaq körpüsü”nün yanına gətirmişdir. Malik taksinin pulunu vermişdir. Malik və o, həmin ərazidə yerləşən İlhamın xaşxanasına daxil olmuşdur. Malik yenə də, xaş və 700 qramlıq araq sifariş vermişdir. Onlar xaş yeyərək araq içməyə başlamışdır. Bu vaxt Tural ona zəng edib nə səbəbə qəbirstanlığa, yəni işə gəlmədiyini soruşmuşdur. O da, ona Maliklə İlhamın xaşxanasında yemək yediyini bildirib onu da xaş yeməyə dəvət etmişdir. Bir az keçmiş Tural da, xaşxanaya gəlib onlarla bir stol arxasında əyləşmişdir. Tural xaş yeməmiş və araq içməmişdir. Ona görə də o, çay içmişdir. Malik arağı çox içdiyi üçün sərxoş olmağa başlamışdır. Hətta Malik ayaq yoluna gedən zaman yerə yıxılmışdır. O, Turaldan birlikdə Malikin qolundan tutub onu taksi ilə evlərinə yola salmasını xahiş etmişdir. Tural da, onunla razılaşmışdır. O və Tural hərəsi Malikin bir qolundan tutan zaman Malikin sağ cibindən pullarının yerə düşəcəyini görüb pulları götürmüşdür. O da, içkili idi. Lakin Tural ayıq olmuşdur. O, Malikin cibindən pul götürməyi barədə Turala bir söz deməmişdir. Onlar Maliki taksi ilə evlərinə yola salmışdır. Bundan sonra pulları saydıqda 680 manat olduğunu bilmişdir. O, Turala 680 manat pulu olduğunu, Malikin ona pul verdiyini bildirmişdir. Bundan sonra, o, pulları Turala verərək saxlamasını, onun içkili olduğunu, itirə biləcəyini demişdir. Tural ondan pulları təhvil almışdır. O, Turala qonaqlıq verəcəyini bildirmişdir. O, Turalla birlikdə həmin taksi ilə Bərdə şəhərində yerləşən “Oba” adlı marketin yanına gəlmişdir. Həmin yerdə Turalın tanışı Mürvət adlı taksi sürücüsünün avtomobilinə əyləşmişdirlər. Tural avtomobilin qabaq sağ oturacağında, o isə arxa sağ oturacaqda əyləşmişdir. Tural və o, taksiyə onları Yevlax rayonu istiqamətində aparmasını demişdir. Taksi ilə Yevlax rayonu istiqamətində getməyə başlamışdır. Onlar Yevlax rayonu ərazisində yerləşən bir yeməkxanaya getmişdir. Hər üçü yeməkxanaya daxil olmuşdur. Tural yemək və içki sifariş vermişdir. Tural və taksi sürücüsü Mürvət az faizli “GO” adlı spirtli içki qəbul etmişdir. O isə 100 qram tut arağı içmişdir. Onlar yemək yeyən zaman Tural 58 manat yemək haqqını ödəmişdir. Onlar taksi ilə Bərdə şəhərinə qayıtmışdır. Tural taksi sürücüsü Mürvətə 20 manatlıq benzin vurmuşdur. Həmçinin ona 40 manata yaxın pul vermiş və onu qaynanasıgilə aparmışdır. Qaynanası Bərdə şəhəri, Vaqif küçəsində yaşayır. O, avtomobildən düşən zaman Tural ona 200 manat vermişdir. Tural onun kimi kasıbdır. Turalın yeməkxanada verdiyi 58 manat pul, taksiyə verdiyi 60 manat pul və ona verdiyi 200 manat Malikin pulları olmuşdur. O da, həmin puldan 100 manatını həyat yoldaşı Şahid2 verib, 100 manatı isə cibinə qoymuşdur. Lakin həyat yoldaşı ona verdiyi pulu haradan əldə etməyini bilməmişdir. Səhərisi günü səhər tezdən Malik ona zəng vurub cibindən dünən 600 manatdan çox pulun yoxa çıxmasını demişdir. O da, ona dünən çox kefli olduğunu, xaşxanada camaatın yemək xərclərini verdiyini demişdir. Malik ona telefonda “səni tanıyıram, bəlkə mənim pullarımı cibimdən yanındakı oğlan götürüb” demişdir. O, Malikə bir söz deməmiş, çünki Tural və o, Malikin pullarını xərcləmişdir. Bundan sonra, Bərdə rayon Polis Şöbəsində sahə rəisi işləyən Bəylər müəllim onu Polis Şöbəsinə dəvət edəndə Malikin cibindən pullarının götürülməsi barədə şikayət verməsini bilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bərdə şəhəri, Sabir küçəsi ev 8-də ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Elxan adlı şəxs onun tanışıdır. O, Elxana bir neçə dəfə yaşadığı evin həyətyanı sahəsində iş gördürmüşdür. Elxanın fəhləliklə məşğul olduğunu bildirmişdir. O, 15 fevral 2021-ci il tarixdə, saat 09 radələrində Elxanla görüşərək ona xaş alacağını demişdir. Onlar birlikdə Bərdə şəhəri Koroğlu küçəsində “ayaq körpüsü” adlanan yerin yanında yerləşən İlham adlı şəxsin xaşxanasına getmişdir. Onlar birlikdə xaş yeyərkən spirtli içki qəbul etmişdir. Elxan bir qədər sonra Tural adlı şəxsə zəng edərək yanlarına gəlməsini, xaş yeməsini demişdir. Bundan sonra, Tural xaşxanaya gələrək yanlarında əyləşmişdir. O, spirtli içki çox içdiyindən evə getmək istəmişdir. O, stolda yedikləri yeməyin hesabını vermişdir. Onun cibində 700 manat pul olmuşdur. O, həmin zaman cibində olan 700 manat pulu bütövlükdə çıxararaq 20 manat hesab vermişdir. Elxan və Tural cibindən çıxardığı pulları görmüşdür. Elxan və Tural onunla birlikdə stoldan duraraq çölə çıxmışdır. Elxan və Tural stoldan durduqdan sonra onun qoluna girərək ona yeriməyinə kömək edəcəyini bildirmişdir. O, onlara ehtiyac olmadığını demişdir. O, Elxan və Turalla sağollaşıb taksiyə əyləşərək evə getmişdir. O, içkini çox qəbul etdiyindən evin həyətində biraz gözləmişdir ki, anası içkili olduğunu hiss etməsin. Elə həmin zaman o, gödəkcənin cibinə baxanda cibində pul olmadığını görmüşdür. O, içkili olduğu üçün pulun olmadığına fikir verməyək yatmışdır. Lakin 16 fevral 2021-ci il tarixdə yuxudan durduqdan sonra cibində 680 manat pulun olmadığını bilmişdir. Buna görə də, bu barədə Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək cibindən 680 manat pulun oğurlanmasını bildirmişdir. O, cibindən götürülən 680 manat pulun Elxan tərəfindən oğurlandığından şübhəli olduğunu bildirmişdir. Elxan onun içkili olduğundan istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Nüşabə küçəsi 3 saylı evdə yaşayır. Zərərçəkmiş şəxs hadisə günü tanımış, onunla əvvəllər hər hansı bir münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır. Elxanla birlikdə qəbristanlıqda fəhlə işləyir. Yəni, qəbristanlıqda təmizlik işləri görür. 15 fevral 2020-ci il tarixdə, səhər tezdən saat 09 radələrində işə getmişdir. İşdə olan zaman Elxanın işə gəlmədiyini görmüşdür. Həmin vaxt Elxana zəng edib harada olmasını və nə səbəbə işə gəlmədiyini soruşmuşdur. Elxan da, ona tanışı ilə ayaq körpüsü deyilən yerə yaxın ərazidə yerləşən İlhamın xaşxanasında yemək yediyini bildirib onu da dəvət etmişdir. O da, pulu olmadığı üçün piyada iş yerindən həmin xaşxanaya getmişdir. O, xaşxanaya gəlib onlarla, yəni, həmin vaxt tanıdığı Maliklə və Elxanla bir stol arxasında əyləşmişdir. O, xaş yeməmiş və araq içməmişdir. Ona görə də çay içmişdir. Malik arağı çox içdiyi üçün sərxoş olmağa başlamışdır. Hətta, Malik ayaq yoluna gedən zaman yerə yıxılmışdır. Elxan ona köməkli Malikin qolundan tutub onu taksi ilə evlərinə aparmaqlarını bildirmişdir. O da, Elxanla razılaşmışdır. O və Elxan hərəsi Malikin bir qolundan tutub orada olan tanımadıqları bir taksiyə əyləşdirmişdir. O, həmin taksinin qabaq sağ oturacağında əyləşmişdir. Elxan və Malik isə arxa oturacaqda əyləşmişdir. O, Elxanla Maliki taksi ilə aparıb evlərinə düşürdüb “Oba” marketin qarşısına gəlmişdir. Taksinin pulunu Elxan vermişdir. Taksi də çıxıb getmişdir. Elxan həmin vaxt ona 100 manatlıq pul əskinazlarını uzadıb Malikdən aldığını bildirərək «ala birlikdə xərcləyək» demişdir. O, pulu saydıqda 680 manat olduğunu görmüşdür. O, pulları Elxandan alıb cibinə qoymuşdur. O, Elxandan nə səbəbə bu məbləğdə pulu Malikin ona verdiyini demişdir. Elxan ona Elxanın içkili olduğunu, kefi yaxşı olduğu həmçinin, həyətyanı sahəsində uzun müddətdir fəhlə işlədiyi üçün verdiyini bildirmişdir. Həmin vaxt Elxan da içkili olmuşdur. Onlar “Oba” marketin qarşına yaxın gedən zaman tanıdığı taksi sürücüsü Mürvəti görmüşdür. O və Elxan gedib Mürvətin avtomobilinə əyləşmişdir. O, avtomobilin qabaq sağ oturacağında, Elxan isə arxa sağ oturacaqda əyləşmişdir. O və Elxan onları taksiyə Yevlax rayonu istiqamətində aparmağı demişdir. Taksi ilə Yevlax rayonu istiqamətində getməyə başlamışdır. Yolda Elxan ondan 200 manat pul istəmişdir. O da, cibindən çıxardıb ona 200 manat pul vermişdir. O, Elxana 200 manat pulu verəndə taksi sürücüsü Mürvət də görmüşdür. Yolda Mürvət avtomobilə benzin tökmək üçün yanacaq doldurma məntəqəsinə daxil olmuş, avtomobilə benzin vurmuş və o 20 manat benzinin pulunu ödəmişdir. O və Elxan Yevlax rayonu ərazisində yerləşən bir yeməkxanaya getmişdir. Hər üçü yeməkxanaya daxil olmuşdur. O, yemək və içki sifariş vermiş. O və taksi sürücüsü Mürvət az faizli “Go” adlı spirtli içkisi qəbul etmişdir. Elxan isə 700 qramlıq araq içmişdir. O, 58 manat yemək haqqını ödəmişdir. Onlar yeməkxanadan çıxan zaman Mürvət ondan yol haqqı kimi 40 manat pul istəmişdir. O da, ona 40 manat pul vermişdir. Onlar birlikdə Bərdə şəhərinə qayıtmışdır. Yolda o, 2 ədəd cəmi 5 manata özünə “Go” içkisi, 1 paçka 3 manat 40 qəpiyə “kent 8” markalı siqaret almışdır. Sürücü Mürvətə isə 1 ədəd 1 manat 20 qəpiyə bizon içkisi, 1 ədəd 2 manat 50 qəpiyə “vikeroy” markalı siqaret almışdır. Sonra yollarına davam etmişdir. Elxanın qaynanası Bərdə şəhəri, Vaqif küçəsində yaşayır. Onlar həmin ünvana Elxanı aparmışdır. O, avtomobildən düşən zaman Elxan ona 100 manat pul uzadıb “ver yoldaşıma soruşsa işləyib qazanmışam” deməyini bildirmişdir. O da, Elxanın verdiyi 100 manatı onun həyat yoldaşı Şahid2 vermişdir. Günel pulu haradan əldə etməklərini soruşmuşdur. O da, ona Elxanın işləyib qazandığını demişdir. Bundan sonra Mürvətin avtomobili ilə Bərdə şəhərində yerləşən ayaq körpüsünə gəlmişdir. Onlar orada maşından düşən zaman Mürvət Elxandan əlavə olaraq 5 manat pul almışdır. Mürvət onları avtomobildən düşürdüb çıxıb getmişdir. Onlar piyada yaxın məsafədə yerləşən Bəy hamamına getmişdir. Həmin bəy hamamı deyilən yerdə çay və pivə sifariş vermişdirlər. O, çay içmiş, Elxan isə pivə içmişdir. Elxan 20 manat pul vermişdir. O, Elxanı bəy hamamında qoyub çıxıb evinə getmişdir. O, evə gələn zaman cibində olan pulu sayanda 90 manat pul qalmasını görmüşdür. Səhərisi günü Bərdə rayon Polis Şöbəsində sahə rəisi işləyən Bəylər müəllim onların evinə gedib anasından onu soruşmuş, sonra qəbiristanlığa dalınca gəlmişdir. O da, qəbristanlıqda olmadığı üçün onu tapa bilməmişdir. Daha sonra anası ilə danışanda onu polis axtardığını bilmişdir. Buna görə də, polisin onu axtardığını bildikdə Elxandan nə baş verdiyini, polis nə səbəbə onu axtardığını, ondan nə gizlətdiyini soruşmuşdur. Elxan ona xərclədikləri pulları kefli olduğu üçün Malikin cibindən oğurladığını bildirmişdir. Bundan sonra o, kənara çəkilib Bəylər müəllimlə telefon əlaqəsi yaradaraq saunada olduğunu, Elxanın da, yanında olduğunu bildirmişdir. Bəylər müəllim də, 3 nəfər polis əməkdaşı ilə həmin ünvana gəlmişdir. Bəylər müəllim hər ikisini Polis Şöbəsinə dəvət etmişdir. Bərdə rayon Polis Şöbəsinin əməkdaşları onu Polis Şöbəsinə dəvət edərkən Elxanın oğurluq etməsində şübhəli olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Vaqif küçəsi ev 109-da ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Həyat yoldaşı Elxan içki aludəçisi olduğundan hal-hazırda onunla bir yerdə yaşamır. O, anası İradənin evində yaşayır. 15 fevral 2021-ci il tarixdə yoldaşı Elxan içkili vəziyyətdə tanışı Tural adlı şəxslə anası evinə gələrək ona 100 manat pul vermişdir. O, Elxandan hansı səbəbə ona pul verdiyini, pulu hardan tapdığını bildirmişdir. O, Elxanın bu hərəkətindən şübhələnmişdir. Çünki onun cibində əlavə 100 manat pul olduğunu görmüşdür. O, heç bir yerdə işləmədiyindən hansısa bir əməl törətdiyini fikirləşmişdir. Elxan ona fəhləlik etdiyini, həmin pulu qazandığını demişdir. Lakin ona inanmamışdır. Bərdə rayon Polis Şöbəsinin əməkdaşları onun mobil telefonuna zəng edərək Elxanın oğurluq etməkdə şübhəli olduğunu bildirmişdir. Polislər ondan Elxanın ona pul verib-verməməsini soruşmuşdur. O, polis əməkdaşlarına Elxanın ona 100 manat pul verdiyini bildirmişdir. Həmçinin onlara Elxanın köynəyinin cibində əlavə 100 manat pul gördüyünü demişdir. O, Elxanın oğurluq etməsindən xəbəri olmamışdır. Çünki, Elxan içki aludəçisi olduğu üçün 5 aydır onunla ayrı yaşayır. O, həmin 100 manat pul əskinazını istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Bərdə şəhəri, A.Əhmədov küçəsi ev 41-də ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Ona məxsus “Vaz 21011” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. O, 15 fevral 2021-ci il tarixdə, saat 11 radələrində avtomobili ilə Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən “OBA” marketin qarşısında dayanıb müştəri gözləmişdir. Həmin zaman qonşusu Tural və onun dostu Elxan avtomobilinə əyləşib Yevlax şəhəri Tanrıqullar kəndində yerləşən restorana aparmasını bildirmişdir. Elxan ona pulları çox olduğunu, puldan narahat olmamağını demişdir. O, avtomobilini işə salıb Yevlax şəhərinə doğru idarə etmişdir. Yolda olarkən Elxan ona 680 manat pul qazandığını, Bərdə rayonunda yerləşən İmamzadənin həyətində Molladan gizlin olaraq qəbir yeri satdığını bildirmişdir. O, Tanrıqullar kəndində yerləşən yolun kənarındakı restorana çatmışdır. Onlar aşağı düşüb restoranda yeyib içəcəklərini bildirmişdir. O, onlara getməli olduğunu, zəhmət haqqını vermələrini demişdir. Onlar onu restorana dəvət edib onunda yemək yeməsini bildirmişdir. Onlar həmçinin onun gözləməyini, qarşılığında ona 45 manat pul verəcəklərini demişdir. Onlar restoranda yemək yeyib spirtli içki qəbul etmişdir. Bir qədər sonra onları Bərdə şəhərinə aparmaqlarını bildirmişdir. O, Bərdə şəhərinə çatan zaman Elxan ona qaynanasının evinə aparmasını demişdir. O, avtomobili ilə Vaqif küçəsinə getmişdir. Elxan və Tural avtomobildən düşmüşdür. Elxanın həyat yoldaşı Günel və oğlu onları gözləmişdir. Elxan 100 manat pulu cibindən çıxarıb Günelə vermişdir. Günel Elxana cibində qalan 100 manatıda istəmişdir. Lakin Elxan cibində qalan 100 manatı Günelə verməmişdir. Bundan sonra, onlar avtomobilə əyləşib saunaya aparmaqlarını bildirmişdir. O, onları ayaq körpüsü adlanan yerin yanında yerləşən saunaya aparmışdır. Bundan sonra onların nə etdiklərindən xəbəri olmamışdır. O, həmçinin onların oğurluq etməsindən xəbəri olmamışdır. İş materiallarında olan 16 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 15 fevral 2021-ci il tarixdə, saat 10 radələrində Bərdə şəhəri Koroğlu küçəsində, “ayaq körpüsü” adlanan yerin yanında yerləşən xaşxananın qarşısında Zərərçəkmiş şəxs üzərində olan qara rəngli gödəkcəsinin cibindən 680 manat miqdarında pulu gizli yolla çıxardaraq oğurlamışdır. İş materiallarında olan 17 fevral 2021-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, 15 fevral 2021-ci il tarixdə saat 10 radələrində Bərdə şəhəri Koroğlu küçəsində yerləşən xaşxananın qarşısında Zərərçəkmiş şəxs üzərində olan qara rəngli gödəkcəsinin cibindən 680 manat pulu Bərdə şəhər sakini xx xxxxxx 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs gizli yolla oğurlamışdır. İş materiallarında olan 16 mart 2021-ci il tarixli, Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Bərdə Rayon Məhkəməsinin 09 aprel 2015-ci il tarixli hökmü ilə 29,177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 09 iyul 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilib. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 09 aprel 2015-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş 2700 (iki min yeddi yüz) manat cərimə cəzası 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. İş materiallarında olan Bərdə şəhər İcra Nümayəndəliyinin 19 mart 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs, Bərdə şəhəri, H.Əliyev prospekti ev 9 mənzil 9da qeydiyyatdadır və yaşayır, yaşayış yeri üzrə mənfi xarakteriza olunur. İş materiallarında olan Bərdə şəhər Poliklinikasından alınmış 19 mart 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs, Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 15 fevral 2021-ci il tarixdə, saat 10 radələrində Bərdə şəhəri Koroğlu küçəsində, “ayaq körpüsü” adlanan yerin yanında yerləşən xaşxananın qarşısında Zərərçəkmiş şəxs üzərində olan qara rəngli gödəkcəsinin cibindən 680 manat miqdarında pulu gizli yolla çıxardaraq oğurlamışdır Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və X2 törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxs X3 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən iş üzrə maddi ziyan olan 680 (altı yüz səksən) manatdan Təqsirləndirilən şəxs qismən, yəni 100 (bir yüz) manat ödəməsi cəzasını yüngülləşdirən haldır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 17 fevral 2021-ci il tarixdə 19 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırıması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351- 353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 17 fevral 2021-ci il tarixdə 19 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlunun üzərinə Bərdə, H.Əliyev prospekti ev 9 mənzil 9 ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-85/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-85/2021
17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver