Məhkəmə qərarları › İş №1(022)-103/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-103/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-103/2025 02.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, X1 Sistemlərinin İstismarı İdarəsində operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 14 nömrəli evin 6 saylı mənzilində yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 iyul 2025-ci il tarixdə, saat 21:00-da arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində ailə-məişət münasibətlər zəminində, yəni sonuncunun azyaşlı övladını əri Təqsirləndirilən şəxs atasının evinə aparıb və geri gətirməməsinə irad bildirdiyinə görə aralarında yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs qolundan tutub, sifət və bədəninin müxtəlif nahiyələrinə sillə və yumruqla bir neçə dəfə zərbələr vuraraq, həmin şəxsə sol almacıq-yanaq nahiyəsində hematoma, sol yanağın selikli qişasında əzilmiş yara, boyun, sol said nahiyəsində və sol əlin 5-ci barmağında qançır ilə nəticələnən xəsarətlər yetirməklə, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olsa da, 3 ildir ki, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 14 nömrəli evin 6 saylı mənzilində yaşayır, evlidir və himayəsində 2 uşağı var. O, X1 Sistemlərinin İstismarı İdarəsində operator vəzifəsində çalışır. Zərərçəkmiş şəxs onun arvadıdır və onlar artıq 10 ildir ki, evlidirlər. Onlar arasında münasibətlər yaxşı olsa da, aralarında bəzən məişət zəminində mübahisələr yaranır. Sonuncu dəfə onunla arvadı Zərərçəkmiş şəxs arasında münaqişə, qonaq getdiyi valideynlərinin evindən ona xəbər vermədən geri qayıtmasına görə yaranmışdır. Bu zəmində 23 iyul 2025-ci il tarixdə, saat 21 radələrində, evə gəldiyi vaxt Zərərçəkmiş şəxs ilə onun baş vermiş mübahisə zamanı, o əsəbləşərək, həmin şəxsə sifət və bədənin müxtəlif nahiyələrinə yumruq və sillə zərbələri yetirmiş, həmçinin sonuncunun qolunu da burmuşdur. O, sonradan etdiyi əməldən peşman olmuşdur. Lakin Zərərçəkmiş şəxs onu bağışlamayaraq, Biləsuvar rayon polis şöbəsinə onun barəsində şikayət etmişdir. Həmin mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını və himayəsində 2 uşağının olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, ali təhsillidir və orta məktəbdə fənn müəllimi işləyir. O, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə nikaha daxil olmuşdur və onların birgə nikahından 2 uşağı anadan olmuşdur. Onlar təxminən 7 il Təqsirləndirilən şəxs valideynlərinin evində yaşasalar da, təxminən 3 il bundan əvvəl Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 14 nömrəli evin 6 saylı mənzilini alqı-satqı yolu ilə əldə edərək, həmin mənzilə köçmüşlər. Həmin mənzilin dəyərini ödəmək üçün onlar kommersiya banklarından kredit götürmüşlər və hazırda həmin kreditə görə onların ödənilməmiş 24.000 manat borcu qalmışdır. Həmin borcu ödəmək üçün o, iki iş yerində işləyir və hər həftə orta məktəblərdə təxminən 30 saat dərs keçir. Bundan başqa, onların tanışlarına da borcları vardır. Buna görə də o, aqrar islahatlar zamanı ona verilmiş 0,75 hektar ölçüdə pay torpağının satılmasını və borcun ödənilməsini Təqsirləndirilən şəxs təklif etdiyinə görə onlar arasında bir müddətdir ki, münaqişələr baş verir. Onunla Təqsirləndirilən şəxs arasında əvvəllər də tez-tez məişət zəminində münaqişələr baş vermişdir. Sonuncu dəfə 2019-cu ildə onun ərizəsi əsasında Təqsirləndirilən şəxs cinayət məsuliyyətin cəlb edilsə də, barışdıqlarına görə həmin işə xitam verilmişdir. 23 iyul 2025-ci il tarixdə, saat 21 radələrində o, oğlu Emin ilə birlikdə evdə olduğu vaxt əri Təqsirləndirilən şəxs qapını döymüşdür. O, qapını açmazdan əvvəl həmin şəxsdən oğlu Babəki valideynlərinə məxsus evdən gətib-gətirmədiyini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onun ünvanına nalayiq sözlər işlədərək, oğlunu evə gətirməyəcəyini demişdir. O, ərinin evə daxil olduqdan sonra ona xəsarət yetirəcəyini düşündüyü üçün əvvəlcə qapını açmaq istəməmiş, lakin Təqsirləndirilən şəxs onu aldadaraq, ona heç bir xəsarət yetirməyəcəyinə söz verdiyi üçün o, qapını açmışdır. Həmin şəxs isə içəri daxil olduqdan sonra onun üzərinə hücum edərək, boynunun arxa nahiyəsindən yumruq zərbəsi endirmişdir. O, zərbənin təsirindən özünü itirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bir əli ilə onun qolundan tutmuş, digər əli ilə isə ona dəfələrlə yumruq və sillə zərbələri endirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun qollarını sıxıb-tutaraq burmuş və onun sol əlinin axırıncı barmağının dırnaq hissəsi qırılmışdır. O, ağrının təsirindən qışqırmağa başladığı üçün əri onu buraxmıışdır. Bundan sonra isə o, oğlunu da özü ilə götürərək, yaşadığı evi tərk etmişdir. Bundan sonra o, Biləsuvar rayon mərkəzi xəstəxanasına getmişdir. O, xəstəxanın “Təcili-tibbi yardım” şöbəsində olduğu vaxt polis əməkdaşlara ondan izahatını almış və o, Təqsirləndirilən şəxs onu döyməsi barədə həmin şəxslərə məlumat vermişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışladığını, həmin şəxsə cərimə cəzası təyin ediləcəyi təqdirdə onun ailəsinin yenə də maddi məhrumiyyətlərə məruz qalacağını və bunun ona da təsiri olacağını bildirdi, bununla əlaqədar məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 24 iyul 2025-ci il tarixli, 237 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol almacıq-yanaq nahiyəsində hematoma, sol yanağın selikli qişasında əzilmiş yara, boyun, sol said nahiyəsində və sol əlin 5-ci barmağında qançır xəsarətləri müəyyən edilmişdir, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti 23 iyul 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə gorə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə görə şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında 25 fevral 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs arvadı T.R.Əskərova ilə aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurduğuna görə 2019-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona vurulmuş zərəri tamamilə aradan qaldırdığına görə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər 1 dəfə azad olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin şəxsə dəymiş ziyanı tamamilə ödəməsi həmin şəxsi cinayət məsuliyyətindən azad edən hal deyil, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində 2 uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 47.1-ci maddəsinə görə ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə görə məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 34.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanı məhkumun yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə isə məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və və ona 360 (üç yüz altmış) saat ictimai işlər növündə cəza təyin edilsin. İctimai işlər cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə ictimai işləri yerinə yetirməyə başladığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar