Məhkəmə qərarları › İş №1(021)-96/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-96/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-96/2021 24.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1988-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, "xxxx" MMC-nin Bərdə 1 saylı Poçt filialında əməliyyatçı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla, Bərdə rayonu Güloğlular kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdən “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına, ona 25 noyabr 2020-ci il tarixdən 09 dekabr 2020-ci il tarixədək evdə müalicə təyin edilməsinə baxmayaraq, 06.12.2020-ci il tarixdən 08.12.2020-ci il tarixədək mütəmadi olaraq, sonuncu dəfə isə 08 dekabr 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Bərdə rayonu Güloğlular kəndindəki evi qəsdən tərk edib, Bərdə şəhəri ərazisində digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozub “COVİ-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, 08.12.2020-ci il tarixdə saat 13 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində “Mətin” şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olan zaman Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, 2020-ci ilin noyabr ayının ortalarında Bərdə rayon Mərkəzi Xəstəxanasına getmiş və orada korona virus testi vermiş, ona yaxın günlərdə testin nəticələri barədə məlumat veriləcəyi deyilmiş, ancaq, ona evi tərk edibetməmə barədə heç nə deyilməmişdir. Bu günlər ərzində özünü normal hiss etmiş və səhhətində hər hansı problem yaşamamışdır. 06 dekabr 2020-ci il tarixdə saat təxminən 11 radələrində istifadəsində olan mobil nömrəyə tanımadığı bir nömrədən zəng gəlmiş, telefona cavab verdikdə zəng edən xanım özünü təqdim edərək Bərdə rayon Mərkəzi Xəstəxanasının işçisi olduğunu demiş və onun rəsmi olaraq korona virus daşıyıcısı kimi qeydiyyyata alındığını bildirib özünü necə hiss etdiyimi soruşmuş, özündə heç bir narahatlıq hiss etmədiyini, onda koronavirusa aid olan siptomlardan heç birinin olmadığını demişdir. Xanım ona yəqin ki, imunitetinin güclü olması səbəbindən xəstəliyini ağır keçirmədiyini demiş və evdən çıxmamağı barədə xəbərdarlıq etmişdir. 07 dekabr 2020-ci il tarixdə nənəsi X3 vəfat etmiş, həmin gün o da digər qohumları kimi nənəsinin dəfnində və yas mərasimində iştirak etmişdir. Növbəti gün, yəni 08 dekabr 2020-ci il tarixdə yaşadığı Bərdə rayonu Güloğlular kəndindəki evini işə getmək məqsədilə tərk edib çıxmış, ictimai nəqliyyatdan istifadə edərək işlədiyi Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" MMC-nin Bərdə 1 saylı Poçt Filialına gəlmiş və günorta saatlarına qədər işdə olmuş, həmin gün saat təxminən 13 radələrində nahar fasiləsi başladıqdan sonra işdən çıxmış və yenə də ictimai nəqliyyatdan istifadə edərək nənəsinin yas mərasiminin təşkil olunduğu ünvan 1 ünvanına gəlmişdir. Avtobusdan enib həmin küçəyə daxil olarkən küçənin girişində polis əməkdaşları onu saxlamış, özlərini təqdim edərək onun “COVİD-19” xəstəliyinin daşıyıcısı olduğu halda yaşadığı evi tərk edərək epidemiya əleyhinə qaydalarını pozduğunu və xəstəliklərin yayılması üçün real təhlükə yaratdığını demişdir. Xəstə olduğunu onlara səmimi etiraf etmiş, bundan sonra həmin yerə müstəntiq gəlmiş, burada onun, hal şahidlərinin və Bərdə rayon Mərkəzi Xəstəxanasının həkiminin iştirakı ilə olduğu yerə baxış keçirilmiş, baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, protokolu imzalarla təsdiq edilmişdir. Bundan sonra həkimin müşayəti ilə onu yaşadığı evə yola salmışlar. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin YYÇ-la profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin mart ayından ölkədə yayılan “COVİD-19” pandemiyası ilə əlaqədar, həmin virusla mübarizə çərçivəsində Nazirlər Kabinetinin qərarlarının və həmin qərarlar əsasında Daxili İşlər Nazirliyi tərəfindən verilən göstərişlərin Bərdə rayonu ərazisində icrası Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin işçisi kimi həmçinin, ona həvalə olunmuş, bu istiqamətdə görülən tədbirlərdən biri də korona virusuna yoluxmuş və evdə müalicə təyin edilmiş şəxslərin yaşadığı evi tərk etməməsinə nəzarət etmək olmuş, 08 dekabr 2020-ci il tarixdə saat təxminən 13 radələrində Bərdə rayonu Güloğlular kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Bərdə şəhəri, Koroğlu küçəsində hərəkətdə olması barədə məlumat daxil olmuşdur. Dərhal keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs sosial məsafə qaydaları gözlənilərək həmin yerdə saxlanılmış, Bərdə rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs aşkar edildiyi yerə onun, digər iştirakçıların və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs xəstə olduğu halda işi ilə bağlı yaşadığı evi tərk etdiyi və digər sağlam insanlarla ünsiyyət yaratdığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə rayon Mərkəzi Xəstəxanasından dəvət edilmiş həkimin müşayəti ilə yaşadığı evə yola salınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin 31 mart 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs “COVİD-19” virusuna yoluxduğy və 25.11.2020-ci il saat 21:32:51 tarixdən 09.12.2020-ci il saat 21:32:51 tarixinədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X1 (TƏBİB) informasiya sistemi tərəfindən 06.12.2020-ci il saat 16:39:12 tarixində Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs 25 noyabr 2020-ci il tarixdən “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına, ona 25 noyabr 2020-ci il tarixdən 09 dekabr 2020-ci il tarixədək evdə müalicə təyin edilməsinə baxmayaraq, 06.12.2020-ci il tarixdən 08.12.2020-ci il tarixədək mütəmadi olaraq, sonuncu dəfə isə 08 dekabr 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Bərdə rayonu Güloğlular kəndindəki evi qəsdən tərk edib, Bərdə şəhəri ərazisində digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozub “COVİ-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, 08.12.2020-ci il tarixdə saat 13 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində “Mətin” şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olan zaman Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 550 saylı 23 aprel 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Güloğlular kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə poçt filialı tərəfindən verilmiş BPF 12/25 saylı 01 aprel 2021-ci il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 05.01.2011-ci il tarixdən Bərdə poçt filialının Bərdə-1 saylı poçt şöbəsində əməliyyatçı vəzifəsində işləyir. O, işlədiyi müddətdə özünü intizamlı, bacarıqlı bir işçi kimi göstərmiş, rəhbərlik tərəfindən verilən plan və tapşırıqları həmişə vaxtından əvvəl və layiqincə yerinə yetirmişdir. Təqsirləndirilən şəxs işlədiyi kollektivin dərin rəğbətini qazanmışdır. Ondan filialın rəhbərliyinə və başqa təşkilatlara əhali tərəfindən heç bir şikayət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, iş yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 15.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar