Məhkəmə qərarları › İş №1(022)-103/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-103/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-103/2024 04.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 17ci mikrorayonda yerləşən 38A nömrəli evin 53 nömrəli mənzilində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 7,654 qram çəkidə narkotik vasitə tiryəki əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 14 fevral 2024cü il tarixdə, saat 22:35-də X1 idarə etdiyi «KİA RİO» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar-Bəhrəmtəpə yolunun 1-ci kilometrliyində hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə tiryək bir ədəd şəffaf rəngli bükümdə olmaqla, əynindəki gödəkçənin iç sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 38A nömrəli evin 53 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşayır, evlidir və 3 uşağı var. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, Sumqayıt şəhərində müxtəlif taxta məhsullar hazırlayıb-satmaqla dolanışığını təmin edir. O, əvvəllər narkotik vasitə istifadə etsə də, uzun müddətdir ki, narkotik vasitə istehlak etməyi tərgitmişdir. Lakin o, 12 fevral 2024-cü il tarixdə, saat 09 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Daş bazarı” adlanan yerin yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən şəffaf rəngli sellofan bükülü tapmış və həmin bükümü açıb içərisinə baxdığı vaxt orada narkotik vasitə tiryək olduğunu görmüşdür. O, həmin narkotik vasitəni sonradan istehlak etmək məqsədi ilə əynində olan gödəkçənin cibində gizlətmişdir. Lakin o, həmin narkotik vasitədən vaxtı olmadığı üçün istifadə edə bilməmişdir. Belə ki, onun qonşusu X1 mərhum atası İlqar Hüseynovun il mərasimi 15 fevral 2024-cü il tarixdə, səhər saatlarında keçiriləcəyi üçün o, İ.İ.Hüseynzadəyə 14 fevral 2024-cü il tarixdən yaşadığı binanın qarşısında yerləşən xeyirşər evində həyata keçiriləcək mərasim üçün hazırlıq işlərinin görülməsində köməklik göstərmişdir. Onlar işlərini qurtardıqdan sonra İ.İ.Hüseynzadə ona Biləsuvar rayonunda yaşayan bir nəfər qohumunun da yas mərasimində iştirak etmək istədiyini, lakin yaşlı olduğu üçün təkbaşına yola çıxa bilmədiyini bildirərək, ondan həmin şəxsi Sumqayıt şəhərinə gətirmək üçün Biləsuvar rayonuna getmələrini xahiş etmişdir. O. İ.İ.Hüseynzadənin təklifi ilə razılaşmışdır. Onlar birlikdə söhbət etdikləri vaxt tanışları X2 da onların yanına gəlmiş və onlarla birlikdə Biləsuvar rayonuna gedəcəyini bildirmişdir. Buna görə də onlar həmin gün saat 18 radələrində İ.İ.Hüseynzadənin idarə etdiyi «KİA RİO» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna getmək məqsədilə yola düşmüşlər. O, həmin nəqliyyat vasitəsinin ön sağ oturacağında, N.Z.Həşimli isə arxa oturacağında əyləşmişmişdir. Həmin vaxt onun gödəkçəsinin iç sol yan cibində 12 fevral 2024-cü il tarixdə, saat 09 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Daş bazarı” adlanan yerin yaxınlığında tapdığı narkotik vasitə tiryək olmuşdur. Onun üzərində həmin bükülün olmasından İ.İ.Hüseynzadənin və ya N.Z.Həşimlinin xəbərləri olmamışdır. Onlar Biləsuvar rayonun çatdıqları vaxt İ.İ.Hüseynzadə qohumunun İmişli rayonuna yaxın ərazidə yerləşən kəndlərdən birində yaşadığını bildirərək, onları Biləsuvar rayonu, Nərimankənd kəndinə aparmışdır, lakin sonradan həmin şəxs səhv etdiyini bildirərək avtomobili geriyə qaytarmışdır. Onlar yolda olduqları vaxt yol patrul xidmətinin əməkdaşları İ.İ.Hüseynzadənin idarə etdiyi avtomaşına saxla işarəsi vermişlər. Lakin o, İ.İ.Hüseynzadədən nəqliyyat vasitəsini saxlamamasını və yoluna davam etməsini xahiş etmişdir. İ.İ.Hüseynzadə ondan bunun səbəbini soruşduğu vaxt o, həmin şəxsə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra isə İ.İ.Hüseynzadə avtomobili saxlamayaraq, yoluna davam etmişdir. Onlar təxminən 10 dəqiqə hərəkət etdikdən sonra qarşılarına sərt döngə çıxdığı üçün İ.İ.Hüseynzadə idarə etməni itirmiş və buna görə də həmin nəqliyyat vasitəsi aşmışdır. Həmin vaxt o və N.Z.Həşimli avtomobildən enməsələr də, İ.İ.Hüseynzadə nəqliyyat vasitəsini tərk edərək, hadisə yerindən qaçmışdır. Daha sonra isə polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onları Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki gödəkçənin iç sol yan cibindən həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və həmin bükülünü 12 fevral 2024-cü il tarixdə, saat 09 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Daş bazarı” adlanan yerin yaxınlığında yerdən tapdığını və sonradan istehlak etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış və «KİA RİO» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin onun üzərində və avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokollar ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan əlavə, o bildirdi ki, onun narkotik vasitə istifadə etdiyindən nə tanışları İ.İ.Hüseynzadənin və ya N.Z.Həşimlinin, nə də ailə üzvlərinin xəbərləri olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin cinayət-axtraış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında onun tərəfindən 14 fevral 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 22:20-də əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal edilən «KİA RİO» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İ.İ.Hüseynzadəyə Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu, Nərimankənd kəndindən keçən hissəsində yol patrul xidmətinin əməkdaşları tərəfindən saxla işarəsi verilməsinə baxamayaraq, sonuncu avtomobili saxlamayaraq, hərəkətinə davam etmişdir. Həmin şəxs Biləsuvar-Bəhrəmtəpə yolunun 1-ci kilometrliyində avtomobilin idarə etməsini itirərək, nəqliyyat vasitəsini aşırtmış və hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs və N.Z.Həşimli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövrüyyəsində şübhəli bilinərək, polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə gətirilmişlər. Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin iç sol yan cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmiş və həmin bükülünü 12 fevral 2024-cü il tarixdə, saat 09 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Daş bazarı” adlanan yerin yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra N.Z.Həşimlinin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və həmin şəxsin üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Şübhəli şəxslər üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokollar tərtib olunmuş və həmin protokollar o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra «KİA RİO» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 8 qram olmuş və həmin şəxsdən götürülmüş narkotik vasitə tiryəkə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 7,654 qram çəkidə narkotik vasitə tiryəki əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 14 fevral 2024cü il tarixdə, saat 22:35-də İ.İ.Hüseynzadənin idarə etdiyi «KİA RİO» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar-Bəhrəmtəpə yolunun 1-ci kilometrliyində hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə tiryəkin bir ədəd şəffaf rəngli bükümdə olmaqla əynindəki gödəkçənin iç sol yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 14 fevral 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçəninın iç sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə tiryək vardır və o, həmin bükülünü 12 fevral 2024-cü il tarixdə, saat 09 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Daş bazarı” adlanan yerin yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə tiryəkə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 8 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə tiryəkə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi və götürülməsi barədə 15 fevral 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, X1 idarə etdiyi «KİA RİO» markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 15 fevral 2024-cü il tarixli, 19/144 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 7,654 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryəkin təmiz çəkisi - 7,654 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 7,554 qram qalmışdır. Cinayət işi materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 19 fevral 2024cü il tarixli, 166 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub, lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan canlı şəxsin ekspertizasının 21 fevral 2024-cü il tarixli, 74 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs başın sol təpə nahiyəsində əzilmiş yara müəyyən olunmuşdur.. Həmin xəsarət bərk küt əşyanın tsirindən törənmişdir, avtoqəza nəticəsində törənə bilər, törənmə müddəti qərarda qeyd edilən 14 fevral 2024-cü il tarixə uyğun gəlir. Həmin xəsarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 182-ci bəndinin tələbinə görə tiryəkin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 50 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 3 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 fevral 2024-cü il tarixdə, saat 22:35-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə, saat 15:10-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 fevral 2024-cü il tarixli, 166 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 7,554 qram olan narkotik vasitə - tiryək məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 7,554 qram olan narkotik vasitə - tiryək məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar