Məhkəmə qərarları › İş №1(021)-85/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-85/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-85/2024 06.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: 21 avqust 2004-cü ildə Bərdə rayonu Ərəblər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kəlbəcər rayonu, İlyaslar kəndində qeydiyyatda olmaqla ünvan 1ində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kifayət qədər toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Bеlə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində ünvan 1inin mərkəzi hissəsində yerləşən kənd su arxının yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə arx suyunun qarşısını kəsib özünün torpaq sahəsinə istiqamətləndirməsinə görə aralarında yaranmış mübahisə zamanı əlində olan istintaqla müəyyən edilməsi mümkün olmayan ağac parçası ilə Zərərçəkmiş şəxs baş və göz nahiyyələrinə qəsdən zərbələr vuraraq sonuncunun sağlamlığına, sol gözaltı nahiyyəsinin piqmentasiya sahəsi (qançır izi) və hematoması, sol gözdə küt əşyanın təsirindən törənən görmənin zəifləməsi ilə nəticələnən ümumilikdə ümumi əmək qabiliyyətinin cüzi olmaqla 5 (beş) faiz itirilməsinə səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək eynilə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, o, Bərdə rayonu, Mirzəcəfərli kəndində ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq işləmir. Fərdi təsərrüfatla məşğul olur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Yaşadıqları Mirzəcəfərli kəndində babası İmran Səlimova məxsus əkin sahəsi vardır. Babası İmran yaşlı olduğu üçün həmin əkin sahəsini suvarmağı xahiş etmişdir. 16 avqust 2023-cü il tarixdə səhər saat 09:00 radələrində o, su sulayarkən Əfqan adlı şəxs ona yaxınlaşaraq suyu nə səbəbə açdığını soruşmuş və ona əsəbiləşmişdir. O isə cavabında suyu açmağı babası İmranın tapşırdığını qeyd etmişdir. Əfqan adlı şəxs onun babasına zəng edərək təcili bura gəlməli olduğunu bildirmişdir. Daha sonra Əfqan adlı şəxs onu özünə məxsus “VAZ 2107” markalı minik maşınına qoyaraq zibillik adlanan yerə aparmış, yolda olarkən onu nalayiq ifadələrlə təhqir etmişdir. Maşından düşən kimi, Əfqan maşından ağac götürərək ona hücum etməyə başlamışdır. Əfqan ondan böyük olduğu üçün o, Əfqanın ona xəsarət yetirməsindən qorxmuşdur. Bu səbəbdən də oradan qaçmağa çalışmışdır. Əfqan isə əlində ağacla arxasınca gəlmişdir. O, qaçan zaman Əfqanın yıxıldığını hiss etmişdir. Amma Əfqan yenidən ayağa qalxaraq ona hücum etmişdir. Bu zaman o, özünü müdafiə etmək məqsədilə ağacı Əfqanın əlindən almış və oradan uzaqlaşmışdır. O, evə tərəf gedəndə əmisi Elməddin Səlimov onu görmüş və onu kənddə yerləşən məhləyə aparmışdır. Sonra o evə getmişdir. O, heç kimi vurmamış, Əfqan ağacla özü-özünə xəsarət yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Bərdə rayonu, Mirzəcəfərli kəndində yaşayır. Rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Həmkəndliləri olan Təqsirləndirilən şəxs və əmisi X1 uzun müddətdir ki, tanıyır. Onların münasibətləri normal olmuşdur. Təxminən 9 sentyabr 2023cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş vermişdir. Belə ki, həmin tarixdə o, suyun başında olarkən Yaməddinin arxı dağıtdığını görmüşdür. Yaməddindən nə üçün suyu dağıtdığını soruşanda Yaməddin ona cavab verməmişdir. Bu zaman o, Yaməddinin evinə zəng edərək bu barədə babası İmran Səlimova məlumat vermişdir. İmran Səlimov isə cavabında Yaməddinə işi ilə məşğul olmasını deməyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmışdır. Daha sonra Təqsirləndirilən şəxs yerdən ağac götürərək onun baş və göz nahiyyəsinə zərbələr vurmağa başlamışdır. O, Yaməddinin zərbələrinin qarşısını almağa çalışmışdır. Nəticədə göz nahiyyəsindən xəsarət almışdır. Yaməddin isə həmin ərazidən uzaqlaşmışdır.O, hadisənin 16 avqust deyil, 9 sentyabr tarixində olmasını bildirmişdir. Yaməddinin onu vurduğu ağac təxminən 1,5 metr uzunluğunda olmuşdur. Bu gün də görməsi zəifdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində ən ağır cəza, yəni azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. İş üzrə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 1ində yaşayır. Rəsmi olaraq işləmir, təqaüdçüdür. Zərərçəkmiş şəxs oğlu, Elməddin və Təqsirləndirilən şəxs isə həmkəndliləridir. Münasibətləri daim normal olmuşdur. 09 sentyabr 2023-cü il tarixində oğlu Əfqan ilə həmkəndliləri Təqsirləndirilən şəxs arasında mübahisə baş vermişdir. Mübahisə baş verən zaman o, evdə olmuşdur. Oğlu Əfqanın dediyinə görə oğlu suyun başında olarkən Yaməddin suyun qarşısını kəsmiş, Əfqan isə nə üçün belə etdiyini soruşanda Yaməddin suyu kəsməyi babasının tapşırdığını bildirmişdir. X3 arasında dava-dalaş baş vermiş və Yaməddin əlində olan ağacla Əfqanın baş və göz nahiyyələrinə zərbələr vurmuşdur. Daha sonra isə uzaqlaşmışdır. Əvvəl polisə şikayət etmək istəməmiş, daha sonra münaqişə davam etdiyi üçün DİN-nin 102 xidmətinə zəng edərək bu haqda məlumat vermişdir. Müdafiə tərəfindən dəvət edilməklə iş üzrə şahid qismində dindirilmiş Elməddin Səlimov da Yaməddinin verdiyi ifadəsində göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, eşitdiyinə görə Əfqan onu döymüş, Yaməddin isə Əfqanı vurmamışdır. Müdafiə tərəfindən dəvət edilməklə iş üzrə şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 09 sentyabr 2023-cü il tarixdə Yaməddin və Elməddin Səlimovla birlikdə saat 09:00- 10:00 radələrində maşınla gəlib onu evdən göturüb və mağazaya getmişlər. Daha sonra onlar saat 13:00 radələrində toya getmişdirlər. Həmin gün birlikdə toy məclisində iştirak etmişlər. Hadisə barədə məlumatı olmayıb. Müdafiə tərəfindən dəvət edilməklə iş üzrə şahid qismində dindirilmiş X7 göstərdi ki, 16 avqust 2023-cü ildə Yaməddingilin mağazasına getmiş, görüb ki, Yaməddin mağazada yoxdur. Daha sonra görmüşdür ki, Yaməddinlə Əfqan birgə söhbət edirlər, sonra Əfqan onu maşına qoyub apardı, daha sonra onları görməyib. Sonradan eşitmişdir ki, Yamnəddinlə Əfqan dava etmişdir. Kimin kimə xəsarət yetirdiyini görməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Bərdə rayonlar arası zona mərkəzinin xx.xx.2023cü il tarixli 715 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər sol gözaltı nahiyyəsinin piqmentasiya sahəsi (qançır izi), sol gözdə görmənin zəifləməsi küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 5% itirilməsinə səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin xx.xx.2024-cü il tarixli 587 nömrəli təkrar ekspertiza rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol gözdə görmənin zəifləməsi ilə müşayiət edilən sol gözaltının piqmentasiya sahəsi (qançır izi) və hematoması olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşya təsirindən törənmişdir, ağac parçası ilə zərblə həmin nahiyyəyə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin xarakteri və lokalizasiyası onların yıxılma və öz-özünə yetirilməsinə uyğun gəlmir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Bərdə RİHB-nın Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 156 saylı arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Mirzəcəfərli kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin müalicə kitabçalarından görünür ki, Zərərçəkmiş şəxs 2023-cü ilin avqust ayı ərzində Naftalan sağlamlıq mərkəzində müalicə kursu keçmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2-ci maddəsinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, material üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində ünvan 1inin mərkəzi hissəsində yerləşən kənd su arxının yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə arx suyunun qarşısını kəsib özünün torpaq sahəsinə istiqamətləndirməsinə görə aralarında yaranmış mübahisə zamanı əlində olan istintaqla müəyyən edilməsi mümkün olmayan ağac parçası ilə Zərərçəkmiş şəxs baş və göz nahiyyələrinə qəsdən zərbələr vuraraq sonuncunun sağlamlığına, sol gözaltı nahiyyəsinin piqmentasiya sahəsi (qançır izi) və hematoması, sol gözdə küt əşyanın təsirindən törənən görmənin zəifləməsi ilə nəticələnən ümumilikdə ümumi əmək qabiliyyətinin cüzi olmaqla 5 (beş) faiz itirilməsinə səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi digər mötəbər sübutlarla, yəni zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və işə əlavə edilən sağlamlıq kurs kitabçaları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, onun ifadəsi qeyri-səmimi verilmiş ifadədir və özünə bəraət qazandırmaq məqsədilə verilmişdir. Belə ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi cəzadan yayınmağa hesablanıb, işin faktiki hallarına uyğun olmayan ifadədir, onun vəziyyətinin yüngülləşdirilməsinə xidmət edir. İş materiallarında olan təkrar ekspertiza rəyindən də görünür ki, Zərərçəkmiş şəxs yıxılması və ya özü-özünə xəsarət yetirməsi inandırıcı deyil. Həmçinin məhkəmə cinayət hadisəsinin 09 sentyabr 2023-cü ildə baş verməsini qeyd edir. Çünki, iş materiallarına əlavə edilmiş sağlamlıq kurs kitabçası ilə zərərçəkmiş şəxsin 2023-cü ilin avqust ayında Naftalanda müalicədə olduğu məlum olur. Məhkəmə müdafiə tərəfinin dəvət etdiyi şahidlərin ifadələrinə obyektiv hüquqi qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər hesab edilə bilməz, çünki həmin şəxslər onun yaxın qohumları və həmkəndliləri olmaqla hadisə barədə heç bir detallı və sübut əhəmiyyəti kəsb edəcək ifadə verməmişlər və həmin ifadələr digər yanaşı sübutlarla təsdiq edilmir, əksinə iş materiallarında olan digər sübutlar ilə təkzib olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertin rəyi və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə zərərçəkmiş şəxslə barışığa gəlməməsi və ümumiyyətlə barışığa cəhd etməməsini, törətdiyi əməli ibtidai və məhkəmə istintaqı zamanı səmimi etiraf etməməsi və əməlindən peşmançılıq hissi keçirməməsini, məhkəməyə qeyri-səmimi yanaşmasını, özünə haqq və bəraət qazandırmağa çalışmasını və hadisədən nəticə çıxarmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 128-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırki cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və məhkumluğunun olmamasını CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan üzləşdirmə istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 6 saat müddətində göstərdiyi hüquqi yardıma görə hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 36 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 6 saat müddətində göstərdiyi hüquqi yardıma görə hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 36 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar