Məhkəmə qərarları › İş №1(022)-101/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-101/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-101/2025 09.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1987-ci il tarixdə Biləsuvar rayonuda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətində, himayəsində 2 uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 may 2025-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı Biləsuvar şəhəri, İ.Əfəndiyev küçəsində yerləşən 14 nömrəli fərdi yaşayış evinin yaşayış sahəsi kimi qəbul edilən həyətyanı sahəsinə, darvaza qapısının açıq olmasından istifadə edib qanunsuz daxil olaraq, həmin yerdə divara söykənilmiş üzərinə 25 manat dəyərində bir ədəd ön baqaj yeri üstündə səbət, 19 manat dəyərində bir ədəd mexaniki dinamo, 24 manat dəyərində bir ədəd akkumulyator, 17 manat dəyərində bir ədəd fara, 15 manat dəyərində bir ədəd sayırışan işıqlar, 14 manat dəyərində bir ədəd hava siqnalı, 26 manat dəyərində iki ədəd qalpaq, 11 manat dəyərində bir ədəd düyməli siqnalı kimi əlavə kontruskiya quraşdırılmış 375 manat dəyərində bir ədəd “Salyut” markalı velosipedi gizli olaraq talayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 526 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla yaşayır, faktiki nikah münasibətindədir və himayəsində iki azyaşlı uşağı var. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, Biləsuvar şəhəri, T.İsmayılov küçəsində yerləşən avtoyuma məntəqəsində gündəlik 20 manat əmək haqqı müqabilində yuyucu kimi işləyir. O, əvvəllər narkotik vasitə istifadə etdiyinə və oğurluq əməli törətdiyinə görə bir neçə dəfə məhkum edilmişdir. O, spirtli içki aludəçisidir və demək olar ki, hər gün spirtli içki qəbul edir. O, işdən qazandığı cüzi miqdarda əmək haqqı ilə bir neçə ədəd spirtli içki ala bilir. Hər gün o, səhər saatlarında işə gedir, axşam saatlarında isə işdən çıxıb yaşadığı evə qayıdır. O, 09 may 2025-ci il tarixdə, saat 22 radələrində işdən çıxdıqdan sonra yaşadığı Biləsuvar rayonu, Çaylı kəndinə taksi ilə getmək üçün pulu olmadığına görə piyada getməyə başlamışdır. O, Biləsuvar şəhəri, İ.Əfəndiyev küçəsi ilə piyada getdiyi zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs yaşadığı evin yanından keçmişdir.O, həmin vaxt küçə qapısının açıq olduğunu, küçə qapısından içəri baxdıqda isə həyətdə yerləşən fərdi yaşayış evinə söykənmiş halda bir ədəd velosiped olduğunu görmüşdür. O, həmin vaxt küçədə və həyətdə heç kimin olmadığından əmin olduqdan sonra həmin həyətə daxil olub, velosipedi oğurlamaq qərarına gəlmişdir. Onun həmin predmeti oğurlamaqda məqsədi satıb pul əldə etmək olmuşdur. Buna görə də o, darvazanın qapısından həyətə daxil olaraq divara söykənilmiş velosipedi götürüb küçəyə çıxmışdır. O, həmin velosipedi idarə edərək yaşadığı Biləsuvar rayonu, Çaylı kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin velosiped “Salyut” markalı olmuşdur və predmetin ön hissəsində səbət, həmin səbətin içərisində isə bir ədəd dinamo və bir ədəd batareya, rola bərkidilmiş iki ədəd səs siqnalı, velosipedin ön hissəsində bir ədəd fara və bir ədəd sayrışan işıq, velosipedin təkərlərinin hər iki diskinə qalpaq quraşdırılmışdır. O, həmin predmeti kiməsə satdığı təqdirdə ifşa olunacağını yəqin etmiş, buna görə də oğurladığı velosipedin sahibi və ya polis əməkdaşları həmin predmeti axtardıqları vaxt tanımamaları üçün velosipedin üzərinə quraşdırılmış avadanlıqları sökmək qərarına gəlmişdir. Bu məqsədlə o, Biləsuvar- Bəhrəmtəpə yolu ilə yaşadığı Biləsuvar rayonu, Çaylı kəndi istiqamətində hərəkət etdiyi vaxt “Aqroservis” adlanan ərazidə velosipedi saxlayaraq, həmin nəqliyyat vasitəsinin üzərində olan avadanlıqları sökərək, “Cənub Muğan” su kanalına atmışdır. Daha sonra isə o, həmin velosipedi idarə edərək, yaşadığı evə getmişdir. O, evə gec saatlarda gəldiyinə görə ailə üzvləri artıq yatmış və buna görə də onun oğurladığı velosipedi görməmişlər. O, həmin nəqliyyat vasitəsini yaşadığı evin həyətində saxlamış, səhəri gün isə həmin velosipedi idarə edərək işə getmişdir. O, oğurladığı nəqliyyat vasitəsindən Biləsuvar şəhəri ərazisində yerləşən iş yerinə gedib-gəlmək üçün istifadə etməyə başlamışdır. Lakin 21 may 2025-ci il tarixdə polis əməkdaşları onun işlədiyi Biləsuvar şəhəri, T.İsmayılov küçəsində yerləşən avtoyuma məntəqəsinə gələrək, onun velosiped oğurlamaqda şübhəli olduğunu izah edərək, onu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. O, şöbədə aparılmış sorğu-sual zamanı həmin velosipedi Biləsuvar şəhəri, İ.Əfəndiyev küçəsində yerləşən fərdi yaşayış evinin həyətindən oğurladığını etiraf etmişdir. O, hazırda etdiyi oğurluq əməlinə görə peşmandır. Polis əməkdaşları ona ziyanın ödənilməli olduğunu bildirdiklərinə görə o, zərərçəkmiş şəxsə dəymiş ziyanın əvəzi qismində 300 manat pul ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərəri könüllü olaraq ödəməklə həmin şəxslə barışıq əldə etdiyini, himayəsində 2 uşağı olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Biləsuvar şəhəri, İ.Əfəndiyev küçəsində yerləşən 14 nömrəli evdə ailə üzvləri ilə birgə yaşayır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxs ilə onun arasında düşmənçilik və ya ədavət olmamışdır. O, bir il əvvəl Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mağazaların birindən 480 manata qara rəngli “Salyut” markalı velosiped almış və həmin nəqliyyat vasitəsindən müxtəlif yerlərə getmək üçün istifadə etmişdir. O, Bakı şəhərində yerləşən mağazalardan müxtəlif aksessuarlar alaraq, həmin velosipedə quraşdırmışdır. Həmin əlavələrə 18 manat dəyərində velosipedin ön hissəsinə quraşdırılan səbət, 30 manat dəyərində velosipedin diskləri üçün 2 ədəd qalpaq, 15 manat dəyərində bir ədəd sayrışan işıq, 30 manat dəyərində bir ədəd hava siqnalı, 25 manat dəyərində uzaqdan idarəedici ilə idarə edilən siqnal, 17 manat dəyərində bir ədəd fara, siqnal və faranın işləməsini üçün 25 manat dəyərində bir ədəd dinamo və 60 manat dəyərində bir ədəd batereya daxildir. O, həmin nəqliyyat vasitəsini həmişə yaşadığı evin həyətində saxlamışdır. O, sonuncu dəfə 09 may 2025-ci il tarixdə, saat 15 radələrində həmin velosipedi idarə edərək, Biləsuvar şəhəri ərazisində şəxsi işləri ilə əlaqədar olaraq müxtəlif yerlərə getmiş, həmin gün, saat 20 radələrində evə qayıtdıqdan sonra isə nəqliyyat vasitəsini həmişə saxladığı yerdə, yəni yaşadığı evin həyətində divara söykəyib saxlamışdır. O, həyət darvazasını bağlasa da, içəridən kilitləməmiş və yaşadığı evə daxil olmuşdur. O, evinə gəldikdən sonra axşam yeməyini yemiş, ailə üzvləri ilə bir qədər vaxt keçirdikdən sonra yorğun olduğuna görə erkən yatmışdır. 10 may 2025-ci il tarixdə, saat 08 radələrində o, oyanaraq, həyətə getmiş və velosipedin saxladığı yerdə olmadığını görmüşdür. Həmin vaxt isə darvazanın qapısını yarımaçıq vəziyyətdə olmuşdur. O, əvvəlcə onunla eyni küçədə yaşayan uşaqların velosipedi sürmək məqsədi ilə oğurladığı ehtimal etmiş və özü həmin nəqliyyat axtarmaq qərarına gəlmişdir. O, həmin vaxtdan 16 may 2025-ci il tarixədək olan müddətdə velosipedi axtarsa da, tapa bilməmiş və buna görə də baş vermiş hadisə barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, sonradan ona məxsus olan nəqliyyat vasitəsini oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Sonradan polis əməkdaşları velosipedi ona qaytarsalar da, həmin nəqliyyat vasitəsinə əlavə edilmiş aksesuarlar predmetin üzərində olmamışdır. Buna görə də təqsirləndirilən şəxs ona məxsus olan velosipedin üzərində olan aksesuarları sökməklə, ona 375 manat dəyərində ziyan vurmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs ondan üzr istəyərək, dəymiş ziyanın əvəzi qismində ona 300 manat ödəmiş və onunla barışıq əldə etmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri könüllü olaraq tam ödəməklə onunla barışıq əldə etdiyini, onun sonuncuya qarşı iddiası, tələbi və ya şikayəti olmadığını bildirərək, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun oğludur və o, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, İ.Əfəndiyev küçəsində yerləşən 14 nömrəli evdə yaşayır. Zərərçəkmiş şəxsin velosipedlərə xüsusi marağı olmuş və bir müddət əvvəl özünə 480 manat dəyərində “Salyut” markalı velosiped alaraq, həmin nəqliyyat vasitəsindən rayon ərazisində müxtəlif yerlərə getmək üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs həmişə həmin velosipedi yaşadıqları evin həyətində saxlamışdır. Sonuncu dəfə 09 may 2025-ci il tarixdə, axşam saatlarında oğlu idarə etdiyi velosipedlə evə gələrək, həmin predmeti evin həyətində, xüsusi olaraq örtülmüş və daş döşənmiş, onların isti havalarda istirahət etmək üçün müvafiq şərait yaratdıqları yerdə saxamışdır. Lakin 10 may 2025-ci il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs ona velosipedin saxladığı yerdə olmadığı barədə məlumat vermişdir. O, həmin nəqliyyat vasitəsini qonşuluqda yaşayan uşaqların götürə biləcəyini ehtimal etdiyinə görə dərhal hüquq-mühafizə orqanlarına məlumat verməmiş və özləri velosipedi axtarmağa başlamışlar. Onlar bir neçə gün həmin predmeti axtarsalar da, tapa bilməmişlər. Buna görə də Zərərçəkmiş şəxs baş vermiş oğurluq hadisəsi barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 16 may 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Biləsuvar şəhəri, İ.Əfəndiyev küçəsində yerləşən və Zərərçəkmiş şəxs məsus 14 nömrəli fərdi yaşayış evidir. Evin girişi dəmir darvazadan ibarətdir və evin həyətində mişar daşından tikilmiş ev olması müəyyən edilmişdir. Hadisə yerini Zərərçəkmiş şəxs təqdim etmişdir. Baxış zamanı evin həyətində və ətrafda müşahidə kameralarının olmadığı müəyyən edilmişdir. Baxış nəticəsində hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən 3 ədəd əl izi götürülmüşdür. İşdə olan “Cənub Qiymətləndirici” məhdud məsuliyyətli cəmiyyətinin 22 may 2025-ci il tarixli, 08-PH\2025 nömrəli “Cənub Qiymətləndirici” məhdud məsuliyyətli cəmiyyətinin qiymətləndirmə arayışından - hesabat cədvəlindən görünür ki, “Salyut” markalı, 28 dyum (700C), təxminən 22 kiloqram çəkidə velosipedin qiyməti 375 manat, 25 manat dəyərində bir ədəd ön baqaj yeri üstündə səbət, 19 manat dəyərində bir ədəd mexaniki dinamo, 24 manat dəyərində bir ədəd akkumulyator, 17 manat dəyərində bir ədəd fara, 15 manat dəyərində bir ədəd sayırışan işıqlar, 14 manat dəyərində bir ədəd hava siqnalı, 26 manat dəyərində iki ədəd qalpaq, 11 manat dəyərində bir ədəd düyməli siqnal olmaqla, həmin velosipedin quraşdırılmış əlavə konstruksiyalarla birlikdə dəyəri cəmi 526 manat müəyəyn edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 29 may 2025-ci il tarixli, ½-13-11/2-6781/2025 nömrəli məktubundan görünür ki, Biləsuvar şəhəri, İ.Əfəndiyev küçəsində yerləşən 14 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs məxsus həyətdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi nəticəsində götürülmüş 3 ədəd əl izlinin müqayisəli tədqiqat nəticəsində Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta və adsız barmaqlarının əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” 25 noyabr 2024-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə torpaq sahəsinin xarici mühitdən ayrılması üçün tədbirlər görülməsi (hasarlanması, çəpərlənməsi və s.), orada şəxsin məişət ehtiyaclarının qarşılanması üçün sahələrin yerləşməsi, şəxsin həmin sahədə şəxsi həyatının müəyyən hissəsini, məsələn istirahətini təşkil etməsi və s. bu kimi işin halları nəzərə alınmaqla, belə sahənin Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə mühafizə olunan dəyərlər baxımından mənzil hesab olunması mümkündür. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 16 may 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərlə də Təqsirləndirilən şəxs qanunsuz olaraq daxil olduğu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mişardaşından hazırlanmış hasarla və dəmir darvaza ilə xarici mühitdən ayrılmış, dam qurulmuş və həmin sahədə fərdi yaşayış evindən başqa, zərərçəkmiş şəxsin və onun ailə üzvlərinin şəxsi ehtiyaclarının təmin edilməsi və istirahət etmələri üçün müvafiq şərait yaradılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” 25 noyabr 2024-cü il tarixli Qərarında müəyyən etdiyi hüquqi mövqeyi də nəzərə alınmaqla, Təqsirləndirilən şəxs 09 may 2025-ci il tarixdə, saat 22 radələrində darvaza qapısının açıq olmasından istifadə edib qanunsuz olaraq daxil olduğu Biləsuvar şəhəri, İ.Əfəndiyev küçəsində yerləşən 14 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsini yaşayış sahəsi kimi qəbul edilən hesab edilir və təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təqsirləndirilən şəxsin əvvəllər oğurluq cinayətləri törədtdiyinə görə məhkum olunmasını, lakin məhkumluğunun ödənilməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi ziyanı tamamilə aradan qaldırmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 2 uşağı olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 may 2025-ci il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 23 may 2025-ci il tarixdə, saat 15:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respubliaksı CPM-nin 195.1.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mütəxəssis tərəfindən görülən işin haqqı cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə — Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla şərtləşdirildiyi kimi ödənilir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə mütəxəssis-qiymətləndirici rəyinin alınması üçün xərc qismində 150 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs “Cənub Qiymətləndirici” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə mütəxəssis-qiymətləndirici rəyinə görə xərc qismində 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs “Cənub Qiymətləndirici” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar