Məhkəmə qərarları › İş №1(021)-99/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-99/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-99/2023 28.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bərdə şəhəri, Füzuli küçəsi, ev 65 qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, verilmiş ittihama görə Təqsirləndirilən şəxs, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,313 qram, 0,295 qram, ümumi təmiz çəkisi 0,92 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 20 fevral 2023-cü il tarixdə saat 09:20 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Fizuli küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada saat 10:15 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki yaşıl-boz rəngli dəri gödəkcənin sol yan cibindən 3(üç) ədəd şəffaf sellofan bükümlərin içərisindəki digər 3(üç) ədəd şəffaf sellofan bükümlərdə, satış məqsədilə saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,313 qram, 0,295 qram, ümumi təmiz çəkisi 0,92 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda Bərdə şəhəri, Fizuli küçəsində yaşayır, subay, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Özünə məxsus isifadə etdiyi mobil telefonu olmamışdır. O, 3 ildir narkotik vasitə heroin və metamfetamindən istifadə etmişdir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. O, narkotik vastədən istifadə etdiyinə görə anası onu polisə şikayət etmişdir.Polis şöbəsinə gələn zaman ona demişlər ki, bu narkotik vastələrin səndə olduğunu etiraf et, yoxsa etməsən səni tutacağıq. O da məcbur qalıb etiraf etmişdir.Həmin vaxt onda narkotik vasitə olmamışdır. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində saxladığı 03 ədəd şəfaff rəngli polietilen kəsiyində olan narkotik vasitəni təqdim etmişdir. Həmin 03 ədəd şəfaff rəngli polietilen kəsiyində olan heroin elektron tərəzidə çəkilərək selelefonla birlikdə ümumi çəkisinin 1.39 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə 03 ədəd şəfaff rəngli polietilen kəsiyində olan heroin 01 ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri imzalanmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. O, saxlanılaraq Bərdə RPŞ-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona hər hansı fiziki qüvvə tətbiq olunmamışdır. Narkotik vastəsindən istifadə etməyi ilə bağlı əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qismən təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. 20 fevral 2023-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında və istifadəsində şübhəli bilinən, xx.xx.2002-ci ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 20 fevral 2023-cü il saat 09:20 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Fizuli küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və o, Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti, polis kapitanı Şahid2 və onun iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Misir Misirli tərəfindən izah edilmiş, sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşmış əynində olan yaşıl-boz rəngli dəri gödəkcənin sol yan cibindən 03 ədəd şəffaf rəngli politilen kəsiyində olan kütlələri çıxardaraq masanın üzərinə qoymuş, şəffaf rəngli politelin kəsiyində olan kütlələrin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə onun tərəfindən axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi həmin kütlələri haradan alması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Bərdə-Tərtər yolu üzərində olan dəmir yol reslərinin yaxınlığında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd şəffaf rəngli polietilen kəsiyində olan kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1.39 qram olması müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını, həmin bükülülərin özünə məxsus olmasını və öz şəxsi istifadəsi üçün üzərində saxlamasını, təxminən 3 ildir ki, heroin və metamfetamin istifadəçisi olması barədə qeyd etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 ədəd şəffaf rəngli polietilen kəsiyində olan kütlə 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Zərfin üzəri imzalarla təsdiqlənmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. O, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, lakin kimə satması müəyyən olmamışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Bərdə RPŞ-nin PPX-ti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bərdə rayon PŞnin KTQ-nun baş isntektor-kriminalisti vəzifəsində işləyən, polis kapitanı Şahid2 şahidlər Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadəsi elan olundu . Məhkəmə iclasında ifadəsi elan olunmuş X4 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, Fizuli küçəsi ev 65 ünvanında yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Saqinin son iki ildir ki, şəxsi istifadəsindən ötrü narkotik vasitələrdən istifadə etməsindən şübhələnmişdir. Belə ki, Təqsirləndirilən şəxs evdə olan bütün əşyaları satmış, hər gündə ondan pul tələb etmişdir. Oğlu Saqi heç bir yerdə işləməmiş, avaraçılıqla məşğul olmuşdur. Oğlunun üzərində narkotik vasitə saxlamasından xəbəri olmamışdır. 20 fevral 2023-cü il tarixdə səhər saatlarında Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğlunun saxlanıldığını bilmişdir. O, həmin gün bilmişdir ki, Saqi qanunsuz hərəkətlərinə görə şübhəli şəxs qismində tutulmuş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan 20 fevral 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadəsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 09 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı üzərindən 3(üç) ədəd şəffaf sellofan bükümlərin içərisindəki digər 3(üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,313 qram, 0,295 qram, ümumi təmiz çəkisi 0,92 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 12-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 20 fevral 2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 54-55-ci vərəqələrində olan cinayət əməlinin tövsif edilməsi haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 57-58-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 79-85-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)37/2023 saylı 21 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 39-42-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin məhkəmə-bioloji ekspertizasının 20 fevral 2023-cü il tarixli 16/244 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 3(üç) ədəd şəffaf sellofan bükümlərin içərisindəki digər 3(üç) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,313 qram, 0,295 qram, ümumi təmiz çəkisi 0,92 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd:Heroinin ümumi təmiz çəkisi- 0,92 qram, tədqiqata sərf edildi-0,15 qram(hər birindən 0,05 qram) qalıq-0,77 qramdır. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 117-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 27 mart 2023-cü il tarixli 498 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 103-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət 98-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X8 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 233 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatındadır. Cinayət 97-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X8 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 189 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X7 ruhiəsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 94-cü vərəqəsində olan Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunur. Cinayət işinin 127-136-cı vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 01 aprel 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdəki 03 ədəd şəffaf sellefon bükümlərin içərisindəki digər 03 ədəd şəffaf sellofan bükümlərdə ümumilikdə təmiz çəkisi 0,92 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 0,77 qram qalmış narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Həmçinin işdə olan təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması və götürülməsi haqqında protokol, həmin şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və sair istintaq hərəkəti sənədləri cinayət işi üzrə sübut növü kimi tanınıb qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı deməsi ki, o, narkotik vasitədən istifadə etdiyinə görə anası onu polisə şikayət etmiş, polis şöbəsinə gələn zaman ona demişlər ki, bu narkotik vastələrin səndə olduğunu etiraf et, yoxsa etməsən səni tutacağıq. O da məcbur qalıb etiraf etmişdir.Həmin vaxt onda narkotik vasitə olmamışdır ifadəsini təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadə olması kimi qiymətləndirir. Belə ki, o həmçinin ifadə vermişdir ki, ona hər hansı bir fiziki güc tətbiq edilməmişdir. Həmçinin o pisixi və ya fiziki işgəncəyə məruz qalması ilə bağlı ibtidai istintaq zamanı hər hansı bir orqana şikayət etməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının 26-cı bəndində göstərilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Sadalanan halları nəzərə alan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələr öz təsdiqini tapmadığından həmin ifadələri müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə, həmçinin iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş təmiz çəkiləri 0,312 qram, 0,313 qram, 0,295 qram, ümumi təmiz çəkisi 0,92 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, alıcının müəyyən olunması, telefon danışıqlarının olması, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, elektron tərəzinin olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 27 mart 2023-cü il tarixli 498 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan kustar üsulla hazırlanmış heroinin çəkisinin nisbətən çox olması onun satış məqsədilə əldə edilməsinə dəlalət etmir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən ümumi təmiz çəkisi 0.92 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 21 fevral 2023-cü il tarixdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, 21 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 21 fevral 2023-cü il tarixdə barəsində “həbs ” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 20 fevral 2023-cü tarixdən 28 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 8 (səkkiz) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkanı tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji kabinetində dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan psixotrop maddə olan kustar üsulla hazırlanmış 0,77 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixindən 28 avqust 2023-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkanı tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan narkotik vasitə olan 0,77 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar