Məhkəmə qərarları › İş №1(021)-99/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-99/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-99/2022 08.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən 234.1-ci maddəsi ilə təqsirli 67.1, 68.1-1 –ci maddələri ilə 1 il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, tutulana qədər Bərdə şəhəri H.Əliyev prospekti ev 3 ünvanında qeydiyyatda olan, barəsində “həbs qətimkan” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 2-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 1,046 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamış, 12 fevral 2022-ci il tarixdə saat 10:40 dəqiqədə Bərdə RPŞ-nin CAB-nin və NMQ-nin Təqsirləndirilən şəxs Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan gödəkcənin sol cibindən 01 ədəd sellofana bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,046 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında ailə üzvlərilə birlikdə yaşamışdır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. 4-5 ildən çox müddətdir psixotrop maddələrdən istifadə edir. Onu polis əməkdaşları tutmamışdır. Polisə özü gəlmişdir. Polis şöbəsində ona hüquq vəzifələri izah olunduqdan sonra ona vəkili Müdafiəçi təqdim edilmişdir. Daha sonra psixotrop maddələrin qanunsuz saxlamağında şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt ona könüllü olaraq üzərində olan əşyaları təqdim etməyi bildirmişlər.Onun üzərinə həmin maddəni qoymuşdurlar. Sonra həmin bükülü zərfə qoyularaq möhürlənmişdir. Hazırda ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyir, polis mayoru rütbəsindədir. 12 fevral 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməsi, mütəmadi şəkildə üzərində psixotrop maddə gəzdirməsi barədə məlumatlar olduğu üçün Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və adı çəkilən şəxs Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsində onun və Bərdə RPŞ-nin NMQ-nin polis leytenantı Şahid2 tərəfindən saxlanılaraq saat 10-11 radələrində Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətiriləndən sonra Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında adlarını qeyd etdiyi polis əməkdaşından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə olunmasını, həmin video çəkilişi isə Bərdə rayon polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid3 tərəfindən aparılmasını izah edilmiş, Fuad isə videoçəkilişlə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olubolmaması barədə sual verilmiş və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü, tünd göy rəngli şalvarın arxa sağ cibindən 4 ədəd 1 manatlıq, 3 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinasını, tünd göy rəngli şalvarının arxa sol cibindən 2 ədəd alışqan və 1 ədəd siqaret qutusunu masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra Şahid2 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, ancaq Fuadın üzərindən başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümü Bərdə şəhəri İ.Qayıbov küçəsində yerləşən zibillikdən tapdığını demişdir. Daha sonra şəxsin təqdim etdiyi metamfetaminə bənzər kütlə olan 1 ədəd büküm elektron tərəzidə çəkilmiş, həmin bükümün çəkisi 1.13 qram olmuşdur. Bunun ardınca götürülmüş, içərisində psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə olan 1 ədəd büküm zərfə qoyularaq üzəri möhürləndi və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuş. Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra protokol tərtib edilərək ucadan oxunmuş və o digər iştirakçılar ilə birlikdə protokolu imzalanmışdır İş üzrə şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 dedikləri ilə oxşar məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 11-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 12 fevral 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 48-49-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 66-69-cu vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 bölməsinin məhkəmə-kimyəvi və bioloji ekspertizasının 13 fevral 2022-ci il tarixli 16/180 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd selofan bükülü” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümündə təmiz çəkisi 1,046 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi-1.046 qram, tədqiqat sərf edildi- 0.04 qram, qalıq 1.006 qram (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 75-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 16 fevral 2022-ci il tarixli 275 nömrəli Rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-97-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 1(021)127/2019 saylı hökmündən görünür ki, X3 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01(bir) il 04(dörd) ay 06(altı) günün iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla 08 (səkkiz) ay 03(üç) gün azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən, təyin edilmiş 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə ona 01 (bir ) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 92-94-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən 234.1.-ci maddəsi ilə təqsirli 67.1, 68.1-1 –ci maddələri ilə 1 il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 85-ci vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır və müsbət xarakterizə olunur. Cinayət işinin 109-115-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 29 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 1.046 qram olan metamfetamin tədqiqat prosesində tədqiqata 0.04 qram sərf olunduğundan qalıq olaraq 1.006 qram metamfetamin maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını və gənc olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 1(021)127/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01(bir) il 04(dörd) ay 06(altı) günün iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla 08(səkkiz) ay 03(üç) gün azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən, təyin edilmiş 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə ona 01 (bir ) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli 1(021)127/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 14 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 14 fevral 2022- ci il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 12 fevral 2022-ci il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Həmçinin hesab edir ki, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan təmiz çəkisi 1.006 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 1.006 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar