Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-92/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X2 iştirakı ilə xx xxxxxx 1974-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tərtər Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Bərdə şəhəri, Təbriz küçəsi ev 8-də qeydiyyatda olmaqla Bərdə şəhəri, M.Nəsirov küçəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ və İİ siyahılarına əsasən müvafiq olaraq ayrı-ayrılıqda çəkiləri 0,297 qram və 0,144 qram olmaqla ümumi təmiz çəkisi 0,441 qram olan narkotik vasitə heroini və ayrı-ayrılıqda təmiz çəkiləri 0,934 qram və 0,903 qram olmaqla ümumi təmiz çəkisi 1,837 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri, M.Nəsirov küçəsində yerləşən nömrəsiz evin həyətyanı sahəsindəki yardımçı tikilidə saxlamış, 26 yanvar 2022-ci il tarixdə saat 1300 radələrində yaşadığı ünvanda 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,144 qram olan narkotik vasitə heroini 10 manat pul müqabilində göstərilən tarixdə Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən miqdarda narkotik vasitənin üzərindən aşkar edilərək götürülməsi faktı üzrə məsuliyyətə cəlb edilmiş tanışı Şahid5 qanunsuz olaraq satmış, həmin gün saat 1500 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,934 qram və 0,903 qram olmaqla ümumi təmiz çəkisi 1,837 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, təxminən 2-3 ildir müxtəlif narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmişə narkotik vasitə saxlayır. 26 yanvar 2022-ci il tarixdə tanımadığı mobil nömrədən ona zəng gəlmiş, telefonda danışan tanışı Şahid5 şəxsi istifadəsi üçün narkotik vasitə lazım olduğunu bildirmişdir. Sonuncudan yaşadığı evə gəlməsini istəmiş, Məmməd həmin gün saat 1300 radələrində onun yaşadığı Bərdə şəhəri, M.Nəsirov küçəsində yerləşən evə gəlmişdir. Əvvəllər Məmməddən nisyə narkotik aldığından onun əvəzinə sonuncuya narkotik vasitə heroin vermişdir. Şahid5 narkotikə görə pul almamış, nisyə aldığı narkotiklə əvəzləşdirmişdir. 26 yanvar 2022-ci il tarixdə günorta saatlarında yaşadığı küçədə yerləşən evdə olarkən polis əməkdaşları onu səsləmiş və özlərini təqdim edib evdə narkotik vasitə olub-olmaması ilə bağlı sual vermişlər. Səmimi şəkildə həyətyanı sahəsindəki yardımçı tikilidə narkotik vasitə olduğunu demişdir. Polis əməkdaşlarının iştirakları ilə yardımçı tikiliyə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və özünə məxsus 2 ədəd sellofan bükümdə metafetamin, 1 ədəd sellofan bükümdə heroin və 1 ədəd kağız bükümdə marixuana aşkar edilmiş, həmin bükümləri könüllü şəkildə təhqiqatçıya təqdim etmişdir. Daha sonra aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş və içərisində metafetamin olan bükümlərin ümumi çəkisi 1,97 qram, içərisində heroin olan bükümün çəkisi 0,49 qram və kağız bükümündəki kütlənin çəkisi isə 0,99 qram olmuşdur. Sonra bükümlər təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Üzərində narkotik vasitə saxladığına və istifadə etdiyinə görə əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2019-cu ildən Bərdə rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkilli işləyir. 26 yanvar 2022-ci il tarixdə polis şöbəsinə Bərdə şəhəri, M.Nəsirov küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddə saxlaması və satmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin tarixdə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin gün saat 1530 radələrində onun, Bərdə rayon Polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, M.Nəsirov küçəsində yerləşən evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazının olub-olmaması soruşulmuş, sonuncu şifahi şəkildə, arvadı Şahid4 isə ərizə yazıb imzamaqla buna heç bir etirazlarının olmadığını demişlər. Baxış keçirilməsinə başlanılmazdan əvvəl aparılan şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həyətyanı sahədəki yardımçı tikilidə narkotik vasitə və psixotrop maddə saxladığını səmimi şəkildə etiraf etmişdir. Yardımçı tikiliyə baxış keçirilərkən Təqsirləndirilən şəxs 3 ədəd ağ rəngli sellofan bükümü və 1 ədəd qırmızı rəngli kağız bükümü polis əməkdaşlarına təqdim edərək içərilərində narkotik vasitə olan heroin və marixuanaya, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olduğunu söyləmişdir. Bundan sonra həmin bükümlər növbə ilə elektron tərəzidə çəkilərək çəkiləri müəyyənləşdirilmişdir. Ardınca həmin kütlələr zərfə qablaşdırılaraq götürülüb ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmiş və zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 94 saylı möhürü ilə möhürlənmişdir. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 2004-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi şəkildə ailə qurmuş və həmin nikahdan 2005-ci ildə Hüseyn adlı oğlu dünyaya gəlmişdir. Ailə qurduqdan sonra əri Arzu və azyaşlı övladı ilə birlikdə Bərdə şəhəri, M.Nəsirov küçəsində yerləşən evdə yaşamağa başlamışdır. Əri Arzunun yaşadıqları evin həyətyanı sahəsindəki yardımçı tikilidə narkotik vasitə və psixotrop maddə saxlamasından xəbəri olmamışdır. 26 yanvar 2022-ci il tarixdə günorta saatlarında Arzu evdə olarkən Bərdə rayon Polis şöbəsinin əməkdaşları yaşadıqları ünvana gələrək evin həyətyanı sahəsinə və evə baxış keçirmişlər. Baxış keçirilməzdən əvvəl Arzu şifahi şəkildə, o isə ərizə yazıb imzamaqla buna heç bir etirazlarının olmadığını demişlər. Daha sonra polis əməkdaşları həyətyanı sahədəki yardımçı tikilinin içərisindən narkotik vasitə və psixotrop maddə aşkar etdikləri üçün Arzunu polis şöbəsinə aparmışlar. O, həmin gün bilmişdir ki, Arzu qanunsuz hərəkətlərinə görə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında gəlməyən Şahid5 ibtidai istintaq zamanı veriyi ifadəsi elan edilmişdir. Şahid Şahid5 həmin ifadəsində göstərmişdir ki, təxminən 2 ildir narkotik vasitə istifadəçisi olsa da, bir müddət əvvələ kimi istifadə etməmişdir. Sonradan yenidən narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. 26 yanvar 2022-ci il tarixdə narkotik vasitə lazım olduğundan küçədə tanımadığı bir nəfərin mobil telefonu vasitəsilə Bərdə şəhəri, M.Nəsirov küçəsində yaşayan tanışı Təqsirləndirilən şəxs zəng edərək şəxsi istifadəsi üçün narkotik vasitə lazım olduğunu bildirmişdir. Arzu ondan evə gəlməsini istəmiş, həmin gün saat 1300 radələrində Arzunun yaşadığı evə getmişdir. Daha sonra Arzu evdən çölə çıxıb küçədə ona 10 manat pul müqabilində heroin satmış və o, həmin narkotik vasitəni əynindəki qara rəngli cins şalvarın cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün Bərdə şəhəri, Təbriz küçəsində olarkən iki nəfər şəxs ona yaxınlaşmış və Bərdə rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu qeyd etmişlər. Polis əməkdaşlarına həqiqətən də üzərində narkotik vasitə olduğunu və narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını söyləmişdir. Sonra polis əməkdaşları onu Bərdə rayon Polis şöbəsinə aparmalı olduqlarını bildirmiş, o isə buna etiraz etmədən polis şöbəsinə getmişdir. Polis şöbəsində ona müdafiəçi təqdim edildikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılmış, bu zaman ondan üzərində qanunsuz əşya və ya predmet olubolmaması soruşulmuş, o isə əynindəki şalvarın sağ yan cibində saxladığı 1 ədəd ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla içərisində narkotik vasitə hesab edilən “heroin” olduğunu bildirmişdir. Bundan sonra onun özünün və müdafiəçisinin iştirakları ilə təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,28 qram olmuşdur. Ardınca büküm ağ rəngli kağız zərfdə qablaşdırılmış və zərfin üzəri möhürlənərək ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. İzahat verərkən həmin narkotik vasitəni Arzu adlı tanışından aldığını etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 16/115 saylı 27 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində imzalar olan zərfdəki: -1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,297 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. -2(iki) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,934 qram, 0,903 qram, ümumi təmiz çəkisi 1,837 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və kimyəvi tərkiblərinə görə eynidirlər. -Metamfetamin “Azərbaycan Respblikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: Heroinin təmiz çəkisi 0,297 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,247 qramdır; -Metamfetaminin ümumi təmiz çəkisi 1,837 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,737 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 16/117 saylı 27 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Bərdə rayonu Alaçadırlı kəndində yaşayan Şahid5 üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd ağ rəngli kağız büküm...” sözlər və imzalar olan zərfdəki, 1(bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,144 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,144 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,124 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/149 saylı 28 fevral 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş kağız paketdə bir ədəd qırmızı rəngli kağız bükülüdə olan bitki mənşəli kütlənin tərkibində sintetik kannabinoidlərə aid 5CL-ADB-A adlı maddə vardır. Onun çəkisi 0,004 qram təşkil edir. -Həmin maddə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorların siyahıları”na daxil deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 400 saylı 31 mart 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitələri satmaq niyyətinin olmaması, narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi ilə bağlı dedikləri ilə əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitənin 2 növünü, yəni 2 bükümdə heroini, 2 bükümdə metamfetamini özündə saxlaması ona əsas verir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, narkotik maddələrin 2 növünün bükümlərdə təxminən hər biri bir dəfə istifadə üçün hesablanmaqla qablaşdırılaraq saxlanılması həmin narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edir. Bundan başqa Təqsirləndirilən şəxs Şahid5 10 manat müqabilində narkotik vasitə heroin satması Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ və İİ siyahılarına əsasən müvafiq olaraq ayrı-ayrılıqda çəkiləri 0,297 qram və 0,144 qram olmaqla ümumi təmiz çəkisi 0,441 qram olan narkotik vasitə heroini və ayrı-ayrılıqda təmiz çəkiləri 0,934 qram və 0,903 qram olmaqla ümumi təmiz çəkisi 1,837 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri, M.Nəsirov küçəsində yerləşən nömrəsiz evin həyətyanı sahəsindəki yardımçı tikilidə saxlaması, 26 yanvar 2022-ci il tarixdə saat 1300 radələrində yaşadığı ünvanda 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,144 qram olan narkotik vasitə heroini 10 manat pul müqabilində göstərilən tarixdə Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən miqdarda narkotik vasitənin üzərindən aşkar edilərək götürülməsi faktı üzrə məsuliyyətə cəlb edilmiş tanışı Şahid5 qanunsuz olaraq satması, həmin gün saat 1500 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən 2 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,934 qram və 0,903 qram olmaqla ümumi təmiz çəkisi 1,837 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,297 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 04 mart 2022-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ş.Mürvət küçəsi ev 28-də yaşayır. Təqsirləndirilən şəxs küçədə yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 28.02.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 17.09.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən 1000 manat cərimə cəzasına məhkum edilmişdir; - Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 14.08.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; - Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya şöbəsinin 67/01 saylı 05.05.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin 1(061)-31/2021 saylı 23.06.2021-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Bərdə Rayon Məhkəməsinin 7(021)-46/2022 saylı qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində Tərtər Rayon Məhkəməsinin 1(061)-31/2021 saylı 23.06.2021-ci il tarixli hökmü və hökmün icrası barədə göstəriş 29.07.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş, 06.08.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkum Təqsirləndirilən şəxs 06.08.2021-ci il tarixdən 26.01.2022-ci il tarixədək cəzasının 05 ay 20 gününü çəkmiş və 06 ay 06 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06(altı) ay 06(altı) günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 03(üç) ay 03(üç) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 26 yanvar 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 4(021)-16/2022 saylı 28 yanvar 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli tutulduğu andan, yəni 26 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1. və 93.1.4-cü maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan o, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 27 yanvar 2022-ci il tarixli 16/115 nömrəli və 28 fevral 2022-ci il tarixli 7/149 nömrəli bildirişlərdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 119,40 (bir yüz on doqquz manat qırx qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 119,40 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bərdə rayon Polis şöbəsində saxlanılan 0,247 qram çəkidə və 0,124 qram çəkidə heroin, 1,737 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06(altı) ay 06(altı) günün iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla 03(üç) ay 03(üç) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 02(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bərdə rayon Polis şöbəsində saxlanılan 0,247 qram çəkidə və 0,124 qram çəkidə heroin, 1,737 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 119,40 (bir yüz on doqquz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-92/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-92/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver