Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-98/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakı ilə xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,327 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 19 fevral 2022-ci il tarixdə, saat 2020 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Elektron kitabxananın qarşısında müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qəhvəyi rəngli gödəkcəsinin sol iç cibində saxladığı 1(bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,327 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 19 fevral 2022-ci il tarixdə saat 20 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Elektron kitabxananın qarşısında olarkən ona polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Özü könüllü olaraq əyninə geyindiyi qəhvəyi rəngli gödəkcənin sol iç cibində saxladığı bir ədəd göy rəngli kağız bükümdə olan narkotik vasitəni təqdim etmiş, narkotikin “heroin” olduğunu bildirmişdir. Kağız bükümdə olan maddə elektron tərəziyə qoyularaq çəkilmiş, ümumi çəkisi 0,63 qram olmuşdur. Narkotik vasitə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüş, şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitə olan heroindən istifadə etdiyindən üzərində gəzdirmiş, narkotik vasitəni Bakı şəhərində olarkən Avtovağzal ətrafından tapmışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2012-ci il tarixdən Bərdə rayon Polis şöbəsində işləyir. Bərdə rayonu Kətəlparaq kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, sonuncu 19 fevral 2022-ci il tarixdə saat 2020 radələrində Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Elektron kitabxananın qarşısında olarkən saxlanılmış və Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Sonuncuya üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sol iç cibindən bir ədəd sellofan bükümdə olan bir ədəd göy rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, kağıza bükülmüş bükülünün içərisində olan vasitənin heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Hafiz oğlu və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 16/198 saylı 20 fevral 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində imzalar olan 1 (bir) ədəd sellofan bükümdə olan 1(bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,327 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Qeyd: Heroinin təmiz çəkisi 0,327 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,277 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 326 saylı 14 mart 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,327 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlaması, 19 fevral 2022-ci il tarixdə, saat 2020 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən Elektron kitabxananın qarşısında müəyyən edilərək şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilməsi, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qəhvəyi rəngli gödəkcəsinin sol iç cibində saxladığı 1(bir) ədəd sellofan bükümdə olan 1 (bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,327 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 309 saylı 22 fevral 2022-ci il tarixli arayışından və xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Kətəlparaq kəndində yaşayır. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə həmişə özünü intizamlı aparmış, öhdəsinə düşən işi layiqincə yerinə yetirir. Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində kənd camaatının xeyir və şərində yaxından iştirak edərək kənd camaatının hörmətini qazanmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 22 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.04.2013-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinə əsasən 1 il müddətə azadlıqdan məhdumetmə cəzasına məhkum edilmiş, 14 noyabr 2013cü ildə cəzasının sonu ilə azad edilmişdir. -Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 iyun 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 19 fevral 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 21 fevral 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altın vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə rayon polis şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 20 fevral 2022-ci il tarixli 16/198 nömrəli bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 30,40 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 0,277 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 fevral 2022-ci ildən 21 fevral 2022-ci ilədək tutulduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsində saxlanılan 0,277 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-98/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-98/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver