Məhkəmə qərarları › İş №1(022)-10/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-10/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-10/2023 04.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin sədri əvəzi və nümayəndəsi Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi nümayəndəsi Nümayəndə Sadiq oğlunun, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və “Universal” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1952-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, məhkumluğu olmayan, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, JN-01 reyestr nömrəli, 80807018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xırmandalı bələdiyyəsinin mülkiyyətində olan, Balharı çayının Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsinin sahilində, həmin çayın mühafizə zonasında kənd təsərrüfatı təyinatlı 776 kvadratmetr torpaq sahəsində tikintiyə icazəverici hüquqi sənədlər olmadan, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək olan müddət ərzində mişar daşından tikinti aparmaqla həmin torpağı özbaşına tutmuş, müvafiq xəbərdarlıqlara baxmayaraq, hal-hazıradək həmin torpaq sahəsini boşaltmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən, 8-9 il əvvəl o, Biləsuvar rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin qəbulunda olmuş və ondan, oğluna fərdi yaşayış evi tikmək məqsədi ilə, yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndində torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. M.Quliyevin tapşırığı ilə Biləsuvar rayon Xırmandalı bələdiyyəsi tərəfindən yaşadığı Biləsuvar rayonu Xırmandalı kəndində, Balharı çayının kənarında fərdi yaşayış evi tikmək məqsədi ilə 0,06 hektar ölçüdə torpaq sahəsi ayrılmış, lakin ona həmin torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmin vaxt Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1, öz müavini ilə, həmin torpaq sahəsini yerində ölçərək, mərz nişanlarını qoyaraq, ona təhvil vermiş və torpaq sahəsinin təyinatını dəyişdikdən sonra həmin sahəyə mülkiyyət hüququna dair sənədləri təqdim edəcəyini vəd etmişdir. Bu məqsədlə o, Xırmandalı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 hissə-hissə şəkilində, əvvəlcə 1.000 manat, daha sonra 500 manat olmaqla, cəmi 1.500 manat məbləğində pul vermişdir. O, 2014-2015-ci illərdə həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. 2020-ci ildə onun oğlu Şahid4 da Xırmandalı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 5.000 manat pul vəsaiti ödəyərək, Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində, digər oğlunun torpaq sahəsinin qonşuluğunda daha 0,08 hektar ölçüdə torpaq sahəsi almışdır. Bundan sonra o, həmin torpaq sahəsində fərdi yaşayış evi, 2021-ci il tarixdən isə 80 metr x 10 metr ölçüdə təsərrüfat təyinatlı sığınacaq tikməyə başlamışdır. 2020-ci ilin əvvəllərinədək o, həmin tikilinin yan divarlarının tikintisini başa çatdırsa da, tikilinin dam örtüyü vurulmamışdır. Belə ki, 2022-ci ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cəlilabad ərazi idarəsinin, Biləsuvar rayon polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onun sahibliyində torpaq sahəsinə baxış keçirmiş və ona həmin ərazidə tikinti işləri aparılmasının qanunsuz olduğunu və tikinti işlərinin dərhal dayandırılmalı olduğunu bildirmişlər. O, bundan sonra tikinti işlərini dayandırmışdır. Onun inşa etdiyi, lakin tikintisi tamamlanmamış tikilinin tövlə kimi deyil, sığınacaq və yaşayış sahəsi kimi istifadə edilməsi nəzərdə tutulmuşdur. Habelə Təqsirləndirilən şəxs bildirdi ki, Biləsuvar rayon Xırmandalı bələdiyyəsi tərəfindən oğluna fərdi yaşayış evi tikmək məqsədi ilə verilmiş torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri ona təqdim olunmadığına görə onun oğlu Xırmandalı bələdiyyəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və hazırda həmin iş Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, onun Biləsuvar rayon Xırmandalı bələdiyyəsinə pul vəsaiti ödəyərək aldığı və həmin bələdiyyənin sədrinin özünün mərz nişanları qoymaqla ona təqdim etdiyi torpaq sahəsində inşa etməyə başladığı, lakin tikintisi dayandırılmış sığınacağın inşasına razılığı o, həmin torpaq sahəsinin onun mülkiyyətində olması faktını təsdiq edəcək çıxarışı olmadığına görə halhazıradək ala bilməmişdir. Mübahisəli torpaq sahəsinin olduğu ərazidə ondan başqa 52 nəfər başqa kənd sakini, o cümlədən Xırmandalı bələdiyyəsinin sədrinin qızı da müxtəlif təyinatlı tikililər inşa etmişlər. Onun barəsində cinayət işi başlandıqdan sonra və cinayət işinə məhkəmədə baxıldığı dövrdə də həmin ərazidə yeni tikililər inşa edilmiş, hətta yarımçıq tikililərin inşaat işlərinə davam etdirilərək, dam örtükləri vurulmuşdur. Onun bu barədə müxtəlif dövlət orqanlarına və Biləsuvar rayon İcra Hakimiyyətinə çox sayda müraciətlər və şikayətlər etməsinə baxmayaraq, həmin şəxslər barədə heç bir tədbir görülməmişdir. Lakin onun sahibliyində olan torpaq sahəsi Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 tərəfindən şəxsən, yerində mərz nişanları vurulmaqla və ölçülməklə ona təqdim olunduğu halda, onun güya həmin torpaq sahəsini zəbt etməsi barədə cinayət işi başlanmışdır. Halbuki, həmin torpaq sahəsi Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin mülkiyyətindədir və həmin sahənin Biləsuvar rayon İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. Lakin Biləsuvar rayon polis şöbəsi Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin mövqeyini soruşmadan, Biləsuvar rayon İcra Hakimiyyətinin məktubunu əsas tutaraq, onun güya qanunsuz torpaq zəbt etməsi barədə cinayət işi başlamışdır. Bu isə hazırki cinayət işinin qərəzli şəkildə və sifarişlə başlandığını göstərir. O, 32 il polis orqanlarında qüsursuz xidmət göstərmiş, 4 il polis əməkdaşı kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və yaşa görə pensiyaya çıxmışdır. Buna görə də ona qarşı bu cür ədalətsiz davranışın səbəbini anlamır. Sonda, Təqsirləndirilən şəxs məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxslərin nümayəndələrini, təqsirləndirilən şəxsi, onun müdafiəçilərini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Zərərçəkmiş və mülki iddiaçı Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin sədri əvəzi və nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəmədə göstərdi ki, o, 2000-ci ildən 2019-cu ilin sonlarına qədər Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin sədri vəzifəsində işləmiş, həmin vaxt onun barəsində başlanmış cinayət işi üzrə ona rəhbər vəzifə tutmamaq cəzası təyin olunduğuna görə o, 2019-cu ildə yenidən Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin üzvü seçilsə də, həmin bələdiyyənin sədri vəzifəsini tuta bilməmişdir. 2022-ci ilin sonunda Xırmandalı bələdiyyəsinin sədri Şahid6 tutduğu vəzifədən azad olunduqdan sonra o, yenidən həmin bələdiyyənin sədri seçilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs onun həmkəndlisidir və onlar orta məktəbdə sinif yoldaşı olmuşlar. Buna görə də onlar arasında hər hansı narazılıq və ədavət olmamış, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs ilk dəfə, təxminən 2014 və ya 2015-ci ildə ona müraciət edərək, oğluna fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə fondundan həyətyanı torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Həmin vaxt Xırmandalı bələdiyyəsinin fondunda satış üçün həyətyanı torpaq sahələri olmadığına görə, Balharı çayının sahilində yerləşən Xırmandalı bələdiyyəsinin ehtiyat fonduna aid olan ərazinin isə təyinatının dəyişdirilməsi və həyətyanı torpaq sahəsi kimi kənd sakinlərinə paylanması nəzərdə tutulduğu üçün o, Təqsirləndirilən şəxs 0,06 hektar ölçüdə torpaq sahəsinin satılmasına razılıq vermişdir. Çünki, Xırmandalı bələdiyyəsinin qərarı ilə kənd sakinlərinə verilən həyətyanı torpaq sahəsinin ölçüsü 0,06 hektardan çox ola bilməz. Bundan sonra o, Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində, «Balharı» çayının sağ sahilində yerləşən, bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil olan 0,06 hektar ölçüdə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, bələdiyyə işçiləri ilə birlikdə ölçərək, yerində Təqsirləndirilən şəxs təhvil vermiş və həmin şəxsə izah etmişdir ki, verilmiş torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aid və kənd təsərrüfatı təyinatlı torpaq olduğuna görə həmin torpağın həyətyanı torpaq sahəsi kimi verilməsi hələki mümkün deyildir və torpağın təyinatı dəyişdirilənədək həmin torpaq sahəsində tikinti işləri aparılmamalıdır. Həmin vaxt Təqsirləndirilən şəxs qeyd edilən torpaq sahəsinə görə Xırmandalı bələdiyyəsinə heç bir ödəniş etməmişdir. Çünki, həmin torpaq sahəsinin təyinatı hələ dəyişdirilmədiyinə görə Xırmandalı bələdiyyəsinin torpaq sahəsinə görə alqısatqı müqaviləsi bağlamaq və ödəniş qəbul etmək hüququ yox idi. Bundan, təxminən 2-3 il sonra Təqsirləndirilən şəxs öz qızı üçün də fərdi yaşayış evi tikmək məqsədi ilə bələdiyyənin torpaq fondundan torpaq sahəsi ayrılmasını xahiş etmiş və o, Təqsirləndirilən şəxs qızına da 0,02 hektar torpaq sahəsini yerində ölçərək təhvil vermişdir. Həmin dövrdə o, Xırmandalı bələdiyyəsinin ehtiyat fonduna aid olan ərazidəki torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün sənədlərin toplanması işi ilə məşğul olmuş, sənədlərdə yanlışlıq olduğuna görə Daşınmaz Əmlakın Reyestri Xidməti 2016-cı ildə Xırmandalı bələdiyyəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair qeydiyyat aparmaqdan imtina etmiş və buna görə də o, yenidən sənədlərin toplanmasına başlamış və bu səbəbdən 2019-cu ildə həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə təkrar müraciət etmişdir. Lakin koronavirus pandemiyası ilə əlaqədar işlər ləngimiş və halhazıradək həmin ərazidəki torpaq sahələrinin təyinatı dəyişdirilməmişdir. O, uzun müddət bələdiyyə sədri işlədiyinə görə bu işdə kifayət qədər təcrübəsi vardır və əmindir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti mübahisəli ərazidəki torpaq sahələrinin təyinatını dəyişdirərək, həmin ərazini kəndin perspektiv inkişaf fonduna aid edəcəkdir. Belə ki, həmin ərazidə Təqsirləndirilən şəxs başqa, təxminən daha 50 nəfər fərdi yaşayış evi və sair tikililər inşa etmişlər. Kənd sakinləri artsa da, Xırmandalı bələdiyyəsinin fondunda kənd sakinlərinə həyətyanı torpaq sahəsi ayrılması üçün torpaqlar olmadığına görə mübahisəli ərazidə yerləşən, bələdiyyənin ehtiyat fonduna aid olan torpaq sahələri, alqısatqı müqavilələri bağlanmadan ehtiyacı olan kənd sakinlərinin sahibliyinə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə müvafiq ərazinin təyinatı dəyişdirildikdən sonra həmin ərazidə torpaq sahələri verilmiş kənd sakinləri ilə, o cümlədən Təqsirləndirilən şəxs övladları ilə alqı-satqı müqavilələri bağlanacaqdır. Habelə Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs Xırmandalı bələdiyyəsindən aldığı həmin torpaq sahəsində hələ 2014-cü ildə fərdi yaşayış evinin tikintisinə başlasa da, həmin vaxt Əmlak Məsələləri Dövlət Komitəsinin Cəlilabad ərazi idarəsindən daxil olmuş məktubdan sonra məhz onun müraciəti əsasında Təqsirləndirilən şəxs həmin tikinti işlərini dayandırmış və bir müddət sonra tikintiyə davam edərək, 2017-ci ildə fərdi yaşayış evinin inşasını başa çatdırmışdır. 2021-2022-ci illərdə isə Təqsirləndirilən şəxs həmin torpaq sahəsində 10 metr enində, 80 metr uzunluğunda tikili inşa etməyə başlamış, həmin tikilinin yan divarlarının inşasını başa çatdırsa da, onun damının örtməmiş və 2022-ci ildə həmin tikinti işlərini dayandırmışdır. Onun Təqsirləndirilən şəxs qeyd edilən torpaq sahəsində tikinti işləri aparmasından məlumatı olmuş və tikintini görmüşdür. Lakin Təqsirləndirilən şəxs həmin tikinti işlərini ona satılacaq torpaq sahəsində apardığını nəzərə alaraq, tikinti işlərini aparmasına heç bir etiraz etməmişdir. Hazırda Xırmandalı bələdiyyəsinin Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur. Hazırki cinayət işinə məhkəmədə baxıldığı dövrdə bələdiyyənin keçmiş sədri Şahid6 naməlum səbəblərdən mübahisəli tikilinin sökülməsi və torpaq sahəsinin bələdiyyənin sahibliyinə qaytarılması barədə iddia ərizəsi versə də, sonradan anlaşılmazlıq aradan qalxdıqdan sonra iddiasından imtina etməsi barədə məhkəməyə ərizə vermişdir. O, iddiadan imtina etməsi barədə Xırmandalı bələdiyyəsinin keçmiş sədri Şahid6 ərizəsini müdafiə edir və Xırmandalı bələdiyyəsinin Təqsirləndirilən şəxs qarşı mülki iddiası üzrə icraata xitam verilməsini xahiş edir. Hazırda Xırmandalı bələdiyyəsinin Təqsirləndirilən şəxs cinayətin predmeti olan torpaq sahəsi ilə bağlı heç bir iddiası və ya tələbi yoxdur. Həmin torpaq sahəsində olan tikili şəhərsalma normalarına uyğun deyilsə, müvafiq dövlət orqanları bu barədə məhkəmədə iddia qaldıra bilərlər. Sonda, Zərərçəkmiş şəxs1 hazırki iş üzrə Təqsirləndirilən şəxs heç bir cəza təyin edilməməsini, habelə həmin şəxsin zəbt etməkdə ittiham olunduğu torpaq sahəsindən çıxarılmamasını və həmin torpaq sahəsində olan tikilinin sökülməməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə Sadiq oğlu məhkəmədə bildirdi ki, “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarına əsasən su muhafizə zonalarında qanunsuz tikililərlə bağlı məsələlərin həlli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid deyildir. O, həmin ərazidə olan qanunsuz tikililər barəsində məlumatlı deyildir. Onun təmsil etdiyi qurum 2014-ci ildən hal-hazıra qədər həmin ərazidə qanunsuz tikililərlə əlaqədar heç bir yoxlama hərəkətləri və monitorinq həyata keçirməmişdir. Buna görə də o, hazırki iş üzrə hər hansı qərarın qəbul edilməsi məsələsini məhkəmənin öz səlahiyyətinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, o, 2020-2022-ci illərdə Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs həmin 0,06 hektar ölçüdə torpaq sahəsində fərdi yaşayış evini o, bələdiyyə sədri kimi çalışmadığı, lakin onun bələdiyyədə işlədiyi müddətdə tikməyə başlamışdır. Həmin torpaq sahəsində olan digər tikilini isə Təqsirləndirilən şəxs nə vaxt tikməsindən onun xəbəri yoxdur. Həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs hansı əsaslarla verilməsi və təqsirləndirilən şəxsin həmin sahədə tikinti işlərinin aparılmasına icazəsinin olub-olmaması barədə onun heç bir məlumatı yoxdur. Onun səhhəti imkan vermədiyinə görə o, bələdiyyənin sədri kimi işinin öhdəsindən gələ bilməmiş və buna görə də 2022-ci ilin sonlarından öz ərizəsi ilə bələdiyyə sədri vəzifəsini tərk etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Məmmədli oğlu bildirdi ki, o, 2020-ci ildən Biləsuvar Rayon İcra Hakimiyyətində memarlıq və tikinti şöbəsinin müdiri, baş memar səlahiyyətlərini müvəqqəti icra edir. Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Hacıyev 04 mart 2022-ci il tarixli, 406 nömrəli məktubla Biləsuvar Rayon İcra Hakimiyyətinə məlumat verərək, Təqsirləndirilən şəxs tərəfindən Balharı çayının Xırmandalı kənd ərazisindən keçən hissəsinin sahilində, çayın mühafizə zonasında tikintiyə icazəverici hüquqi sənədlər olmadan 776 kvadratmetr torpaq sahəsində qanunsuz tikinti işlərinin aparıldığını bildirmişdir. Həmin məktub əsasında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlərin görülməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional idarəsinə və Biləsuvar rayon polis şöbəsinə məlumat verilmişdir. Daha sonra, 17 mart 2022-ci il tarixdə o, Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi idarəsinin aparıcı məsləhətçisi Şahid3, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şahid2, Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin sədri Şahid6 və Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rahib Hacıyev qanunsuz tikinti işləri aparılan həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı Balharı çayının Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsinin sahilində, çaydan təxminən 2-3 metr məsafədə, yəni çayın mühafizə zonasında 80 metr x 10 metr ölçüdə tövlə tikilməsi faktı bir daha təsdiq edilmişdir. Həmin tövlənin hörgü işləri başa çatdırılmış, lakin dam örtüyü çəkilməmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tövlənin tikildiyi yerin yanında mişar daşı materialından inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi də vardır. Həmin yaşayış evinin Təqsirləndirilən şəxs oğluna həyətyanı torpaq sahəsi kimi verilmiş torpaq sahəsində inşa edildiyi bildirilsə də, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi onlara təqdim edə bilməmişdir. Baxış keçirildiyi zaman Təqsirləndirilən şəxs orada olmasa da, özünü Təqsirləndirilən şəxs oğlu kimi təqdim edən şəxs baxışda iştirak etmişdir. Onlar həmin şəxsə tikilinin qanunsuz olduğunu və tikinti işlərinin dayandırılmalı olduğunu izah etmişlər. Bundan sonra Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində akt tərtib edilərkən qanunsuz tikilinin inşa etmiş Təqsirləndirilən şəxs da oraya gəlmiş və sorğu zamanı Təqsirləndirilən şəxs tövlənin tikildiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Bundan sonra faktla bağlı akt tərtib edilmiş, Təqsirləndirilən şəxs da tikilinin qanunsuz olması izah edilmiş və tikinti işlərinin dayandırılması tələb edilmişdir. Həqiqətən də həmin vaxtdan tövlənin tikintisi dayandırılmışdır. Sonradan onun əldə edilən məlumatlara görə həmin tikintiyə xərci Təqsirləndirilən şəxs oğlu Şahid4 çəkir. Biləsuvar rayonu Xırmandalı kəndində, Balharı çayının mühafizə zonasında inşa edilmiş qanunsuz tikili barədə akt tərtib edildikdən sonra həmin akt müvafiq tədbir görülməsi məqsədi ilə Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. Şahid1 həmçinin bildirdi ki, mübahisəli tikili 1 mərtəbəli və təxminən 800 kvadrat metr ölçüdə olduğuna görə Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əsasən həmin tikilinin inşası üçün öncədən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarınndan və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazələr alınmalı idi. 800 kvadrat metr ölçüdə təsərrüfat tikilisinə icazə verilməsi üçün yanğın təhlükəsizliyi məqsədilə həmin tikilinin hər tərəfində boş sahələr olmalıdır. Lakin Təqsirləndirilən şəxs heç bir hüquq müəyyən edici sənəd təqdim etmədən Xırmandalı bələdiyyəsindən 0,06 hektar ölçüdə torpaq sahəsi aldığını iddia etsə də, mübahisəli tikilinin özü həmin torpaq sahəsindən 0,02 hektar çoxdur ki, bu da qeyd edilən tikilinin qanunsuz olduğunu və zəbt edilmiş torpaq sahəsində inşa edildiyini bir daha təsdiq edir. Biləsuvar rayon İcra Hakimiyyətinin həmin qanunsuz tikilinin yerləşdiyi torpaq sahəsi ilə bağlı heç bir hüququ olmasa da, təmsil etdiyi orqan yerli icra hakimiyyətləri haqqında əsasnaməyə uyğun olaraq həmin tikilinin şəhərsalma və tikinti normalarına uyğun olmaması və müvafiq tədbirləri görülməssi barədə aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, 2023-cü ilin əvvəllərinədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidmətinin Biləsuvar rayon nümayəndiliyində işləmişdir. 2022-ci ilin əvvəllərində, Daşınmaz Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi idarəsinin rəisinin tapşırığı əsasında, o, Biləsuvar rayon İcra Hakimiyyətinin və digər əlaqəli qurumlarının əməkdaşları ilə birgə, Balharı çayının Xırmandalı kənd ərazisindən keçən hissəsinin sahilində, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək, tikililərin inşa edildiyi torpaq sahəsinə keçirilən baxışda iştirak etmişdir. Həmin ərazidə inşa edilmiş evlərin və tikililərin sayı çox olsa da, onlar həmin vaxt yalnız Təqsirləndirilən şəxs məxsus tikiliyə baxış keçirmiş və baxışın nəticələri barədə akt tərtib etmişlər. O, hazırda pensiyaya çıxdığına görə həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs hansı əsaslarla verilməsi və təqsirləndirilən şəxsin həmin sahədə tikinti işlərinin aparılmasına icazəsinin olub-olmaması barədə heç bir məlumata malik deyil. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o, Bakı şəhərində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə Bakı şəhərində yaşasa da, tez-tez valideynlərinin yaşadığı Biləsuvar rayonu Xırmandalı kəndinə gəlib-gedir. Təxminən, 10 il bundan əvvəl, qardaşının ailəsi də həmin evdə yaşadığına görə, valideynlərinin yaşadığı evdə darısqallıq yaranmış və onlar belə qərara gəlmişləri ki, Biləsuvar rayonu, Xırmandalı kəndində onun qardaşına ayrıca torpaq sahəsi alaraq, orada fərdi yaşayış evi tiksinlər və qardaşını həmin evə köçürsünlər. Bununla əlaqədar atası Təqsirləndirilən şəxs 2014-cü ildə Xırmandalı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 müraciət edərək, ona müvafiq torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 onun atası Təqsirləndirilən şəxs bu məqsədlə əvvəlcə 1.000 manat, daha sonra güya Biləsuvar rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin tələbi ilə daha 500 manat məbləğində pul vəsaiti istəmiş və atası Təqsirləndirilən şəxs, onun iştirakı ilə, həmin pul vəsaitlərini Xırmandalı bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs1 vermişdir. Bundan sonra Xırmandalı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1, öz müavini ilə birlikdə, mübahisəli torpaq sahəsini yerində ölçərək və mərz nişanlarını qoyaraq Təqsirləndirilən şəxs təhvil vermişdir. Daha sonra həmin ərazidə olan həm yaşayış evinin, həm də tövlənin beton örtüyü tökülmüşdür. Fərdi yaşayış evinin tikintisi 2016-cı ildə yekunlaşmış və qardaşı, öz ailə üzvləri ilə birlikdə, 2016-cı ildən həmin yaşayış evində yaşamağa başlamışdır. Həmin torpaq sahəsinin ölçüsü az olduğuna görə, atası Təqsirləndirilən şəxs həmin ərazidə onun adına da başqa bir torpaq sahəsi almaq qərarına gəlmiş və bu barədə 2018-ci ildə təkrarən Xırmandalı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 müraciət etmişdir. Zərərçəkmiş şəxs1 razılığından sonra atası Təqsirləndirilən şəxs 2018-ci ildə, onun iştirakı ilə 5.000 manat məbləğində pul vəsaiti verərək, qardaşına məxsus torpaq sahəsinin yanında, daha 0,08 hektar ölçüdə yeni bir torpaq sahəsi almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahələrini Zərərçəkmiş şəxs1 başqa iki nəfərə də satmışdır. Buna görə də o, Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətləri barədə həm Biləsuvar rayon prokurorluğuna, həm də Regional Ədliyyə İdarəsinə şikayətlər etmişdir. Zərərçəkmiş şəxs1 ondan həmin torpaq sahəsi ilə bağlı rüşvət almasına dair təkzib olunmaz sübutlar təqdim etsə də, Biləsuvar rayon prokurorluğu Zərərçəkmiş şəxs1 barəsində cinayət işi başlamaqdan imtina etmiş, Zərərçəkmiş şəxs1 onlara sənədsiz torpaq satmaq satması xüsusatında heç bir cinayət tərkibi görməmişdir. Halbuki, Zərərçəkmiş şəxs1 qardaşına və ona satdığı torpaq sahələrinə görə onlardan pul alsa da, bu barədə heç bir hüquqmüəyyənedici sənəd və ya qəbz verməmiş, yalnız torpaq sahələrini yerində ölçərək onlara təhvil verməklə işini bitmiş saymış, həmin torpaq sahələrinin verilməsinə dair sənədlərin sonradan hazırlanıb veriləcəyini vəd etmişdir. Ona və qardaşına bələdiyyə tərəfindən fərdi yaşayış evi tikmək məqsədi ilə ayrılmış torpaq sahələrində 2020-ci ildə onun atası Təqsirləndirilən şəxs tərəfidən mişar daşlarından, təxminən, 80 metr uzunluğunda, 10 metr enində yardımçıq tikili tikməyə başlanmışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında həmin tövlənin dam örtüyünü vurdurmaq istədiyi zaman polis əməkdaşları gələrək tikintinin qanunsuz olduğunu bildirmiş və tikintinin dayandırılmasını tələb etmişlər. Buna səbəb isə həmin tikili ilə bağlı qonşulardan birinin şikayət etmişdir. Həmin vaxtdan da hazırkı vaxta kimi tikinti dayandırılmışdır və müvafiq icazə verilənə kimi davam etdirilməyəcəkdir. Həmin tikilinin inşasına onun heç bir aidiyyatı yoxdur, həmin tikintini onun atası Təqsirləndirilən şəxs aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, uzun müddət ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işləmiş, Azərbaycan Respublikası Ekologiya və X2 müvafiq əmri ilə 2023-cü ildən Biləsuvar rayonu 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tabeliyindən çıxarılaraq, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tabeliyinə verildikdən sonra onun iş yeri 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəyişdirilmişdir. O, 2022-ci ilin əvvəllərində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı kimi Biləsuvar rayon İcra Hakimiyyətinin və digər əlaqəli qurumlarının əməkdaşları ilə birgə, Balharı çayının Xırmandalı kənd ərazisindən keçən hissəsinin sahilində, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilərək, tikililərin inşa edildiyi torpaq sahəsinə keçirilən baxışda iştirak etmişdir. “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarına əsasən su muhafizə zonalarında qanunsuz tikililərlə bağlı məsələlərin həlli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid deyildir. 100 kilometrdən uzun olan çayların mühafizə zonalarının eni 300 metr müəyyən edilsə də, ərazinin və bələdiyyənin baş planına uyğun olaraq, fərqli mühafizə zonaları müəyyən edilə bilər. Balharı çayının Xırmandalı kəndindən keçən hissəsinin mühafizə zonasının hansı ölçüdə olması barədə o, heç bir məlumata malik deyil, lakin onun məlumatı vardır ki, Balharı çayının Biləsuvar rayonunun müxtəlif yaşayış məntəqələrindən keçən hissələrinin sahilində, həmin çaya çox yaxın məsafədə çoxsaylı tikililər inşa edilmişdir. Həmin tikililərin sökülməsini tələb etmək səlahiyyəti bələdiyyə və digər qurumların səlahiyyətlərinə aid edilldiyinə görə onun hazırda etibarnamə əsasında təmsil etdiyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hazırki cinayət işi üzrə heç bir tələbi yoxdur və iş üzrə hər hansı qərarın qəbul edilməsi məsələsini məhkəmənin öz səlahiyyətinə buraxır. İşdə olan 12 mart 2022-ci il tarixli, 68 nömrəli və 14 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokollardandan və həmin protokollara əlavə edilmiş fotocədvəllərdən görünür ki, hadisə yeri Biləsuvar rayon Xırmandalı kəndində yerləşir və həmin ərazidə yerləşən fərdi yaşayış evinin qərb hissəsində, Balharı çayının mühafizə zolağında Təqsirləndirilən şəxs tərəfindən həmin torpaq sahəsində 10 metr enində, 80 metr uzunluğunda mişar daşlarından tövlə tikilmişdir. Həmin tikilinin divar hissəsi tam hörülmüş və binanın dam örtüyü isə çəkilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 17 mart 2022-ci il tarixli aktdan görünür ki, Biləsuvar rayonu Xırmandalı kənd sakini Təqsirləndirilən şəxs Xırmandalı kəndi ərazisində, Balharı çayının mühafizə zonasında qanunsuz tikinti işləri aparması ilə bağlı əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sonuncu Xırmandalı kəndi ərazisindən keçən Balharı çayının sahilində, çayın məcrasından 1,2-2,0 metr məsafədə mühafizə zonasında 80x10 metr ölçüdə mişar daşlarından tikinti işləri aparmış, həmin tikilinin dam örtüyünün atmaları vurulmuşdur. Əraziyə baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən tikinti işlərinin aparılmasına dair heç bir hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Cinayət işi materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiq hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin 06 may 2022-ci il tarixli, **********05 nömrəli mütəxəssis rəyindən və rəyə əlavə edilmiş yerquruluşu planından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Balharı çayının Xırmandalı kənd ərazisindən keçən hissəsində, çayın kənarında tövlə tikmək məqsədi ilə tikinti işləri apardığı torpaq sahəsinin mülkiyyətçisi Biləsuvar rayonu Xırmandalı kəndinin kompleks yerquruluşu layihəsinə əsasən, Xırmandalı bələdiyyəsidir və həmin 0,21 hektar ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla bələdiyyənin ehtiyat fond torpaqlarına aiddir. Mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən inşa olunmuş tövlə tikilisinin sahəsinin 776 kvadratmetr olmaqla Balharı çayından 17 metr məsafədə inşa olunduğu müəyyən olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin 03 iyun 2022-ci il tarixli, **********04 saylı arayışından görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin koordinatları GPS aparatı aləti vasitəsi ilə qeydə alınmış və qeydə alınmış koordinatlar kameral şəraitdə araşdırılmışdır. Biləsuvar rayon Xırmandalı kəndinin yerquruluşu layihəsində mübahisə predmeti olan torpaq sahəsinin Xırmandalı bələdiyyəsinin kənd təsərrüfatı təyinatlı ehtiyyat fondu torpaq sahəsi olduğu müəyyən edilmişdir. Eyni zamanda TEKUİS proqramı çərçivəsindətərtib olunmuş layihədə bu fakt öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş olan məhkəmə tikinti-texniki ekspertizasının 20 iyun 2022-ci il tarixli, 10/2252 nömrəli rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin mütəxəssis rəyinə əsasən, Təqsirləndirilən şəxs tərəfindən Balharı çayının Xırmandalı kənd ərazisindən keçən hissəsində çayın kənarında tövlə tikmək məqsədi ilə tikinti işləri apardığı torpaq sahəsinin mülkiyyətçisinin Xırmandalı bələdiyyəsi olduğu müəyyən edilmiş və Biləsuvar rayonu, Xırmandalı kəndinin kompleks yerquruluşu layihəsinə əsasən həmin 0,21 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla bələdiyyənin ehtiyat fond torpaqlarına aiddir. Həmin mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən inşa olunmuş tövlə tikilisinin sahəsinin 776 kvadratmetr olmaqla Balharı çayından 17 (on yeddi) metr məsafədə inşa olunduğu müəyyən edilmişdir. İş materiallarında olan JN-01 reyestr nömrəli, 80807018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarı ilə mübahisə predmeti olan torpaq sahəsi də daxil olmaqla, 1112.60 hektar ölçüdə torpaq sahəsi Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 26 avqust 2022-ci il tarixli, **********91 nömrəli məktubundan və ona əlavə edilmiş fotoşəkillərdən, habelə “Google Earth” internet portalından çıxarışlardan görünür ki, 2018, 2019, 2020-ci illərdə mübahisə predmeti olan torpaq sahəsində Təqsirləndirilən şəxs tərəfindən cinayət predmeti olan tikilinin inşası aparılmamışdır. Həmin torpaq sahəsində 2019-cu ilin iyun ayından 2020-ci ilin avqust ayına qədər olan müddət aralığında yaşayış evinin hörgü işləri aparılmış, həmin tarixdən 2021-ci ilin iyun ayına qədər olan dövrdə evin dam örtüyü vurulmuş, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayına qədər olan müddət aralığında təsərrüfat tikilininin hörgü işləri aparılmış, həmin tikilinin dam örtüyünün vurulması üçün taxta işləri isə 2022-ci ilin fevral ayından sonrakı dövrlərdə həyata keçirilmişdir. İşdə olan Biləsuvar rayon polis şöbəsi tərəfindən tərtib olunmuş 31 oktyabr 2022-ci il tarixli, 30705 saylı raportdan görünür ki, Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin mülkiyyətində olan 776 kvadratmetr ölçülü torpaq sahəsində tövlənin tikilməsi faktı ilə əlaqədar müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Biləsuvar rayonu Xırmandalı kənd sakini, xx xxxxxx 1952-cu il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs iri və xırda buynuzlu heyvanların saxlaması ilə məşğul olur. O, özünün və ailə üzvlərinin maddi dəstəyi ilə yaşadığı evinin yaxınlığında təsərrüfatında olan mal-heyvanı saxlamaq üçün mişar daşından tövlə inşa edərək həmin torpaq sahəsini zəbt etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinin 09 mart 2023-cü il tarixli, 45 saylı məktubundan görünür ki, Şahid4 İmişli Regional Ədliyyə İdarəsinə sabiq Xırmandalı bələdiyyə sədri Zərərçəkmiş şəxs1 0,06 hektar torpaq sahəsini almaq üçün 5.000 manat məbləğində pul verməsi və həmin məbləğin qaytarılması barədə müraciət ünvanlamışdır. O cümlədən Şahid4 eyni məzmunlu müraciəti ilə əlaqədar Biləsuvar Rayon Prokurorluğu araşdırma aparmış və Zərərçəkmiş şəxs1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 mart 2023-cü il tarixli,3-21-3/2-3223/2023 saylı arayışından görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi dairəsi tərəfndən aparılan monitorinqlər zamanı Balharı çayının mühafizə zonasında Təqsirləndirilən şəxs tərəfindən, bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrində isə ayrı-ayrı fiziki şəxslər tərəfindən qanunsuz tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Sözügedən pozuntu halları ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə və Biləsuvar Rayon İcra Hakimiyyətinə məktublar ünvanlanmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən ediliri ki, Biləsuvar rayonu ərazisindən keçən Balharı çayının uzunluğu 163 kilometrdir və həmin çayın mühafizə zonasının ölçüsü “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” qaydalarına əsasən 300 metr ölçüdə müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs su mühafizə zonalarının sərhədlərinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə heç bir razılaşma əldə etməmiş və həmin çayın məcrasından 17 metr məsafədə tikili inşa etmiş, bununla da Balharı çayının sahil mühafizə zonasında qanunsuz olaraq, müvafiq dövlət orqanlarından heç bir rəsmi icazə və yazılı razılıq almadan tikili inşa etməklə, 776 kvadratmetr ölçüdə olan həmin ərazini zəbt etmişdir. Bununla da, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının Su Məcəlləsinin 82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir.. Həmin məcəllənin 83-cü maddəsinə əsasən su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və həmin Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər və su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 26 dekabr 1997-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Su Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 13 mart 1998-ci il tarixli, 685 saylı fərmanının 2.7 və 2.8-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Su Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhmdar cəmiyyəti həyata keçirirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” qaydalarına əsasən çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə uzunluğu 10 kilometrədək olduqda, 50 metr, uzunluğu 10 kilometrdən 50 kilometrədək olduqda, 100 metr, uzunluğu 50 kilometrdən 100 kilometrədək olduqda, 200 metr, uzunluğu 100 kilometrdən 200 kilometrədək olduqda, 300 metr, uzunluğu 200 kilometrdən 500 kilometrədək olduqda, 400 metr, uzunluğu 500 kilometrdən artıq olduqda, 500 metr hədlərində qəbul edilir. “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında 31 oktyabr 2014-cü il tarixli, 329 saylı Azərbaycan Respublikasının Prezidentinin fərmanının 1.4-cü bəndinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Su Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, təhlükəsizlik tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Bundan başqa, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1 və 79.1.1-ci maddələrinə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü 5 metrdn , sahəsi 100 kvadratmetr çox olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazətələb olunur. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hüquqmüəyyən edici sənədləri olmadan, Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin mülkiyyətində olan, «Balharı» çayının Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsinin sahilində, çayın mühafizə zonasında kənd təsərrüfatı təyinatlı 776 kvadratmetr torpaq sahəsində tikintiyə icazəverici hüquqi sənədlər olmadan, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək olan müddət ərzində mişar daşından tikinti aparmaqla həmin torpağı özbaşına tutmuş, müfaviq xəbərdarlıqlara baxmayaraq, hazırki tarixədək həmin torpaq sahəsini boşaltmamışdır. Məhkəmə hesab edir ki, Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin sədri tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı alqı-satqı müqaviləsi bağlamadan və hüquqmüəyyən edici sənədlər verilmədən həmin ərazidə 0,06 hektar ölçüdə torpaq sahəsinin mərz nişanlarının qoyularaq, 0,06 hektar ölçüdə torpaq sahəsinin Təqsirləndirilən şəxs təhvil verilməsi təqsirləndirilən şəxsin həmin ərazidə qeyd edilən ölçüdən artıq torpaq sahəsini özbaşına tutmasına və çayın mühafizə zonasında özbaşına qanunsuz tikiili inşa etməsinə hüquq əsas vermir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ahıl yaşda olmasını, kardioloji xəstəliklərdən əziyyət çəkməsini, zərərçəkmiş Xırmandalı bələdiyyəsi ilə razılıq əldə etməsini və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə onun şəxsiyyətini xarakterizə edən halları işin digər mühüm halları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. ««Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X3rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinin tələbinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs ahıl yaşda olmasını və kardioloji xəstəlikdən əziyyət çəkməsini, zərərçəkmiş Xırmandalı bələdiyyəsi ilə razılıq əldə etməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini, eləcə də hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını və cinayətin törədilməsi hallarını, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinin tələbinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li 4cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Beləliklə, məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, hərəkətlərində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, habelə onun islah olunması imkanlarını nəzərə alaraq, Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti hesab edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davaranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri qətimkan tədbirinin məqsədlərini təmin etdiyinə görə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Habelə iş materiallarından görünür ki, 21 dekabr 2022-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı bələdiyyəsi Təqsirləndirilən şəxs qarşı «Balharı» çayının Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsinin sahilində, torpaq sahəsi üzərində heç bir hüquqmüəyyənedici sənəd olmadan zəbt edilmiş, tikintiyə icazə tələb olunan və tikintiyə icazəsi olmadan 80 metr x 10 metr ölçüdə qanunsuz tikili tikmiş Təqsirləndirilən şəxs həmin ərazidən çıxarılması, həmin tikilinin Təqsirləndirilən şəxs öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsinin Xırmandalı bələdiyyəsinə təhvil verilməsi barədə iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsi icraata götürüldükdən sonra Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin keçmiş sədri Şahid6 mülki iddiadan imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin keçmiş sədri Şahid6 06 yanvar 2023-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş və Zərərçəkmiş şəxs1 Xırmandalı bələdiyyəsinin sədri əvəzi təyin edilmişdir. Zərərçəkmiş şəxs1 də məhkəməyə təqdim etdiyi yazılı ərizələrdə və məhkəmə iclaslarında verdiyi izahatda mülki iddiadan imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə Xırmandalı bələdiyyəsinin keçmiş sədri Şahid6 xahişini müdafiə etmiş və hazırda Xırmandalı bələdiyyəsinin Təqsirləndirilən şəxs heç bir iddiası və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası MPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa¸ hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Xırmandalı bələdiyyəsinin mülkiyyətində olan, «Balharı» çayının Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsinin sahilində, çayın mühafizə zonasında kənd təsərrüfatı təyinatlı 776 kvadratmetr torpaq sahəsini özbaşına tutması və müfaviq xəbərdarlıqlara baxmayaraq, hazırki tarixədək həmin torpaq sahəsini hal-hazıradək boşaltmadığı müəyyən olunduğuna görə, iş üzrə icraata xitam verilməsinin Biləsuvar rayon Xırmandalı bələdiyyəsini gələcəkdə həmin torpaq sahəsinin boşaldılmasına dair məhkəmədə iddia qaldırması imkanını istisna etdiyinə görə cinayət prosesində mülki iddia vermiş Biləsuvar rayon Xırmandalı bələdiyyəsinin sədri vəzifələrini icra edən şəxslərin mülki idddiadan imtina etməsi həmin bələdiyyəni təşkil etmiş şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozur və mülki iddiadan imtina qəbul edilə bilməz. Bununla belə, məhkəmə hazırda mülki iddiaçının nümayəndəsinin mülki iddianı müdafiə etmədiyini nəzərə alaraq, hesab edir ki, Biləsuvar rayon Xırmandalı bələdiyyəsi Təqsirləndirilən şəxs qarşı Balharı çayının Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsinin sahilində, torpaq sahəsi üzərində heç bir hüquqmüəyyənedici sənəd olmadan zəbt edilmiş, tikintiyə icazə tələb olunan və tikintiyə icazəsi olmadan 80 metr x 10 metr ölçüdə qanunsuz tikili tikmiş Təqsirləndirilən şəxs həmin ərazidən çıxarılması, həmin tikilinin Təqsirləndirilən şəxs öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsinin Xırmandalı bələdiyyəsinə təhvil verilməsi barədə iddiası baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Biləsuvar rayonu Xırmandalı bələdiyyəsinin Təqsirləndirilən şəxs qarşı Balharı çayının Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsinin sahilində, torpaq sahəsi üzərində heç bir hüquqmüəyyənedici sənəd olmadan zəbt edilmiş, tikintiyə icazə tələb olunan və tikintiyə icazəsi olmadan 80 metr x 10 metr ölçüdə qanunsuz tikili tikmiş Təqsirləndirilən şəxs həmin ərazidən çıxarılması, həmin tikilinin Təqsirləndirilən şəxs öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və torpaq sahəsinin Xırmandalı bələdiyyəsinə təhvil verilməsi barədə mülki iddiası baxılmamış saxlansın. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar