Məhkəmə qərarları › İş №1(022)-106/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-106/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-106/2024 27.06.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1983-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, Biləsuvar rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(022)-23/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Biləsuvar şəhəri, M.F.Axundov küçəsində yerləşən 294 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 1,558 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 29 mart 2024-cü il tarixdə, saat 18:00da Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən «Timur» şadlıq evinin yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin “Piramida” markalı siqaret qutusunun içərisində bir ədəd gümüşü rəngli kağız bükümdə olmaqla, əynindəki cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərərk göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə istehlakçısıdır və bu əməlinə görə əvvəllər 3 dəfə məhkum edilmişdir. Sonuncu dəfə o, Biləsuvar rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ,cəzasının sonu ilə cəzaçəkmə müəssisəindən azad edilsə də, məhkumluğu ödənilməmişdir. O, narkotik vasitəni bədənində ağrılar olduğu vaxt həmin ağrıları sakitləşdirmək məqsədi ilə istifadə edir. Sonuncu dəfə o, 29 mart 2024-cü il tarixdə, günorta saatlarında Biləsuvar rayonu, Muğan kəndindən keçən “Gömrük” yolundan gələrkən, Biləsuvar şəhəri, «Timur» şadlıq evinin yaxınlığında, yerdən gümüşü rəngli kağız bükülü tapmış və həmin bükülünü açdığı zaman içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. O, həmin narkotik vasitə heroini sonradan bədənində ağrılar olduğu zaman istehlak etmək məqsədilə əynindəki şalvarın sol yan cibində gizlətmişdir. Lakin həmin gün, saat 18 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən «Timur» şadlıq evinin yaxınlığında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və gəlişlərinin səbəbini izah etdikdən sonra onu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki şalvarın sol yan cibində gizlətdiyi həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və bükülünü həmin gün, günorta saatlarında Biləsuvar rayonu, Muğan kəndində yerləşən “Gömrük” yolunun kənarında piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını və sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 29 mart 2024-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs həmin gün, saat 18:10-da Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən «Timur» şadlıq evinin yaxınlığında hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanmış və Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə, şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan kəsiyi bükümü çıxarıb təqdim etmiş və həmin bükülünü həmin gün, günorta saatlarında Biləsuvar rayonu, Muğan kəndində yerləşən “Gömrük” yolunun kənarında piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını və bədənində ağrılar olduğu vaxt istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və həmin şəxsin üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,72 qram olmuş və həmin şəxsdən götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş materiallarında olan 29 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən “Piramida” markalı siqaret qutusunun içərisində olan bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroin vardır və həmin bükülünü 29 mart 2024-cü il tarixdə, günorta saatlarında Biləsuvar rayonu, Muğan kəndində yerləşən “Gömrük” yolunun kənarında piyada hərəkətdə olduğu vaxt yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,72 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2024-cü il tarixli, 19/300 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf... » sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 1,558 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -1,558 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,508 qram qalmışdır. İş materiallarına əlavə edilmiş ambulator narkoloji tibbi yoxlamanın 08 aprel 2024cü il tarixli, 342 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranana asılılıq sindiromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 83-cü bəndinə görə heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunan şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə məhkumluğunun olmasını və əvvəllər narkotik vasitələrin və psixotrop maddlələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə 3 dəfə məhkum edildiyini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətin resdivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 1(022)-23/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edimiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1 və 56.1.3-cü maddələrinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 mart 2024-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə, saat 16:00-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 aprel 2024-cü il tarixli, 342 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir və onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,508 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,508 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar