Məhkəmə qərarları › İş №1(021)-90/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-90/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-90/2022 05.07.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bərdə rayonu Arabaçılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayon Arabaçılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2015-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat olmaqla, cəmi 140,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-1442/2015 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(021)-1109/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2021-ci il tarixədək 6710,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısı qızıdır. Zərərçəkmiş şəxs ilə 2005-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını rəsmi qaydada isə xx.xx.2006-cı il tarixdə qeyd etdirmişlər. Onların birgə nikahlarından 2006-cı ildə Raqub və 2008-ci ildə Ramal adlı iki uşaqları olmuşdur. Ailə qurduqları ilk illərdə mehriban ailə şəraitində yaşamışlar. Lakin sonra qaynanası Şəfiqə ailə işlərinə qarışdığı üçün onların mehribanlıqları pozulmuşdur. Zərərçəkmiş şəxs ilə ailəli olduqları müddətdə usta-malyar kimi fəaliyyət göstərməklə aya 800-1000,00 manat həçmində pul qazanmaqla ailəsinə çox yaxşı baxırdı və onların bütün ehtiyaclarını ödəyirdi. Ailə münasibətləri tamamilə pozulduqdan sonra, yəni 2010-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs ondan faktiki olaraq ayrılıb uşaqlarınıda götürüb ata evinə qayıtmışdır. Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-1442/2015 saylı qətnaməsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan tutulan alimentin miqdarı artırılıb hər ay hər uşağa görə 70,00 manat məbləğində müəyyən edilməklə Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İlkin qətnaməni 2-ci qrup əlil olduğuna görə aldığı pensiyaya yönəldiyi üçün həmin qətnamə tam icra olunduğundan xitam olunmuşdur. Lakin sonradan onun əlilliyi dövlət orqanları tərəfindən ləğv edilmişdir. xx.xx.2015-ci il tarixli qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(021)-1109/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixli təqdimatda qeyd edilən cəmi 6710,00 manat aliment borcu olmuşdur, lakin həmin tarixdən bu günə aliment borcundan cəmi 2200 manat ödəniş etmişdir. Onun zərərçəkmiş şəxsə hazırda 4510 manat borcu qalıb. Odur ki, ona cəza verilməməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2005-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını rəsmi qaydada isə xx.xx.2006-cı il tarixdə qeyd etdirmişlər. Onların birgə nikahlarından 2006-cı ildə Raqub və 2008-ci ildə Ramal adlı iki uşaqları olmuşdur. Ailə qurduqları ilk günlərdən xasiyyətləri bir birinə uyğun gəlmirdi. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq onu heç bir səbəb olmadan söyüb döyürdü. Xasiyyətləri uyğun gəlmədiyi üçün ailə münasibətləri tamamilə pozulmuşdur. 2010-cu ilin dekabr ayında Təqsirləndirilən şəxslə faktiki olaraq ayrılıb uşaqlarınıda götürüb ata evinə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə usta-malyar olaraq fəaliyyət göstərməklə ayda 600-800,00 manat məbləğində qazancı olurdu. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o, heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə atasının maddi yardımı ilə uşaqları saxlayırdı. O, Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)- 1442/2015 saylı qətnaməsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Təqsirləndirilən şəxs tutulan alimentin miqdarı artırılıb hər ay hər uşağa görə 70,00 manat məbləğində müəyyən edilməklə ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(021)-1109/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixli təqdimatda qeyd edilən cəmi 6710,00 manat aliment borcu vardır. Lakin təqdimatdan sonra və məhkəmə prosessləri dövründə ona 2200 manat ödəniş oldu. Hazırda ona olan borcu 4510 manat təşkil edir. Məhkəmədən Təqsirləndirilən şəxs qeyri-səmimi insan olmasını əsas gətirərək ona ən ağır cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)- 1442/2015 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 70,00 manat olmaqla, cəmi 140,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(021)-1109/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həmin inzibati qərardan Apellyasiya Məhkəməsinə şikayət etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, qanunsuz hərəkətlərini davam etdirmişdir. İcra sənədi üzrə borclunun hazırki dövürə qədər ödənilməmiş 6710,00 manat ödənilməmiş aliment borcu qalmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan təqdimant verilən günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı şahid Bərdə rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini təsdiq etdi. Cinayət işinin 123-124-cü vərəqələrində olan 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddində nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan 18 fevral 2022-ci tarixli “axtarışda olan şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 157-158-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 160-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 19 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSYdən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 10-11-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-1442/2015 saylı saylı qətnaməsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Təqsirləndirilən şəxs tutulan alimentin miqdarı artırılıb hər ay hər uşağa görə 70,00 manat məbləğində müəyyən edilməklə Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Cinayət işinin 9-cu vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-1442/2015 saylı saylı icra vərəqəsindən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Təqsirləndirilən şəxs tutulan alimentin miqdarı artırılıb hər ay hər uşağa görə 70,00 manat məbləğində müəyyən edilməklə Zərərçəkmiş şəxs verilməsi müəyyən edilmişdir. Cinayət işinin 34-35-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(021)423/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-1442/2015 saylı icra sənədi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat inzibati cərimə tənbehi tətbiq olunmuşdur. Cinayət işinin 45-47-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(021)1109/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-1442/2015 saylı icra sənədi üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün inzibati həbs tənbehi tətbiq olunmuşdur. Cinayət işində olan xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə gün müddətində tələbi təmin etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi üzrə təqdimat hazırlanaraq istintaq orqanına göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi Bərdə Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli məktubdan görünür ki, Arabaçılar kəndində yaşayan Təqsirləndirilən şəxs ümumi birgə mülkiyyətdə 38 saylı Dövlət aktına əsasən 6 nəfər ailə üzvləri ilə birlikdə 2,62 ha pay torpaq sahəsi və 5 nəfərlə birlikdə 0,36 ha həyətyanı torpaq sahəsi var. Cinayət işinin 112-ci vərəqəsində olan Bərdə rayon Güloğlular Bələdiyyəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materilarına əlavə olunmuş ödənişlərdən müəyyən oluur ki, hazırkı iş üzrə təqdimat veriləndən sonra ümumilikdə 2200 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlindən peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını məhkəmə iclas zalında borcunun bir qismini zərərçəkmiş şəxsə ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 18 fevral 2022-ci il tarixdə tutulmuş, 19 fevral 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 1 (bir) gün müddət -18 fevral 2022-ci il il tarixdən 19 fevral 2022-ci il tarixədək olan müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixindən 19 fevral 2022-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 01 (bir) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar