Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-98/2021 20.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs X2 iştirakı ilə xx xxxxxx 1981-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, Füzuli küçəsi döngə 7, ev 4-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı Bərdə şəhəri, Fizuli küçəsi döngə 7, ev 4-də yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə qəsdən yumruqla vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin hematoması, burun, nahiyəsinin qançırı və sıyrığı, sol dirsək oynağı, sol diz oynağı nahiyəsinin sıyrıqları ilə müşayət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 20 ildir ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan 2 övladı vardır. Leyla ilə münasibəti yaxşı olmuş, lakin son zamanlar Leylanın anası Cəmiləyə görə aralarında mübahisələr yaranmağa başlamışdır. Hadisədən təxminən 2-3 ay əvvəl Leyla ilə aralarında baş vermiş mübahisədən sonra Leyla Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən atası evinə getmiş və orada yaşamağa başlamışdır. Həmin vaxtdan onlar ayrı yaşamışlar. 22.04.2021-ci il tarixdə həyat yoldaşı Leylanın atası evinə getmiş və söhbət əsnasında Leyladan evə qayıtmasını istəmiş, Leylanın qayıtmaq istəməsinə baxmayaraq anası Cəmilə qayıtmasına razılıq verməmişdir. Aralarında sözlə mübahisə baş vermiş, çıxıb getmişdir. 23.04.2021-ci il tarixdə öz yaşadığı evdə olarkən həyat yoldaşı Zərərçəkmiş şəxs onun yaşadığı evə getmiş, həmin vaxt evdə tək olmuşdur. Leyla onunla mübahisə etməyə başlamış, sonra isə onlar həyətə çıxmışlar və mübahisə zamanı Leyla onun sinəsindən tutmuşdur. Hirslənərək Leylanın sifət nahiyəsinə iki dəfə yumruqla vurmuş və həmin vaxt Leyla həyətdən qaçıb qonşuluqda yaşayan Gilas adlı qadının həyətinə getmişdir. Bundan sonra öz yaşadığı evdən çıxıb getmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək, ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar təxminən 20 ildir ki, ailə həyatı qurmuş və birgə nikahdan 2 övladı vardır. Təqsirləndirilən şəxs mütamadi olaraq spirtli içki qəbul etmiş və buna görədə ara sıra aralarında sözlə mübahisələr baş vermişdir. Hadisədən təxminən 3 ay əvvəl həyat yoldaşı Elsevərlə aralarında sözlə mübahisə olmuş və həmin vaxtdan anası evinə getmişdir. 22.04.2021-ci il tarixdə həyat yoldaşı Elsevər sərxoş vəziyyətdə onun anası evinə gəlmiş, orada olarkən onunla mübahisə etmiş və onu nalayiq sözlərlə söyüb təhqir etmiş, sonra isə çıxıb getmişdir. 23.04.2021-ci il tarixdə özünə məxsus geyim əşyalarını və digər ev əşyalarını evindən götürmək məqsədi ilə Bərdə şəhəri, Füzuli küçəsində yerləşən evinə getmiş, həmin vaxt həyat yoldaşı Elsevər evdə olmuş, evdə başqa heç kim olmamışdır. Elsevərdən nə səbəbə ev əşyalarını satdığını soruşmuş, sonuncu onunla mübahisə etməyə başlamış və mübahisə zamanı Elsevər yumruqla bir neçə dəfə onun sifət və qol nahiyələrinə vuraraq onu döymüşdür. Elsevər onun sifətinə yumruqla vurduqdan sonra yerə yıxılmışdır. Bundan sonra Elsevər yenidən onu döymək istəmiş və bu zaman Elsevərin əlindən çıxıb qonşuluqda yaşayan Gilas adlı qadının evinin həyətinə qaçmışdır. Elsevər onun arxasınca getmiş, bu zaman qonşusu Gilas araya girərək Elsevəri həyətdən qovmuşdur. Təqsirləndirilən şəxsla barışmadığını qeyd edərək sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X3 Bərdə rayonlararası mərkəzinin verdiyi 23 aprel 2021-ci il tarixli 327 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər–baş beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin hematoması, burun nahiyəsinin qançırı və sıyrığı, sol dirsək oynağı, sol diz oynağı nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 23.04.2021-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 23 aprel 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı Bərdə şəhəri, Fizuli küçəsi döngə 7, ev 4-də yerləşən fərdi yaşayış evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə qəsdən yumruqla vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin hematoması, burun, nahiyəsinin qançırı və sıyrığı, sol dirsək oynağı, sol diz oynağı nahiyəsinin sıyrıqları ilə müşayət olunan xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi 26 aprel 2021-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsi 7/4-də yaşayır. Təqsirləndirilən şəxs küçədə yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 23 aprel 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun işləməyə başladığı və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasını iş yeri üzrə çəksin, cəzasının əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-98/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-98/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver