Məhkəmə qərarları › İş №1(021)-87/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-87/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-87/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, _ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1997-ci ildə Bərdə rayonu Otuzikilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının əvvələrindən Bərdə rayonu Otuzikilər kəndi ərazisində, kənd orta məktəbinin yaxınlığında, asfalt yolun kənarında Bərdə Otuzikilər kəndi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi üzərindəqanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti və quraşdırma işlərinə başlayıb vahid niyyətlə eyni əməllərini 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində davam etdirərək qeyd olunan torpaq sahəsi üzərində bünövrəsi bir olmaqla ümumi sahəsi 69 kv.m olan 1 mərtəbəli, 5 otaqdan ibarət fərdi ticarət obyekti tikmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 2008-ci il tarixdə atası Yavər Bərdə rayon İcra Hakimiyyətinin keşmiş başçısı İlham Ağayevin qəbuluna gedərək ondan maddi vəziyyəti və atasının xəstəliyi ilə bağlı olaraq torpaq sahəsi istəmiş, İlham müəllim Bərdə rayonu Otuzikilər kənd orta məktəbinin sağ tərəfində yolun kənarındakı arxın ətrafındakı 15 m x 6 m ölçüdə torpaq sahəsini şifahi olaraq atası Yavərə vermişdir. Torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuş və rəsmi sənədləşdirmə aparılmamışdır. Torpaq sahəsi atasına verilsə də, onlar uzun müddət orada heç bir tikinti işi aparmamışlar. Təxminən 3-4 il əvvəl onlar həmin yerdə fərdi obyekt tikməyə qərar vermişlər. İlkin olaraq orada bünövrə işləri görülsə də, sonradan başqa işlərə başları qarışdığından onlar tikintini dayandırmışlar. Aradan xeyli müddət keçdikdən sonra 2020-ci ilin oktyabr ayının əvvəllərində yenidən obyekti tikib başa çatdırmaq üçün tikinti işlərinə başlamışdır. Tikinti işlərinə özü rəhbərlik edirmişdir. Həmin yerdə 8x6 metr ölçüdə 2 ayrı dükandan ibarət obyekt tikdirməyə başlamışdır. Tikinti işləri yeni başlayarkən kəndin bələdiyyə üzvü, əvvəllər bələdiyyə sədrinin müavini işləmiş, hazırkı bələdiyyə sədri Zərərçəkmiş şəxs atası Ramiz ona və atası Yavərə yaxınlaşıb tikinti işləri üçün sənədlərinin olub-olmadığını soruşmuş, sonuncuya hazırda tikinti üçün sənədlərinin olmadığını, lakin, ən qısa müddət ərzində sənədlərini qaydaya salacağını bildirmişdir. Ramiz sənədləşmə olmadan tikinti aparılmasının onlar üçün məsuliyyət yaradacağını deyib çıxıb getmişdir. Fikirləşmişdir ki, əvvəlcə obyekti tikib qurtarsın, sonradan sənədlərini düzəldər. Obyektin hörgü işləri yekunlaşmağa az qalmış 05 noyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə Ərazi Şöbəsinin əməkdaşları onun tikinti apardığı yerə gəlmiş və ondan tikinti ilə bağlı sənədlərini istəmiş, sənədlərinin olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən tikilməkdə olan obyektin şəkilləri çəkilmiş və akt tərtib olunmuşdur. Ona sənədlər tam hazır olmayana qədər tikinti aparmamağı barədə xəbərdarlıq olunmuşdur. Əmlak Komitəsinin əməkdaşları çıxıb getdikdən sonra yenə də yuxarıda qeyd etdiyi səbəbdən tikintini davam etdirmiş, 8x6 metr ölçüdə, yəni 48 kv.m obyekt tikilib qurtardıqdan sonra həmin obyektə bitişik 7x3 metr ölçüdə, yəni 21 kv.m yeni obyektin tikintisinə başlamışdır. Həmçinin əvvəlki obyektin 1-ci hissəsini tam təmir etdirib orada qəssabxana açmışdır. Həmin qəssabxananı da özü işlədir. 29 dekabr 2020-ci il tarixdə onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona Əmlak Komitəsinin əməkdaşlarının ona məxsus obyektə baxış keçirdikdən sonra tərtib etdikləri aktı Daxili İşlər Nazirliyinə göndərdiklərini, hazırda araşdırma aparıldığını ona bildirmişlər. İzahat vermiş və sonrada kəndlərinə gələrək burada ona məxsus obyektə baxış keçirilmişdir. Baxış zamanı obyektin həmin vaxtkı vəziyyətinə dari fotoşəkilləri çəkilmiş, baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və onun, eləcə də, digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Poli əməkdaşları gəlib getikdən sonra yenə də tikinti işlərinə davam etdirmişdir. Artıq ikinici, yəni 21 kv.m olan obyekt də tam hazır olmuşdur. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bərdə rayon Otuzikilər Bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 18.01.2020-ci ildən Otuzikilər kənd bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. İşdə təcrübəsi az olduğundan atası Şahid1 ona işlərində köməklik etmişdir. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, aralarında normal münasibətlər olmuşdur. 2020-ci ilin oktyabr ayının əvvəllərində atası Ramiz ona Otuzikilər kənd orta məktəbinin yan tərəfindən su arxının kənarında Təqsirləndirilən şəxs tikinti işlərinə başladığını, ancaq, heç bir sənədinin olmadığını, ona görə də onlara tikinitini dayandırması barədə xəbərdarlıq etdiyini demişdir. Aradan bir müddət keçsə də, onlar öz qanunsuz əməllərinə davam etdirmişlər. 05 noyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə ərazi şöbəsinin əməkdaşları həmin tikinti aparılan yerə gəlib monitorinq keçirmişlər. Əmlak Komitəsinin işçiləri gəlibgetməsinə baxmayaraq tikinti işləri davam etdirilmişdir. 29 dekabr 2020-ci il tarixdə atası Ramizi Bərdə rayon Polis şöbəsinin əməkdaşları tikinti aparılan yerə dəvət etmiş, atası araşdırılan material üzrə izahat vermişdir. Bundan sonra o bir daha Təqsirləndirilən şəxs və sonuncunun atası Şahid6 atası Ramiz vasitəsilə xəbərdarlıq edib tikintini təcili şəkildə dayandırmasını bildirilmişdir. Ancaq, sonrakı günlərdə Təqsirləndirilən şəxs məxsus qeyd olunan obyektdə tikinti işləri davam etmişdir. 08 yanvar 2021-ci il tarixdə kənd ərazisində olarkən ona müstəntiqin kəndə gəlməsi barədə məlumat verilmişdir. Həmin torpaq sahəsi Otuzikilər bələdiyyəsinin mülkiyyətindədir, kənd təsərrüfatı təyinatlıdır. Qanunsuz tikinti barədə rəsmi sənəd tərtib etməmiş, ancaq atası Ramizin Bələdiyyə üzvü kimi şifahi olaraq kəndilərinin icra nümayəndəsi Aqil Yusubova, eləcə də, Bərdə rayon İcra Hakimiyyətinin Bələdiyələrlə iş şöbəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ondan şikayət və tələbinin olmadığını qeyd edərək bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2004-cü ildən başlayaraq Otuzikilər bələdiyyəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2015ci il tarixdən 2020-ci ilə qədər isə Otuzikilər bələdiyyəsinin sədr müavini işləmişdir. 18.01.2020-ci ildən etibarən isə qızı Qurbanova X1 bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Hazırda özü bələdiyyə üzvüdür. Şifahi tapşırıq əsasında onun təcrübəsi çox olduğundan bələdiyyənin əksər işlərini özü icra edir. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Aralarında daim normal münasibətlər olmuş, düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərində kənd ərazisində olarkən Otuzikilər kənd orta məktəbinin yan tərəfində su arxının kənarında Təqsirləndirilən şəxs tikinti işlərinə başladığını görmüşdür. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Təqsirləndirilən şəxs yaxınlaşıb torpaqla bağlı sənədlərini düzəldib-düzəltmədiyini soruşmuş, düzəlmədiyi təqdirdə bütün sənədlərini hazırladıqdan sonra tikintiyə başlaması barədə ona xəbərdarlıq etmişdir. Mirəli və atası Yavər ona həmin torpaq sahəsini təxminən 2008-ci ildə Bərdə rayon İcra Hakimiyyəti tərəfindən şifahi olaraq onlara verildiyini bildirmişlər. Bir daha Mirəliyə və atası Yavərə şifahi göstərişin heç bir əhəmiyyət kəsb etmədiyini, hazırda Bərdə rayonu İcra Hakimiyyətinə və digər aidiyyəti orqanlara müraciət edərək sənədləşmə aparmalı olduqlarını demişdir. Mirəli ona qısa müddət ərzində sənədlərini düzəldəcəyini demişdir. Növbəti günlərdə hər gün həmin yerdən keçdikdə orada tikinti işlərinin davam etdiyini görürmüşdür. Bu barədə kəndin icra nümayəndəsi Aqil Yusibova şifahi olaraq məlumat verərək həmin tikintinin aparılmasına mane olmasını xahiş etmişdir. 05 noyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə ərazi şöbəsinin əməkdaşları həmin tikinti aparılan yerə gəlib monitorinq keçirmişdir. Əmlak Komitəsinin işçiləri gəlib-getməsinə baxmayaraq tikinti işləri davam etmişdir. 29 dekabr 2020-ci il tarixdə onu Bərdə rayon Polis şöbəsinin təhqiqatçısı tikinti aparılan yerə dəvət etmişdir. Onun, Mirəlinin və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs qanunsuz tikinti apardığı yerə baxış keçirilmişdir. Baxış zamanı bir daha müəyyən olunmuş ki, Əmlak Komitəsinin işçiləri tərəfindən baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs yenə də, sənədlərini qaydaya salmadan tikinti işlərini davam etdirmiş, artıq obyektin bir hissəsində qəssab dükanı kimi fəaliyyət göstərməyə başlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü tikinti işləri apardığı obyekti təhqiqatçıya təqdim etmişdir. Baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokol onun və Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Həmçinin, baxış zamanı obyektin həmin vaxtdakı vəziyyətini əks etdirən fotoşəkillər çəkilmiş və protokola əlavə ediləcəyi onların diqqətlərinə çatdırılmışdır. Bundan sonra Bərdə rayon Polis şöbəsinə gəlib izahat da vermiş, bundan sonra o bir daha Təqsirləndirilən şəxs xəbərdarlıq edib tikintini təcili şəkildə dayandırmasını bildirmişdir. Ancaq, sonrakı günlərdə Təqsirləndirilən şəxs məxsus qeyd olunan obyektdə tikinti işləri davam etmişdir. 08 yanvar 2021-ci il tarixdə kənd ərazisində olarkən ona müstəntiqin kəndə gəlməsi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs tikinti işləri apardığı yerə gəlmiş, müstəntiq tərəfindən baxış keçirilərkən obyektə tikinti işləri davam etməkdə, ustalar həmin obyektdə işləməkdə olmuşlar. Tikinti aparılan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuş, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmamışdır. Yerləşdiyi yerə görə həmin torpaqdan kənd təsərrüfatı məqsədi ilə istifadə etmək mümkün deyildir. Bu barədə rəsmi sənəd tərtib etməmiş, ancaq, şifahi olaraq kəndin icra nümayəndəsi Aqil Yusubova, eləcə də, Bərdə rayon İcra Hakimiyyətinin Bələdiyələrlə iş şöbəsinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 2014-cü il tarixdən Bərdə rayon İcra Hakimiyyət Başçısının Otuzikilər kənd inzibati Ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2014-cü il tarixdə vəzifəyə başlayarkən Təqsirləndirilən şəxs qeyd olunan ərazidə özünə məxsus yarımçıq tikilisi olmuşdur. Maraqlanarkən həmin torpaq sahəsini onlara keçmiş icra başçısı İlham Ağayevin şifahi olaraq verdiyini, ancaq topraq sahəsinə aid heç bir sənədlərinin olmadığı ona məlum olmuşdur. 2020-ci ilin oktyabr ayının əvvəllərində Otuzikilər bələdiyyəsinin üzvü Şahid1 ona şifahi olaraq həmin torpaq sahəsində Təqsirləndirilən şəxs yenidən tikinti işlərinə başladığını, hələ də, həmin torpaq sahəsi ilə bağlı heç bir sənədlərinin olmadığını bildirmişdir. Qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aid olduğundan Şahid1 tikinti ilə bağlı özünün məsuliyyət daşıdığını, ona görə də, qanuni sənədləri olmadan tikinti işlərinin aparılmasını dayandırmasını demidir. Bundan sonrasından onun məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərində həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng edərək Bərdə rayonu Otuzıkılər kənd orta məktəbinin yaxınlığında, yolun sol tərəf kənarında özünə yeni obyekt tikdirmək istədiyini demişdir. Mirəli obyektin planını ona təqdim edərək obyektin bir bünövrə üzərində tikiləcəyini, ümumi uzunluğunun 15 metr, eninin isə birinci tərəfdə 6 metr, ikinci tərəfdə isə 3 metr olacağını demişdir. Həmin yerdə hörgü işlərinə başlayarkən artıq obyektin bünövrəsi hazır vəziyyətdə olmuşdur və bünövrənin də ölçüləri dediyi formada olmuşdur. Ancaq, maddi vəziyyətlə əlaqədar əvvəlcə birinci sol tərəfdə yerləşən obyekti tikməyə başlamışlar. Obyektin həmin hissəsinin ölçüləri 8 m x 6 m olmuşdur. Obyektin bütün hörgü işlərini özü aparmışdır. Həmin dövrdə ölkə ərazisində müharibə getdiyindən və onun əmisi oğlu şəhid olduğundan işdə müəyyən fasilələr yaranırmışdır. Obyektin hörgü işlərini və dam örtüyünü 2020-ci ilin dekabr ayında tam təhvil vermişdir. Ödənişini aldıqdan sonra başqa işlərini icra etməyə davam etmiş, sonradan eşitmişdir ki, Mirəlinin tiktirdiyi obyektə heç bir sənədləri olmamış və ona görə də, barəsində Bərdə rayon Polis şöbəsində cinayət işi istintaq edilir. Onun orada işlədiyi müddət ərzində onun Mirəlinin sənədlərinin olub- olmamasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Mirəli Bərdə rayonu Otuzikilər kənd orta məktəbinin yaxınlığında, yolun sol kənarında özünə yeni obyekt tikdirməyə başlamışdır. Lakin, həmin obyektin tikintisinin nə zaman başlamasından məlumatı yoxdur. 06 yanvar 2021-ci il tarixdə gündüz saatlarında yaşadığı kənddə olarkən Mirəli ona zəng edərək obyektin döşəməsinə tamet düzülməli olduğunu deyib onun həmin işi görməsini xahiş etmişdir. Həmkəndlisi Şahid4 zəng etmiş, sonuncu ilə birlikdə işi götürmüşdür ki, qısa müddət ərzində asanlıqla təhvil verə bilsin. Mirəli ilə xidmət haqqında razılaşdıqdan sonra Elgizlə birlikdə obyektin döşəməsinə tamet düzməyə başlamış, bir neçə gün həmin obyektdə təmir işlərinə davam etmişlər. Mirəlinin tikdirdiyi obyektə müvafiq sənədlərinin olub-olmaması barədə maraqlanmamış, onlar sadəcə öz üzərilərinə düşən təmir işlərini həyata keçirmişlər. 08 yanvar 2021-ci il tarixdə adəti üzrə səhər saatlarından Elgizlə birlikdə obyektə gəlib qalan işləri görməyə başlamışlar. Saat 09 radələrində onlar işdə olarkən həmin obyektə müstəntiq gəlmiş, Mirəlidən obyektin tikintisi ilə bağlı sənədlərinin olub-olmamasını soruşmuş, Mirəli isə heç bir sənədinin olmadığını demişdir. Bundan sonra onun, Elgizin, Mirəlinin özünün və qardaşının, həmçinin, kəndin bələdiyyə üzvü Ramiz müəllimin iştirakı ilə müstəntiq tərəfindən obyektə baxış keçirilmişdir. Obyektin ölçüləri ölçülmüş və fotoşəkilləri çəkilərək protokola əlavə ediləcəyi diqqətlərinə çatdırılmışdır. Bundan sonra müstəntiq onlardan işin dayandırmalarını tələb etdiyindən Elgizlə işi həmin vəziyyətdə qoyub evə getmişlər. Həmin obyekt Mirəliyə məxsus olmuş, onlara da təmir işlərini aparmalarını Mirəli tapşırmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 Şahid5 ifadəsinə uyğun ifadə verərək, Rasim Quluyevin göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. 2008-ci ildə Bərdə rayon İcra Hakimiyyətinin keşmiş başçısı İlham Ağayevin qəbuluna gedərək ondan maddi vəziyyəti və xəstəliyi ilə bağlı olaraq torpaq sahəsi istəmişdir. İlham müəllim Bərdə rayonu Otuzikilər kənd orta məktəbinin sağ tərəfində yolun kənarındakı arxın ətrafındakı 15 m x 6 m ölçüdə torpaq sahəsini şifahi olaraq ona vermişdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuş və rəsmi sənədləşdirmə aparılmamışdır. Torpaq sahəsi ona verilsə də, onlar uzun müddət orada heç bir tikinti işi aparmamışlar. Təxminən 3-4 il əvvəl onlar həmin yerdə fərdi obyekt tikməyə qərar vermişlər. 2020-ci ilin oktyabr ayının əvvəllərində oğlu Mirəli həmin yerdə obyekti tikib başa çatdırmaq üçün tikinti işlərinə başlamışdır. Tikinti işlərinə Mirəli özü rəhbərlik edirmiş və tikiləcək obyekt də ona məxsus olmuşdur. Həmin tikintini həmkəndliləri usta Taleh həyata keçirirmiş. Tikinti işləri yeni başlayarkən kəndin bələdiyyə üzvü, əvvəllər bələdiyyə sədrinin müavini işləmiş, hazırkı bələdiyyə sədri Zərərçəkmiş şəxs atası Ramiz kişi ona və oğlu Mirəliyə yaxınlaşıb tikinti işləri üçün sənədlərinin olub-olmadığını soruşmuş, Ramizə hazırda tikinti üçün sənədlərinin olmadığını, lakin, ən qısa müddət ərzində sənədləri qaydaya salacağını bildirmişdir. Ramiz sənədləşmə olmadan tikinti aparılmasının onlar üçün məsuliyyət yaradacağını deyib çıxıb getmişdir. Ancaq, obyektin tikintisi uzun müddət çəkməsin deyə qərara gəlmişlər ki, əvvəlcə obyekti tikib qurtarsınlar, sonradan sənədlərini düzəldərlər. Obyektin hörgü işləri yekunlaşmağa az qalmış 05 noyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə Ərazi Şöbəsinin əməkdaşları gəlib orada monitorinq keçirmişlər. Daha sonra isə Bərdə rayon Polis şöbəsinin əməkdaşları da həmin yerə baxış keçirmişlər. Sonradan oğlu Mirəlinin barəsində Bərdə rayon Polis şöbəsində cinayət işi başlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin müdir müavini vəzifəsində işləyir. İdarələri tərəfindən qanunsuz həyata keçirilən tikililəri aşkar etmək və qarşısını almaq məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirmişlər. 05 noyabr 2020-ci il tarixdə Bərdə rayonu Otuzikilər kəndi ərazisində monitorinq keçirilmişdir. Monitorinqdə özü, Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin baş məsləhətçisi Şahid9 və Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin məsləhətçisi Şahid8 iştirak etmişdir. Monitorinq zamanı torpaq qanunvericiliyinin pozulması faktı qeydə alınmışdır. Belə ki, Bərdə rayonu Otuzikilər kəndi ərazisində kənd orta məktəbinin yaxınlığında yolun sol kənarında Bələdiyyə mülkiyyətinə aid edilən torpaq sahəsində həmin kənd sakini Təqsirləndirilən şəxs qanunsuz tikinti apardığını müəyyən etmişlər. Təqsirləndirilən şəxs tikintiyə dair sənədlərinin olub-olmaması soruşulduqda sonuncunun heç bir hüquq təsdiq edici sənədinin olmadığı aşkar edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş və əməkdaşlar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs hüquq təsdiq edici sənədi olmadan tikinti işləri aparmaması barədə rəsmi xəbərdarlıq edilmişdir. Bundan sonra tərtib edilmiş akt müvafiq olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə, oradan isə Daxili işlər Nazirliyinə göndərilmişdir. Torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuş, torpaq sahəsinin yerləşdiyi yerə görə həmin torpaqdan kənd təsərrüfatı məqsədi ilə istifadə etmək mümkün deyildir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 və Şahid9 Şahid7 ifadəsinə uyğun ifadə verərək, Şahid7 göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Bərdə rayon Otuzikilər Bələdiyyəsinin 01 saylı 08 yanvar 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Bərdə rayonu Oturikilər kənd sakini Təqsirləndirilən şəxs qanunsuz tikinti işləri aparmışdır. Torpaq sahəsi Otuzikilər kənd bələdiyyəsinin mülkiyyətindədir və həmin torpaq sahəsi heç bir şəxsə mülkiyyət, istifadə və ya icarə hüququ əsasında verilməmişdir. Qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının əvvələrindən Bərdə rayonu Otuzikilər kəndi ərazisində, kənd orta məktəbinin yaxınlığında, asfalt yolun kənarında Bərdə Otuzikilər kəndi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti və quraşdırma işlərinə başlayıb vahid niyyətlə eyni əməllərini 2021-ci ilin yanvar ayınadək olan müddət ərzində davam etdirərək qeyd olunan torpaq sahəsi üzərində bünövrəsi bir olmaqla ümumi sahəsi 69 kv.m olan 1 mərtəbəli, 5 otaqdan ibarət fərdi ticarət obyekti tikməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 09 yanvar 2021-ci il tarixli 19 saylı arayışından və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs özünü kənd arasında həmişə nümunəvi aparmış, kəndin ictimai işlərində yaxından köməklik göstərmişdir. Qonşularla həmişə mehriban davranmış, böyüklərə həmişə hörmət qoymuşdur. Onun haqqında kənd İcra Nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 10.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, habelə onların yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 08 yanvar 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuş, ev dustaqlığı qətimkan tədbirinin müddəti 04 ay həddində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci ildən 10 yanvar 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 10 yanvar 2021-ci il tarixdən ev dustaqlığında saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci ildən 10 yanvar 2021-ci ilədək tutulduğu 02(iki) gün və 10 yanvar 2021-ci il tarixdən 02 iyun 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 04(dörd) ay 24(iyirmi dörd) gün, cəmi 04 (dörd) ay 26(iyirmi altı) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 09(doqquz) ay 22(iyirmi iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 02 (iki) ay 08(səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2000-dan növbəti gün saat 0800-dək təkr etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar