Məhkəmə qərarları › İş №1(021)-86/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-86/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-86/2022 18.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1972-ci ildə Ağdam rayonu Papravənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bərdə Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhdum etmə cəzasına məhkum edilmiş, 21.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməyən, Ağdam rayonu Papravənd kəndində qeydiyyatda olan və Bərdə rayonu Qarabağ qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06.03.2022-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri, Sənayə küçəsində yerləşən Şahid3 işlətdiyi çayxananın qarşısında Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı başı ilə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə qəsdən vuraraq sonuncunun burun kökü üzərində əzilmiş-cırılmış yarası ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06.03.2022-ci il tarixdə saat 17 radələrində çay içib domino oynamaq məqsədilə Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən qardaşı Mehmanın işlətdiyi çayxanaya getmişdir. Çayxanada olarkən Elnur adlı şəxslə domino oynamağa başlamış və həmin vaxt kənar masada əyləşmiş Zərərçəkmiş şəxs onlarla domino oynamaq istədiyini demişdir. Onlar razılıq vermiş, bu zaman orada olan Elşən adlı şəxsdə onlarla domino oynamaq qərarına gəlmişdir. Onlar orada domino oynayarkən Vüsal pivə içmişdir və eyni zamanda da onlarla domino oynamışdır. Təxminən 1 saat domino oynadıqdan sonra Vüsal sərxoş vəziyyətdə çayxanada nalayiq ifadələr işlətməyə başlamış, heç bir səbəb olmadan mübahisə etmişdir. Sonuncunu sakitləşdirməyə çalışsa da Vüsal onların sözünə əhəmiyyət verməmiş, həmin vaxt çayxanada olan atası Şahid1la sözlə mübahisə etmişdir. Vüsalın qolundan tutaraq çayxanadan küçəyə çıxarmış və çayxananın qarşısında ona sərxoş olduğunu deyərək orada getməsini istəmişdir. Vüsal oradan uzaqlaşmış, təxminən 4-5 dəqiqə sonra yenidən çayxananın qarşısına qayıdaraq onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı onun sifət nahiyəsinə əli ilə vurmağa çalışmış, bu zaman Zərərçəkmiş şəxs sinə nahiyəsindən tutaraq başı ilə 1 dəfə sonuncunun sifət və burun nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs burnundan qan axmağa başlamışdır. Orada olan Elnur adlı şəxs onlara yaxınlaşaraq aralaşdırmış və sonra Vüsalı avtobus dayanacağı tərəfə aparmışdır. Aralarında olan mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmişlə barışdığını, sonuncunun ondan şikayət və tələbinin olmadığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xaliq adlı şəxsi əvvəllər tanımsamışdır, onunla heç bir münasibəti olmamışdır. 06.03.2022-ci il tarixdə pivə içmək məqsədilə Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən kafeyə getmiş və masaların birində əyləşərək pivə içmişdir. Həmin vaxt digər masada 4 nəfər şəxsin domino oynadığını görmüşdür. Tanışı Mehman adlı şəxs masadan durmuş və domino oynamaq istəmədiyini bildirmişdir. Oturan digər şəxslərdən domino oynaması üçün icazə almış və həmin şəxslərin razılığı ilə onlarla domino oynamışdır. Domino oynayarkən Təqsirləndirilən şəxs dominonu səhv oynamış, sonuncuya sözlə öz iradını bildirmişdir. Buna görədə aralarında mübahisə yaranmış, mübahisə zamanı onlar kafedən küçəyə çıxmışlar və kafenin arxa tərəfinə getmişlər. Mübahisə zamanı Xaliq qəflətən başı ilə onun sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Xaliqin qardaşı Mehman onları aralaşdırmış və onları oradan uzaqlaşdırmışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 07 mart 2022-ci il tarixli 161 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-burun kökü üzərinin əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 06.03.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbıb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 08 mart 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhdum etmə cəzasına məhkum edilmiş, 21.10.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti başçısının Papravənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 26 saylı 09 mart 2022-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Papravənd kəndində qeydiyyatdadır və məcburi köçkün kimi Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs 1992-1995-ci illərdə Azərbaycan Milli Ordusu sıralarında Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş, 1993-cü ildə yaralanmış, müalicə olunduqdan sonra N saylı hərbi hissədə qulluğunu davam etdirmişdir. 1993-cü ildə məcburi köçkün düşmüşdür. 2017-2020-ci illərdə məhkumluq həyatı tanımış, 2020-ci ildə həbsdən çıxdıqdan sonra ictimai işlərdə fəal olmuşdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar