Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-95/2025 26.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Bərdə rayon Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökmün çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 qəsdlə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ünvanına müxtəlif vaxtlarda kütləvi informasiya vasitələrində və "Facebook" sosial şəbəkəsində Kanal13.TV ictimai kanalında və "Tiktok" sosial şəbəkəsində "ilhami nesibov" 21 adlı səhifədən istifadə etməklə, video lentdə sözlərində "Mal bazarında qəbz istədiyim təqdirdə məni ölümlə hədələyirlər. X12 işğalından azad edin, biz yaşaya bilmirik, Tariyel Ağayev sifarişlə ölümlər təşkil elətdirir, biz hamımız Tarıyel Ağayevin qoçu dəstələri tərəfindən təhdid olunuruq. Elə səsin çıxardanı ölümlə qorxuzurlar" kimi yalan ifadələr sosial şəbəkəsində yaymaqla şikayət edən şəxsə böhtan atmış, həmçinin sonuncunu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Bundan başqa o, Facebook sosial şəbəkəsində "Bərdə rayonunun X14 Edib, səsini çıxaranı ölümcül döydürür başlığı altında" video müsahibə verərək qəsdən yalan ifadələrlə sosial şəbəkəsində yaymaqla xüsusi ittiham qaydasında şikayət edən şəxsə böhtan atmış, həmçinin sonuncunu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Bundan başqa o, "İnstaqram" sosial şəbəkəsində "Bərdə rayonunun X14 Edib, səsini çıxaranı ölümcül döydürür" başlığı altında video müsahibə verərək qəsdən yalan ifadələr sosial şəbəkəsində yaymaqla xüsusi ittiham qaydasında şikayət edən şəxsə böhtan atmış, həmçinin sonuncunu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Bundan başqa o, Teref.az sosial şəbəkəsində "Bərdədə Qoçuluq edən kimdir" başlığı altında müsahibə verərək "4 baş heyvanını satmaq məqsədi ilə bazara aparıb, heyvanlar satılmasa da ondan 24 manat pul tələb ediblər. Şikayətçi deyir ödədiyi pulun qəbzini istəyəndə isə Taryel Ağayevin adamları onu döyüb, təhqir edib və ölümlə hədələyib" “Babazadə deyir ki, Bərdədə şikayətini bildirən hər kəs Taryel Ağayevin adamları tərəfindən döyülür" müsahibə verərək yalan ifadələr sosial şəbəkəsində yaymaqla xüsusi ittiham qaydasında şikayət edən şəxsə böhtan atmış, həmçinin sonuncunu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. BMT Baş Məclisinin 217 (İİİ) saylı 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə görə “Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müdafiə olunmaq hüququ var." Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcə də oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda, "İnsan Hüquqlarının və X2 haqqında" Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində qeyd olunmuşdur ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 147.2-ci maddəsində isə qeyd olunmuşdur ki, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi ittiham qaydasında şikayət edən şəxs X1 yuxarıda qeyd olunan internet informasiya ehtiyatlarında barəsində yaydığı və paylaşdığı məlumatları şərəf və ləyaqətimi ləkələyən və nüfuzdan salan ağır cinayətdə ittiham etdiyi məlumatları ona qarşı atılmış böhtan hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1-ci və 166.1-ci maddələrində nəzərdə tutulan cinayətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 88.1.3-cü maddəsinin tələbinə görə cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışının təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir (CPM 88.4.1). Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkili Nümayəndə xüsusi ittiham qaydasında şikayətin icraata götürülüb məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 heç kimə böhtan atmadığını, ona deyilənləri və youtube.com internet səhifəsində olan çıxışa istinad edərək Kanal13.tv səhifəsinə müsahibə verdiyini, “Facebook”, “İnstagram”, “Tiktok” sosial şəbəkələrində və qeyri-digər sosial şəbəkələrdə paylaşımlar etmədiyini, bu səbəbdən də xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi X5 şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrin tələblərinə görə şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayət ərizəsində şikayət verən şəxsin məşğuliyyət növü və vəzifəsi, əməlin nə vaxt törədilməsi, eyni zamanda şikayətin verildiyi yer qeyd olunmamış, bununla da Cinayət-Prosessual Məcəllənin 293.3.1-ci, 293.3.2-ci və 293.3.6cı maddələrində göstərilən tələblərə riayət olunmamışdır. Şikayətin məzmunu qeyd olunan tələblərə uyğun olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Məhkəmə əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən, Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında şikayətdə şikayətçi X6 tərəfindən böhtan xarakterli ifadələrin “Facebook”, “İnstagram”, “Tiktok” sosial şəbəkələrində səsləndirildiyini qeyd etsə də, şikayətə əlavə olunmuş həmin sosial şəbəkələrdən çıxarışlara baxış keçirərkən paylaşımların X6 tərəfindən deyil, Kanal13.TV internet kanalı tərəfindən edildiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci hissəsinə uyğun olaraq şikayətin kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı üzrə fəaliyyət göstərən məhkəməyə verilməli olduğunu izah edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №1(021)-95/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-95/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver