Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-87/2025 26.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2004-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayon Lənbəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Təhqiqat orqanı tərəfindən tərtib edilmiş yekun protokola əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, 07 aprel 2025-ci il tarixdə saat 16:30 radələrində Bərdə rayon Lənbəran kəndində Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmində yaranmış münaqişə dava-dalaşa çevrilmiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs təpiklə bir dəfə Zərərçəkmiş şəxs kürək nahiyəsindən qəsdən vurduğu üçün sonuncu yerə yıxılmış və üz nahiyəsi yerdə olan daşa dəyərək alının sol yarısının, sol almacıq nahiyəsinin, burun kökü üzərinin, burun belinin, üzün sağ yarısının sıyrıqları, üst dodaq nahiyəsinin, alt dodağın dodaq haşiyəsinin, alt dodağın diş səthinin əzilmiş-cırılmış yaraları, üst çənənin hər iki tərəfdə 1-ci dişlərinin alevid sümüyünün qırılması nəticəsində həmin dişlərin yerini dəyişməsi, üst çənədə sağda 3-cü dişin boyun nahiyəsindən sınması, alt çənədə hər iki tərəfdə 1-2-3-4 dişlərdə hematoma ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində olan zaman Zərərçəkmiş şəxs və Şahid söhbət etdiklərini görərək həmin şəxslərə yaxınlaşmışdır. Zərərçəkmiş şəxs əvvəllər onun ünvanına kobud sözlər dediyini eşitmiş və bu barədə ona irad bildirmişdir. Lakin, Zərərçəkmiş şəxs onun ünvanına kobud sözlər demədiyini bildirmişdir. Zərərçəkmiş şəxs qarşı əsəbi olduğundan onun kürək nahiyəsindən vurduğu üçün sonuncu yerə yıxılmış və üz nahiyəsi yerdə olan daşa dəymişdir. O Zərərçəkmiş şəxs yerə yıxıldığını və xəsarət aldığını görərək onunla dava-dalaşı davam etməmiş və həmin yerdən uzaqlaşmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Lənbəran kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində həmkəndlisi Şahidla yaşadığı Bərdə rayon Lənbəran kənd ərazisində söhbət edən zaman tanıdığı Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq ayrı-ayrı şəxslərin yanında onun ünvanına kobud ifadələr işlətdiyini bildirmişdir. Lakin, o Təqsirləndirilən şəxs “sənin barəndə mən heç kimə heç bir söz deməmişəm, kim sənə bunu deyirsən yalan deyir” sözlərini deyərək onun ünvanına kobud ifadələr işlətmədiyini demişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs qəfil təpiklə kürək nahiyəsindən bir dəfə vurduğu üçün o yerə yıxılmış və üz nahiyyəsi yerdə olan daşa dəydiyi üçün sifət nahiyəsindən xəsarət almışdır. Onun yerə yıxıldığını görən Təqsirləndirilən şəxs davanı davam etməyərək həmin yerdən uzaqlaşmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışımış, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Bərdə rayon Lənbəran kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2025-ci il tarixdə Bərdə rayon Lənbəran kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxslə söhbət edən zaman Təqsirləndirilən şəxs onlara yaxınlaşmış və Səxavətə onun barəsində əvvəllər kobud ifadələr işlətdiyini bildirmişdir. Lakin, Səxavət Əliyə onun barəsində hər hansı bir şəxsə söz demədiyini bildirmişdir. Daha sonra həmin şəxslərin arasında mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs təpiklə Səxavətin kürək nahiyyəsindən vurduğu üçün sonuncu yerə yıxılmış və üz nahiyyəsi yerdə olan daşa dəyərək xəsarət almışdır. İş materiallarına istinadlar: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 244 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – alının sol yarısının, sol almacıq nahiyəsinin, burun kökü üzərinin, burun belinin, üzün sağ yarısının sıyrıqları, üst dodaq nahiyəsinin, alt dodağın dodaq haşiyəsinin, alt dodağın diş səthinin əzilmiş-cırılmış yaraları, üst çənənin hər iki tərəfdə 1ci dişlərinin alevid sümüyünün qırılması nəticəsində həmin dişlərin yerini dəyişməsi, üst çənədə sağda 3-cü dişin boyun nahiyəsindən sınması, alt çənədə hər iki tərəfdə 1-2-3-4 dişlərdə hematoma küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə yəni xx.xx.2025-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül vurmaya aiddirlər. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə özünü nizam-intizamlı aparıb, onun haqqında Bərdə rayon Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışıb, ona dəymiş zərəri ödəmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 88 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 88 (səksən səkkiz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №1(021)-87/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-87/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver