Məhkəmə qərarları › İş №1(022)-105/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-105/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-105/2023 04.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1971-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri, 8 Mart küçəsində yerləşən 38 nömrəli evdə qeydiyyatda olan, Biləsuvar şəhəri, Təyyarə Meydanı yaşayış massivi, 14-cü dalanda yerləşən evdə yaşayan, həbs etmənin əvvəli 24 mart 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq bir ədəd, zavod üsulu ilə Rusiya Federasiyasında silah zavodunda istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan, təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliyə məruz qalmamış, ******* nömrəli, 5,45 millimetr kalibrli, AK-74 modelli, yivli odlu silah olan avtomatı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən texniki cəhətdən saz və istifadə üçün yararlı olan, zavod üsulu ilə istehsal olunmuş, bir ədədi 30 ədəd 5,45x39 millimetr kalibrli patronları və bir ədədi 7,62x39 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraqları, 5,45 millimetr kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 millimetr kalibrli 30 ədəd döyüş sursatı hesab edilən patronları əldə edib, özündə saxlayaraq daşımış, habelə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq – 0,771 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 24 mart 2022-ci il tarixdə, saat 15:00-da Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Saat dairəsi” adlanan yerin yaxınlığında yolun kənarında piyada hərəkətdə olarkən odlu silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxsi kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, əlindəki qırmızı rəngli çantaya baxış keçirilərkən həmin silah, onun komplekt hissəsi və döyüş sursatı qırmızı rəngli parçaya bükülmüş bir ədəd bükülüdə olmaqla həmin qara rəngli idman çantasından, üzərinə şəxsi axtarış keçirilərkən qeyd edilən narkotik vasitə heroin bir ədəd sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda əvvəlcə özünü təqsirli bilməyərək, göstərdi ki, üzərində aşkar edilmiş narkotik vasitə, avtomat silahı, həmin silaha aid patronlar və daraqlar ona məxsus deyil. O, 24 mart 2023-cü il tarixdə Biləsuvar şəhəri, .Əliyev küçəsində yerləşən “Saat dairəsi” adlanan yerin yaxınlığında olarkən, polis əməkdaşları tərəfindən tutularaq, Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. Orada ona müxtəlif təzyiqlər göstərildikdən və ailə üzvlərinin külli miqdarda narkotik vasitələrin satışına görə həbs ediləcəyi ilə hədələndikdən sonra o, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin, avtomat silahın və həmin silaha aid patronların güya onun üzərində aşkar edilməsi barədə etirafedici ifadə vermişdir. O, polis əməkdaşlarının qanunsuz əməlləri barədə nə öz vəkilinə demiş, nə də hər hansı hüquqmühafizə orqanına şikayətlər etməmişdir. Sonradan Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birgə Biləsuvar şəhəri, Təyyarə meydanı yaşayış massivində yerləşən evdə yaşayır. O əvvəllər narkotik vasitə aludəçisi olmuş və narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum edilmişdir və cəzasının sonu ilə cəza çəkməkdən azad edilmişdir. O, artıq uzun müddətdir ki, narkotik vasitə və ya psixatrop maddə istehlak etmir. O, polis əməkdaşları tərəfindən tutulduğu gündən təxminən 5-10 gün əvvəl Balharı çayının kənarında, kolluqdan bir ədəd bağlama tapmış və həmin bağlamanı açıb baxdığı zaman içərisində avtomat silahına bənzər əşya olduğunu görmüşdür. O, həmin bağlamanı özü ilə götürmüş və bağlamanı yaşadığı evin yaxınlığındakı zibilxanada zibillərin arasında basdırıb, üzərini daşla örtmüşdür. 24 mart 2023-cü il tarixdə həmin bağlamanı kanala atmaq məqsədi ilə gizlətdiyi yerdən götürmüş və həmin vaxt bağlamanın içərisindən bir ədəd şəffaf rəngli sellofan bükülü yerə düşmüşdür. O, həmin bükümü götürüb üzərində saxlamışdır. Həmin gün saat 15:00-da Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Saat dairəsi” adlanan yerin yaxınlığında piyada hərəkətdə olduğu zaman o, polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ona gəlişlərinin səbəbini izah etdikdən sonra onu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında hüquq və vəzifələri izah edildikdən sonra, vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş və ya məhdudlaşdırılmış əşyalar, habelə odlu silah, narkotik vasitələr və psixotrop maddələr varsa, təqdim etmək təklif olunmuşdur. O da əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü və eyni zamanda ona məxsus olan içərisində avtomat və onun tərkib hissələri olan qara rəngli idman çantasını çıxarıb polis əməkdaşlarına təqdim edərək, bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə olması barədə onun məlumatı yoxdur və həmin narkotik vasitə ona aid deyil, lakin qara rəngli idman çantasının içərisində olan avtomat və onun hissələrini təxminən 5-10 gün əvvəl Balharı çayının kənarında, kolluqdan tapmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə, odlu silah və onun tərkib hissələri qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, məhkəmədəki əvvəlki ifadəsini özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə vermişdir. Biləsuvar rayon polis şöbəsində ona qarşı hər hansı qanunsuzluğa yol verilməmiş, polis əməkdaşları tərəfindən onun üzərinə cinayətprosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və üzərində gəzdirdiyi, içərisində narkotik vasitə heroin və içərisində avtomat silah və patronlar olan bükülülər aşkar edilərək götürülmüşdür. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs odlu silahların, narkotik vasitələrin vəpsixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 24 mart 2023-cü il tarixdə əmliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq həmin gün saat 14:50-də Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən 10 dəqiqə sonra həmin şəxs həmin küçədə yerləşən “Saat dairəsi” adlanan yerin yaxınlığında yolun kənarında piyada hərəkətdə olarkən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim etdikdən və gəlişlərinin səbəbini izah etdikdən sonra sonuncunu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, şübhəli şəxsin üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl həmin şəxsə üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdılmış əşyalar, həmçinin odlu silah, narkotik vasitələr və psixotrop maddələr varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü və eyni zamanda ona məxsus olan içərisində avtomat və onun tərkib hissələri olan qara rəngli idman çantasını çıxarıb təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə olması barədə onun məlumatı yoxdur və həmin narkotik vasitə ona aid deyil, lakin qara rəngli idman çantasının içərisində olan avtomat və onun hissələrini təxminən 5- 10 gün əvvəl Balharı çayının kənarında, kolluqdan tapmışdır. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Bundan sonra həmin bağlamaya baxış keçirilmiş və bağlamanın içərisində sökülü vəziyyətdə bir ədəd ******* nömrəli avtomat silahın, bir ədəd həmin silaha aid qundağın, 4 ədəd həmin silaha aid hissələrin, 2 ədəd darağın və 30 ədəd patronun olması müəyyən edilmişdir. Daha sonra bir ədəd şəffaf rəngli sellofan bükülüyə baxış küçirilmiş və həmin bükümdə narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisinin qablaşdırma ilə birlikdə 1,03 qram olması müəyyən edilmişdir. Həmin avtomat və onun hissələri olan bağlama və heroinə bənzər maddə olan bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Şahid2 həmçinin məhkəmədə bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid4 Fizuli oğlu Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq bir ədəd, ******* nömrəli, 5,45 millimetr kalibrli olmaqla zavod üsulu ilə Rusiya Federasiyasında silah zavodunda istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan, təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliyə məruz qalmamış AK-74 modelli, yivli odlu silah olan avtomatı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən texniki cəhətdən saz və istifadə üçün yararlı olan, zavod üsulu ilə istehsal olunmuş, bir ədədi 30 ədəd 5,45x39 millimetr kalibrli patronlar, bir ədəd 7,62x39 millimetr kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş daraqları, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 millimetr kalibrli 30 ədəd döyüş sursatı hesab edilən patronları əldə edib, özündə saxlayaraq daşıdığını, habelə istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq – 0,771 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 24 mart 2022-ci il tarixdə, saat 15:00-da Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Saat dairəsi” adlanan yerin yaxınlığında yolun kənarında piyada hərəkətdə olarkən odlu silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxsi kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini, əlindəki qırmızı rəngli çantaya baxış keçirilərkən həmin silahın, onun komplekt hissəsinin və döyüş sursatının qırmızı rəngli parçaya bükülmüş bir ədəd bükülüdə olmaqla həmin qara rəngli idman çantasından, üzərinə şəxsi axtarış keçirilərkən qeyd edilən narkotik vasitə heroinin bir ədəd sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər və polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmadığını, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilmədiyini və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirildiyini bildirdilər. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında 24 mart 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də odlu silah, narkotik vasitə və ya psixatrop maddə vardırsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü, həmçinin ona məxsus olan bir ədəd içərisində avtomata bənzər və onun hissələri olan qara rəngli idman çantasına bənzər predmeti polis əməkdaşlarına təqdim etmiş və həmin odlu silahı və narkotik vasitəni təxminən 5-10 gün əvvəl Balharı çayının kənarında, kolluqdan tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü və idman çantası açılaraq, onlara baxış keçirilmiş və həmin çantanın içərisindəodlu silah və onun hissələri, habelə həmin bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması məlum olmuşdur. Həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisinin 1,03 qram olması müəyyən edilmişdir. Həmin odlu silah və onun komplekt hissələri, habelə həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm ayrı-ayrılıqda qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İşdə olan məhkəmə-ballisitik ekspertizasının 25 mart 2023-cü il tarixli, 23/235R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ******* nömrəli silah, 5,45 millimetr kalibrli olmaqla zavod üsulu ilə Rusiya Federasiyasında silah zavodunda istehsal olunmuş, AK-74 modelli, “Kalaşnikov” konstruksiyalı avtomatdır, yivli odlu silahdır. Həmin odlu silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır və silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 2 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, onlardan bir ədədi 30 ədəd 5,45X39 millimetr kalibrli patronları və bir ədədi 30 ədəd 7,62x39 millimetr kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissələridir. Həmin daraqlar texniki cəhətdən saz vəziyyətdədir və istifadə üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 30 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal edilmiş, 5,45X39 millimetr kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır. Həmin patronların üzərində əzilmə, çatlama izləri aşkar edilməmişdir, habelə patronların alışdırıcı kapsulları tamdır və oksid təbəqəsi pozulmamışdır. Həmin patronlar atəş üçün yararlıdırlar. Tədqiqat zamanı 30 ədəd patrondan 5 ədədi eksperimental atəş üçün istifadə edilmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 25 mart 2023-cü il tarixli, 19/334 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroinə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,771 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,771 qram olmuş, tədqiqata 0,05 qram sərf olunmuş, qalıq 0,721 qram qalmışdır. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 aprel 2023-cü il tarixli, 424 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi nüalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» 1 siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndində göstərilir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkmular, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 nömrəli Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 15-ci bəndində isə məhkəmələrə tövsiyə olunmuşdur ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılma müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar Rayon Məhkəməsinin 26 mart 2023-cü il tarixli, 4(022)-14/2023 saylı qərarı ilə 24 mart 2023-cü il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli faktiki tutulduğu vaxtdan - 24 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 12 aprel 2023-cü il tarixli, 424 nömrəli rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən “AK-74 modelli, ******* nömrəli, 5,45 millimetr kalibrli, “Kalaşnikov” konstruksiyalı yivli odlu silah, 2 ədəd daraq və 25 ədəd patron xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 0,721 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 mart 2023cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan “AK-74 modelli, ******* nömrəli, 5,45 millimetr kalibrli, “Kalaşnikov” konstruksiyalı yivli odlu silah, 2 ədəd daraq və 25 ədəd patron xüsusi müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,721 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar