Məhkəmə qərarları › İş №1(022)-102/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-102/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-102/2023 05.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, ev 04-də qeydiyyatda olmaqla yaşayan, barəsində 09 mart 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq-0,756 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış və 10 fevral 2023-cü il tarixdə saat 16:00-da Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən Sabunçu RPİnin istintaq şöbəsinə təqdim edilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd şəffaf rəngli sellofan bükülüdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq-1,359 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 07 mart 2023-cü il tarixdə saat 22:35 radələrində idarə etdiyi «Toyoto Prius» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən 103-cü kilometrliyində yerləşən «İdrak» marketin yaxınlığında hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli sellofan bükülüdə olmaqla əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu E.Əzizov küçəsi ev 04-də ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, yetkinlik yaşına çatmayan iki oğlan övladı vardır. Uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. Narkotik vasitə istifadə etdiyinə görə Bakı şəhəri, Sabunçu rayon polis idarəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı aparılmışdır. Özünə məxsus «Toyoto Prius» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 07 mart 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Səbail rayonunda olarkən tanımadığı şəxsdən 20 (iyirmi) manat verib şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Aldığı psixotrop maddə metamfetamini üzərində saxlamışdır ki, bədənində ağrılar olanda qəbul edər. Həmin günü şəxsi işi ilə bağlı Cəlilabad rayonuna gələrkən almış olduğu psixotrop maddə metamfetamini əynindəki görəkçəsinin sol yan cibində gizlətmişdir. Orada işlərini yekunlaşdırıb Bakı şəhərinə geri qayıtmışdır. Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən «İdrak» marketin yaxınlığında olan zaman yol patrul xidməti əməkdaşları ona işarə vermişlər ki, maşını saxlasın. Buna görə də maşını kənara çəkib saxlamışdır. Həmin vaxtı polis əməkdaşları ona yaxınlaşıb gəlişlərinin səbəbini izah etdikdən sonra idarə etdiyi avtomobillə birlikdə onu rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi X9 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmış və ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O, da əynindəki gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bilirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddə metamfetamini yaşadığı Bakı şəhəri Səbail rayonunda tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə 20 (iyirmi) manata almış, şəxsi istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Səfərəli Baxşiyevlə birlikdə tanış olub imzalamışdır. Daha sonra onun, müdafiəçisi Səfərəli Baxşiyevin və digər polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi «Toyoto Prius» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla şöbənin inzibati binasının həyətində baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla müdafiəçisi Səfərəli Baxşiyevlə birlikdə tanış olub imzalamışdır. Bundan başqa o, həmçinin ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının əvvələrində yaşadığı Bakı şəhərində olarkən «Sahil» metrosunun yanında idarə etdiyi avtomobillə dayanıb müştəri gözləyərkən tanımadığı şəxsdən 20 (iyirmi) manata bir bükümdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitə heroinin bir qismini istifadə etsə də qalanını üzərində şəxsi istifadəsi üçün saxlamışdır. X3 bir ilə yaxındır ki, tanıyır. Belə ki, Tamara tanışı X11 qeyri-rəsmi nikahda yaşadığı xanımdır. Zaur Məmmədov 2022ci ilin iyul ayında Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək həbs edilmişdir. Zaurun barəsində aparılan cinayət işi yekunlaşıb məhkəməyə göndərilmiş və məhkəmənin hökmü ilə o, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zaur istintaq dövründə Bakı İstintaq Təcridxanasında saxlanılan vaxtı Tamara ondan xahiş etmişdir ki, Zaurun yanına sovqat aparır və onu maşınla Bakı İstintaq Təcridxanasına aparsın. Öz avtomobili ilə Tamaranı Bakı İstintaq Təcridxanasına aparmışdır. Tamara özü ilə gətirdiyi sovqatı içəri apararaq onu orada gözləməyini tapşırdığına görə üç saata yaxın orada onu gözləmişdir. Tamara gəlmədiyindən və öz şəxsi işləri də olduğu üçün oradan çıxıb getmişdir. Həmin günün sabahısı Tamara İsmayılova telefonunun vatsap proqramına zəng edib bildirmişdir ki, Zaur üçün apardığı sovqatın içərisində olan konfetin arasında narkotik vasitə heroin aşkarlandığı üçün onu saxlayıblar. Ondan sonra onun Tamara ilə heç bir əlaqəsi olmamışdır. Tamara İsmayılovanın Bakı İstintaq Təcrixanasında saxlanılan Zaur Məmmədov üçün apardığı sovqatın içərisində narkotik vasitə olduğunu bilməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Bununla bağlı 10 fevral 2023-cü il tarixdə Tamaranın törətdiyi cinayət işi ilə bağlı Sabunçu rayon polis idarəsinə şahid qismində ifadəsinin alınmasından ötrü onu dəvət etmişlər. Polis idarəsinə gedərkən «Sahil» metrosunun yanında tanımadığı şəxsdən almış olduğu narkortik vasitə heroinin qalan qismi də əynindəki şalvarının sağ yan cibində olmuşdur. Polis idarəsində ifadə verdikdən sonra polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra üzərinə vodeçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edib bildirmişdir ki, içərisində narkotik vasitə heroindir, özünə məxsusdur. Bundan sonra həmin bükülüyə iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. O, həmçinin ifadəsində göstərmişdir ki, Sabunçu rayon polis idarəsində üzərinə keçirilən şəxsi axtarış zaman ondan aşkar edilərək götürülmüş narkotik vasitə heroini İran İslam Respublikasının vətəndaşından onlayn ödəmə yolu ilə almasını göstərmişdir. Lakin əsl həqiqətdə həmin narkotik vasitəni onlayn ödəmə yolu ilə almamış, onu 2023-cü ilin fevral ayının əvvəlində Bakı şəhəri, «Sahil» metrosunun yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün iyirmi manata əldə etmişdir. Onun heç bir iranlı tanışı yoxdur, nə də ki, həmin narkotik vasitəni onlayn yolla əldə etməmişdir. Həmin vaxtı həyəcanlı olduğundan fikrini düzgün ifadə edə bilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs tanımır, tanımadığı üçün də onunla heç bir münasibəti olmayıbdır. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün 07 mart 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı X15, rayon polis şöbəsinin DYPB-nin YPX-nin inspektorları, polis baş serjantı X7 və polis baş serjantı X6 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 07 mart 2023-cü il tarixdə saat 22:30 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan «Toyoto Prius» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu «Lukoil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən beş dəqiqədən sonra həmin avtomobil Ələt- Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən 103-cü kilometrliyində yerləşən «İdrak» marketin yaxınlığında hərəkətdə olan zaman rayon polis şöbəsinin dövlət yol patrul bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxtı əməliyyat qrupunun üzvləri ilə birlikdə avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə şöbəyə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Bəhruz Bayramova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. O, vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X9 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Səfərəli Baxşiyev dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X2 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddə metamfetamini tanımadığı şəxsdən alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkildikdə qablaşdırması ilə birlikdə 1,45 qram olması məlum olmuşdur. Bundan sonra psixotrop maddə metamfetaminə bənzər maddə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Toyoto Prius» markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün, müdafiəçisinin və digər polis əməkdaşlarının iştirakları ilə şöbənin inzibati binasının həyətində Anar Abduhəlimov tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o, da tanış olub imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən aşkar edilərək götürülmüş olan psixotrop maddə metamfetamin sellofan kəsiyi ilə birlikdə elektron tərəzidə çəkildiyi üçün ekspert rəyində göstərilən çəki ilə uyğunsuzluq yaranmış, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən digər şahidlər Şahid3 və Şahid4 dindirilməsini tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan edildi. Şahid3 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Narkotiklərlə Mübarizə X1 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 01 saylı rejim korpusunun 21-ci kamerasında saxlanılan X11 yanına sovqat aparması və həmin sovqata Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən baxış keçirilən zaman sovqatın içərisində olan və üzərində «Pikolo» sözü yazılmış konfetin içərisinə yerləşdirilmiş bir ədəd şəffaf rəngli sellofan paketə bükülmüş içərisində 0,922 qram narkotik vasitə heroinin aşkar olunması barədə məlumat daxil olmuşdur. Həmin fakt ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317.1.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmışdır. İstintaq şöbəsindən daxil olmuş əməliyyat tapşırığına əsasən Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ilə birlikdə cinayət işi üzrə şahid qismində dindirilməli olan şəxs Təqsirləndirilən şəxs 10 fevral 2023cü il tarixdə saat 16:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində müəyyən edərək ifadəsinin alınmasından ötrü idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu rayon polis idarəsinə gələrək istintaq şöbəsində ifadəsinin alınmasından ötrü müstəntiqə təqdim edilmişdir. Təqsirləndirilən şəxs istintaq şöbəsində ifadə verərkən narkotik vasitələrdən istifadə etdiyini və üzərində qanunla əldə edilməsi, saxlanılması və daşıması qadağan edilən maddə olduğunu bildirmişdir. Bu səbəbdən Sabunçu rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs vəkillə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona qanunverciliklə nəzərdə tutulmuş halda hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmışaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etsin. O, da əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəfaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, onu tanımadığı İran İslam Respublikasının vətəndaşından onlayn ödəmə vasitəsi ilə əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin narkotik vasitə heroinə bənzər maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şahid4 ibtidai istintaqda Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan Biləsuvar RPŞ-də tərtib edilmiş Şəxsi axtarış və götürmə barədə 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bilirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin psixotrop maddə metamfetamini tanımadığı şəxsdən alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,45 qram olmuşdur. Bundan sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Həmçinin iş materiallarında olan Sabunçu RPİ-də tərtib edilmiş Şəxsi axtarış və götürmə barədə 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə edərək saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin narkotik vasitə heroinə bənzər maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə 0,756 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitə heroinə bənzər maddə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı «Panasonic» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X8 08 mart 2023-cü il tarixli 19/270 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf..» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi-1,359 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,359 qram, tədqiqata sərf edildi 0,05, qalıq 1,309 qram. Psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 1,309 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2023-cü il tarixli 6/843 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-in zəflər üçün №48» dairəvi möhür əksi olan «..Şübhəli Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddə; Təqsirləndirilən şəxs-imza; İştirak etdilər-2 imza, müstəntiq: R.Tağıyev-imza» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-0,756 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,756 qram, tədqiqata sərf edildi 0,05, qalıq 0,706 qram. Narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,706 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Sabunçu rayon Polis idarəsindən Biləsuvar rayon polis şöbəsinə göndərilmiş və şöbənin saxlancına təhvil verilmişdir. İşdə olan Ambulator-məhkəmə narkoloji ekspertizasının 03 aprel 2023-cü il tarixli 380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. İİ siyahının 67-ci bəndinə görə metamfetaminin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar himayəsində iki yetkinlik yaşına çatmayan övladının (xx.xx.2006-cı il təvəllüdlü X18 və xx.xx.2007-ci il təvəllüdlü X16) olması, əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal cinayətlərin təkrar törədilməsidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 10 fevral 2023-cü il tarixli Sabunçu rayon Polis İdarəsində tərtib edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə saat 17:00-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsində tərtib edilmiş 11 fevral 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 fevral 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saat 15:30-da azad edilmişdir. İş materiallarında olan Biləsuvar rayon polis şöbəsində tərtib edilmiş 07 mart 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə saat 23:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar rayon poli şöbəsinin istintaq bölməsində tərtib edilmiş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 mart 2023-cü il saat 17:15-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı üç gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə 11 fevral 2023-cü tarixli ekspertiza xərci qismində 92 manat və 08 mart 2023-cü il tarixli ekspertiza xərci qismində 60 manat, cəmi 152 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 aprel 2023-cü il tarixli, 380 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 0,706 qram narkotik vasitə heroin və 1,309 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 152 (yüz əlli iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,706 qram narkotik vasitə heroin və 1,309 qram psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar