Məhkəmə qərarları › İş №1(022)-1/2025

Biləsuvar Rayon Məhkəməsi Qiyabi qərar — İş №1(022)-1/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏRAR Biləsuvar rayonu İş № 1(022)-1/2025 22.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxin müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X4 Younesun (Təqsirləndirilən şəxsi Yunis oğlunun), 20 fevral 1967-ci il tarixdə İran İslam Respublikasının Germi şəhərinin Muğan kəndində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum edilməmiş, İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz şəhərində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qiyabi icraat qaydasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İran İslam Respublikası vətəndaşı X4 Younes (Təqsirləndirilən şəxsi Yunis oğlu) ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, 04 avqust 2001-ci il tarixdə X1 sərnişin buraxılış məntəqəsindən İran İslam Respublikası ərazisinə 70 ədəd 100 ABŞ dolları əskinazlarını alt paltarında gizlədib, tərtib etdiyi bəyannamədə 50 ABŞ dolları və 550.000 İran Rialı aparmasını bəyan edərək, həmin dövrdə külli miqdar təşkil edən və dövriyyədə olan Azərbaycan manatının (AZM) Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 32.690000 manat (AZM) dəyərində 7.000 ABŞ dolları məbləğində valyutanı Azərbaycan Respublikası gömrük sərhədindən gömrük nəzarətinə düzgün bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisindən çıxarardıı zaman saxlanmışdır. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək göstərdi ki, İran İslam Respublikası vətəndaşı X4 Younesə (Təqsirləndirilən şəxsi Yunis oğluna) elan edilmiş ittihamdan görünür ki, həmin şəxs 04 avqust 2001-ci il tarixdə 7.000 ABŞ dolları valyutanı qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisindən çıxardığı zaman gömrük xidməti əməkdaşları tərəfindən yaxalanaraq, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin 01 may 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə edilmiş dəyişikliyə əsasən hazırki əmələ görə cinayət məsuliyyəti aradan qalxmışdır. Belə ki, həmin Məcəllənin 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti cinayətin predmetinin dəyəri 50.000 manatdan yuxarı, lakin 200.000 manatdan çox olmadıqda yaranır. Hazırki cinayət işi üzrə isə X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) ölkədən çıxarmaq istədiyi valyutanın dəyəri həmin dövrdə külli miqdar təşkil edən və dövriyyədə olan Azərbaycan manatının (AZM) Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 32.697000 manat (AZM), hazırda dövriyyədə olan məzənnəyə uyğun olaraq isə 6.539 manat 40 qəpikdir (AZN). Yəni təqsirləndirilən şəxsin gömrük prosesi qaydalarını pozmaqla, Azərbaycan Respublikası ərazisindən çıxarmaq istədiyi məbləğ hazırda dövriyyədə olan pul vahidi ilə 50.000 manatdan az məbləğdir və bu hal isə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə cinayət məsuliyyətini istisna edir. Beləliklə, hazırda qüvvədə olan cinayət qanunvericiliyin müddəlarına görə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəliliyi aradan qalxmışdır. Buna görə də Dövlət ittihamçısı vəsatətlə X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) törətdiyi əməlin CM-nin 206.1-ci maddəsinin tərkibini yaratmadığı üçün həmin şəxs barəsində cinayət təqibindən imtina etdiyini bildirib, cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxs X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsin müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, cinayət təqibindən imtina etməsi barədə dövlət ittihamçısının vəsatəti əsaslı olduğuna görə təmin edilməli, X4 Younes (Təqsirləndirilən şəxsi Yunis oğlu) cinayət məsuliyyətindən azad olunmalı və X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə-texniki ekspertizasının 14 avqust 2001-ci il tarixli, 3179/3180 nömrəli rəyindən görünür ki, X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) üzərindən aşkar edilmiş 1996-cı il buraxılışlı, 70 ədəd 100 ABŞ dolları əskinazları mətbəə nəşriyyatı qaydalarına uyğun hazırlanmışdır və həqiqi pul əskinaslarına uyğundur. 7.000 ABŞ dollarının dəyəri 04 avqust 2001-ci il tarixə (1 ABŞ dolları=4671 Azərbaycan manatı) 32.697.000 Azərbaycan manatı (AZM) təşkil edir. Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinə görə qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə həmin Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi həmin maddə ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin Qeyd hissəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası CMnin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarının 7-ci bəndinin 4-cü abzasında müəyyən etdiyi hüquqi mövqeyə görə malların və ya digər əşyaların dəyəri CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində nəzərdə tutulmuş məbləğdən az məbləğ təşkil etdikdə, şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində təqsirli bilinməsi istisna olunur və belə hallarda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-482-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il tarixli, 68-VİQD nömrəli Qanunun 38.1-ci maddəsinə görə həmin Məcəllənin 206.1-ci maddənin dispozisiyasında “külli” sözü “xeyli” sözü ilə əvəz edilmişdir. Həmin Qanunun 38.4-cü maddəsinə görə isə Azərbaycan Respublikasının CM-nin Qeyd hissəsinin birinci bəndi “1. Bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.” redaksiyada verilmişdir. “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Azərbaycan Respublikası Przedentinin 07 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanının 1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirilmiş və yeni manata keçid zamanı 1 yeni manat 5.000 köhnə manata bərabər tutulmuşdur. İş materiallarında olan məhkəmə-texniki ekspertizasının 14 avqust 2001-ci il tarixli, 3179/3180 nömrəli rəyindən görünür ki, X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) üzərindən aşkar edilmiş 1996-cı il buraxılışlı, 70 ədəd 100 ABŞ dolları əskinazların dəyəri 32.697.000 manat kimi (AZM), 04 avqust 2001-ci il tarixə, yəni həmin dövrdə dövriyyədə olan Azərbaycan manatının (AZM) Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun ifadə edilmişdir. Beləliklə, hazırda qüvvədə olan cinayət qanunvericiliyində 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinin yaranması üçün nəzərdə tutulmuş xeyli miqdar, yəni əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ yeni Azərbaycan manatı ilə ifadə edilmişdir. X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) yanlış bəyan etməklə, Azərbaycan Respublikası ərazisindən çıxarmaq istədiyi 70 ədəd 100 ABŞ dollarının – 7.000 ABŞ dollarının 04 avqust 2001-ci il tarixdə dövriyyədə olan Azərbaycan manatının (AZM) Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun 32.697.000 Azərbaycan manatı (AZM), hazırda dövriyyədə olan yeni Azərbaycan manatı ilə isə 6.539 manat 40 qəpikdir (AZN). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarının 7-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin CM-nin 206.2-ci maddəsində göstərilən əşyalar istisna olmaqla malların və digər əşyaların, o cümlədən Azərbaycan manatının, xarici valyutanın və valyuta sərvətlərinin qaçaqmalçılığında təqsirli olması məsələsini həll edərkən, GM-nin 146 və 304-cü maddələrinin, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın və Azərbaycan Respublikası Mərkəzi X2 03 mart 2016-cı il tarixli 16/1 saylı Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın tələblərini nəzərə alsınlar. “Valyuta tənzimi haqqında” Qanunun 11.6-cı maddəsinə görə fiziki şəxs olan qeyrirezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50 min ABŞ dolları ekvivalentinədək valyuta vəsaitlərini gömrük prosedurlarına əməl etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 1 nömrəli əlavəsinin “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı”nın 6-cı bəndinə əsasən 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. Azərbaycan Respublikası Mərkəzi X2 03 mart 2016-cı il tarixli, 16/1 saylı Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”nın 2.3-1-ci bəndinə görə rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən artıq xarici valyutada qiymətli kağızları əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından çıxara bilərlər. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CM-nin 14.1-ci maddəsinə görə həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş son dəyişikliklərdən də görünür ki, həmin Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinin yaranması üçün tələb edilən məbləğ artırılaraq, yeni redaksiyada verilmişdir. Təqsirləndirilən şəxs X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) düzgün bəyan etməməklə, Azərbaycan Respublikası ərazisindən çıxarmaq istədiyi məbləğ isə hazırda dövriyyədə olan yeni Azərbaycan manatının (AZN) Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq, 6.539 manat (AZN) 40 qəpik təşkil edir, bu məbləğ isə Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin Qeyd hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş və həmin Məcəllənin 206.1-ci maddəsi ilə nəzərdə tutuluş cinayət məsuliyyətinin yaranması üçün nəzərdə tutulmuş minimum miqdardan – 50.000 manatdan az məbləği təşkil edir. Bu hal isə cinayət qanunvericiliyində edilmiş yeni dəyişikliklər nəzərə alınmaqla, X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) əməlinin ictimai təhlükəliliyinin aradan qalxmasına, yəni əməlin dekriminallaşmasına səbəb olmuşdur. Bundan başqa, “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı”nın 6-cı bəndindən də görünür ki, fiziki şəxslər yalnız 10.000 ABŞ dolları ekvivalentindən artıq xarici valyutanı və ya qiymətli kağızları gömrük sərhədindən keçirdikləri zaman həmin predmetlər yazılı formada bəyan edilməlidir. Lakin təqsirləndirilən şəxs X4 Younesə (Təqsirləndirilən şəxsi Yunis oğluna) elan edilmiş ittihamdan görünür ki, həmin şəxs 7.000 ABŞ dolları dəyərinə valyutanı düzgün bəyan etməməklə gömrük sərhədindən keçirməyə çalışmışdır. Hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə isə 7.000 ABŞ dolları dəyərinə valyutanı gömrük sərhədindən keçirmək üçün şifahi qaydada bəyan kifayətdir. Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə görə cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən isə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinin tələbinə görə dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli Qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsində və həmin maddənin “Qeyd” hissəsində edilmiş dəyişikliklər, təqsirləndirilən şəxsinin vəziyyətini yüngülləşdirən, yəni əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını aradan qaldıran hallar olduğuna görə, qüvvəsi geriyə şamil edilməli və X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) CM-nin 206.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və X4 Younes (Təqsirləndirilən şəxsi Yunis oğlu) cinayət məsuliyyətindən azad edilməli, həmin şəxsin əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması xüsusatının araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinin tələbinə görə qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Buna görə məhkəmə hesab edir ki, X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) barəsində seçilmiş həbs qətiman tədbirinin saxlanmasına zərurət aradan qalxdığına görə CPM-nin 175.2-ci maddəsinin tələbinə görə ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsində saxlanılan 7.000 ABŞ dolları məbləğində pul vəsaitinin, X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) əməlində inzibati xəta tərkibinin olub-olmaması xüsusatının araşdırılmasından və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüldükdən sonra, X4 Younesə (Təqsirləndirilən şəxsi Yunis oğluna) qaytarılması məsələsini həll etmək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci qismində 2 (iki) manat (AZN) 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 10.3, 39.1, 43.1, 321, 344-345, 356, 358, 381, 383-385 və 467-12, 467-13, 467-16 və 467-17-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyinə görə İran İslam Respublikası vətəndaşı X4 Younes (Təqsirləndirilən şəxsi Yunis oğlu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması xüsusatının araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsində saxlanılan 7.000 (yeddi min) ABŞ dolları məbləğində pul vəsaitinin X4 Younesin (Təqsirləndirilən şəxsi Yunis oğlunun) əməlində inzibati xəta tərkibinin olması xüsusatının araşdırılmasından və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görüldükdən sonra, X4 Younesə (Təqsirləndirilən şəxsi Yunis oğluna) qaytarılması məsələsini həll etmək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci qismində 2 (iki) manat (AZN) 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti dövlət büdcəsinə aid edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar