Məhkəmə qərarları › İş №1(021)-89/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-89/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-89/2021 26.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1984-cü ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu Hacallı kəndi ərazisində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı lapatka ilə Səxavət Səfərovun boyun nahiyəsinə qəsdən bir dəfə vuraraq boyun nahiyəsinin əzilmiş səthi yaraları ilə müşayət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarət və yumruqla Səxavət Səfərovun burun nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya burun sümüyünün sınığı və burun nahiyəsinin qançırı ilə müşayət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 01.04.2021-ci ildə saat 11 radələrində sahədə özünə məxsus torpaq sahəsini suvararkən Səxavətin sahədən qayıtdığını görmüşdür. Səxavət bir neçə ay əvvəl onun arvadına sataşdığından Səxavətin barəsində şikayət etmiş və bununla bağlı polis şöbəsində araşdırma aparılmışdır. Ona görə də Səxavəti görüb əsəbləşmiş və ondan kənar olmasını, qarşısına çıxmamasını demişdir. Səxavət onun qızının ünvanına nalayiq söyüşlər söydüyü üçün Səxavətin yanına gedərək yumruqla bir dəfə Səxavətin burun nahiyəsindən vurmuşdur. Daha sonra əlində olan lapatkanı Səxavətin boyun nahiyəsinə tərəf gətirmiş, lakin sonuncunu lapatka ilə vurmamışdır. Səxavət əlində olan telefonla polisə zəng etmək istəyərkən telefonu Səxavətin əlindən alaraq torpağın üzərinə atmışdır. Səxavət getdikdən sonra yaxınlıqda qoyun otaran qonşusu İmrana Səxavətə məxsus mobil telefonu götürüb özünə verməsini demişdir. İmran Səxavətin mobil telefonunu götürüb həmin yerdən uzaqlaşmışdır. Səxavət onu və onun qızını söyüb təhqir etdiyi üçün Səxavəti döymüş, həmin hadisə sahədə 2-3 dəqiqə ərzində baş vermiş və başa çatmışdır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, qardaşı İnayət Səfərov təxminən bir neçə ay əvvəl onu şərləşmiş və onun İnayətin arvadı ilə əlaqəsinin olduğunu deyib onun barəsində şər böhtan xarakterli şikayət etmişdir. Bununla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılmışdır. Həmin vaxtdan İnayət onunla ədavət aparmışdır. 01.04.2021-ci il tarixdə təxminən saat 11 radələrində sahədən yaşadığı evə gedərkən sahədə İnayət onun qarşısına çıxmışdır. İnayətin yanından kənarlaşmaq istəyərkən İnayət lapatkanı götürüb onun yanına gəlmiş, ona nalayiq söyüşlər söyərək yumruqla burun nahiyəsindən vurmuşdur. İnayətin yanından qaçmaq istəyərkən İnayət əlində olan lapatka ilə onun boynunun sağ tərəfindən vurmuşdur. Mobil telefonunu cibindən çıxarıb DİN-nin 102 xidmətinə zəng etmək istəyrkən İnayət mobil telefonunu əlindən almış və İnayətin yanından qaçıb yaşadığı evə gəlmişdir. Evində DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. İnayətin onu vurmasını həmkəndlisi eyni zamanda qonşusu İmran görmüşdür. Həmin vaxt İmran sahədə qoyun otarmışdır. Həmin hadisə 5-6 dəqiqə ərzində baş vermişdir. Təqsirləndirilən şəxs ilə barışmadığını qeyd edərək sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına gəlməyən Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, sonuncu həmin ifadəsində göstərmişdir ki, 01.04.2021-ci il tarixdə saat 11 radələrində sahədə qoyun otaran vaxt İnayətin qardaşı Səxavətlə əlbeyxa olduğunu görmüşdür. O, həmin şəxslərdən təxminən 300 metr məsafədə olduğundan həmin davadalaşın nə səbəbə baş verdiyini bilməmişdir. Səxavət həmin yerdən getdikdən sonra İnayət onun yanına gələrək Səxavətin mobil telefonunu ona verib həmin telefonu sonuncunun evinə aparmağı ondan xahiş etmişdir. O, telefonu Səxavətin evinə aparmışdır. Nə səbəbə dava-dalaş etdiklərini İnayətdən soruşan vaxt İnayət Səxavətin nalayiq sözlər deməsi səbəbindən Səxavəti vurduğunu ona demişdir. Həmin hadisə 2-3 dəqiqə ərzində baş vermişdir. Belə ki, İnayət Səxavəti vurduqdan sonra Səxavətin yanından uzaqlaşmış, Səxavət isə həmin yerdən qaçıb getmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X5 Bərdə rayonlararası mərkəzinin verdiyi 01 aprel 2021-ci il tarixli 250 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-boyun nahiyəsinin əzilmiş səthi yaraları, burun sümüyünün sınığı ilə burun nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən 01.04.2021ci il tarixə uyğun gəlir. -Dərəcəsinə görə: a) burun sümüyünün sınığı ilə burun nahiyəsinin qançırı sağlamlığın qısa müddətə pozulmasına səbıb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; b) boyun nahiyəsinin əzilmiş səthi yaraları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Zərərçəkmiş şəxs bel ilə vurmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs boyun nahiyəsindən bel ilə vurması zərərçəkmiş şəxsin ifadəsi və Məhkəmə-Tibbi Ekspertiza və X5 Bərdə rayonlararası mərkəzinin verdiyi 01 aprel 2021-ci il tarixli 250 saylı rəylə öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu Hacallı kəndi ərazisində qardaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı lapatka ilə Səxavət Səfərovun boyun nahiyəsinə qəsdən bir dəfə vuraraq boyun nahiyəsinin əzilmiş səthi yaraları ilə müşayət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti və yumruqla Səxavət Səfərovun burun nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya burun sümüyünün sınığı və burun nahiyəsinin qançırı ilə müşayət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurması, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi 253 saylı 07 aprel 2021-ci il tarixli arayışından və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Hacallı kəndində yaşayır. Ailə üzvləri: arvadı 1981-ci il təvəllüdlü X4, qızı 2006-cı il təvəllüdlü X2, qızı 2007-ci il təvəllüdlü X3 və oğlu 2009-cu il təvəllüdlü X6 ibarətdir. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə kəndin bütün ictimai işlərində yaxından iştirak etmiş, öz nümunəvi davranışı ilə hamının hörmətini qazanmışdır. Bütün tədbirlərdə həmişə başqalarına nümunə olmağa çalışmışdır. Onun haqqında nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 05 aprel 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə həmin idarənin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəzasının əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar