Məhkəmə qərarları › İş №1(021)-89/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-89/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-89/2024 05.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X6 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci ildə Bərdə rayonu Saatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Saatlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Həsənqaya kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və ““Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, ümumi təmiz çəkisi 6,30 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Bərdə rayonu Həsənqaya kəndində yaşadığı evdə qanunsuz olaraq saxlamış, 25 yanvar 2024-cü il tarixdə saat 1145 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə rayonu Həsənqaya kəndində yaşadığı evin yataq otağından 1 (bir) ədəd “West” markalı siqaret qutusunun içərisində satış məqsədilə saxladığı 13 (on üç) ədəd ağ kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,54 qram, 0,36 qram, 0,58 qram, 0,53 qram, 0,77 qram, 0,53 qram, 0,47 qram, 0,34 qram, 0,45 qram, 0,41 qram, 0,39 qram, 0,57 qram, 0,36 qram, ümumi təmiz çəkisi 6,30 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrinin satıcısı deyil. Lakin narkotik vasitələrdən hərdənbir istifadə edir. Narkotik vasitədən sonuncu dəfə tutulmamışdan 3 ay öncə istifadə etmişdir. Bərdə rayonu Həsənqaya kəndində yerləşən və özlərinə məxsus olan otlaq sahəsində özünün mal-qarasını otararkən yerdə sellofan torba olduğunu görmüş, torba nəzərini cəlb etdiyindən götürüb içərisinə baxmaq istəmişdir. Sellofan torbanı yerdən götürüb açaraq içərisinə baxdıqda torbanın içində bükümlər olduğunu müəyyən etmişdir. Bükümlərin içərisinə baxdıqda narkotik vasitə olan marixuana olduğunu görmüş, sellofan torbada cəmi 17 büküm narkotik vasitə olan marixuana olmuşdur. Belə ki, kənddə yaşadığından yabanı kanapilə deyilən bitkini tanımış, sellofan torbanın içərisinə baxdıqda marixuananı tanımışdır. Sellofan torbanı götürərək evə gətirmiş, həmin narkotik vasitəni satmaq fikri olmamışdır. Dörd bükümünü özü istifadə etmiş, qalan bükümləri yataq otağında yatdığı döşəyin altına qoymuşdur. 17 bükümdən 4 bükümünü özü istifadə etmiş, qalan 13 bükümünü isə könülü gətirib Bərdə RPŞ-nə təhvil vermək qərarına gəlmişdir. Lakin xx.xx.2024-cü il tarixdə polis əməkdaşları yaşadığı ünvana gəlmiş və onun narkotik vasitələrin saxlanılmasında şübhəli bilindiyini deyərək yaşadığı evdə axtarış aparacaqlarını bildirmişlər. Etiraz etməyərək könüllü olaraq yataq otağında saxladığı 13 ədəd bükümdə olan marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Onda narkotik vasitəsinin olmasından heç kimin xəbəri olmamışdır. Bu barədə polis əməkdaşlarına kimin məlumat verməsindən xəbəri yoxdur. Bir daha bildirir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır və onda tapılan narkotik vasitələri kiməsə satmaq niyyəti olmamışdır. Narkotik vasitədən istifadə etdiyi üçün əməlindən son dərəcə peşmandır. İlk dəfə cinayət əməli törətmişdir. Söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir. Ailəlidir, himayəsində heç yerdə işləməyən arvadı və iki azyaşlı uşağı vardır. O, ailəsinin yeganə qazanc gətirən şəxsidir. Əgər ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilərsə, ailəsi yeganə qazanc gətirəndən məhrum olunmaqla onlar üçün məhrumiyyətlər yaranar. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə icraatına Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Həsənqaya kəndində yaşadığı ünvana getmişlər. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olduğunu və videoçəkiliş vasitəsi ilə onun yaşadığı evə baxış keçiriləcəyi barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir qanunsuz əşya varsa könüllü olaraq təqdim edilməsi bildirilmiş, sonuncu könüllü olaraq yaşadığı evdə yataq otağında çarpayının döşəyinin altından 13 ədəd ağ kağız bükümdə narkotik vasitə olan marixuananı çıxarıb çarpayının üstünə qoymuşdur. Həmin bükümlərə baxış keçirildikdə içərisində marixuanaya bənzər kütlə aşkar edilmişdir. Narkotik vasitə qablaşdırılaraq götürülmüş, protokol tərtib edilmiş, protokolu imzaları ilə təsdiqləmişlər. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməsi və istifadə etməsi ilə bağlı daxil olmuş, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlini könüllü olaraq etiraf etmiş, sonuncu polis şöbəsində hər hansı qanunsuz təsir və ya təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Bərdə RPŞ-nin KTQ-nin baş inspektoru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunli ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 26 yanvar 2024-cü il tarixli, 16/136 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Bərdə rayonu Həsənqaya kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağından aşkar olunaraq götürülmüş 13 ədəd ağ rəngli kağız bükülüdə olan kütlə” yazı və imzalar olan kağız paketdəki 13 (on üç) ədəd ağ kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,54 qram, 0,36 qram, 0,58 qram, 0,53 qram, 0,77 qram, 0,53 qram, 0,47 qram, 0,34 qram, 0,45 qram, 0,41 qram, 0,39 qram, 0,57 qram, 0,36 qram, ümumi təmiz çəkisi 6,30 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadırlar və tərkiblərinə görə eynidirlər. -Qeyd: Marixuananın ümumi təmiz çəkisi 6,30 qram, tədqiqata sərf edildi 0,26 qram (hər obyektə 0,02 qram), qalıq 6,04 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 13 mart 2024-cü il tarixli, 450 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittiham üzrə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və ““Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, ümumi təmiz çəkisi 6,30 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Bərdə rayonu Həsənqaya kəndində yaşadığı evdə qanunsuz olaraq saxlaması işin gerçək halları ilə təsdiq olunsa da, həmin narkotik vasitələri məhz satış məqsədi ilə saxlaması sübut olunmur. Bu, aşağıda göstərilənlərdən irəli gəlir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaradır. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan hər hansı birinin olması öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, özü istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuananın ümumi çəkisi cəmi 6,04 qram olmaqla o qədər də çox deyildir. Bükümlərin sayının nisbətən çox olması isə həmin narkotik vasitənin mütləq mənada satış məqsədi ilə əldə edilməsinə dəlalət etmir. O cümlədən, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması haqqında SMS məlumatları da əldə edilməmişdir. Qeyd edilməli haldır ki, təqsirləndirilən şəxsdən narkotik vasitə aşkar olunan vaxt ondan narkotiklərin satışı üçün istifadə edilən elektron tərəzi aşkar edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 13 mart 2024-cü il tarixli, 450 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bu hal isə təqsirləndirilən şəxsin həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsi ehtimalının inandırıcı olmasına dəlalət edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. ““Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısının 12-ci bəndinin “a” yarımbəndinə əsasən qurudulmuş marixuana (kannabis) 5 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar sayılır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və ““Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ Siyahısına əsasən, ümumi təmiz çəkisi 6,30 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Bərdə rayonu Həsənqaya kəndində yaşadığı evdə qanunsuz olaraq saxlaması, 25 yanvar 2024-cü il tarixdə saat 1145 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Həsənqaya kəndində yaşadığı evin yataq otağından 1 (bir) ədəd “West” markalı siqaret qutusunun içərisində satış məqsədi olmadan saxladığı 13(on üç) ədəd ağ kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,54 qram, 0,36 qram, 0,58 qram, 0,53 qram, 0,77 qram, 0,53 qram, 0,47 qram, 0,34 qram, 0,45 qram, 0,41 qram, 0,39 qram, 0,57 qram, 0,36 qram, ümumi təmiz çəkisi 6,30 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə istintaqı dövründə toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İstinad edilən normanın mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli, 103 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Həsənqaya kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2024-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. AZE seriyalı 18154749 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, xx.xx.2014-cü ildə anadan olmuş X2 atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. AZE seriyalı 18154725 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, xx.xx.2014-cü ildə anadan olmuş X3 atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda səhvini başa düşür və əməlindən peşmandır, yaşayış yerindən müsbət xarakterizə olunur. O, ailəlidir, himayəsində heç yerdə işləməyən arvadı və iki nəfər azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs ailəsinin yeganə qazanc gətirən şəxsidir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 29 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, əməlində cəzasını ağırlaşdıran halların olmamasını, habelə əməlindən son dərəcə peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, məhkəmə iclsında bir daha hər hansı qanunsuz əməl törətməyəcəyinə vəd verməsini nəzərə alır, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə bu nəticəyə həm də ona görə gəlir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunması onun himayəsində olan işsiz arvadı və iki nəfər azyaşlı uşaqlarını yeganı qazanc gətirəndən məhrum etməklə həmin şəxslər üçün əlavə məhrumiyyətlər yaradar. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması barədə” 25 yanvar 2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 27 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbs etmənin başlanğıcının 25 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 26 yanvar 2024-cü il tarixli, 16/136 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat 80 qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 60,80 (altmış manat 80 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 6,04 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu 04 (dörd) ay 12 (on iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 6,04 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60,80 (altmış manat 80 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar