Məhkəmə qərarları › İş №1(021)-86/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-86/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-86/2024 22.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X19 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxx 1972-ci ildə Ağdaş rayonu Qəribli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri H.Əliyev prospekti 84/1, mənzil 35-də qeydiyyatda olan və Mingəçevir şəhəri 6-cı Günəşli qəsəbəsi ev 28-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 13 noyabr 2023-cü il tarixdə saat 14 radələrində özünə məxsus Kamaz 55111 markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edib Bərdə rayonu Yenidaşkənd kəndi istiqamətindən Bərdə -Tərtər yolu istiqamətində hərəkətdə olarkən Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən “Üç yol” yol ayrıcında, «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla müvafiq olaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, cinayətkarcasına etinasızlıq göstərib bunlara əməl etməyərək əks istiqamətdə hərəkətdə olan X2 “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, özünə məxsus VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sürücü Elməddin Məhərrəmova döş qəfəsində solda İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı qəlpəli sınıqları, ağciyərin, ürəyin yaralanmaları, sağ said sümüyünün qapalı, sağ bud sümüyünün açıq qəlpəli sınıqları, alın, üst dodaq, sağ çənə, sağ əl nahiyələrinin əzilmiş yaraları, sağ diz və sağ baldır, sağ topuq, sol topuq nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmadan ibarət xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 almış olduğu döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları ilə ağciyərin, ürəyin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, özünə məxsus “KAMAZ 55111” markalı, **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə fərdi qaydada işləyib ailəsini dolandırır. 13 noyabr 2023-cü il tarixdə avtomobilinə yük vurmaq üçün Mingəçevir şəhərindən çıxıb Bərdə rayonu Zümürxan kəndinə getmişdir. Avtomobilində sərnişin və ya yük olmamışdır. Təxminən saat 14 radələrində Bərdə rayonu Yenidaşkənd kəndi ərazisində baş yolda öz zolağında hərəkət edərək “Üç yol” deyilən yol ayrıcına çatanda surəti tam azaltmış, baş yolda olmasına baxmayaraq həmin yola sağ tərəfdən birləşən yola baxdıqda yolda avtomobil olmamış, sol tərəfə baxdıqda təxminən 50 metr uzaqlıqda ağ rəngli VAZ-2106 markalı avtomobil gəldiyini görmüşdür. Avtomobil uzaqda olduğundan təxminən 20-25 km/saat sürətlə hərəkətə davam edib yolu sol tərəfə döndükdə sol tərəfdən gələn avtomobil sürətlə hərəkət etdiyi üçün anidən onun avtomobili ilə ön tərəfdən toqquşmuşdur. Avtomobildən düşmüş, həmin yerə xeyli tanımadığı adamlar toplaşmışdır. Digər avtomobildə olan sürücü X3 başqa tanımadığı şəxslər ilə birlikdə köməkləşib avtomobildən çıxartmış, sonuncunun üzü qan içində olmuşdur. Tanımadığı iki nəfər şəxs Elməddini VAZ-2106 markalı qara rəngli avtomobilə qoyub xəstəxanaya aparmış, o isə qəza törətdiyi kənddə taksiyə oturub Elməddinə köməklik etmək üçün xəstəxanaya getmişdir. Orada Elməddinin artıq öldüyünü öyrənmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçiriləcəyini demiş, bu səbəbdən polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıtmış, orada onun, polis əməkdaşlarının və iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Bundan sonra ifadə vermək üçün Bərdə Rayon Polis Şöbəsinə gəlmişdir. Səhvini başa düşür, əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbi yoxdur. Ailəsinin yeganə qazanc gətirən şəxsidir. Qeyd edilənlərin nəzərə alınmasını və ona rəhm edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X4 onun əri olmuşdur. 13 noyabr 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evində olmuş, saat təxminən 15 radələrində həyətdə olarkən səs-küy gəldiyini eşidib həyətdən çölə çıxmış, nə baş verdiyini soruşduqda qonşulardan biri ona əri Elməddinin Yenidaşkənd kəndində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparıldığını demiş, o da ailə üzvləri ilə əlaqə saxlayıb Bərdə RMX-na getmiş, orada əri Elməddinin artıq öldüyünü öyrənmişdir. Xəstəxanada olarkən Elmədinin idarə etdiyi avtmobil ilə hərəkətdə olarkən KAMAZ markalı başqa bir avtomobil ilə toqquşduğunu, bu səbəbdən ağır xəsarətlər alaraq dünyasını dəyişdiyini öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə Təqsirləndirilən şəxs işə barışması, ona qarşı heç bir şikayət və tələbinin olmaması barədə notariat qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 13 noyabr 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Bərdə rayonu Yenidaşkənd kəndindəki evində olmuşdur. Saat təxminən 14 radələrində yaşadığı evin yaxınlığında yerləşən əsas yoldan səs-küy gəldiyini eşitmişdir. Evdən çıxıb səs-küyün gəldiyi yola çıxmışdır. Asfalt yolda KAMAZ markalı avtomobil ilə VAZ-2106 markalı avtomobilin toqquşduğunu görmüş, həmin yerə xeyli sayda adam toplaşmışdır. Hadisənin baş verdiyi yerə yaxınlaşmışdır. Orada VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bərdə rayonu Hacılı kənd sakini X2 ağır xəsarət aldığını görmüş, sonra orada tanımadığı iki nəfər şəxs Elməddini VAZ-2106 markalı qara rəngli avtomobilə qoyub xəstəxanaya aparmışdır. X10 öldüyünü eşitmişdir. Elməddin Məhərrəmovun toqquşduğu KAMAZ markalı, **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilinin sürücüsünün isə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsini görməmiş, hadisə baş verdikdən sonra hadisə yerinə getmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: “Məhkəmə-Tibbi Ekspertiza və X13” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 13 noyabr 2023-cü il tarixli 55 saylı rəyindən görünür ki, X1 meyitinin bədənində aşağıdakı xəsarətlər- döş qəfəsində solda İİ-İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalıqəlpəli sınıqları, ağciyərin, ürəyin yaralanmaları, sağ said sümüyünün qapalı, sağ bud sümüyünün açıq qəlpəli sınıqları, alın, üst dodaq, sağ çənə, sağ əl nahiyələrinin əzilmiş yaraları, sağ diz və sağ baldır, sağ topuq, sol topuq nahiyələrinin sıyrıqları vardır. -Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində sürücü kimi olmaqla törənə bilərlər, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - X1 ölümünə səbəb döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları ilə ağciyərin, ürəyin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. - X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. - X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqiatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2023-cü il tarixli -128/k saylı maddi sübutların müayinəsi aktı) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli, 8/3712 saylı rəyindən görünür ki, istintaq tərəfindən KAMAZ 55111 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək üçün zəruri olan məlumatlar, yəni sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün real təhlükənin yaranma anı, həmin andan VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə və onun hərəkət sürəti müəyyən edilərək təqdim olunmadığından KAMAZ 55111 markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. -İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-2106 markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2024-cü il tarixli, 8/499 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, KAMAZ 55111 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-2106 markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü E.M.Məhərrəmov avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 100 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum Sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Mingəçevir Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1736 nömrəli arayışından görünür ki, Cabbarov X7 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 13 noyabr 2023-cü il tarixli, 1520 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. AC414245 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriya sürücülük hüququ vadır. BD 464044 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “KAMAZ 55111” yük markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə saat 14 radələrində özünə məxsus Kamaz 55111 markalı, **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edib Bərdə rayonu Yenidaşkənd kəndi istiqamətindən Bərdə-Tərtər yolu istiqamətində hərəkətdə olarkən Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən “Üçyol” yol ayrıcında, «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla müvafiq olaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, cinayətkarcasına etinasızlıq göstərib bunlara əməl etməyərək əks istiqamətdə hərəkətdə olan X2 “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, özünə məxsus VAZ-2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə sürücü Elməddin Məhərrəmova döş qəfəsində solda İİ- İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı qəlpəli sınıqları, ağciyərin, ürəyin yaralanmaları, sağ said sümüyünün qapalı, sağ bud sümüyünün açıq qəlpəli sınıqları, alın, üst dodaq, sağ çənə, sağ əl nahiyələrinin əzilmiş yaraları, sağ diz və sağ baldır, sağ topuq, sol topuq nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmadan ibarət xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 almış olduğu döş qəfəsi sümüklərinin çoxsaylı sınıqları ilə ağciyərin, ürəyin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. ““Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli, 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli, 1714 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxs Cabbarov X7 şəhəri, 6-cı Günəşli küçəsi ev 28-də yaşayır, ailə üzvləri: arvadı-xx.xx.1973-cü il təvəllüdlü X5, oğlu-xx.xx.1996-cı il təvəllüdlü X8 və oğlu-xx.xx.2006-cı il təvəllüdlü X9 ibarətdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 noyabr 2023-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. CM-nin 59.1.11 və 59.1.12-ci maddələrinə əsasən, cinayət törətmiş şəxsin cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparılmasına köməklik etməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, 13 noyabr 2023-cü il tarixdə saat 14 radələrində Bərdə rayonu Yenidaşkənd kəndi ərazisində baş vermiş yolnəqliyyat hadisəsinn baş verməsində X2 da təqsiri olmuş, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 19 fevral 2024-cü il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Qərarın 25-ci bəndində qeyd olunur ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 30 dekabr 2023-cü il tarixli, 8/3712 nömrəli və 13 mart 2024-cü il tarixli, 8/499 nömrəli bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 256 (iki yüz əlli altı) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 256 (iki yüz əlli altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X11, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan “Kamaz 55111” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Təqsirləndirilən şəxs, VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə zərərçəkmiş şəxs X2 qardaşı X6 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkməsinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə göndərilməsi onun yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan “Kamaz 55111” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Təqsirləndirilən şəxs, VAZ-2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs X2 qardaşı X6 qaytarılması nəzərə alınsın. İş üzrə 256(iki yüz əlli altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X11, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar