Məhkəmə qərarları › İş №1(021)-88/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-88/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-88/2022 05.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1993-cü il tarixdə Ağcabədi rayon Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu Hüsülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 noyabr 2021-ci il tarixdə saat 12:00 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən 22 nömrəli binanın beşinci mərtəbəsinin dəhlizində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı X1 dartıb pilləkənlərdən qəsdən itələməsi nəticəsində sonuncu pilləkənlərlə aşağı mərtəbələrə doğru yuvarlanaraq sağ bazu, sağ said, sağ əl, sol əl, sol said, sol diz oynağı, sağ diz oynağı, sol xarici qulaq nahiyələrinin sıyrıqları, sol əl, sağ sağrı nahiyələrinin qançırları, sol daban sümüyünün yerdəyişən sınığı ilə sol ayaq pəncəsi nahiyəsinin qançırı xəsarətləri ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan dərəcələrinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli biləməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu Hüsülü kəndində yaşayır. 2016-cı ildə Ağdam rayonu Quzanlı qəsəbəsindən olan X4 ilə rəsmi şəkildə ailə qurmuş və həmin nikahdan 2018-ci ildə Ayaz, 2019-cu ildə isə Elcan adlı oğulları dünyaya gəlmişdir. Ancaq yola getmədikləri üçün 15 avqust 2019-cu il tarixdə Aynurədən məhkəmə qaydasında boşanmış, məhkəmənin qətnaməsinə əsasən uşaqları azyaşlı olduqlarına görə Aynurənin himayəsinə verilmişdir. Buna baxmayaraq ona hər həftənin bazar günü 6 saat uşaqları ilə görüşmək hüququ verilmişdir. 26 fevral 2021-ci il tarixdə ikinci dəfə Bərdə rayonu Hüseynbəyli kəndində olan X6 ilə ailə qurmuş və həmin ilin dekabr ayında həmin nikahdan Tofiq adlı oğlu dünyaya gəlmişdir. Boşandıqdan sonra hər həftə Ağdam rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nurəddin Qarayevin iştirakı ilə uşaqları ilə görüşsə də, 2021-ci ilin yay aylarında icra məmurunun razılığı ilə uşaqları ilə Ağdam rayonu Quzanlı qəsəbəsində görüşməyə başlamışdır. Ancaq 2021-ci ilin oktyabr ayından Aynurənin Bərdə şəhərində yaşaması səbəbindən təxminən 2-3 dəfə görüşlər Aynurənin yaşadığı binanın həyətində baş tutmuşdur. 14 noyabr 2021-ci il tarixdə bazar günü olduğundan növbəti dəfə uşaqları ilə görüşmək istəmişdir. Buna görə də anası Almaz keçmiş qayınanası Tərlan ilə telefon əlaqəsi saxlayaraq uşaqları görmək istədiklərini bildirmiş, ancaq Tərlan uşaqların xəstə olduqlarını və müalicə olunmaları məqsədilə Bakı şəhərinə aparıldıqlarını söyləmişdir. 21 noyabr 2021-ci il tarixdə anası icra məmuru Nurəddin Qarayevə zəng edib görüş üçün icazə verməsini xahiş etmişdir. Həmin gün icra məmuru Aynurə ilə əlaqə saxlayaraq uşaqlarla Bərdə şəhərində görüşmələrinə dair razılıq aldığını, Bərdə şəhərinə gedərək uşaqlarını görə biləcəyini söyləmişdir. Buna görə də saat 12:00 radələrində anası Almaz ilə birlikdə Aynurənin yaşadığı Bərdə şəhəri H.Əliyev prospektində yerləşən binanın beşinci mərtəbəsindəki mənzilə getmişlər. Həmin vaxt Ağcabədi şəhərinə qonaq gəlmiş dayısı qızı X7 da onlarla birlikdə Aynurənin yaşadığı ünvana getmişdir. Həmin ünvana yollanmazdan əvvəl anası Tərlana zəng edib çatdıqlarını, uşaqları görüşmək üçün binanın həyətinə düşürmələrini xahiş etmişdir. Bu zaman Tərlan anasına uşaqlardan birinin xəstə olduğunu, onları beşinci mərtəbəyə qalxıb görməsini istəmişdir. O, Aynurə ilə qarşılaşmaq istəmədiyinə görə mənzilə qalxmaqdan imtina etsə də, uşaqlarına iri ölçülü oyuncaq avtomobillər aldığına görə məcbur qalıb mənzilə qalxmağa razılıq vermişdir. Bundan sonra anası və Vəfa ilə birlikdə Aynurənin yaşadığı mənzilin qapısı qarşısına getmişdir. Tərlan qapını açdıqdan sonra onları içəri dəvət edərək uşaqlarla görüşə biləcəklərini desə də, o, mənzilə daxil olmadan qapının ağzında uşaqları ilə görüşmüş və aldığı oyuncaqları onlara vermişdir. Daha sonra Tərlan dərhal uşaqları mənzildən içəri salıb onlarla görüşməsinə imkan verməmişdir. Buna görə də o, binanın üçüncü mərtəbəsinə enmişdir. Elə bu vaxt Aynurə qapının ağzına çıxıb Vəfanı gördüyü üçün “Bu nə gəzir burda?” sözlərini işlətmişdir. Aynurənin bu sözlərindən sonra Vəfa aşağı enərək binadan çöldə onları gözləyəcəyini demişdir. O, anasına çıxıb getmək lazım gəldiyini deyib üçüncü mərtəbəyə enəndə Tərlan anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin ifadələri eşitdiyinə görə olduğu yerdə dayanıb Tərlana “Nə deyirsənsə, özünə getsin. Niyə mənim anamı söyürsən?” şəklində cavab vermişdir. Bu zaman Aynurə mənzildən çıxıb ünvanına nalayiq ifadələr işlədə-işlədə pilləkənlərdən aşağı üzərinə atılmış, lakin pilləkənlərdən yuvarlanıb yıxılmışdır. Həmin vaxt yaranan səs-küyə görə çölə çıxan qonşular Aynurəni tutub saxlamağa çalışsalar da, Aynurə ikinci dəfə əlləri üstə yerə yıxılmışdır. O, Aynurəyə heç bir xəsarət yetirmədən anası ilə birlikdə binanı tərk etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı Aynurəni döymədiyini, pilləkənlərdən itələyib yıxmadığını, bədəninin hər hansı nahiyəsindən xəsarət yetirmədiyini, Aynurənin barəsindəki ekspert rəyində qeyd edilən xəsarətləri pilləkənlərdən yıxılması nəticəsində aldığını, Aynurənin onun tərəfindən döyülərək xəsarət alması ilə bağlı bildirdiklərinin tamamilə şər-böhtan xarakterli məlumatlar olduğunu, hadisənin təxminən 4-5 dəqiqə davam etdiyini, hadisə zamanı orada özündən, anası Almazdan, keçmiş qayınanası Tərlandan və Aynurədən başqa adlarını bilmədiyi qonşuların olduqlarını, hadisə zamanı heç kimin ünvanına nalayiq ifadə, söyüş yaxud təhqir işlətmədiyini, əksinə, Aynurənin anasının Tərlan anasının ünvanına nalayiq ifadələr işlətdiyindən sadəcə Tərlanın sözlərinə cavab verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, 2016-cı ildə Ağcabədi rayonu Hüsülü kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş və həmin nikahdan 2 uşağı dünyaya gəlmişdir. Evli olduqları dövrdə Mamed ilə yola getmədiklərinə görə münasibətləri pozulmuşdur. Bu səbəbdən 2019-cu ildə Mameddən rəsmi qaydada boşanmışdır. Məhkəmənin qətnaməsinə əsasən azyaşlı uşaqları onun himayəmə verilmişdir. 21 noyabr 2021-ci il tarixdə Mamed yaşadıqları mənzilə gəlib qapını döymüş, həmin vaxt anası Tərlan qapını açıb Mamedi qarşılamışdır. Mamed içəri daxil olmaq istəyərkən anası buna imkan verməmişdir. Çünki Mamedin onun mənzilinə daxil olmasına icazəsi olmamışdır. Mamed əlində 2 ədəd oyuncaq maşın gətirmiş, oyuncaqları qapının qarşısına qoymuşdur. Bu zaman anası böyük oğlu Ayazı atası ilə görüşməsi üçün evdən çölə çıxarmış, o, həmin vaxt evdə xəstə olan kiçik oğlu Elcanın yanında qalmışdır. Çöldən səs-küy eşitdiyi üçün çölə çıxmış, bu zaman Mamedin onun anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Belə ki, Mamed “Uşaq mənimdi, siz kimsiniz?” ifadəsini işlətmiş, Elcan həmin vaxt qapının yanına gəlmişdir. Mamed Elcanın qolundan tutub çölə çəkdiyindən uşaq qorxub sudurğa keçirmişdir. Mamed Elcanın vəziyyətinin pisləşdiyini görüb buraxmış, daha sonra Mamed onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ardınca saçından tutub çölə çəkmiş, təpiklə vurub itələmişdir. O, pilləkənlərdən yuvarlanaraq dördüncü və beşinci mərtəbənin pilləkənlərinin ortasında dayanmışdır. Birtəhər ayağa qalxan zaman Mamed qulağından tutub yenidən təpiklə vuraraq itələmiş, o, özünü saxlaya bilməyib yenidən pilləkəndən aşağı yuvarlanmışdır. Həmin vaxt dördüncü mərtəbədə yaşayan qonşusunun qapısı qarşısında dayanmış, yaranan səs-küyə bütün qonşular çölə çıxmışdır. Mamed isə dayanmadan dördüncü mərtəbədə olan qapının qarşısında yenidən təpiklə böyrünə zərbə vurmuş, o yenə də yuvarlanaraq üçüncü mərtəbə ilə dördüncü mərtəbənin ortasında dayanmışdır. Həmin vaxt dabanı və pəncəsi sınmış, bədəninin bir çox nahiyəsindən xəsarət almışdır. Qonşular Mamedi birtəhər oradan aralaşdırdıqdan sonra isə anası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə zəng edəcəyini dediyi üçün Mamed qorxaraq çıxıb getmişdir. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağdam rayon Quzanlı qəsəbəsində yaşayır. Kiçik qızı Aynurə 2016-cı ildə Ağcabədi rayonu Hüsülü kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş və həmin nikahdan 2 uşağı dünyaya gəlmişdir. Lakin evləndikdən bir müddət sonra Mamed və Aynurə arasındakı münasibətlər pozulmuşdur. Onlar yola getmədiklərinə görə 2019-cu ildə rəsmi qaydada boşanmışlar. Məhkəmənin qətnaməsinə əsasən azyaşlı uşaqları Aynurənin himayəsinə verilmişdir. 21 noyabr 2021-ci il tarixdə Mamed qızının kirayədə yaşadığı Bərdə şəhərində yerləşən mənzilə gəlib qapını döymüş, həmin vaxt özü də qızının evində olmuşdur. O, qapını açıb Mamedi qarşılamış, Mamed içəri daxil olmaq istəyən zaman buna imkan verməmişdir. Çünki Mamedin evə girməyə icazəsi olmamışdır. Mamed əlində 2 ədəd oyuncaq maşın gətirmiş, oyuncaqları qapının qarşısına qoymuşdur. O, böyük nəvəsi Ayazı atası ilə görüşməsi üçün çölə çıxarmış, Aynurə isə həmin vaxt evdə xəstə olan kiçik nəvəsi Elcanın yanında qalmışdır. Mamed Ayazla görüşüb qucağına götürmüş, daha sonra Elcanı soruşmuşdur. Bu zaman o, Elcanın xəstə olduğunu, gedib özünün gətirəcəyini bildirmişdir. Mamed yenidən evə daxil olmaq istəyəndə o, Mamedə içəri girməyə icazəsinin olmadığını xatırlatmışdır. Elə bu vaxt Mamed onun ünvanına nalayiq ifadələr işlətmiş, “Uşaq mənimdi, siz kimsiniz?” sözlərini demişdir. Bu zaman Aynurə Elcan ilə birlikdə qapının qarşısına çıxmışdır. Mamed Elcanın qolundan tutub çölə çəkəndə uşaq qorxub sudurğa keçirmişdir. Mamed Elcanın vəziyyətinin pisləşdiyini görüb qolunu buraxdıqdan sonra Aynurənin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Ardınca Aynurənin saçlarından tutub çölə çəkmiş, təpiklə vurub itələmişdir. Aynurə pilləkənlərdən yuvarlanaraq əvvəlcə dördüncü və beşinci mərtəbələrin arasına düşüb yerdəcə qalmışdır. O, nəvələrini qorxmamaları üçün tutub saxlamış, Aynurə birtəhər ayağa qalxan zaman Mamed yenidən qızının qulağından tutub təpiklə vuraraq itələmişdir. Bu zaman Aynurə yenidən pilləkənlərdən aşağı yuvarlanaraq beşinci və dördüncü mərtəbələrin arasında dayanmışdır. Səs-küyə bütün qonşular mənzillərindən çölə çıxmış, ancaq Mamed yenə də dayanmayaraq dördüncü mərtəbədəki qapının qarşısında təpiklə Aynurənin böyrünə vurmuşdur. Aynurə yerə yumalanaraq dördüncü və üçüncü mərtəbələrin arasında qalmışdır. Həmin vaxt Aynurə bir çox nahiyəsindən xəsarət almış, qonşular Mamedi birtəhər oradan aralaşdırdıqdan sonra isə o, “102-yə zəng edəcəm” deyib qışqırmışdır. Mamed bunu eşidən kimi çıxıb getmişdir. Bundan başqa o, hadisənin Mamedin övladı ilə görüşmək istəyən zaman yaratdığı mübahisə səbəbindən baş verdiyini, hadisə zamanı özü, qonşular Elmira, Gülnarə və Gülmiranın orada olduqlarını, ancaq Mamedin anası Almazın və dayısı qızı Vəfanın orada olmadıqlarını bildirdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, X3 təxminən 2 il əvvəl tanımağa başlamışdır. Aynurə anası Tərlan və azyaşlı uşaqları ilə birlikdə qonşuluqda yaşayır. 21 noyabr 2021-ci il tarixdə saat 12:00 radələrində çöldən səs-küy gəldiyini eşitmiş və ansı Elmira ilə birlikdə yaşadığı mərtəbənin dəhlizinə çıxanda Aynurənin tanımadığı bir nəfər şəxs ilə mübahisə etdiyini, bir-birlərinə əl-qol atdıqlarını görmüşdür. Həmin şəxs əli ilə Aynurənin saçından tutaraq aşağı dartmışdır. Bu zaman Aynurə pilləkənlərdən yıxılıb binanın dördüncü və üçüncü mərtəbələrinin arasına düşmüşdür. Ardınca həmin şəxs Aynurəyə yaxınlaşıb təpiklə bir neçə dəfə zərbə vurduqdan sonra nalayiq ifadələr işlədərək çıxıb getmişdir. Aynurə aldığı xəsarətlərə görə yeriyə bilmədiyi üçün anası ilə köməkləşib Aynurəni öz evlərinə aparmışlar. Həmin gün saat 13:00 radələrində isə Aynurə binaya gələn, adını bilmədiyi polis əməkdaşı və qızı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına getmişdir. Sonradan o, Aynurənin ünvanına nalayiq ifadələr işlədən və xəsarət yetirən şəxsin keçmiş əri olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 qızı ifadəsində göstərdi ki, 14 noyabr 2021-ci il tarixdə bazar günü olduğundan növbəti dəfə uşaqları ilə görüşmək istəmişlər. Buna görə də o keçmiş qudası Tərlan ilə telefon əlaqəsi saxlayaraq uşaqları görmək istədiklərini bildirmiş, ancaq Tərlan uşaqların xəstə olduqlarını və müalicə olunmaları məqsədilə Bakı şəhərinə aparıldıqlarını söyləmişdir. 21 noyabr 2021-ci il tarixdə o icra məmuru Nurəddin Qarayevə zəng edib görüş üçün icazə verməsini xahiş etmişdir. Həmin gün icra məmuru Aynurə ilə əlaqə saxlayaraq uşaqlarla Bərdə şəhərində görüşmələrinə dair razılıq aldığını, Bərdə şəhərinə gedərək uşaqlarını görə biləcəyini söyləmişdir. Buna görə də saat 12:00 radələrində oğlu ilə birlikdə Aynurənin yaşadığı Bərdə şəhəri H.Əliyev prospektində yerləşən binanın beşinci mərtəbəsindəki mənzilə getmişlər. Tərəflərin arasında mübahisə başladı. Aynurə Əsgərova onun oğlu Mamedə hücum edərkən zərərçəkmiş şəxs pilləkanlardan yıxılmışdır. Oğlunun bu işdə heç bir təqsiri yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, X3 təxminən 2 il əvvəl tanımağa başlamışdır. Aynurə anası Tərlan və azyaşlı uşaqları ilə birlikdə qonşuluqda yaşayır. Onun Aynurə ilə münasibətləri həmişə normal olsa da, ailəsi haqqında ətraflı məlumatı yoxdur. 21 noyabr 2021-ci il tarixdə səhhətində olan problemlərlə bağlı cərrahiyyə əməliyyatı olunduğu üçün ev şəraitində müalicəsini davam etdirmişdir. Həmin gün saat 12:00 radələrində çöldən səs-küy gəldiyini eşitmiş və qızı Gülnarə ilə birlikdə yaşadığı mərtəbənin dəhlizinə çıxanda Aynurənin tanımadığı bir nəfər şəxs ilə mübahisə etdiyini, bir-birlərinə əl qol atdıqlarını görmüşdür. Həmin şəxs əli ilə Aynurənin saçından tutaraq aşağı dartmışdır. Bu zaman Aynurə pilləkənlərdən yıxılıb binanın dördüncü və üçüncü mərtəbələrinin arasına düşmüşdür. Ardınca həmin şəxs Aynurəyə yaxınlaşıb təpiklə bir neçə dəfə zərbə vurduqdan sonra nalayiq ifadələr işlədərək çıxıb getmişdir. Aynurə aldığı xəsarətlərə görə yeriyə bilmədiyi üçün Gülnarə ilə köməkləşib Aynurəni öz evlərinə aparmışlar. Həmin gün saat 13:00 radələrində isə Aynurə binaya gələn, adını bilmədiyi polis əməkdaşı və qızı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına getmişdir. Sonradan o, Aynurənin ünvanına nalayiq ifadələr işlədən və xəsarət yetirən şəxsin keçmiş əri olmasını bilmişdir. Bundan başqa Şahid3 ifadəsində xatırladığı qədəri ilə hadisə zamanı özündən və qızından başqa qonşuluqda yaşayan Gülmirənin də evdən çölə çıxdığını, hadisə zamanı ətrafa heç bir ziyan dəymədiyini, hadisənin təxminən 3-4 dəqiqə davam etdiyini, səs-küy eşidib çölə çıxanda hadisə artıq başladığından hadisənin konkret olaraq hansı səbəbdən baş verməsi barədə bir söz deyə bilməyəcəyini, hadisə zamanı Aynurəyə xəsarət yetirən şəxsin əlində heç nə olmadığını, Aynurənin keçmiş ərinin hadisə zamanı nalayiq ifadələr və söyüşlər işlətdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, Bərdə rayon Qaradırnaq kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. “MTE və PA” birliyinin publik hüquqi şəxsin Bərdə rayon şöbəsində 32 ildir ki, məhkəmətibbi eksperti işləyir. 22 noyabr 2021-ci il tarixdə işdə olan zaman Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı Vəli İsmayılovun qərarına əsasən ünvan 5 ünvanında yaşayan X3 müayinə etmiş, 01.12.2021-ci il tarixdə X3 təkrar müayinə etmiş və 01.12.2021-ci il tarixdə 979 nömrəli rəy vermiş, həmin rəyə əsasən X2 xəsarətləri dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır xəsarət olmuşdur. Həmçinin Şahid5 ifadəsində göstərmişdir ki, 01.12.2021-ci il tarixli 979 nömrəli rəydə əsasən X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər döyülmə və yaxasından tutub dartıb pilləkəndən yerə salması nəticəsində törənə bilər. Cinayət işinin 72-73-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğluna 05 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 97-98-ci vərəqələrində olan 25 mart 2022-ci il tarixli təqsirləndrilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 13-15-ci vərəqələrində olan “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 Bərdə rayon ekspertiza şöbəsinin 01 dekabr 2021-ci il tarixli 979 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bazu, sağ said, sağ əl, sol əl, sol said, sol diz oynağı, sağ diz oynağı, sol xarici qulaq nahiyələrinin sıyrıqları, sol əl, sağ sağrı nahiyələrinin qançırları, sol daban sümüyünün yerdəyişən sınığı ilə sol ayaq pəncəsi nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti 21 noyabr 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 86-cı vərəqəsində olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Hüsülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi gənc olmasını, ailəli olmasını, azyaşlı uşaqlarının olmasını, məhkumluğunun olmamasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 25 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə geməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə geməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar