Məhkəmə qərarları › İş №1(022)-102/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-102/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-102/2025 02.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi(məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1985-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətində olan, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 iyul 2025-ci il tarixdə, saat 08 radələrində yaşadıqları Biləsuvar rayonu, Xırmandalı kəndindəki fərdi yaşayış evində şəxsi münasibətlər zəminində, Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı qəsdən sağ əlinin sağ əlin dördüncü barmağının dırnaq yatağı altına qansızması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla, yaşayır. O, iki dəfə ailə həyatı qurmuş, lakin ilk arvadından boşanmışdır. Onun ilk evliliyindən Cəmalə adlı 1 uşağı var. O, boşandıqdan sonra Zərərçəkmiş şəxs ilə kəbin bağlamaqla faktiki nikah münasibətinə daxil olmuş və birlikdə Biləsuvar rayonu, Xırmandalı kəndində ona məxsus fərdi yaşayış evində yaşamağa başlamışlar. Onlar artıq iki ildir ki, faktiki nikah münasibətlərindədir. Son zamanlar onlar arasında, zərərçəkmiş şəxs onun boşandığı aravdı ilə barışacağını və buna görə də onunla rəsmi nikah bağlamadığını əsas tutaraq, tez-tez münaqişə yaradır. Bu zəmində 19 iyul 2025-ci il tarixdə, saat 08 radələrində onlar arasında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun üzərinə gəlmiş və ona əl-qol hərəkətləri etmişdir. O isə Zərərçəkmiş şəxs sağ əlindən tutaraq, sonuncunun barmağını burmuşdur. Həmin vaxt ağrının təsirindən Zərərçəkmiş şəxs qışqırmağa başlamışdır. O, həmin şəxsi dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Daha sonra zərərçəkmiş şəxs əşyalarını yığaraq, valideynlərinin yanına getmişdir. Həmin mübahisə təxminən 6-7 dəqiqə davam etmiş və hadisə vaxtı onların yanında heç kim olmamışdır. Hadisə baş verdikdən sonra o, əməlindən peşman olmuş və Zərərçəkmiş şəxs ilə barışığa cəhd etsə də, sonuncu onunla barışmamışdır. Sonda, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini və himayəsində 1 uşağı olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, iki ildir ki, Təqsirləndirilən şəxs ilə faktiki nikah münasibətlərinə daxil olaraq, sonuncuya məxsus Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən evdə yaşayır. Onunla əri arasında tez-tez münaqişələr baş vermişdir. Onunla Təqsirləndirilən şəxs arasında narazılıqların əsas səbəbi sonuncunun keçmiş arvadına məxsus cehiz əşyalarının hələ də onların yaşadığı evdə qalması olmuşdur. Sonuncu dəfə 19 iyul 2025-ci il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt əri onu nalayiq ifadələrlə təhqir etmiş və onun sağ əlindən tutaraq barmağını burmuşdur. O, ağrının təsirindən özünü itirmiş və Təqsirləndirilən şəxs məcbur qalıb onu xəstəxanaya aparmışdır. Müayinə zamanı onun sağ əlinin üçüncü barmağının vətərinin sındığı məlum olmuşdur. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra onlar yaşadıqları evə qayıtmışlar, daha sonra isə o, bütün əşyalarını yığaraq, evi tərk etmişdir. O, bundan sonra Biləsuvar rayonu, Təzəkənd kəndində yerləşən valideynlərinə məxsus evə gedərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, Təqsirləndirilən şəxs ona qarşı fiziki zor tətbiq etməsi barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs hal-hazıradək ona vurulmuş maddi zərəri aradan qaldırmamışdır və onlar hazırda ayrı yaşayırlar. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı çox haqsızlıqlar etdiyini, buna görə də həmin şəxsi bağışlamadığını bildirərək, Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 26 iyul 2025-ci il tarixli, 235 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sağ əlin 4-cü barmağının dırnaq yatağı altına qansızması xəsarəti bərk küt əşyanın (əşyaların) təsirindən törəmişdir, törəmə müddəti 19 iyul 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını və himayəsində 1 uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azdlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə də təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar