Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-105/2025 04.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1978-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İİ dərəcəli əlil, əvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Amankənd kəndində qeydiyyatda olan, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 24 nömrəli evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 9,498 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 02 iyun 2025-ci il tarixdə, saat 20:57-də Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ilə piyada hərəkətdə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, üzərinə keçirilmiş yoxlama zamanı həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd üzəri yapışqan lentə sarılmış qara rəngli sellofan bükümdə olmaqla, əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Biləsuvar rayonu, Amankənd kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 24 nömrəli evdə yaşayır, evlidir və iki yetkinlik yaşına çatmış övladı var. O, bir neçə ildir ki, “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkir və həmin xəstəliyi ilə əlaqədar ona İİ dərəcəli əlillik təyin edilmişdir. Xəstəliyi ilə əlaqədar onun bədənində tez-tez tutmalar və ağrılar yaranır və o, həmin ağrıları sakitləşdirmək üçün narkotik vasitə qurudulmuş marixuana istehlak edir. O, uzun müddət ərzində həmin narkotik vasitədən istifadə etsə də, hazırki tarixədək həmin əməlinə görə məhkum olunmamışdır. O, sonuncu dəfə 31 may 2025-ci il tarixdə, saat 17 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Arka” adlanan yerin yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən bir ədəd üzəri yapşqan lentə sarılmış bükülü tapmışdır. O, həmin bükülünü açdığı zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş və həmin bükümü sonradan istehlak etmək məqsədi ilə əynindəki şalvarının cibində gizlətmişdir. Lakin onun həmin narkotik vasitədən istifadə etməyə imkanı olmamışdır. Belə ki, o, 02 iyun 2025-ci il tarixdə, saat 20 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsinin dalanında yaşadığı evə getmək üçün piyada hərəkətdə olduğu vaxt bir neçə nəfər şəxs, videoçəkiliş aparmaqla, ona yaxınlaşmış və özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin əməkdaşlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və ona hüquqlarını izah etmişlər. Daha sonra isə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəkin şalvarın sol yan cibindən bir ədəd üzəri yapışqan lentə sarılmış qara rəngli sellofan bükümü polis əməkdaşlarına təqdim edərək, bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Bundan sonra isə polis əməkdaşları onu Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Həmçinin o bildirdi ki, onun həmin narkotik vasitəni satmaq niyyəti olmamış, yalnız bədənində ağrılar olduğu vaxt istifadə etmək üçün üzərində daşımışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 02 iyun 2025-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, Təqsirləndirilən şəxs 02 iyun 2025-ci il tarixdə, saat 20:57-də Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ilə piyada hərəkətdə olduğu vaxt onlar videoçəkiliş aparmaqla, həmin şəxsə yaxınlaşmışlar. Onlar şübhəli şəxsə özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, həmin şəxsə hüquqlarını izah etmişlər. Daha sonra isə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd üzəri yapışqan lentə sarılmış qara rəngli sellofan büküm onlara təqdim edərək, içərisində ona məxsus narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Sorğu zamanı həmin şəxs üzərindən aşkar edilmiş bükülünü 31 may 2025-ci il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Arka” adlanan yerin yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını, həmin bükümün ona məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 12 qram olmuşdur. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra isə şübhəli şəxs Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 9,498 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 02 iyun 2025-ci il tarixdə, saat 20:57-də Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ilə piyada hərəkətdə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, üzərinə keçirilmiş yoxlama zamanı həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd üzəri yapışqan lentə sarılmış qara rəngli sellofan bükümdə olmaqla, əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 02 iyun 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, 02 iyun 2025-ci il tarixdə, saat 20:57-də Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ilə piyada hərəkətdə olduğu vaxt əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Daha sonra həmin şəxsə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğuna görə polis əməkdaşları saxlanıldığı yerdə həmin şəxsin üstünü yoxlamağa başlamışlar. Yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Həmin təklifdən sonra həmin şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd "Nokia” markalı mobil telefonu və sol yan cibindən bir ədəd üzəri yapışqan lentə sarılmış qara rəngli sellofan bükümü təqdim edərək, həmin bükülünün içərisində ona məxsus narkotik vasitə qurudulmuş marixuana olduğunu və üzərində əlavə qanunla dövriyyəsi qadağan edilmiş əlavə heç bir əşya və predmet olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı həmin şəxsin şalvarının sağ arxa cibindən bir ədəd 5 manatlıq pul əskinazı aşkar edilmiş və bundan başqa üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamnaı həmin şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Biləsuvar rayonunda yerdən tapdığını, şəxsi istifadə məqsədi ilə üzərində saxladığını bildirmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Yoxlama protokolunu yerində tərtib etmək üçün şərait olmadığına görə həmin protokol Biləsuvar rayon polis şöbəsinin inzibati binasında tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq barədə hüquq və vəzifələri izah olunmuşdur. İştirakçılar tərəfindən protokola şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmiş və 1 ədəd “DVD” disk protoloka əlavə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında 02 iyun 2025-ci il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında onun cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi və 02 iyun 2025-ci il tarixdə, saat 20:57-də həmin şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ilə piyada hərəkətdə olduğu vaxt əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılaraq, həmin yerdə üstünün yoxlanılması, təqsirləndirilən şəxsin təqdim etdiyi 1 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunması həmin videogörüntülərdə öz əksini tapmışdır. Həmçinin üzərində “X1 götürülmüş...” yazısı olan 1 ədəd ağ rəngli zərf açılıb baxıldığı zaman içərisində bir ədəd üzəri yapışqan lentə sarılmış qara rəngli sellofan bükülü olması, həmin bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisinin 12,28 qram olması aşkar olunmuşdur və həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Qeyd edilən videoçəkilişin olduğu 1 ədəd “DVD” disk təhqiqatçıya təqdim olunmuş və ona “HP” markalı kompüterdə baxış keçirilmişdir. Həmin bir ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmışdır. İşdə olan məhkəmə-bioloji ekspertizasının 03 iyun 2025-ci il tarixli, 19/228 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə...» sözləri və imzalar olan bir ədəd zərfin içərisindəki, 1 ədəd bükümdə təmiz çəkisi - 9,498 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 9,498 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 9,398 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 05 iyun 2025-ci il tarixli, 314 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondununun arayışına əsasən Təqsirləndirilən şəxs İİ qrup əlil olduğuna görə narkomaniyadan məcburi müalicəyə əks göstərişi vardır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 29 iyul 2025-ci il tarixli, 2477 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs onun barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, istintaq həərkətlərində iştirak etmək imkanına malikdir. Həmin şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır və hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdən müddətsiz olaraq “Paranoid şizofreniya. Şizofreniya paranoid forma fasiləsiz tərəqqi tip gedişli psixi qüsur halı və s...” diaqnozlu psixi xəstəlikdən əziyyət çəkir, İİ dərəcəli əlildir və əmək qabiliyyətsizdir. İş materiallarında olan komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 25 dekabr 2025-ci il tarixli, 165 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Paranoid şizofreniya” xəstəliyinin gedişində remissiya (yaxşılaşma) vəziyyəti olduğuna görə onun barəsində aparılan məhkəmə işinin mahiyyətini dərk etmək, barəsində aparılan məhkməə icraatında iştirak etmək və təyin olunacaq cəzanı çəkmək iqtidarındadır. Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətdiyi vaxt “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkmişdir, lakin həmin psixi pozuntunun gedişində remissiya (yaxşılaşma) vəziyyəti olduğuna görə həmin şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cianyət əməli barəsində anlaqlı hesab edilməlidir və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da əziyyət çəkdiyi xəstəliyi remissiya (yaxşılaşma) vəziyyətində olduğuna görə həmin şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Paranoid şizofreniya” xəstəliyi xroniki psixi xəstəlikdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətdiyi dövrdə və hal-hazırda həmin xəstəlik remissiya (yaxşılaşma) vəziyyətində olduğuna görə həmin şəxsi öz hərəkətlərinə cavab vermək və yaxud onlara rəhbərlik etməkdən məhrum etmir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət verərək, bildirdi ki, Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkir və həmin xəstəliyi ilə əlaqədar sonuncuya 2020-ci ildə İİ dərəcəli əlillik təyin edilmişdir. ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.15-ci bəndinə əsasən orqanizmin 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin barəsində başlanılmış cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının təsiri altına düşür. Buna görə də Dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxs barəsində ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını və şahidləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilsə də, İİ dərəcəli əlil olduğuna görə həmin şəxsin barəsində ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.15 və 5.1-ci hissələri tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.15-ci hissəsinə görə həmin Qərarın 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla, həmin Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci hissəsinə görə isə həmin Qərarın 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmələr icraatında olan və həmin Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə həmin Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə (əvvəllər qüvvədə olan təsnifat üzrə 2 dərəcəli əlil kimi) pensiya alır. ““Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli, 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qərarına əsasən 1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Qanunda nəzərdə tutulmuş şəxslər kateqoriyasına daxil deyildir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ““Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 7-ci hissəsində göstərilmiş və amnistiya tətbiq edilməsi nəzərdə tutulmamış az ağır cinayətlər, o cümlədən ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına daxil deyil. ““Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 10-cu hissəsinəəsasən həmin Qərarın 4-cü və 5-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 24-cü hissəsinə görə birinci instansiya məhkəmələrinin icraatında olan, həmin Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə yazılı ərizə təqdim etməklə, təqsirləndirilən şəxs barəsində ““Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirmişlər. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 iyun 2025-ci il tarixli, 314 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 9,398 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bununla əlaqədar, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verildiyinə görə həmin şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 175, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.15 və 5.1ci maddələrinə və Azərbaycan Respublikası CPM-nin 43.3 və 39.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 9,398 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-105/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-105/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver