Məhkəmə qərarları › İş №1(021)-9/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-9/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-9/2022 12.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Cəlilabad Hərbi Məhkəməsinin 12.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2, 332.2.3, 62, 66.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 21.10.2015-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar azad olunmuş, Ağcabədi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 09 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18.02.2021-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli hökmü dəyişdirilərək 05 ay 29 gün müddətə cəza təyin edilmiş 01.03.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Cəlilabad Hərbi Məhkəməsinin hökmün qanuna uyğunlaşdırılması haqqında 03.12.2021-ci il tarixli 7(096)06/2021 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində olan Cəlilabad Hərbi Məhkəməsinin 12.08.2014-cü il tarixli 1-1(096)43/2014 saylı hökmü 01.06.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılaraq Təqsirləndirilən şəxs barəsində olan Cəlilabad Hərbi Məhkəməsinin 12.08.2014-cü il tarixli 1-1(096)43/2014 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2.3, 182.2.2 və 182.2.3-cü maddələri ilə məhkumluğu olmayan şəxs hesab edilmiş, məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, Kalaşnikov konstruksiyalı AKS-74 modelli, ******* nömrəli bir ədəd yivli odlu silahı istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, Kalaşnikov konstruksiyalı AKS-74 modelli, ******* nömrəli bir ədəd yivli odlu silahı istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:30-da Bərdə rayonu, Bəcirəvan kəndində saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş, 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəşə yararlı, Kalaşnikov konstruksiyalı AKS-74 modelli, ******* nömrəli bir ədəd yivli odlu silah əlində saxladığı idman çantasının içərisindən qızılı rəngli parçaya bükülmüş halda aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonunda tanış olduğu Azər adlı şəxsdən “Kalaşnikov” tipli silah əldə etmişdir. Belə ki, həmin şəxslə tanış olduqdan sonra sonuncu söz əsnasında ona bildirmişdir ki, özündə “Kalaşnikov” silahı var, onun da silaha həvəsi olduğu üçün həmin şəxsdən qeyd edilən silahı istəmişdir. Azər də həmin silahı ona pay kimi vermişdir. Qeyd etmişdir ki, həmin avtomat idman çantasının içərisində parçaya bükülmüş halda imiş, çantada avtomatdan başqa əlavə heç bir əşya və predmet yox imiş. O da həmin silahı çanta qarışıq götürüb ilk əvvəl Bərdə rayonu Bəcirəvan kəndinin girəcəyində olan kolluqda gizlətməyi qərara almışdır. Düşünmüşdür ki, bir qədər burada qalsın sonra evdə aparıb gizlədər. Beləliklə də tutulduğu gün, yəni 15 iyun 2021-ci il tarixdə həmin silahı gizlədildiyi yerdən götürüb yaşadığı evə gətirməyi qərara almışdır və ona görə də həmin yerə gəlmişdir. Silahı qoymuş olduğu yerdən taparaq götürmüş və üzərində daşıyaraq oradan uzaqlaşmağa başlamışdır. Piyada olaraq hərəkət edən zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Sonra ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər və onu Bərdə RPŞ-yə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin şöbəyə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunusz nə varsa təqdim etsin. Ona görə də o, masaya yaxınlaşaraq əynində olan şalvarın ciblərindən pul vəsaitlərini və mobil telefonu, o cümlədən də əlində tutuduğu içərisində avtomat olan idman çantasını təqdim etmişdir. Onun təqdim etdiyi idman çantasına baxış keçirilmiş, açıldıqda içərisindən qızılı rəngli parçaya bükülmüş halda olan bir ədəd “Kalaşnikov” avtomatı aşkar edilmişdir. Həmin avtomatın boş və ya dolu olub-olmaması yoxlanılmış və məlum olmuşdur ki, avtomat boşdur. Sorğu zamanı o, üzərindən aşkar edilmiş avtomatı təxminən iki gün əvvəl Bərdə rayonunda tanış olduğu Azər adlı şəxsdən əldə etdiyini və həmin gün kəndin girəcəyində gizlətdiyini, tutulduğu gün isə həmin silahı gizlədilmiş yerdən götürüb evə aparıb gizlətmək istədiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən cinayət xarakterli digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş avtomat polis əməkdaşları tərəfindən qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmişdir, qablaşmanın üzəri tərəflərindən imzalanmışdır. Bundan başqa aşkar edilmiş nağd pul onun özünə qaytarılmışdır. Üzərindən aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun üzərinə keçirilən şəxsi axtarış qurtardığından videoçəkiliş dayandırılmışdır. Daha sonra bütün qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, o və şəxsi axtarışda iştirak edən digər iştirakçılar protokola imza etmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. 15 iyun 2021-ci il tarixdə Ağcabədi rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlaması və üzərində saxlamaqla daşıması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilməklə qrupun üzvü kimi həmin şöbənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 təyin edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq 15 iyun 2021-ci il tarixdə o, Şahid2la birlikdə daxil olmuş məlumata uyğun olaraq Təqsirləndirilən şəxs ola biləcək Bərdə rayonuna getmişlər və həmin tarixdə saat 15:30-da sonuncunu Bərdə rayonu, Bəcirəvan kəndinin girəcəyində saxlamışlar. Özlərini təqdim etdikdən sonra saxlanılmış şəxsin də şəxsiyyətini müəyyən etmişlər və barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Sonuncu da, etiraz etmədən onlarla adı çəkilən şöbəyə gəlmişdir. Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı, polis mayoru Yusif Yusifov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Rafiqə təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının ciblərində olan mobil telefonla pul vəsaitlərini çıxarıb təqdim etmiş, daha sonra əlində saxladığı ağ və göy rəngli idman çantasını masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin kənar heç bir əşya və predmet aşkar edilməmişdir, ayaqqabılarının içi və cibləri əlavə olaraq yoxlanılmışdır. Üzərindən aşkar edilmi pul vəsaiti əhmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış, mobil telefonu isə sübut əhəmiyyəti kəsb edə bilcəyi ehtimalından götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi idman çantası barədə sorğu edilmiş və içərisində bir ədəd avtomat olduğunu qeyd etmişdir. Bundan sonra sonuncunun təqdim etdiyi çanta açılmış və içərisindən qızılı rəngli parçaya bükülmüş “Kalaşnikov” tipli avtomata bənzər predmet aşkar edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin avtomat boşdur və Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avtomatı iki gün əvvəl üzdən tanıdığı “Azər” adlı şəxsdən alıb Bərdə rayonu Bəcirəvan kəndinin girəcəyində gizlədib saxlamışdır və saxlanılan gün həmin yerdən götürüb başqa yerə aparmaq istəyərkən onlar tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd avtomat tipli odlu silaha oxşar predmet özünün iştirakı aşkar edildiyi idman çantasında müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra şəxsi axtarış və götürmənin keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuşdur. İştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etdi. Cinayət işinin 14-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 15 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 86-88-ci vərəqələrində olan Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 4(005)594/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 15 iyun 2021-ci i l tarixdən hesablanmışdır. Cinayət işinin 42-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Krimnalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 16 iyun 2021-ci il tarixli, 21/391R №-li rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd ******* №li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş 5.45 mm kalibrli, Kalaşnikov konstruksiyalı AKS-74 modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Cinayət işinin 105-127-ci vərəqələrində olan Cəlilabad Hərbi Məhkəməsinin 12.08.2014cü il tarixli 1-1(096)43/2014 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2.3, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.2, 332.2.3-cü maddələri ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3cü maddəsinə əsasən cəzaları qismən toplamaqla üzərində qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 140-141-ci vərəqələrində olan Ağcabədi Rayon Məhkəməsinin 02.09.2020ci il tarixli 1(017)106/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69-cu maddəsinə əsasən üzərində qəti olaraq 09 ay 29 gün azadlıqdan məhrum etmə cəsası saxlanılmışdır. Cinayət işinin 162-167-ci vərəqələrində olan Şirvan Apellyasiya Məhkəməsinin 18.02.202-ci il tarixli 1(106)72/2021 saylı qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 02.09.2020-cü il tarixli 1(017)106/2020 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiçəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Ağcabədi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli 1(017)106/2020 saylı hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təyin olunmuş 10 ay müddətinə azadlıqdn məhrumetmə cəsazı 6 aya endirilmiş, CM-nin 69-cu maddəsinə əsasən üzərində qəti olaraq 05 ay 29 gün azadlıqdan məhrum etmə cəsası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Cəlilabad Hərbi Məhkəməsinin hökmün qanuna uyğunlaşdırılması haqqında 03.12.2021-ci il tarixli 7(096)06/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Cəlilabad Hərbi Məhkəməsinin 12.08.2014cü il tarixli 1-1(096)43/2014 saylı hökmü 01.06.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılaraq Təqsirləndirilən şəxs barəsində olan Cəlilabad Hərbi Məhkəməsinin 12.08.2014-cü il tarixli 1-1(096)43/2014 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2.3, 182.2.2 və 182.2.3-cü maddələri ilə məhkumluğu olmayan şəxs hesab edilmişdir. Cinayət işinin 171-172-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Vəliyev X1 Hərbi Məhkəməsinin 12.08.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2, 332.2.3, 62, 66.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 21.10.2015-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar azad olunmuş, Ağcabədi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 09 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18.02.2021-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli hökmü dəyişdirilərək 05 ay 29 gün müddətə cəza təyin edilmiş 01.03.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 145-ci vərəqəsində olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 173-179-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş ******* nömrəli 5,45 mm “AKS-74” modelli Kalaşnikov konstruksiyalı avtomat iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİnin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 17 iyun 2021-ci il tarixdə barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar – DİN-in BMCMİ-nin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş ******* nömrəli 5,45 mm “AKS-74” modelli Kalaşnikov konstruksiyalı avtomat dövlət nəfinə müsadirə olunmalı və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah –sursat saxlancına təhvil verilməlidir . İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 iyun 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar – DİN-in BMCMİ-nin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd keçmiş SSRİ dövlətində 1983-cü ildə istehsal olunmuş ******* nömrəli 5,45 mm “AKS-74” modelli Kalaşnikov konstruksiyalı avtomat dövlət nəfinə müsadirə olunsun və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah –sursat saxlancına təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar